Page 1 of 2

Vəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icazə verdikdə atam anamın üstündəki qızıl şeylərdən satıb əlində maya eləyərək yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasətin nəticəsində imiş...)

Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz anamın xalası Bəyaz xanımgilə düşdük.

Bəyaz xanımgilin evi, əvvəl təsvir elədiyim kimi, Şuşanın «Cıdır düzü» adlanan ən hündür və səfalı yerindəydi. Evin qabağında böyük bağ var idi. Bu bağı Bəyaz xalanın xalq arasında «Hacı Axund» adı ilə məşhur olan mərhum əri öz əlilə salmışdı. Axund rəhmətə gedəndə yaşı yüzə yaxın olub. Onun özünün də, qızının da, Əhmədin öldürdüyü arvadı Yasəmənin də məzarı bağın içində idi. Ətrafında cürbəcür güllər, çiçəklər əkilmişdi. Deyirdilər, Axund hələ sağlam, qıvraq olduğu zaman bağın içində öz məzarını özü hazırlayıbmış... Bağın Cıdır düzünə açılan darvazasının yanında böyük bir qoz ağacı var idi, bu ağacı da o biriləri kimi Axund özü əkmişdi. Ağacın, deyilənə görə, indi yetmiş yaşı var idi. O qədər qollu-budaqlı idi ki, kölgəsində yüz adam otura bilərdi. Gövdəsi sağlam, yarpaqları yamyaşıl idi. Onun ümumi görünüşündə mən qeyri-adi bir gümrahlıq hiss edirdim və bu hiss bir an məndə elə bir təsir yaradırdı ki, elə bil bunu əkib gedən rəhmətlik Hacı Axund heç ölməmişdi. O da, hardasa, bu ağac kimi sağlam və gümrahdır. Hündür gilas ağaclarının üstü kəhrəba kimi sarı gilasla dolu idi. Almalar, armudlar hələ yetişməmişdi. Ağacların arası yasəmənlə, qızılgüllə dolu idi. Bu güllər ipək kimi yumşaq dağ otlarının arasından qalxıb, elə bil ki, mənə sevinclə baxırdılar. Ancaq mənə hamıdan xoş gələn Mirzə Məhəmməd dayının böyük qızı Səriyyə idi. Qara, çatmaqaş, qaragöz, gözəl, zərif bir qız idi. Məni görəndə gülümsədi. Mən də onun dümağ sədəf kimi dişlərini, təbəssümünü görüb indiyə qədər heç bir zaman özümdə hiss eləmədiyim qəribə bir sevinc duydum. Mənə elə gəldi ki, indiyə qədər üzərimdə ağır bir bulud varmış və bu bulud bütün bağların, çöllərin üzərinə tutqun, kədərli bir kölgə salırmış, indi elə bil ki, bu qızın mənə baxıb gülümsəməsilə o bulud çəkilib getdi. Bütün dünya işığa, sevincə qərq oldu. Elə bil ki, indiyə qədər mənim bədənimdə ağır bir kəsafət varmış və bu qızı görməyimlə o kəsafət yox oldu. Mən özümü təəccüblü dərəcədə yüngül, şad hiss edirdim. Mən həyəcanla düşünürdüm ki, bu dünyada necə gözəl hisslər varmış... Sonra mənim fikrimdən keçən ilk şey o oldu ki, «Əlibaba və qırx quldur» kitabımı ona bağışlayım. Çünki mənim yeganə qiymətli şeyim o kitab idi. Yaxşı oxuduğum üçün onu mənə müəllimim bağışlamışdı. Mən ondan soruşdum:

– Sən də üçüncüdən dördüncüyə keçmisən?

O, pərişan bir təbəssümlə dedi:

– Mən oxumuram.

– Nə üçün?

– Atam qoymur. Deyir, qız uşağısan.

Mən dedim:

– Nə olsun qız uşağısan?! Bizim sinifdə neçə qız oxuyur.

O dedi:

– Amma mən çox oxumaq istəyirəm.

Mən onun səsində bir həsrət hiss elədim və bu, mənə toxundu. Sonra mən anamdan soruşdum:

– Nə üçün Mirzə Məhəmməd dayı Səriyyəni qoymur məktəbə getsin? Bizim şəhərdə qızların hamısı oxuyur.

Anam dedi:

– Xalaoğlu belə adamdır də... Özü gimnaziya qurtarıb, amma qızlarını qoymur oxusun.

Mən soruşdum:

– Axı niyə?

Anam dedi:

– Şəhərdə Mirzənin düşməni çoxdur. Ona görə də qızını məktəbə buraxmır.

Mən soruşdum:

– Axı qız uşağına nə olacaq ki?

Anam qaşlarını çatıb dedi:

– Fikir eləyir ki, düşmənləri qızı oğurlayarlar.

Mirzə Məhəmməd dayı ortaboylu, əsmərbənizli, qısa vurdurduğu saçları çallaşmış bir adam idi. Qıçının birinə güllə dəydiyindən azca axsayırdı, Qarabağda adlı-sanlı qoçulardan hesab olunurmuş. Atası nə qədər xeyirxah, camaat dərdinə qalan imişsə, Mirzə Məhəmməd dayı o qədər amansızmış, sözünün qabağına söz demək olmazmış. İndi də yanında gizlin tapança gəzdirirdi. Danışırdılar ki, Nikolay vaxtı Kürdüstan tərəfdə çar naçalniki olanda, bir dəfə bir neçə strajniklə atlı gəlirmiş. Görür ki, yolda bir kəndli ayaq üstə pəşov eləyir. Mirzə Məhəmməd dayı atının başını çəkib soruşur ki:

– Niyə ayaq üstə pəşov eləyirsən? Müsəlman deyilsən?

Kəndli də qabağındanyeməz adam imiş, deyir:

– Sənə nə var, yaxşı eləyirəm.

Mirzə Məhəmməd dayı da, eləmə tənbəllik, tapançanı çıxarıb kişini vurub öldürür.

Biz özümüzlə Misir adlı nökərimizi də aparmışdıq. Bu, gödək, yumru, özü də pəltək bir oğlan idi. Hər kəlmənin ancaq birinci hissəsini deyə bilirdi.

Bir dəfə armud salmaq üçün Misirin ağaca selbə atmağını Mirzə Məhəmməd dayı gördü, gözlənilməz bir cəldliklə Misiri tutub yerə yıxaraq acıqlı-acıqlı dedi:

– Bıçağı gətirin, bu köpəkoğlunun başını kəsəcəyəm.

Misir də «və...» deyə əcaib bir səslə bağırdı.

Sonra mən anamdan soruşdum:

– Bağın meyvələrini eyzən qonşulara paylayırlar. Bəs niyə Mirzə Məhəmməd dayı Misirin başını kəsmək istəyirdi?

Anam gülüb dedi:

– Ona görə ki, Mirzənin ağacına daş atmaq olmaz!

Mirzə Məhəmməd dayı, deyilənə görə, çox igid adam idi, amma boydan çox gödək görünürdü. Onun nahaq yerə kəndlini o cür vurmağı, Səriyyəni məktəbə buraxmamağı məni dəhşətə gətirirdi. Biz Səriyyə ilə bütün günü bağda oynayırdıq. Hətta gecələr də, bir-birimizdən ayrılmaq istəmirdik. Bir dəfə də biz onunla əl-ələ tutub bağda gəzdiyimiz zaman anası Yasəmən xala görüb qıza acıqlandı:

– Qız uşağı oğlanla əl-ələ gəzməz!

Mən utandım, ancaq nə üçün utandığımı bilmədim. Sonra biz, yalnız heç kəs görməyəndə, yəni ətrafımızda adam olmayanda əl-ələ tutub gəzirdik. Biz ikimiz də bundan hədsiz bir zövq alırdıq. Xəzinə qayasına yüyürərək sarp qayalı uçurumun dibində qarğa kimi qaralan adamlara, qıjıltı ilə axan Daşaltı çayına, onun o biri sahilindəki Topxana meşəsinin altındakı daş divarları, barıları görünən xaraba Xan sarayına tamaşa edirdik.

Fatma nənəm mənə nağıl eləmişdi ki, Xan bu qalanı ona görə tikdirib ki, başqa padşah Şuşaya hücum eləyəndə qaçıb orada daldalansın.

Mən də fikirləşirdim ki, vaxtı ki, xan bərkə düşəndə öz adamlarını qoyub, bu qalada gizlənirmiş, demək, qorxaqmış. Əlbəttə, mən bu düşüncələrimi Səriyyəyə demirdim. Mən ona yaxşı şeylər haqqında danışmaq istəyirdim. Mən ona «Əlibaba və qırx quldur»u nağıl edirdim, Zümrüd quşunun Məlikməmmədi öz belində zülmət dünyasından işıqlı dünyaya necə gətirib çıxardığını danışırdım. Uçurumun o tərəfindəki meşələrdən gələn xəfif yel Cıdır düzünün yumşaq otları ilə bərabər, onun da ağ alnında qıvrılan xurmayı saçlarını tərpədib oynadırdı və bu hal mənə heyrətli dərəcədə gözəl görünürdü. Bəzi anlarda mənə elə gəlirdi ki, Səriyyə ilə mən tamam başqa aləmdəyik. İndiyə qədər mənə məlum olmayan nağıl kimi gözəl bir aləmdə...

Mən Robinzon Kruzonun macərasını böyük bir həvəslə ona nağıl eləyəndən sonra onu da demək istəyirdim ki, biz də, yəni Səriyyə ilə mən də heylə bir adada olsaydıq nə gözəl olardı... Amma demədim. Çünki mən danışıb qurtarandan sonra o dedi:

– Yazıq Robinzon tək-tənha o adada necə yaşayırmış, darıxmaqdan adamın bağrı çatlar...

Nəhayət, avqustun axırları gəldi və mən Səriyyədən də, o əfsanəli aləmdən də ayrılmalı oldum.

Atamın bacısı oğlunun ailəsi də Şuşada yaylaqlanırdı. Atamın bacısının əri Əbdüləziz də on gün olardı ki, atamla gəlmişdi Şuşaya.

Atam mənə dedi:

– Əbdüləziz, Molla Nəsrəddin yolu ilə atlı gedir Qarabulağa, sən də bizim atı minib onunla gedərsən, biz faytonla Ağdam yolu ilə gedəcəyik.

Mən başı çiyinlərinin arasına girmiş gödək Əbdüləzizi sevmirdimsə də, dinmədim.

Anam dedi:

– Uzun, narahat yoldu, uşaq yorulub əldən düşər.

Atam acıqlanıb anama dedi:

– Sən bunu gülməşəkər eləmə, qoy bərkə-boşa düşüb öyrənsin.

Mən qaşqabaqla dedim:

– Yorulmaram.

Səhər atam bizim atımızı yəhərləyib tapqırlarını möhkəm çəkdi, anamın mənim üçün yemək qoyduğu keçə xurcunu bağladı atın tərkinə. Səriyyə içəridə, pəncərənin qabağında dayanıb tamaşa edirdi.

Sonra atam cilovu yəhərin üstünə qaytararaq mənə dedi:

– Min görək.

Mən ayağımı üzəngiyə qoyub atın üstünə qalxaraq qanrılıb Səriyyəyə baxdım. O da mənə baxıb gülümsədi. (Sonralar da... Lap sonralar da mən dünyada o qədər riqqətli təbəssüm görmədim). Mən də gülümsədim. Ancaq bilmirəm ki, necə gülümsədim. Onu bildim ki, ayrılıq çox kədərli şeydir. Yəni mən, bu böyük dünyada birinci dəfə ayrılıq acısının nə demək olduğunu dərindən hiss elədim. Bir an mənə elə gəldi ki, bütün vücudum və bu böyük dünya ancaq kədərdən ibarətdir. Mən Hacı Axundun bağındakı sarı gülləri xatırladım. Bir dəfə Səriyyə qara gözləri ilə gülümsəyib mənə dedi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 min
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 h 25 min
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 min
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

19541 min

Poems by other poets