Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı
Page 4 of 4 · 75%
– Çal!..
Və bu dəfə qız tarzənə «siz» deyə yox, «sən» deyə müraciət etdi. Lakin tarzən, sanki yerində quruyub qalaraq, çalmadı. O zaman Xan qızı, bu dəfə cəsarətlə ona yaxınlaşaraq, eyni amiranə səslə soruşdu:
– Nə üçün mənim məktubuma cavab vermədin? Yəni sənin nəzərində mən o qədər mənasız bir vücudam?
Tarzən durduğu yerdə dayanmış halda dilə gəlib:
– Allah eləməsin, xanım! – dedi. – Mən adi bir tarzən, nə haqla sizin barənizdə o cür düşünə bilərəm.
Elə bil, tarzənin bu nəzakətli mülayimliyi qızın ixtiyarını yenidən əlindən aldı. Və o, taqətsiz halda yaxındakı qaya parçasının üstündə əyləşərək, öz-özü ilə danışırmış kimi, pıçıltıyla soruşdu:
– Mənim məktubum sənin ürəyinə zərrə qədər də təsir eləmədi?
– Xanım! – deyə tarzən bir addım irəli atdı. – Sizin sözləriniz mənim üçün Allah vəhyi qədər əziz və müqəddəsdir. Ancaq mən sizin gözəlliyinizə, hisslərinizə, açılmamış buta olan Gülsənubərə layiq olmayan, evli-uşaqlı bir kişi olduğum halda, sizin məktubunuza nə cavab verə bilərdim? Buna mənim nə haqqım var idi? Mən belə hörmətsizliyə necə cəsarət edə bilərdim? Yox, xanım, bu, mümkün deyildi!
Qız birdən-birə, sanki canlanaraq, aydın bir əhvalla soruşdu:
– Əgər evli olmasaydın, məni sevə bilərdin?
Tarzən dedi:
– Xanım, əgər mən subay oğlan olsaydım, yeddi canım olsaydı, yeddisini də sizin yolunuzda qurban verməyə hazır olardım! Mən bu sözləri sizi sakit eləmək üçün demirəm. Siz o qədər gözəl, o qədər təmiz, o qədər günahsız bir məxluqsunuz ki, mən «uf» demədən bunu edərdim. Ancaq nə etməli ki, mənim bir canım var, onu da o iki körpə oğluma, onların sadə, köməksiz analarına vermişəm. Mən öz ixtiyarımda deyiləm!
Qəribədir, tarzənin bu səmimi ürək sözləri qızın əldən getmiş ixtiyarını, həyat qüvvəsini yenidən onun özünə qaytardı. Və o təəccüblü bir açıq-saçıqlıqla dedi:
– Mən atamın təkcə övladıyam. Atamın bütün ləl-cəvahiri mənə qalıb. Gəl, biz onların yarısını qoyaq sənin gənc arvadının-uşaqlarının yanında, qalanını özümüzlə götürək, hansı ölkəyə istəyirsən, gedək. Elə bir ölkəyə ki, bizi tapa bilməsinlər.
Tarzən bir neçə saniyə susaraq, uzaq baxışlarla qıza baxdı. Həqiqətən də, müqəddəs hesab elədiyi qızdan bu dərəcədə amansız sözlər eşitməyi onu bərk sarsıtmışdı.
– Xanım, – dedi, – neçə il bundan qabaq, mən subay olduğum zaman bizi İran şahının sarayına, böyük bir toyu aparmağa dəvət etmişdilər. Toy qurtarandan sonra əlahəzrət şah özü mənə təklif elədi ki, qalım şah sarayında çalım. Mən əlahəzrətə dərin təşəkkür edərək dedim: «Əlahəzrət, mən Qarabağsız çala bilmərəm, istəsəm də, çala bilmərəm. Mənim canım ordadır». İndi, xanım, mənim iki uşağım və qanuni arvadım da var.
Gülsənubər dərindən nəfəs alıb dedi:
– Ürəyin də daşa dönüb.
Sonra anlaşılmazlıq içində əlavə elədi:
– Bəs necə olur ki, sən çaldığın muğamlarda o qədər nakam məhəbbət, o qədər nisgil, o qədər sonu görünməyən kədər ifadə eləyə bilirsən?
Elə bu anda həmin sübh çağı Kirs dağlarından sərin bir yel əsdi. Tarzən başını qaldırıb göyə baxdı və Üçmıx dağının zirvəsi tuşundan qapqara, nazik bir buludun ilan kimi qıvrıla-qıvrıla onların başı üzərinə gəldiyini görüb, həyəcanla qıza dedi:
– Xanım, bərk fırtına olacaq, tez qaçın evinizə.
Sonra səmaya işarə ilə əlavə etdi:
– O nazik, qara bulud həmişə fırtına gətirir.
Həqiqətən, aləm birdən-birə qapqaranlıq oldu. Soyuq külək gücləndi, dalbadal göy gurultusu eşidildi. Xəzinə qayası tərəfdən şiddətli şaqqıltı ilə şimşək çaxdı.
– İldırım düşdü, – deyə tarzən səslədi. – Gəlin tez düşək şəhərə. Sonra sizin üçün çətin olar.
– Qoy olsun! – deyə, Xan qızı sakitcə cavab verdi. – Mən istəyirəm bu saat məni ildırım vursun.
Və birdən dalbadal göy şaqqıltısıyla elə şirə-boran yağış başladı ki, göz açmaq mümkün olmadı. Üçmıx dağından gurultu ilə sellər axdı.
– Dayanmaq vaxtı deyil, xanım! – deyə tarzən sol əlində tarı, sağ əli ilə qızın qolundan yapışıb onu qayaların arasıyla burula-burula şəhərə doğru enən dar cığırla üzüaşağı çəkdi.
Gülsənubər incəbel, zərif bir qız idi. Əynindəki nazik ipək donu şiddətli yağış çırpıb vücuduna yapışdırmışdı. Hücumla axan dağ seli onun ayaqlarını tez-tez yerdən üzüb, cığırın yanındakı qayalara çırpırdı.
– Yeriyə bilmirəm! – deyə qız yağışdan gözlərini aça bilməyərək qışqırdı.
Tarzən sol əli ilə tarını tutmuş olduğu halda, sağ əlini qızın belinə dolayaraq, onu qaldırıb qoltuğuna vurdu. O, ucaboylu, çox qüvvətli bir oğlan olsa da, bu daşlı cığırla üzüaşağı getməli idi. Arxadan qəzəblə gələn sel isə onun kürəyinə şiddətlə zərbələr endirirdi. O, qızla bərabər üzüstə selin altına yıxılmaqdan özünü zorla saxlayırdı. Qoltuğundakı qızdan səs çıxmaması onu qorxudurdu. Selin yuvarlayıb gətirdiyi daşlardan baş-gözünə dəymiş olardı. Tez-tez şimşək çaxıb, bu dəhşətli fırtına zülmətini qılınc kimi parçalasa da, heç nə görmək olmurdu. Tarzən Gülsənubərgilin imarətgahı olan məhəlləyə doğru düz getdiyini fəhmlə hiss edirdi. Və nəhayət, o, qaranlıqda tək-tək əl fənərinin ora-bura qaçdığını gördü. «Yəqin xanımı axtarırlar» deyə düşündü. Və son gücünü toplayaraq, addımlarını yeyinlətməyə cəhd etdi. Və birdən:
– Cəmil hey! – deyən Fatimənin həyəcanlı səsini eşitdi.
– Axtarıram, axtarıram! – deyə Cəmil eyni təşvişlə bərkdən səsləndi.
Və tarzənin qoltuğundakı qızdan iniltiyə bənzər bir səs eşidildi...
– Fatimə! – deyə tarzən bərkdən qışqırdı.
Fatimə ilə Cəmil özlərini onlara yetirdilər.
Tarzən heç bir söz demədən:
– Tutun qızı! – deyə nə üçünsə acıqla səsləndi.
Fatimə ilə Cəmil hərəsi bir tərəfdən yapışaraq, Xan qızını tarzənin qoltuğundan aldılar. Tarzən heç bir söz demədən çevrilib yağışın altında sürətlə uzaqlaşdı. Və o, evinə çatmamış Şuşa qalası öz möcüzəsini göstərdi. Dolu qarışıq yağış qəfil necə başlamışdısa, eləcə də birdən kəsdi. Göy üzünü örtən qara bulud sanki gözəgörünməz nəhəng bir qılıncla parçalandı. Və parçalar sürətlə bir-birindən uzaqlaşdı. Günəş doğub Şuşa qalasını təravətli, aydın bir nura qərq etdi. Və tarzən düşündü: «Elə bil ki, təbiət Xan qızını günahkar hərəkətinə görə tərbiyə etmək istəyirmiş».
Tarzən, Gülsənubər kimi gənc, subay qızın evli-uşaqlı kişiyə eşq yetirməsini, hətta onu, ailəsini, uşaqlarını atıb getməyə təhrik etməsini dözülməz günah hesab edirdi. Və o, düşünürdü: «Bu cür qəddar ürək sahibinin eşqi Leyli eşqi, Məcnun eşqi ola bilməz!»
Tarzən bu fikirlə evinə qalxıb, əlvan xalılar döşənmiş böyük zala daxil olduqda, arvadı Mina xanımın, balaca oğlanlarının qorxu və həyəcan içində onun yolunu gözlədiklərini gördü.
Böyük oğlu Əsədulla gülümsəyərək soruşdu:
– Dədə, sel yaman axırdı?
– Yaman! – deyə tarzən birdən-birə hiss etdiyi xoş əhvalla cavab verdi.
Başına yığılan saray xidmətçiləri və freylinası Fatimə Xan qızının islanmış paltarını dəyişib, çarpayıda uzandırandan sonra Gülsənubər nə üçünsə acıqlı ifadə ilə (elə bil ki, onlar nədə isə təqsirkardırlar) dedi:
– Ürəyim yaman darıxdı, bir az hava almaq üçün Cıdır düzünə qalxmışdım. Qəfil fırtına başlayanda, mən də qaçmaq istəyəndə, yaxşı ki, tarzənə rast gəldim. O olmasaydı, yəqin ki, o tufandan salamat qurtara bilməyəcəkdim.
– Oy, xanım! Allaha şükür ki, tarzənə rast gəlmisən, – deyə aşpaz qadın Xeyransa dilləndi. – O cür tufandan salamat qurtarmağın möcüzədir.
– Yaxşı, – deyə qız dilləndi. – Gedin, mən yatmaq istəyirəm.
Gülsənubərin anası keçən il vəfat eləmişdi. Xan atası da Qarabağ kəndliləri üçün xaricdən gətirdiyi kənd təsərrüfatı alətlərini özü nəzərdən keçirmək üçün beş-altı gün bundan qabaq Cəbrayıl, sonra da Qarabulaq (Füzuli) rayonlarındakı kəndlərinə getmişdi.
Gülsənubər bir tərəfdən daşlara dəyib əzilmiş ayaqlarının ağrısından, digər tərəfdən isə əsəbilikdən yata bilmirdi. Bu tufandan sonra Kor Şeytan ürəyinə girib deyirdi: «Sən Xan qızısan! Qara camaat içindən çıxan o tarzən səni rədd edib təhqir etdi, sənin məhəbbətini alçaltdı. O, sənin ən ağır intiqamına layiqdir. Hamısı birdir. Sən onsuz yaşaya bilməyəcəksən, o, səni sehrləyib. Öldür özünü, özün də yaz qoy ki, atangil bilsin, sənin ölümünə səbəb onun eşqidir».
Kor Şeytanın bu sözlərilə qıza şiddətli qızdırma gəldi. Və o, üç gün huşsuz yatdı. Fransada təhsil alıb gəlmiş cavan doktor müəyyən elədi ki, ona bərk soyuq dəyib. Doktorun cidd-cəhdindən sonra dördüncü gecə onun huşu özünə gəldi. Bu zaman həyatda eşitdiyi ilk səs tarzənin uzaqda çaldığı «Çahargah» muğamı oldu. Kor Şeytan, elə bil, onun ürəyinə girib dedi: «Eşitdinmi, sən bu cür xəstə olduğun halda, o, yenə də tar çalır».
Lakin qız o muğamdan qulağını çəkə bilmədi. Və bu zaman Allahın xeyir xəbərlər carçısı həzrət Cəbrayıl onun ürəyinə daxil olub dedi: «Sən Kor Şeytanın sözünə qulaq asma! Onu qov! O səni Allahla düşmən eləmək istəyir. Tarzən özünü, illərdən bəri üstündə əlləşərək təkmilləşdirmək istədiyi tarını məhv olmaq təhlükəsi qarşısında qoyaraq, səni dəhşətli ölümdən xilas elədi! O gecənin xatirəsi səni yüz il yaşatmağa layiqdir».
Və Gülsənubər «ah» çəkərək o muğamı dinləməyə davam etdi. Bu «Çahargah» muğamında sanki dəvə karvanı zınqrov səsləri altında uzaqlara, ayrı bir dünyaya, bəlkə də, əbədiyyətə yol almışdı. Və qız özünün, o tarzənin də əbədiyyətə gedən o karvanla yol yoldaşı olduqlarını və bu yolda onları əbədi bir sükutun müşayiət elədiyini qəribə bir aydınlıqla hiss edirdi. Muğam axıb getdikcə, həzrət Cəbrayıl ona pıçıldayırdı: «Axı o gün Allah səninlə, o tarzənlə birlikdə, sənin məhəbbətini xilas etdi».
İndi «Çahargah» o məhəbbətin də o karvanla birlikdə əbədiyyətə getdiyini təmkinlə, yüksək ruhla hekayə etdikcə, qəlbində ülvi bir rahatlıq hiss edirdi. Və qız onu da düşünürdü ki, yəqin tarzənin onu (qızı) o dəhşətli ölümdən xilas etməyi, onun (tarzənin) özünü də sevindirəcək. Bu düşüncə qızda bir sevincə, bir ruh yüksəkliyinə çevrildi. Tarzən həmişə xatırlayacaq ki, onu sevən qızı ölümdən xilas etdi.
Və səhər gənc doktor onu diqqətlə müayinə eləyib təhlükənin sovuşduğunu xəbər verdikdə, qız eyni sevinclə dedi:
– Doktor, mən sağalacağam! Axı o tarzən məni Allahın köməyi ilə ona görə xilas etməyib ki, təzədən ölüm. Ona görə xilas eləyib ki, yaşayım. Onun muğamlarında hekayə olunan kimi, əbədi yaşayım. Elə deyil?!
Gənc doktor qızın bu müəmmalı sözlərindən bir şey başa düşməyərək dedi:
– Əlbəttə, xanım!
Və qız sonralar, hər dəfə tarzənin çaldığı o muğamları dinlədikcə hiss edirdi ki, onun nakam məhəbbəti əbədiyyətə qovuşmuşdur. Və o muğamlar bu nakam məhəbbətin iztirablarını, ələmlərini tərənnüm edir. Onu da hiss edirdi ki, böyük Allahın seçib, ülvi ruh bəxş elədiyi o tarzən özü də bu nakam məhəbbətin nisgili ilə mütəəssirdir...
1996.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-xan-qizi-gulsenuberle-tarzen-sadiqcanin-nagili
More by this author
İbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
Altıncı şəkilEyni məkan. Ağabəyim ağa ilə Saday bəy.*Ağabəyim ağa**
Yeddinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan taxtda əyləşib. Mirmöhsün ağa da buradadır. Xidmətçi daxil olur.*Xidmətçi**
Səkkizinci şəkilİranda Fətəli şahın iqamətgahı. Ağabəyim ağanın otağı. Ağabəyim ağa həyəcanla səhnəyə daxil olaraq, pəncərənin pərdəsini qaldırıb bayıra baxır.*Yarın gecə vaxtında xoş əhvalını gördüm,