Page 2 of 2 · 50%

Mən təəccüblə soruşdum:

– Haradadı o biri qardaşlarım?

Atam eyni nəşə ilə cavab verdi:

– Sən gəldiyin yerdə.

Mən marağımı saxlaya bilməyib soruşdum:

– Mən haradan gəlmişəm ki?

Anam güldü. Atam mənə məzəmmətlə baxıb ciddi dedi:

– Bu qədər böyüyüb, hələ heç nədən başı çıxmır... Bilmirəm bunun axırı necə olacaq? Bunun tayları gözdən tük seçirlər.

Mənə elə gəlirdi ki, doğrudan da, xeyli yaşım var, amma heç nə bilmirəm. Bu, məndə özümə qarşı olan inamsızlığı bir az da artırırdı. Ümumiyyətlə, atamın belə məzəmmətləri mənə ağır bir zərbə kimi dəyib, özümü öz gözümdə, həqiqətən də, acizləşdirirdi. Mən getdikcə bədbinləşirdim. Birdən mən ürəyimdə Allahdan soruşdum: «Axı məni nə üçün yaratmısan?»

Bu sualın sözaltı mənası məlum idi. Madam ki, mən, atamın dediyi kimi, acizəm, karsalayam, başqa uşaqlar kimi zirək, vurub-tutan deyiləm, bəs onda, Allah məni nə üçün yaradırdı?

Belə suallar məni getdikcə yalnız atamdan deyil, hamıdan uzaqlaşdırırdı və mən daim kədərli olurdum. Özümə inamım olmadığı üçün uşaqlarla oynayanda hərəkətlərim yöndəmsiz, küt çıxırdı. Elə bil ki, gözəgörünməz bir qüvvə məni azad surətdə, cəsarətlə əl-qol açmağa, qoçaqlıq göstərməyə qoymurdu. Ona görə də, uşaqlar, məsələn, «dava-dava» oynamaq üçün tərəf-tərəf olduqda dəstəbaşçılarından heç biri məni öz dəstəsinə götürmək istəmirdi. Bu da mənim izzəti-nəfsimi yaralayırdı. Atam bütün məhəllə uşaqlarının heç bir sevincində, heç bir oyununda iştirak eləmədiyimi gördükcə, əsəbiləşib məni daha da bərk danlayırdı.

Bu vaxtlar mənim həyatımda başqa bir kədərli hadisə oldu. Nuru paşanın Azərbaycana gəlmiş qoşunu çəkilib getdiyi üçün anamın rəfiqəsi Məhbub xanım da öz əri – türk zabiti Tofiq bəylə getdi. Mən çox sonralar da özümdən soruşurdum: «Məhbub xanım sənin anan deyildi, bacın deyildi, heç uzaq bir qohumun da deyildi, nə üçün onun ata-anasından, sənin anandan ayrılıb uzaq ellərə getməyini eşidəndə bağınızın qalınlığındakı tut ağacının altına qaçıb gizli-gizli ağlayırdın?» Halbuki Məhbub xanım özü çox şən görünürdü. Getməklərindən bir gün qabaq o, anamla görüşmək üçün bizə gəlmişdi, həmişəki kimi gözəl geyinib, bütün daş-qaşlarını taxmışdı. İri, qara gözləri çatmaqaş altından həmişəki kimi gülümsəyirdi. Anam mütəəssir bir səslə soruşdu:

– Ay Məhbub, ürəyin necə dözür, hamıdan ayrılıb heylə uzaq yerə gedirsən?

Məhbub xanım dedi:

– Mən onunla lap o biri dünyaya da gedərəm.

Anam dərindən nəfəs alaraq bir an nə isə düşündü və mənə elə gəldi ki, bu «nə isə» onun öz həyatı ilə əlaqədardır.

Onlar, nəhayət, öpüşüb ayrılanda mən səssizcə bağa qaçıb, dediyim kimi, tut ağacının yanında xəlvətcə ağladım. O gündən sonra da hər cürə ayrılıq mənim həyatımda ən kədərli hadisə oldu. Kim bilir, bəlkə də o ayrılığı mənim üçün bu qədər kədərli eləyən Məhbub xanımın həmişə məni görəndə gülümsəməsi, «nə gözəl oğlandır, nə ağıllı gözləri var» deyə məni tərifləməsi idi. Həyat hər gün mənim zehnimdə, təbiətimdə bir iz buraxaraq keçirdi.

İman kişi, həmişəki kimi, qonşulara mis səhənglə kəhrizdən su daşıyırdı. Bekar vaxtlarında da vərəqləri saralmış cındır kitabını pəncərədən düşən işığa tutub, «Quranın Quran olsun» deyə oxuyurdu. Ya da «Yer oğlu qıy vurub çıxdı göyə» deyə hey öz-özünə danışırdı. Ya da iri, mis səhəngdə su daşıdığı zaman yenə də acıqlı-acıqlı öz-özünə Kəklik xalanın qarasına deyirdi:

– Zalım qızına deyirəm, sidiyini çək gözünə, gözün açılsın! Eləmir ki, eləmir də!

Yenə də harada qabağına qara toyuq çıxsaydı, heç vaxt əlindən yerə qoymadığı ağacı ilə vurub öldürmək istəyirdi. İman kişi hələ də o fikirdəydi ki, bütün qara toyuqlara çörəkçi Məşədi İbrahimxəlilin arvadı Gülbəs xala cadu eləyib, ona görə də Gülbəs xala İman kişini küçədə görən kimi qaçıb girirdi evlərdən birinə. Bütün evlər isə, Gülbəs xalanın üzünə açıq idi. Gülbəs xala yenə də arvad toylarının ruhverəni idi. Onun əri çörəkçi Məşədi İbrahimxəlil bir az varlanandan sonra özünə ikimərtəbə, qəşəng daş ev tikdirmişdi. Evin qabağını da eləmişdi qızılgüllük. Məşədi varlanandan sonra daha özü təndirə çörək yapmırdı. Bunu muzdla tutduğu adamlar edirdilər. Məşədi özü isə səliqə ilə geyinib, tərəzinin dalında əyləşirdi. Özü də ləzzətli xörəklər yeməyi sevirdi. Hər cümə axşamı cücəli plov bişirtdirirdi. Deyirdilər ki, Məşədi plovun altına qoyulan çolpanı götürüb arvadından soruşarmış:

– Gülbəs, harası? (Yəni toyuğun harası ləzzətlidir?)

Gülbəs də, misal üçün, deyərmiş:

– Məşədi, budu!

Məşədi acıqlanıb deyərmiş:

– A köpəkqızı! (Yəni düz demədin!)

Qərəz, Gülbəs toyuğun bütün yerlərini sadalayıb, hərəsində də Məşədidən bir «köpəkqızı» alandan sonra deyərmiş:

– Məşədi, toyuğun dərisi!

Arvad yalnız indi Məşədinin ürəyindən xəbər verdiyi üçün kişi nəşə ilə deyərmiş:

– Ay bərəkallah!

... Fatma nənəm indi öz-özünə danışığında iki məsələ ilə məşğul idi. Birincisi bu idi ki, indi harada olduğu bilinməyən, çox adamın itmiş hesab elədiyi Nuruya daima dua edirdi. İkincisi də, indi Eyvaz əmi haqqında qəzəblə danışırdı. Çünki Eyvaz əmi Bayram babamın böyük bir sahədə rəis olmağından istifadə edərək dövlətini artırırdı.

Bizim alt evlərdən birində olan Kəklik xalanın oğlanları da yavaş-yavaş işlərinin ucunu tapırdılar. Böyük oğlu Ələsgər tərəvəz alveri edirdi. Haşım mənim atamdan borc pul götürüb, balaca bir əttar dükanı açmışdı. Qasım isə məşhur sünnət ustası, dəllək Ələsgərə şagird olmuşdu. Kazım da hələ balaca idi. Kəklik xala da anamın yorğan-döşək salmaq, ip əyirmək, yun çırpmaq kimi işlərinə kömək edirdi, sacda bizə yuxa bişirirdi. Yəqin məsələdir ki, anam da onu razı salırdı.

Atamın da işləri yağ kimi gedirdi. İndi o, dövlətlilər sırasında birinci olmağa can atırdı. İşlərinin yaxşı getməsinin onu necə fərəhləndirdiyini mən hiss edirdim. O, Rusiyada, İran tacirlərinin ona necə etibar elədiklərindən, nisyə nə qədər mal buraxdıqlarından anama iftixarla danışırdı. Ancaq bütün bunlar məni heç də şad eləmirdi. Çünki atam bir dəfə də olsun, mənim həyatıma müdaxilə eləmirdi. Bir dəfə də olsun, mənə tərifli söz demirdi. Sonralar başa düşdüm ki, yazıq kişi bu yolla məni hərəkətə gətirmək, mənim də başqa uşaqlar kimi, deyib-gülən, zirək, açıqtəbiətli bir məxluq olmağımı istəyirmiş. Daha haradan biləydi ki, mənim daxilimdə tamam başqa bir aləm var. Özüm üçün də anlaşılmaz, qaranlıq olan bu aləm məni bütün xarici mühitdən və birinci növbədə atamın özündən ayırır, məni onlara uyuşmağa qoymur.

... Bizim evdən yuxarı yalda hər gün müsavat əsgərlərinə təlim keçirdilər. Təlimdən sonra onlar nəğmələr oxuyurdular. Çox qəribə idi ki, bu nəğmələr, əsasən, hərbi ruhda olsa da, məndə kədərli bir hissə doğururdu. Elə bil ki, mahnıların özündə nə isə pərişan bir şey vardı.

Yeniyetmə, cavan oğlanlar balaca uşaqlardan əsgərsayağı dəstələr düzəldərək, onlara komanda verə-verə küçələrdə gəzir, türk və müsavat əsgərlərindən öyrəndikləri mahnıları oxuyurdular. Belə dəstələrdən birinin də komandiri Məhbub xanımın kiçik qardaşı Qulam idi. Bir dəfə o, anası Xurşid xanımla bizə gəldiyi zaman anam dedi ki, Qulam məni də aparıb öz dəstəsinə qoşsun.

Səhəri gün Qulam bizə gəldi. Anam mənə təzə paltar geyindirdi. Biz getdik şəhərin Murğuzlu adlanan tərəfindəki düzənliyə. Gördüm ki, burada uşaqlar dəstə-dəstə göy otluqda oturub mahnı oxuyurlar. Qulam da məni öz dəstəsinə daxil elədi. Sonra Qulam uşaqlara dedi ki, biz də gərək əsgərlər kimi təlim keçək, onlar kimi mahnılar öyrənək.

Sonra hansı bir mahnını isə oxudular.

Sonra dəstəbaşçıları bir yerə yığıldılar. Bunlar hamısı yaxşı geyinmiş oğlanlar idi. Ancaq arıq, qarabəniz oğlan hamıdan yaxşı geyinmişdi. Hiss edirdim ki, o biri oğlanlar da onunla çox hörmətlə danışırlar. O, bir növ, yoğun səslə yoldaşlarına dedi:

– Mənim dəstəmdəki uşaqlar çox balacadırlar. Onlara hərbi şeyləri nə cür öyrətmək olar?.. Çoxu hələ əlifbanı da bilmir.

Sonra mən Qulamdan öyrəndim ki, bu oğlan Cavanşir xanlığının axırıncı nəsli olan Qafar ağanın oğludur. Qulam mənim marağımı görüb, o biri dəstəbaşçılarını da mənə tanıtdı. Məlum oldu ki, onlar da bəy oğlanlarıdı. Gördüm ki, bu «komandirlərin» içində bir nəfər də fəhlə, kəndli, sənətkar, ya tacir oğlu yoxdur. Heç mənasını özüm də dərk eləmədiyim halda, bu, mənim izzəti-nəfsimə toxundu. Mənə elə gəldi ki, bu bəy oğlanları burunlarını çox dik tuturlar, öz bəyliklərilə açıq-açığına fəxr edirlər. Mən Qaçaq Xanmuradın «yenə də bəy oğlanları meydan sulayırlar» sözlərini xatırladım və məndə kasıblara, adi adamlara qarşı bir qəhmərlik hissi baş qaldırdı. Sonralar o günləri xatırlayanda başa düşdüm ki, sinfi ziddiyyət insanla birgə doğulan bir sövqi-təbiilikdir, insanın özünümüdafiə instinkti kimi bir şeydir. Sonra Qulam yenə də məni aparmağa gələndə getmədim. Səbəbini də heç kəsə demədim. Atam da məni adamdan qaçmaqda təqsirləndirərək danladı.

Bayram babamgilə gələn tərəkəmələrlə deyib danışmaq mənə daha çox xoş gəlirdi, nəinki bəy oğlanları ilə. Mən adi adamların yanında özümü daha sərbəst, daha azad hiss edirdim. Onlar mənə daha yaxın, daha səmimi görünürdülər. Əlbəttə, o zaman səmimiyyətin, yekəxanalığın nə demək olduğunu aydın mühakimə eləyə bilməsəm də, hiss edirdim. Kürdobalı Xaynamaz həftəbazarına gələndə babamgilə düşərdi. (Ümumiyyətlə, Kürdobadan atını minən – kasıb, dövlətli – gəlib Bayram babamgilə düşərdi. Hamı da bunu təbii bir hal hesab edərdi). Mən də onun köhnə Qafqaz yəhərli ağ yabısının üstündən düşməzdim. Yabı da bunu vecinə almayaraq, bağda addım-addım gəzib özü üçün otlayardı. Əlbəttə, əgər Xaynamazın əvəzinə bir ağa, məsələn, dayımın dostlarından biri olsaydı, mən onun atına minib bu cür sərbəst gəzməzdim, bu cür ləzzət almazdım.

Dayımdan heç bir xəbər-ətər yox idi. Atam yenə də Bakıya, Rusiya şəhərlərinə ticarət üçün gedəndə onu axtarırdı. Bayram babam isə nə onu axtarırdı, nə də barəsində bir kəlmə söz danışırdı. Bu da Fatma nənəmi yandırıb-tökürdü.

– Kişi olan kəs, – deyirdi, – o cür oğulun itkin düşməyini vecinə almır.

Fatma nənəm, «o cür oğul» dedikdə, mən təəccüb edirdim. Çünki dayımın Fatma nənəmi necə incitdiyi yadımda idi. Amma, elə bil, onlar arvadın zehnindən tamam silinib getmişdi. O, gündə üç dəfə namaz qılıb, oğluna dua eləyirdi. Onun sağ-salamat qayıtması üçün Allaha yalvarırdı, belə anlarda nənəmə yazığım gəlirdi.

Atam da nənəmə deyirdi:

– Qorxma, ay arvad, Nurunu dəyirmanın boğazından ölü salsalar, ayağından diri çıxar.

Nənəm də uzun müştükdəki papirosundan dərin qullab alaraq, nə üçünsə, atama kinli-kinli baxıb bir söz demirdi.

Mən yenə də girəvə düşən kimi babamgilə qaçırdım. Bir dəfə də onlarda olduğum zaman babamgilin nökəri Bünyad yüyürə-yüyürə gəlib, Fatma nənəmi muştuluqladı.

– Nuru qağa gəlib, odur, Yaqut xanımgildədi.

Yazıq nənəm sevindiyindən bilmədi nə desin. Haçandan-haçana Bünyaddan soruşdu:

– Azarlı-zad döyül ki?

Bünyad dedi:

– Azarlı nədi, əşi, maşallah, laçın kimidi.

Başqa vaxt dayımdan qorxub çəkinməyimə baxmayaraq, onun gəldiyini eşidən kimi yüyürdüm evimizə. Gördüm ki, dayım başında İran qaçaqlarının geydiyi keçə araqçın, əynində sərdari çuxa artırmada oturub çay içir. Məni görəndə gülümsədi.

Anam mənə tapşırdı ki, dayının gəlməyini heç kəsə danışma. Mən bu sözə təəccüb elədimsə də, səbəbini soruşmadım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets