Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı
Page 1 of 4
Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.
Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...
Özü kimi gənc və gözəl bir qız olan freylina Fatimə xanım qapını açıb içəri girəndə onu açıq pəncərənin qabağında oturub, aydınlıq içində olan bağçaya tamaşa eləyən gördü. Bağça ağ, qırmızı, çəhrayı güllər ilə, sənubər gülünün ətriylə dolu idi. Bağçada bülbüllər bir-birinə aman vermədən hey oxuyurdular. Əsli Kürdüstandan olan məşhur Bağdad bəyin qızı gənc Fatimə xanım Xan qızı Gülsənubərə freylina olmaqdan savayı, həm də onun yaxın dostu və sirdaşı idi.
Fatimə Xan qızına baxıb:
– Xanım, – dedi, – gecdir, deyəsən, quşların haray-həşiri səni yatmağa qoymur... Həkimlər sənə deyib ki, həmişə vaxtında yatmaq lazımdır.
– Yata bilmirəm, Fatimə... O tarzəni görəndən bəri yuxum ərşə çəkilib, özümə gələ bilmirəm.
– Onu unut, xanım! Siz hara, tarzən hara... Nə olsun, çox gözəldir?!
– Unuda bilmirəm onu... o tayda, o mənə baxanda, nə üçünsə diksindim. Elə bil, nədənsə, duruxdum. Elə bil, tilsimə düşmüşəm...
Sonra Xan qızı zarafatyana əlavə etdi:
– Gözlərinin tilsiminə...
Lakin bu zarafat dərhal onun gözəl çöhrəsində, nə isə anlaşılmaz, həyəcanlı bir ifadəyə çevrildi.
Xan qızı soruşdu:
– Deyəsən, o evlidir?
– Bəli, iki qəşəng oğlu var...
– Nə tez evlənib? Deyirdin, iyirmi beş yaşı var... Böyük uşağı neçə yaşındadır?
– Böyüyü dörd, kiçiyi iki yaşında. Yaman çox istəyir oğlanlarını.
– Arvadı gözəldir?
– Demək olmaz ki, gözəldir... Ancaq yaraşıqlı gəlindir. Ucaboy, əsmər bənizli, qaraqaş-qaragöz... İnsafən, özü də çox qabiliyyətli, ağayana gəlindir...
– Yaxşı... Yaxşı... Az təriflə, göz deyər, – deyə Xan qızı freylinanın sözünü kəsdi və eyni anda da özünün belə qısqanclığı özünə həqarət kimi göründü.
Xan qızı Gülsənubərin on səkkiz yaşı var idi. Evdə dərs deyən müəllimlər vasitəsilə qız fars və fransız dillərini öyrənmişdi. Atası, rus mayoru Lisaneviçin on yeddi baş ailəsi ilə gülləbaran etdiyi İbrahim xanın qohumu idi. Xan çarizmə dərin kin bəslədiyi üçün uşaqlarının rus dilini də öyrənmələrinə əhəmiyyət verməmişdi.
Gülsənubər bir tərəfdən Firdovsinin, Hafizin, doğma Füzulinin, bir tərəfdən də Bayronun və Viktor Hüqonun əsərlərini oxuya-oxuya böyümüşdü. Allah ona, məhz sənubər gülü kimi həssaslıq vermişdi. Şuşa qalasının dağlarında, onun igidlərinin məşhur Cıdır düzündə, Xəzinə qayasının uçurumlarında çoxlu kəklikotu, yabanı nanə bitər, bağçalarda tabaq boyda iri qızılgüllər açardı. Qalanın havası bu otların, güllərin, çiçəklərin ətri ilə dolu olardı. Və elə bil ki, Xan qızı Gülsənubərin zərif, həssas gözəlliyi ilə bu ətirli dünya bir yaranmışdı. Elə bil ki, o rayihəli gözəlliklər bir-birini tamamlayırdı.
Hər bahar Şuşa qalasının Cıdır düzündə, «Ərimgəldi» deyilən yerdə axşamlar daş-qaş içində, zər-xara libaslarda gəzməyə çıxan qız-gəlinin gözəllikləri, Cıdır düzündə cıdıra çıxan cavan igidlərin mindikləri qaragöz atların mərdanə yürüşü orda-burda oxunan muğam təsniflərində tərənnüm olunurdu... Və elə bil ki, bütün bunlar gənc qız Gülsənubərin həssas qəlbində, özünün də dərk etmədiyi, fərqinə varmadığı səssiz, sözsüz mahnılara hay verirdi...
Ata-anasının ərköyün qızı olan Gülsənubər, ayları-illəri qayğısız, eyni zamanda, fərqinə varmadığı şirin həyəcanlarla yola salaraq və sanki bilmədiyi nəyi isə gözləyərək böyüyürdü... Avropasayağı geyinərək, açıq-azadə gəzir, kişilərdən yaşmanmırdı. Və heç kəs də bunu ona ayıb tutmurdu. Hamıya elə gəlirdi ki, bu gözəl Xan qızı elə belə də olmalıdır.
Tarzən Sadıqcan lap ilk çağlardan qızın ona qarşı biganə olmadığını hiss etmişdi. Lakin, əlbəttə, bu qədər gözəl Xan qızı adi bir tarzənlə bu qədər açıq maraqlanmışdısa, onun gənc izzət-nəfsini oxşamışdısa da, oğlan buna o qədər əhəmiyyət verməmişdi. O, çox gözəl qızların, gəlinlərin onunla maraqlandıqlarını, ona qarşı biganə olmadıqlarını görmüşdü. Xarici gözəlliyi və bütün dinləyiciləri valeh edən çalmaq qabiliyyəti onda özünə qarşı xudpəsənd bir inam yaratmışdı. Digər tərəfdən də, o, artıq «evli kişi» idi. Hörmətli bir kişi olan atası altı il qabaq onu evləndirmişdi. Bu izdivac əhvalatı çox sadə olmuşdu. Özü kimi hörmətli dostunun qızı atasının çox xoşuna gəldiyindən bir gün arvadına dedi:
– Hacının qızı çox xoşuma gəlir... Onu Sadıqcana almaq istəyirəm, ağlın nə kəsir?
Arvadı dedi:
– Sən məndən çox yaşayacaqsan. Neçə vaxtdır mən özüm sənə demək istəyirdim. Hacının qızı, Allah saxlasın, çox qabiliyyətli, mərifətli uşaqdır. Sadıq razılıq versəydi, Hacı ilə qohum olmaq mənim də ürəyimdən olardı. Qız həm də yaraşıqlıdır.
Kişi dedi:
– Biz razı olandan sonra, o, nə deyəcək?!
– Yox, ay kişi, sən deyən zaman deyil... Əyyam dəyişib. İndi oğlanlar-qızlar bir-birini yaxından görüb, sevib evlənmək istəyirlər. Özü də ki, ola Sadıqcan kimi gözəl oğlan... Qızlar onun dərdindən ölür.
Kişi dilxor oldu:
– Sən Allah, şit-şit danışma. Nə gözəl oğlanbazlıqdır... Deynən, sənətini yaxşı bilən, ağlı başında oğlandır, vəssalam.
Bir qədər susub, sonra əlavə etdi:
– Sən Sadıqcanın özü ilə danış. Deynən, mənim də məsləhətim belədir.
Və ana oğlu ilə danışdı.
– Ay bala, – dedi, – şükür Allaha, tay vaxtdı. Yaşın iyirmiyə çatır. Ev-eşik, oğul-uşaq sahibi olmaq vaxtındır. Atayın da fikri belədir...
Sadıqcan soruşdu:
– Atam nə deyir? Kimlərlə qohum olmaq istəyir?
Sadıqcan bilirdi ki, onu evləndirmək üçün atasının gözaltısı olmasa, anası belə deməz.
Ana da oğlunun bu sualının mənasını başa düşərək dedi:
– Atan dostu Hacı ilə qohum olmaq istəyir. Qızından çox xoşu gəlir. İstəyir elçi getsin. Sənin cavabını gözləyir. Qızı toylarda görmüsən... Yaraşıqlı, qabiliyyətli cuvanəzəndi. Evlərinə gedəndə göz qoymuşam. Hacının arvadı həddindən artıq kökdür, cəld tərpənən deyil. O gözəl xalılar döşənmiş otaqların o çiçək kimi tər-təmizliyi, səliqəsi var, qızın öhdəsindədir. Özü də savadlıdır. Neçə il evdə, mollalardan fars-türk dilində dərs alıbdı.
Bir qədər sükutdan sonra ana soruşdu:
– Nə deyirsən? Atana nə deyim?
Oğlan dedi:
– Atam necə bilir, elə də eləsin...
Atası bütün şəhər əhlinin hörmət elədiyi mötəbər bir kişi olduğu kimi, Sadıqcanın özünün də dünyada ən çox hörmət eylədiyi insan idi. Hələ indiyə qədər bir sözünü iki eləməmişdi. Onun yanında heç saçını daramamış, papiros çəkməmişdi. Heç bir zaman ondan gec yuxudan qalxmamışdı.
Atasının dostu, qızın atası Hacıya da Sadıqcanın böyük hörməti var idi. Qızı da toylarda, Cıdır düzündə, Ərimgəldidə qız-gəlin arasında görmüş və onun özünə qarşı bir hərəkəti nəzərindən qaçmamışdı. Bunun bir gizlini yox idi ki, onu görən, onunla qarşılaşan qızlar yaraşığı, gözəlliyi və misilsiz çalğısı qarşısında sanki özlərini itirirdilər. Ərəb qızlarına oxşayan o ucaboy, şirin, əsmər bənizli qız isə onun yanından elə keçirdi ki, elə bil, bu heç qızları dəli eyləyən Sadıqcan deyil. Qız gözünün ucuyla da ona nəzər salmırdı. Bu hal o qızı oğlanın gözündə maraqlı edirdi, böyüdürdü. Bütün bunlara görə də, Sadıqcanla o qız indiki qızlar-oğlanlar kimi bir-birilə görüşüb-gəzmədən, bir-biri ilə yaxından tanış olmadan evləndilər. Qalada o zamanın yüksək dəbiylə toyları oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-xan-qizi-gulsenuberle-tarzen-sadiqcanin-nagili
More by this author
İbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
Altıncı şəkilEyni məkan. Ağabəyim ağa ilə Saday bəy.*Ağabəyim ağa**
Yeddinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan taxtda əyləşib. Mirmöhsün ağa da buradadır. Xidmətçi daxil olur.*Xidmətçi**
Səkkizinci şəkilİranda Fətəli şahın iqamətgahı. Ağabəyim ağanın otağı. Ağabəyim ağa həyəcanla səhnəyə daxil olaraq, pəncərənin pərdəsini qaldırıb bayıra baxır.*Yarın gecə vaxtında xoş əhvalını gördüm,