Qırçı və qırmızı çiçək
Page 2 of 2 · 50%
Qoca iki dəfə daha qəlyanını doldurub çəkəndən sonra qalxdı. Onun yolu bayaq damına qır basdıqları evin yanından idi. O, bu evin küçəyə baxan pəncərəsi qarşısından keçəndə tül pərdə arxasından içərini gördü. İri elektrik çırağı altındakı ağ örtüklü stolun ətrafında ortayaşlı bir kişi ilə gənc qadın və iki oğlan uşağı oturub şam edirdilər. Radioda şən bir hava oxunurdu...
... Qoca, şəhər kənarındakı balaca otağına gəldi. Abajursuz lampanın tutqun işığında yeganə pəncərənin qabağına qoyulmuş dəmir çarpayı, ortada üzərinə köhnə müşəmbə çəkilmiş stol, onun ətrafındakı dörd stul və əhənglə ağardılmış divarlar göründü. Hər şey, çarpayının üzərindəki nimdaş yorğan-döşək kimi köhnə, lakin təmiz idi. Qoca tələsmədən pencəyini çıxarıb qapının yanındakı taxta asılqana keçirdi. Balaca mətbəxə gedib əl-üzünü yuyaraq, ağ məhrəba ilə qurulandı. Sonra taxçaya qoyulmuş bir banka qatığı götürdü (bu qatığı hər gün qonşudakı satıcı arvad gətirib buraya qoyardı), oturub dünəndən qalmış boyat çörəklə yedi.
... Qoca otağa qayıdıb balaca radioqəbuledicini qurdu və qəlyanını doldurub alışdırdı, oturub son xəbərlərə qulaq asdı.
Sonra diktor Xanın «Segah» oxuyacağını elan etdi. Vaxtilə o, Xana qulaq asmağı heç bir şeyə dəyişməzdi. Ancaq indi radionu bağladı. Oğlu Cahangir müharibədə həlak olandan sonra, qoca, «Segah»a qulaq asa bilmirdi. Ona görə yox ki, əsəbləri zəif idi... Ona görə ki, qocanın qəlbində əlavə kədərə yer yox idi.
... O, radionu söndürdü. Daha nə qalırdı? Heç bir şey... Əvvəllər oğlan tez-tez gecələr onunla söhbətə gələrdi. İndi on gündür... Düz on gündür ki, daha gəlmir. Qoca da səbəbini soruşmur. Cavan adamdan belə şeyləri soruşmaq olarmı?
... O soyunub işığı söndürdü, arxası üstə çarpayısına uzandı. Gözləri xeyli müddət otağın zülmətinə zillənib qaldı. Elə bil ki, bu zülmət bir əbədiyyət idi və o, bu əbədiyyətə qovuşmuşdu. Lakin onun şüuru işləyirdi. Bu şüur isə, işıq və ümidlər silsiləsindən ibarət idi. Qoca düşünürdü: «Oğlan səhər damın tamam qırlanıb qurtardığını görəndə, yəqin ki, təəccüb edəcək.»
Sonra onlar qonşudakı evlərin damlarını qırlayacaqlar. Üç gün bundan qabaq ev sahibləri ilə danışıq aparıblar. Hələ indiyə qədər heç kəs onun işindən narazı qalmamışdır. Buna görə də ona hörmət edirlər. Onun üçün növbəyə dururlar. Usta Qara da beləydi. İndi isə... O, cavan şagirdi haqqında düşündü və qır qazanını qüvvətlə, nəşə ilə qarışdıran oğlanın qədd-qaməti gözləri qarşısında olduğu halda yuxuya getdi.
... Səhərisi onlar ikinci evin damını qırlayırdılar. Yenə də qoca yuxarıda, oğlan aşağıda işləyirdi. Günün axırında oğlanın yanında ortaboylu, lap cavan bir qız peyda oldu. Əynində əhəngə bulaşmış kombinezon var idi. Bədəni dolu olduğundan, kombinezonun şalvarı ona dar gəlirdi.
Son dəbdə kəsilmiş saçlarının üstündən (yəqin ki, işdə mane olmasın deyə) qırmızı lent bağlamışdı. Üzünü təzəcə yumuş olduğundan saçlarının qabaqdakı qıvrımları hələ yaş idi. O, əlləri arxasında dayanıb, vedrəyə qır dolduran oğlana baxırdı.
Qoca əvvəl elə güman etdi ki, bu qız elə-belə yoldan keçəndir. Lakin sonra gördü ki, oğlan çevrilib ona nə isə dedi və qız gözəl, ağ dişlərini göstərib gülümsədi.
Qoca daha baxmadı... Damı qırlayıb qurtarandan sonra tələsmədən düşüb onların yanına gəldi. Oğlan qızı göstərərək:
– Usta, tanış ol, – dedi.
Qız qocaya yaxınlaşdı, altdan-yuxarı ona baxıb əlini uzatdı. Qoca onun balaca, təmiz əlini əzəcəyindən qorxurmuş kimi astaca sıxdı. Qız gülümsəyərək adını dedi. Qoca qəlyanını çıxardıb odluğunu təmizləyə-təmizləyə qızdan soruşdu:
– Harada işləyirsən?
– Təzə tikilən kinostudiya binasında, – deyə oğlan qızın əvəzində cavab verdi, – elə işdən birbaşa bura gəlib.
Qız isə, yenə əlləri arxasında, qocaya baxaraq biaram gülümsəyir və sanki onun daha nə deyəcəyini gözləyirdi.
Lakin qoca daha heç nə soruşmadı. Oğlan pencəyini götürərək:
– Yaxşı, usta, – dedi, – tay bir işin yoxdursa, biz gedək.
– Gedin.
Oğlan tərəddüd içində ona daha nə isə demək istədi, lakin heç nə deməyərək, geri dönüb qızla birlikdə getdi.
– Rəşid! – deyə qoca arxadan səsləndi və oğlan geri çevrildikdə, əli ilə yaxınlaşmasını işarə elədi.
Qoca cibindən bir üçlük çıxarıb xəlvətcə oğlana verdi.
Oğlan qara gözləri ilə gülümsəyərək soruşdu:
– Bəyəm almısan?
– Yox, hələ almamışam.
– Sağ ol.
Oğlan çevrilib yüyürərək qıza çatdı.
Bundan sonra hər gün işin axırında, saçlarına qırmızı lent bağlamış o qız gəlir və oğlanla gedirdi... Qoca, oğlandan heç nə soruşmurdu. «Lazım olanda özü danışacaq.»
... Lakin bu qız peyda olandan bəri qoca tamam bir xəyal aləminə dalmışdı. O, demək olar ki, hər gün şagirdinə necə toy edəcəyi, sonra, əgər, oğlanları olarsa, ona usta Qaranın adını qoyacağı barədə düşünürdü. Hər gün, bu gələcək gənc ailə bütün aydınlığı ilə qocanın gözləri qarşısında canlanırdı. O, bu məhəllədəki evlərin qırını təzələyəndən sonra nə qədər pulları olacağını dəfələrlə haqq-hesab edir, toy üçün alacağı şeyləri bir-bir gözünün qabağına gətirirdi.
Oğlanın xəbəri olmadan qoca təmir idarəsindən əlavə sifarişlər qəbul edirdi. ... Lakin bir istirahət günü onun heç gözləmədiyi bir əhvalat oldu. Qoca hamamdan yenicə gəlib özünə çay dəmləyirdi. Elə bu zaman qapı yavaşca vuruldu. Qoca səsindən bildi ki, oğlandır.
Lakin oğlan bu dəfə tək deyildi. O, qızla gəlmişdi. Saçlarına qırmızı lent bağlayan həmin qızla! Uzun illərdən bəri birinci dəfə olaraq qoca yaman sevindi.
– Əyləşin. Xoş gəlmisiniz. – O, qıza müraciət elədi və təmiz hava gəlsin deyə tələsik otağın yeganə pəncərəsini taybatay açdı.
Oğlan da, qız da təzə paltar geymişdilər. Oğlan ağ köynəyin üstündən mavi qalstuk bağlamışdı. Qızın qolunda balaca qızıl saat var idi.
Birdən qoca hiss elədi ki, oğlan əvvəlki kimi qayğısız və sərbəst deyil. Günahkar adamlara oxşayır. Qocanın sevincinə anlaşılmaz bir qorxu qarışdı.
– Bu gün yaxşı havadır, – deyə o gülümsədi.
Oğlan diqqətlə qocaya baxdı. O heç vaxt ustadan bu cür mənasız sözlər eşitməmişdi. Heç vaxt onun belə gülümsədiyini görməmişdi.
Sonra qoca tələsik mətbəxə keçib, qədim, güllü podnosun içində üç stəkan çay gətirdi.
Oğlan:
– Niyə zəhmət çəkirsən, ay usta, – dedi. – Qız gətirərdi.
– Zəhmət... nə zəhməti var, – qoca eyni təbəssümlə cavab verdi.
Sonra nəzərlərini oğlanın diqqətli baxışlarından yayındıraraq əlavə etdi:
– Siz oturun, mən bu saat gəlirəm.
Oğlan onun qolundan yapışaraq:
– Usta, – dedi, – biz çörək yemişik. Heç bir şey lazım deyil. Sən ac deyilsən ki?
Qoca eyni mülayim və çəkingən ifadə ilə «yox» mənasında başını tərpətdi.
– Onda, əyləş.
Birlikdə işlədikləri bu üç ildə oğlan birinci dəfəydi ki, onun bu cür ürkək, bu cür narahat oturduğunu görürdü.
– İçin, – deyə qoca stəkanlara baxdı. – Çay, isti yaxşıdır.
Birinci dəfəydi ki, oğlan onun səsində bu qədər mehribanlıq, nəvaziş hiss edirdi və bu hiss onun ürəyini ağrıdırdı.
Oğlan keskin hərəkətlə balaca armudu stəkanı götürüb üç-dörd qurtuma boşaldaraq, təkrar nəlbəkiyə qoydu. Qoca əlini cəld stəkana uzatdı. Oğlan onun əlindən tutaraq:
– Tay içmirəm, – dedi.
Qoca, oğlana ani bir nəzər saldı:
– Bu səhər, – dedi, – İçərişəhərdən yenə iki nəfər gəlmişdi. Dedim işimiz çoxdur. Ayın on beşindən sonra...
Qız oğlana baxdı. Oğlan qaşqabaqlı halda nəzərlərini endirdi. Araya gərgin bir sükut çökdü. İndi qocanın təbəssümü daha narahat görünürdü.
Birdən oğlan başını qaldırıb düz onun gözlərinə baxaraq qəti və sərt ifadə ilə:
– Usta, – dedi, – mən tay sabahdan gəlməyəcəyəm.
Usta batqın səslə soruşdu:
– Hara gəlməyəcəksən?
– Qır salmağa.
– Niyə?
– Oxumağa gedirəm.
– Hara gedirsən?
– Oxumağa. Yol texnikumuna.
– Çətin olmaz?
Oğlan, onun nəyə işarə elədiyini anladı:
– Birtəhər dolanarıq, – dedi.
– Mən işləyəcəyəm, o oxuyacaq, – deyə saçlarına qırmızı lent bağlayan həmin qız amansızcasına əlavə etdi. – Bilirsinizmi, usta, tay qırçılığın dövrü keçib. Görürsünüz ki, indi təzə tikilən evlərin üstünə qır basmırlar.
Qoca düşündü: «Bəli... doğrudur... Təzə evlərin damına qır basmırlar.»
Qız eyni amansızlıqla davam edirdi:
– Sizə baxmayın. Rəşid çox cavandır. O, gələcək haqqında düşünməlidir.
Qoca düşünürdü: «Elədir... Əlbəttə...»
– Doğrusu, Rəşid heç sizdən ayrılmaq istəmirdi. Ancaq...
Qız cümləsini bitirmədi. Buna ehtiyac da yox idi.
O, saçlarına qırmızı lent bağlamış həmin qıza baxaraq mehribanlıqla gülümsədi. Qız ona həddindən artıq balaca və həddindən artıq güclü görünürdü. Oğlan eyni sərt ifadə ilə gözlərini bir nöqtəyə zilləmişdi.
Qız çayını arxayınlıqla içib qurtarandan sonra özünün və oğlanın stəkanını götürüb (qoca çayını içməmişdi) mətbəxə apardı, tərtəmiz yuyub taxçaya qoydu və o geri qayıdanda oğlan dərindən nəfəs alaraq qalxdı, qoca da durdu.
Oğlan ona baxıb dedi:
– Tay biz gedək.
– Gedin.
– Sağ ol.
– Siz də sağ olun.
Onlar qapıdan çıxarkən, birdən qız geri dönüb qocaya yaxınlaşdı və onun qollarından tutaraq, ayaqlarının ucunda qalxıb cod saqqallı üzündən öpdü. Sonra bahar küləyitək otaqdan çıxdı.
... Qoca bir neçə saniyə durduğu yerdə dayandı. Otağın yarıqaranlığı içində o, çox sakit və qədd-qamətli görünürdü. Qoca birdən sanki nəyi isə xatırlayaraq, başını qaldırıb pəncərədən bayıra baxdı. Onlar çoxdan getmişdilər.
Qoca tələsmədən qəlyanını çıxarıb doldurdu, odladı. Onun üzündə bayaqkı mehribanlıqdan əsər-əlamət yox idi. Kepkasını götürüb başına qoydu, otaqdan çıxdı.
O, ağır addımlarla gedirdi.
O, həmişə istirahət günləri qırçıların yığıldığı bağa tərəf gedirdi.
Yaz günəşi gömgöy səmanın sonsuzluğu içində yüksəlir, aşağılarda isə, akademiya binasının zər naxışları qızıl kimi parıldayırdı. O, sabah qırlayacağı damlar haqqında düşünərək gedirdi.
O, həyatın – böyük və qüdrətli həyatın qanununu hiss edərək ağır addımlarla gedirdi.
1962.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-qirci-ve-qirmizi-cicek
Use ← → keys to move, R for a random poem
More by this author
Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?
Qara damın vahiməsiBiz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.
Nuru dayımın qəribə macərasıAnamın bişirdiyi cücəli plovu, ətirli dovğanı böyük bir iştaha ilə, ləzzət çəkə-çəkə yeyəndən sonra dayım, balaca armudu stəkandakı çayın rənginə zövq ilə nəzər yetirib anamla, atamla danışmağa başladı:– Biz, yəni mən və dostum Alay müsavat ordusunun hesabına ələ keçirdiyimiz tüfəngləri, patronları, tapançaları aparıb İranda satmaq qərarına gəldik. Bunu bizə İranda yaşayan kontrabandaçı bir türkmən məsləhət gördü. Onun xüsusi qayığı vardı. Bakıya, Həştərxana, İrana gizli mal aparıb gətirirdi. Bizi inandırdı ki, onun köməyi ilə bütün silahları xatasız, əngəlsiz aparıb İran kürdlərinə sata bilərik.
Həyəcanlı xəbərlər, köçhaköç və sandıq əhvalatıAtamgil Rusiyada qurulmuş fəhlə-kəndli hökuməti barədə indi daha tez-tez söhbət edirdilər. Mən də bu söhbətlərə böyük bir maraqla qulaq asırdım. Mən eşidirdim ki, orada ağalara, böyük tacirlərə divan tuturlar. Hökuməti kasıblar, fəhlələr, kəndlilər idarə edirlər.Çox qəribə idi ki, kasıbların, Xaynamaz kimi kəndlilərin Rusiyada hökumət başına keçmələri məndə fərəh doğururdu. Elə bil ki, mən özüm yekəxana bəy balalarından nəyinsə qisasını alırdım. Doğrudanmı, bu, həmin bəy oğlanlarının hər yerdə öz bəyliklərini hiss etdirmələrinin nəticəsi idi? Kim bilir, bəlkə buna səbəb ata-babadan, lap ulu babalarımızdan bəri bizim nəslin damarlarında axan rəiyyət qanı idi? Mən anama dedim:
Poems by other poets
که بکش جام و ناامید مشو
Səthi-cahan gülüstana dönübdürXələt geyib zümrüddən ağaclar,Ciçəklərdən boynun əyib budaqlar,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Dün və bu günDün səadətlə parlayan gözlər,Şimdi yəsü kədər nisar eylər.