Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"
Page 1 of 13
İştirak edirlər
Həsənzadə – zavod direktoru
Xurşid – onun arvadı
Aydın – onun oğlu
Nargilə – cavan qız, orta məktəbi bitirib
Nəzakət – onun anası
Fərəc – Nəzakətin ikinci əri
Fərəcov – zavodda kadrlar şöbəsinin müdiri
Sarısaç qız – Nargilənin rəfiqəsi
Yaşlı kişi
Birinci oğlan
İkinci oğlan
İşçilər
Vağzal. Məlum olur ki, hər kəs öz adamını yola salır. Ön planda dayanmış Həsənzadə kiməsə baxıb gülümsəyir. Lakin o, çox həyəcanlıdır. O, bütün xarici aləmdən təcrid olunaraq, yalnız gözlərini zillədiyi adamla məşğuldur. Qarşıdan gələn Nargilə onu görüb dayanır. Həsənzadə bunu hiss etmir.
Aydının səsi
Daha durma, ata, istidir.
Həsənzadə
Yatanda pəncərəni ört.
Aydının səsi
Arxayın ol.
Həsənzadə
Soyuq su içmə. Anginan təzə sağalıb.
Aydının səsi (səbri tükənmiş halda)
Dedim ki, arxayın ol.
Nargilə sürətlə gözünü səs gələn tərəfdən çəkib, Həsənzadəyə baxır. Lakin Həsənzadə oğlunun sərt cavabından inciməmişdir.
Həsənzadə
Yolda konserv yemə.
Aydının səsi
Yaxşı, ata, get. (Axırıncı zəng. Qatar tərpənir). Salamat qal, ata. Çatan kimi teleqram vuracağam. Məndən arxayın ol.
Həsənzadə daha dinmir. O, çox mütəəssirdir. Əlini havada zəif-zəif tərpədərək oğlu ilə səssizcə vidalaşır. Qatarın səsi getdikcə uzaqlaşır. Həsənzadə dərindən nəfəs alaraq, başını aşağı salır və geri dönür. Bütün bu müddətdə gözləri Həsənzadədə olan Nargilə sanki bu saat ona, nə isə həyəcanlı bir söz deyəcək. Lakin Həsənzadə onun varlığını hiss etməyərək, yanından keçib gedir. Qız onu eyni həyəcanlı, pərişan nəzərlərlə müşayiət edir... Səhnə hərlənir... Həsənzadə eyvana çıxıb papiros yandırır. O, tez-tez papiros çəkir və budaqları eyvana əyilmiş söyüd ağacına baxır... Qarşıdakı binanın artırmasında isə Nargilə dayanmışdır. Onun gözləri Həsənzadəyə zillənmişdir. Elə bil ki, qız onun baxışlarını tutub öz üzərində saxlamaq istəyir. Lakin Həsənzadə onu görmür... Həsənzadə öz dərdi ilə məşğuldur. Bu vaxt uzaq musiqi eşidilir... və ətrafın səssizliyi içində adama elə gəlir ki, bu musiqi naməlum zamanlardan indiyə qədər davam edib gəlir və bundan sonra da əbədi olaraq davam edəcəkdir... Səhnə tədricən qaranlıqlaşır və qaranlıqlaşdıqca həmin musiqi də uzaqlaşır...
Sonra mavi işıq içindən Xurşid çıxır.
Xurşid
Niyə bu qədər bikefsən? Aydın indi böyük oğlandır. Nə olacaq?..
Həsənzadə
Bu iyirmi iki ildə birinci dəfədir ki, mən ondan belə uzun müddətə ayrılıram.
Xurşid
Hansı ata-ana həmişə öz övladı ilə bir yerdə olub?
Həsənzadə
Elədir.
Xurşid
Bilirəm... təklik sənin üçün çətin olacaq.
Həsənzadə
Nə etməli... Təki canı sağ olsun. (Pauza. Musiqi davam edir).
Xurşid
Gərək evlənəydin.
Həsənzadə
O dəhşətli gecədə sən özün dedin ki, evlənmə.
Xurşid (təqsirkar kimi)
Mən səhv etmişdim...
Həsənzadə
Fərqi yoxdur... O zaman sən «Evlən!» desəydin də, mən bunu bacarmazdım...
Xurşid
Gərək evlənəydin... (Qısa pauza. Musiqi davam edir). Aydın səni çox incidirdi. Axı, o, elə körpəlikdən nadinc idi...
Həsənzadə
O, tez-tez xəstələnirdi.
Xurşid
Mən sənin bir gecə yuxusuz qalmağına dözmürdüm... Amma o səni aylarla yuxusuz qoyurdu...
Həsənzadə
Başqa cür mümkün deyildi. Onu soyuqdan gözləmək lazım idi.
Xurşid
O, körpəlikdə də həmişə narahat yatırdı.
Həsənzadə (düşüncə içində)
Sonra da məktəb həyatı. (Gülümsəyir). Bir gün olmurdu ki, direktor zəng vurub ondan şikayət eləməsin... Nə isə... bunlar artıq keçmişdə qalıb. O bizim zəhmətimizi itirmədi.
Xurşid
«Bizim» yox, sənin! Mən vəfat edəndə onun iki yaşı var idi.
Həsənzadə
Elədir. Ancaq mən sənin yerini verə bilmirdim. Tez-tez əsəbiləşirdim. Səhvlər edirdim. (Qısa pauza. Musiqi davam edir). Sənin vəfatından üç-dörd ay sonra biz təzə binaya köçmüşdük. Bir gün o mənə, səni aşağıda, darvazanın yanında görmüş olduğunu söylədi. Deyir, «anama dedim ki, bax, burada oluruq, niyə gəlmirsən?»
Xurşid
Mən həmişə sənin güclü təbiətinlə fəxr edərdim. Niyə belə şeyləri yadında saxlamısan?
Həsənzadə
Görünür, insan həmişə bir cür qalmır...
Xurşid
Evlən!
Həsənzadə
Gecdir.
Xurşid
Qırx altı yaş hələ qocalıq demək deyil.
Qısa pauza.
Həsənzadə
Sən mənim üçün həddindən artıq yaxşı olmusan...
Xurşid
Deyirlər, məhəbbət də canlı orqanizm kimi qocalır və nəhayət, ölür...
Həsənzadə
Bəlkə də... Ancaq, yəqin ki, bunun üçün iyirmi il azdır...
Xurşid
Evlənib özünə təzə həyat qurmağa sənin çoxdan haqqın var idi. Saçların ağaranda, iyirmi səkkiz yaşın hələ tamam deyildi...
Həsənzadə
Bunun üçün mən kimsəyə minnət qoymuram. Çünki heç bir zaman ürəyimin ziddinə hərəkət eləməmişəm... Özümü heç bir səadətdən məhrum etmək fikrində olmamışam. Demək istəyirəm ki, mən, sadəcə olaraq, öz vəzifəmi yerinə yetirmişəm... Burada təəccüblü və ya fövqəladə nə var ki...
Xurşid
Elə demə... sən gənc idin... gözəl idin... Biz evlənəndən sonra da qızların telefon zəngləri kəsilmək bilmirdi...
Həsənzadə
Bəlkə də, mənim yerimə bir başqası olsaydı, sənin vəfatından bir-iki il sonra evlənərdi... Sən deyən kimi, özünə təzə həyat qurardı... Bəlkə bu, Aydın üçün yaxşı olardı... Ancaq... Mən bunu bacarmadım. Hər dəfə bu barədə düşünəndə... Yox, bu mümkün deyildi və mən bu cür hərəkət etmədiyim üçün özümü məzəmmət eləmirəm!.. Mən çəkdiyim əziyyətlərdən, məhrumiyyətlərdən narazı deyiləm...
Qapının zəngi çalınır. Musiqi tamam susur. Xurşidin üzərinə düşən işıq sönür.
Həsənzadə qapını açır. Nargilə əlində bir yığın qəzet və jurnal daxil olur.
Nargilə (həyəcanını boğaraq)
Bunları qapıda poçtalyon verdi... Özü sancılanmışdı. Ona görə də mən alıb gətirdim...
Həsənzadə
Çox sağ olun. (Qəzet və jurnalları ondan alıb, dəyirmi həsir stolun üstünə qoyur). Siz bizim bu qonşudakı mühasibin qızı deyilsiniz?
Nargilə
Xeyr... O mənim atalığımdır.
Həsənzadə
Oxuyursunuz?
Nargilə
Bu il onilliyi qurtardım. Ancaq ali məktəbə girə bilmədim.
Həsənzadə
Nə üçün?
Nargilə
Bir balım çatmadı... (Birdən qızışıb özündən çıxaraq). Dil müəllimi kifir bir qız idi, «dörd» əvəzinə, götürüb «üç» verdi.
Həsənzadə (gülümsəyərək)
Məncə, müəllimə haqqında belə danışmaq yaxşı deyil.
Nargilə (tutularaq)
Bağışlayın...
Həsənzadə
Eybi yoxdur, yaxşı hazırlaşıb gələn il girərsiniz.
Nargilə
Yaman da girərəm...
Həsənzadə
Hər halda, ruhdan düşmək lazım deyil. Bəs indi nə edirsiniz?
Nargilə
Heç nə.
Həsənzadə
İşləmək istəmirsiniz?
Nargilə
İş yoxdur. Anamla sizin zavodun kadrlar şöbəsinə getdik. Bir şey çıxmadı.
Qısa pauza.
Həsənzadə
Naryadçı vəzifəsində işləyərsiniz?
Nargilə
Siz deyəndən sonra niyə işləmirəm...
Həsənzadə
Mənim deməyim başqa, sizin ürəyinizdən olmağı başqa.
Nargilə
İşləyərəm.
Həsənzadə (zəng edir)
Allo, Fərəcov.
İşıq eyni zamanda telefon xəttinin o biri ucunda olan Fərəcovu işıqlandırır.
Həsənzadə
Ora bir qız gələcək, adı... (Nargiləyə). Adınız nədir?
Nargilə
Nargilə.
Həsənzadə (telefonla)
Adı Nargilə xanımdır. Onu srağagün orduya gedən oğlanın yerinə naryadçı təyin edərsiniz.
Fərəcov (narazılığını gizlədərək)
Ba-ba-baş üstə, yoldaş direktor.
Həsənzadə dəstəyi asır. Fərəcovun üzərinə düşən işıq sönür.
Nargilə
Görürsünüz... Amma dünən bizə deyirdi, oğlanın yerinə götürmüşük.
Həsənzadə
Sabahdan gedərsiniz, əlli manat da maaşıdır...
Nargilə (qürurla)
Onun əhəmiyyəti yoxdur.
Həsənzadə (zarafatyana)
Yəni o qədər dövlətlisiniz?
Nargilə
Altmış manat da atamın təqaüdünü alıram.
Həsənzadə
Atanız vəfat eləyib?
Nargilə
Bəli... Mən bir yaşında olanda... Müharibədə vurulub. Baş leytenant imiş. (Həsənzadə papiros yandırır). Oğlunuzu hara yola salırdınız?
Həsənzadə
Başqırdıstana.
Nargilə
Orda işləyəcək? (Həsənzadə başı ilə təsdiq edir). Həmişə?
Həsənzadə
Kim bilir... Hələlik üçillik vaxta gedib.
Nargilə
Gərək ki, mühəndisdir...
Həsənzadə
Bəli. Neft İnstitutunu qurtarıb.
Nargilə
Darıxırsınız?
Həsənzadə
Darıxdım nə olacaq...
Qısa pauza.
Nargilə (mütəəssir halda)
Bəlkə sizin üçün bir iş görmək lazımdır?
Həsənzadə
Sağ olun. Lazım olan işləri özüm görməyə adət etmişəm.
Nargilə
Bilirəm... oğlunuz kanikula gələndə hər səhər ondan əvvəl durub çay qoyurdunuz. Qəlyanaltı hazırlayırdınız...
Həsənzadə
Elədir...
Nargilə
Mən saatlarla o tək pəncərənin qabağında oturub, sizə tamaşa edirdim... Sizin isə bundan xəbəriniz yox idi.
Həsənzadə
Xəbərim var idi.
Nargilə (sevinclə)
Doğrudan?.. Amma elə bilirdim siz bir dəfə də olsun məni görməmisiniz...
Həsənzadə
Nə üçün... Qonşu deyilik...
Nargilə (məyus halda)
Elədir... qonşuyuq... (Qısa pauza). Həmişə sizin oğlunuz gələndə mən sevinirdim.
Həsənzadə (zarafatyana)
Doğrudanmı?
Nargilə (Həsənzadənin ahəngindəki mənanı duyaraq)
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-sen-hemise-menimlesen-yaxud-boy-ciceyi
More by this author
Sisyanovun qərargahı. General Sisyanov Şəki hakimi Səlimxan və üç nəfər əyanın müşayiətilə gələn İbrahim xanı təntənə və hörmətlə qarşılayır.*Sisyanov**
İyirmi birinci şəkilSisyanov böyük ipək çadırda tək var-gəl edir. Mayor Lisaneviç daxil olur.*Sisyanov**
İyirmi ikinci şəkilBöyük ipək çadır. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
İyirmi üçüncü şəkilVanyanın evi. Vanya güzgü qabağında özünü keşiş qiyafəsinə salır. Haykanuş gəlir.*Haykanuş**
Poems by other poets
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
ÇayŞiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydır
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,