Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:

– Yaxşı, gedək.

Anamgil də etiraz eləmədi.

Biz səhər tezdən Həbibin faytonunda, Qızılbaşoğlunun müşayiəti ilə yola düşdük.

Biz yetişib qılçıqlanmaqda olan buğda zəmilərinin, yaşıl darı tarlalarının arası ilə irəliləyərək dərəyə endiyimiz zaman gördük ki, yolun ortasında bir fayton durub. Bir az aralıda üç nəfər atlı-tüfəngli adamın qarşısında gözünün biri azca qıyıq ortayaşlı bir adam dayanıb. Atlılardan sarıbəniz kişi babama dedi:

– Xoş gördük, Bayram bəy!

Babam qaçaqların qabağında dayanmış adama işarə ilə soruşdu:

– Kimdi bu binəva keçib sizin girinizə, Rzaqulu bəy?

Mən Rzaqulu bəy adlı amansız, qəddar bir qaçaq olduğunu eşitmişdim. Qaçaq Rzaqulu bəy cavab verdi ki:

– O, binəva deyil, əşi, bolşevikdir. Güllələyəcəyik köpəkoğlunu!

Babam soruşdu:

– Nə bilirsiniz bolşevikdir?

– Uşaqlar tanıyıblar. Budur, cibindən də kağız-kuğuz çıxıb, – deyə Qaçaq Rzaqulu bəy əlindəki kağızları babama verdi. Babam kağızları diqqətlə nəzərdən keçirib zarafatyana dedi:

– Nə olar bolşevik olanda?!

Qaçaq Rzaqulu bəy təəccüblə cavab verdi:

– Necə nə olar, əşi? Bunlar nə Allah tanıyırlar, nə peyğəmbər... nə ana, nə bacı, nə dost! Bu köpəkoğlu kəndləri gəzib camaatı dilə tuturmuş ki, «öldürün naçalniki, idarəsini dağıdın, bəyləri qırın...»

Əlində papiros dayanıb bizə baxan kişi sakit səslə dedi:

– Yalandır, biz terror tərəfdarı deyilik.

Babam soruşdu:

– Haralısınız?

Kişi dedi:

– Əslim Gəncə tərəfdəndi. Ancaq uşaqlıqdan Bakıda olanam.

Babam soruşdu:

– İndi haradan gəlib, hara gedirsiniz?

Kişi dedi:

– Bakıya gedirəm.

Mən çox maraqlanırdım ki, babam ondan soruşsun kimdi, nəçidi, buralarda nə gəzir?

Amma babam heç nə soruşmayıb, Qaçaq Rzaqulu bəyə dedi:

– Buraxın, getsin!

Qaçaq Rzaqulu bəy yenə də təəccüblə babama baxaraq dedi:

– Nə danışırsan, Bayram bəy, bu ilanın əlinə belə girəvə düşsəydi, səni salamat buraxardı?

Bayram babam gülümsədi:

– Onsuz da, – dedi, – əgər bolşeviklər hökumət başına keçsələr, yəqin ki, mənim kimi naçalnikləri sağ qoymazlar. Tək bu kişini siz öldürməklə nə olacaq?

Qaçaq Rzaqulu bəyin sarı bənizi qıpqırmızı oldu:

– Bayram bəy, – dedi, – özün bilirsən ki, sənin bizim yanımızda xətrin əzizdir, ancaq bu dinsizi sağ buraxmayacağam!

Babamın bənizi soyuq, ciddi bir ifadə aldı. Gördüm ki, Qızılbaşoğlu da sağ əlini yavaşca qoydu onatılanın üstünə.

Babam sükut içində gözünün birini qıyıb baxan bolşevikə dedi:

– Gedin! Azadsınız!

Kişi Qaçaq Rzaqulu bəyə ani bir nəzər saldı. Sanki bir an yerindən tərpənməyə qorxdu. Sonra çevrilib iti addımlarla gedərək gəldiyi faytona mindi. Faytonçu atları dördəmə çapdı.

Qaçaq Rzaqulu bəy yana-yana babama dedi:

– Gördünmü, sən onu ölümdən qurtardın, amma o sənin kimi kişiyə, heç olmazsa, bir «sağ ol» da demədi. Qoymadın o haramzadanın başına bir güllə ilişdirək!

Babam faytonçuya dedi:

– Sür!

Biz bir qədər aralanandan sonra mən babama dedim:

– Qaçaqlar dalınca gedib o adamı yenə də tutarlar.

Babam papiros çıxarıb yandıraraq dedi:

– Tutmazlar.

Atını faytonun yanınca sürən Qızılbaşoğlu babama dedi:

– Əgər sənin sözünə baxmasaydılar, üçünü də atacaqdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets

Axır çərşənbə duası

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

Mirza Ali Mojuz6 min
Axtı

Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,

Lala of Shaki2 min
Yandırdın Məni

Yanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül

Akbar1 min
Boylana-boylana

Cilvələnib kəklik kimi,Ötür boylana-boylana.

Ashiq Asad1 min