Page 13 of 13 · 92%

Əlbəttə.

Fərəcov

Rəşidi vu... vu... vurar, öldürər... Də... dəli şeydir.

Həsənzadə (sərt)

Bura bax, Fərəcov, əgər bir də sənin o qız barəsində bu cür sözlər danışdığın qulağıma çatsa, birinci növbədə, mənə cavab verməli olacaqsan... Elə bilmə ki, mən ayrı planetə köçürəm. Həmişə zavodla əlaqə saxlayacağam.

Yaşlı kişi

Əlbəttə... zavod sənin balandır.

Həsənzadə

Əgər mənim xatirimi istəyirsinizsə, o qızdan muğayat olun. Ağıllı qızdır. Çalışın xoşbəxt olsun. (Qısa pauza. Papiros çəkir). O, başqa şəraitdə böyümüşdür.

Yaşlı kişi

Sən bizə pis adam tapşırmazsan. O qızı gözümüz üstə saxlayacağıq.

İkinci işçi

Lap arxayın olun.

Həsənzadə (qısa pauza. Həsənzadə ağır düşüncədən başını qaldıraraq)

Bilirsiniz ki, Rəşidi mən də çox istəyirəm.

Birinci işçi

Siz onu politexnik institutunacan aparıb çıxarmısınız.

Həsənzadə

Əgər Nargilə ilə ulduzları barışsa, mən də şad olaram.

Birinci işçi

Yəni demək istəyirsiniz ki...

Üçüncü işçi

Hə... də...

Həsənzadə (birinci oğlana xitabən)

Mənə də elə gəlir ki, bu mümkündür və sizdən xahiş edirəm, o barədə mənim də rəyimi Rəşidə bildirəsiniz.

Birinci işçi

Baş üstə.

Qısa pauza.

Həsənzadə

Mən taleyə inanıram. Mənə elə gəlir ki, bizim xoşbəxtliyimiz əksər hallarda bir-birimizdən asılıdır.

Yaşlı kişi

Elədir, qardaş, elədir. Əgər hamı sənin kimi düşünsəydi, dünya cənnət olardı. (Qısa pauza). Yaxşı adamlar həmişə yaxşı işlər yadigar qoyub gedirlər. (Əvvəl o, sonra da o birilər qalxırlar). Sənin bizim boynumuzda haqqın çoxdur. Get, işin həmişə avand olsun...

Həsənzadə

Sağ olun...

Yaşlı kişi

Sənə yaxşı yol...

Həsənzadə hamı ilə əl tutuşur. Adamlar çıxırlar. Həsənzadə bir neçə saniyə hərəkətsiz dayanır. Onun görünüşü çox kədərlidir. Birinci şəkildəki musiqi yenidən başlayır. Həsənzadə şeylərini yığışdırmaqda davam edir. Otağın işığı azalır və yarıqaranlıqdan Xurşid çıxır. İşıq onun və Həsənzadənin üzərinə düşür.

Xurşid

Nə üçün evlənmədin? Axı o səni sevir.

Həsənzadə

Doğrudur... Lakin bu, qeyri-adi bir məhəbbətdir. (Qısa pauza). Təbiət sevənlər arasında qəribə tənasüb yaradır, bu tənasüb pozulduqda isə, ikisindən birində məhəbbət daha tez qocalır. Daha tez məhv olur ki, bu da çox kədərli bir haldır...

Xurşid

Sən cavanlıqda məhəbbət barəsində bu cür sakit, bu cür soyuq mühakimə yürütməzdin...

Həsənzadə

O zaman bu duyğular hamısı torpaqdan təzə-təzə baş qaldıran körpə otlar üzərinə düzülmüş bahar şehləri idi. Yay günəşi onları çoxdan qurudub! Qışda düşən şeh isə donub buz olur...

Xurşid

Sən gedirsən, bəs o yazıq qızın halı necə olacaq? Məgər bu, sənin tərəfindən xudpəsəndlik deyil?

Həsənzadə

Yox! Mənim getməyim ədalətin hökmüdür. (Qısa pauza). Dünyada ata-ana nəvazişi görməyən o gənc qız mənə göydəndüşmə bir məxluq, bir Allah kimi baxır. (Zarafatyana). İndi, əgər bu «Allah» öz qüdrətindən sui-istifadə eləyib onun səadətini oğurlasa, bəs insafı harda qaldı?

Xurşid

Axı o öz xoşbəxtliyini səndə görür...

Həsənzadə

Doğrudur... Lakin bu duyğunun ömrü o qədər qısadır ki... (Pauza). Yox, sonrakı peşmançılıqdan indiki əzab min dəfə yaxşıdır! (Qısa pauza). Bir vətəndaş olaraq mənim üçün əsas məsələ onun həyatı, insanları düzgün dərk etməsidir!

Xurşid

Sən bu məsələni artıq həll etmiş olduğunu güman edirsən?

Həsənzadə

Mən bunun üçün əlimdən nə gələ bilirdisə, hamısını elədim. Ardını isə... həyat özü davam etdirəcək! Mən onu yaxşı insanlar arasında qoyub gedirəm!

Maşın siqnalı. Qapı zəngi. Şofer daxil olur. Xurşid çəkilir.

Şofer

Hazırsınız?

Həsənzadə

Bəli, hazıram.

Şofer iki çamadanı götürüb çıxır. Həsənzadə pencəyini geyərək, boş otağa nəzər salır. İşıq tədricən sönür. İşıq yananda isə Nargilənin otağı görünür. Nargilə eyni həvəslə tikir. Qapının zəngi çalınır. Qız yüyürüb qapını açır. Həsənzadə otağa daxil olur. Nargilə bir an donub qalır.

Nargilə

Gözlərimə inana bilmirəm. Siz də mənim otağıma gələrmişsiniz. (Özünü Həsənzadənin üstünə ataraq, hər iki əli ilə ondan yapışıb, üzünü sinəsinə yapışdırır). Ay Allah... Mən nə qədər xoşbəxtəm!.. Mənim əzizim, həyatım... (Sevincdən gah gülür... gah gözləri yaşarır). Bu gün mənim nə xoşbəxt günümdür!.. Sizdən bir az qabaq da anam gəlmişdi.

Həsənzadə (birdən canlanaraq)

Doğrudanmı?

Nargilə

Bəs necə!.. Uzun işdir... Elə indicə sizə zəng edəcəkdim. Anam təkidlə mənim geri qayıtmağımı istəyir. Hətta Fərəcin stul-mustulunu da mənim otağımdan çıxarıb, aralıq qapını bağlayıb.

Həsənzadə

Bəs sən nə cavab verdin?

Nargilə

Mən sizinlə məsləhətləşmək istədim... Qayıdım, yox...

Həsənzadə

Əlbəttə, qayıtmaq lazımdır...

Nargilə

Fərəcin acığına mən də qayıtmaq istəyirəm.

Həsənzadə

Fərəcin acığına nə üçün? Ananın xatirinə qayıtmaq lazımdır. Madam ki, peşman olub...

Nargilə

Eh... bilirsiniz necə peşman olub... Deyir, mən səni öz ata evindən gəlin köçürmək istəyirəm, yaman dəyişilib.

Həsənzadə

Belə də gözləmək olardı... Ana anadır.

Nargilə

Görünür, elədir. (Qısa pauza. Həsənzadəyə həyəcanla baxaraq). Mən sizi bu kiçik, yoxsul otağıma heç yaraşdıra bilmirəm. Elə bil ki, Aydan gəlmisiniz. Gəlin əyləşin... Mənim Aydan gələn əzizim. (Hər ikisi oturur). Mən evimizə qayıdandan sonra da tez-tez gələrsiniz... Eləmi?

Həsənzadə

Vaxt olar, gələrəm.

Nargilə

Vaxt olar nədir... hər gün gələcəksiniz. (Bir sirr açırmış kimi yavaşcadan). Anam daha sizin kölgənizi qılınclamır...

Həsənzadə (mükəddər bir təbəssümlə)

Doğrudanmı?

Nargilə

Bir kəlmə də pis söz demir.

Həsənzadə

Mən buna çox şadam.

Nargilə

Mən bilirdim ki, anam əvvəl-axır başa düşəcək... (Onun əlindən yapışaraq). Axı sizə necə pis demək olar? Eh... bu gün... Surik də gəlmişdi...

Həsənzadə

Nə deyirdi?

Nargilə

İşləmək istəyir. Zavodda onun üçün bir iş tapılar?

Həsənzadə

Tapılar.

Nargilə

Vallah, pis qız deyil.

Həsənzadə bloknot və qələm çıxarıb nə isə yazaraq kağızı çıxarıb Nargiləyə verir.

Həsənzadə

Verərsiniz Fərəcova, düzəldər...

Nargilə

Məktub nə üçün? Sabah özünüz çağırıb tapşırarsınız...

Həsənzadə (özünü toplayaraq)

Özüm gedirəm.

Nargilə (birdən tutularaq)

Hara? (Yalnız indi Həsənzadənin yol paltarında olmasının fərqinə vararaq). Olmaya Aydını görməyə gedirsiniz? (Həsənzadə «yox» mənasında başını bulayır).

Həsənzadə

Təzə iş yerinə.

Nargilə

Başa düşmürəm, necə «təzə iş yerinə»?

Həsənzadə

Gəncə tərəfdə böyük sement zavodu tikilməlidir, məni ora dəyişiblər...

Nargilə (qeyri-ixtiyari)

Bəs mən?!

Həsənzadə (onun əlindən tutaraq)

Siz burada qalırsınız...

Nargilə (dəhşət içində əlini Həsənzadənin əlindən qopararaq qışqırır)

Yox... yox... İstəmirəm! Qalmaq istəmirəm! Mən... Sizsiz yaşaya bilmirəm. (Birdən böhran içində gülərək). Yoxsa? Siz məni sınamaq istəyirsiniz?

Həsənzadə

Sizin sınanmağa ehtiyacınız yoxdur.

Nargilə (öz-özünə danışırmış kimi)

Demək, gedirsiniz...

Qısa və gərgin pauza.

Həsənzadə (onun əlindən tutaraq)

Qulaq asın, görün mən nə deyirəm.

Nargilə (əlini onun əlindən qopararaq)

Lazım deyil!.. Heç nə deməyin!.. Heç nə... (Gözlərindən sakit-sakit yaş axır). Siz getməli idiniz... Siz həddindən artıq yaxşı adamsınız. Siz qala bilməzdiniz...

Həsənzadə

Elə deməyin...

Nargilə

Yox, narahat olmayın. (Göz yaşları sakit-sakit axır). Siz getsəniz də, hər şeyi özünüzlə aparmırsınız... Siz mənim həyatımda çox şey qoyub gedirsiniz.

Həsənzadə

Rica edirəm, həyəcanlanmayın.

Göz yaşları daha da şiddətli tökülür.

Nargilə

Dedim ki, narahat olmayın... Madam ki, siz belə edirsiniz, demək, belə də lazımdır. Qoy mənim göz yaşlarım sizin səfərinizi kədərli eləməsin. Siz onsuz da bu dünyada az dərd çəkməmisiniz. (Göz yaşları içində gülümsəyir). Mən Səməndər quşu kimi sizin odunuza yanmaq istəyirdim. Siz bunu istəmədiniz. Çünki siz həddindən artıq yaxşı adam idiniz... (Bayırda maşın siqnalı. Həsənzadə qalxır). Yox, bircə dəqiqə də dayanın... Əgər bu dünyada insaf, ədalət varsa, qoy sizin bircə oğlunuz yer üzünün ən xoşbəxt adamı olsun. Sizin qəlbiniz bir də qəm görməsin. Siz həmişə... gecə də, gündüz də mənim yanımda olacaqsınız. Mənimlə olacaqsınız. (Şiddətli göz yaşları içində gülümsəyir). Axı mən sizsiz necə yaşaya bilərəm?

Həsənzadə (həyəcanla)

Nargilə...

Nargilə

Yox, susun. Siz öz sözünüzü demisiniz. Mənim isə sizə sözüm çox idi... Sizin vaxtınız yoxdur... Lakin siz harda olursunuz-olun, mən hər gün bu sözləri sizə deyəcəyəm.

Həsənzadə

Rica edirəm, həyəcanlanmayın.

Nargilə (göz yaşları içində gülümsəyir)

Kim deyir ki, mən həyəcanlanıram?! Əksinə... Mən heç bir zaman özümü bu qədər sakit hiss etməmişəm! Mənim məhəbbətim əbədiyyətə qovuşmuşdur! Mən onun sabitliyini, gözəlliyini, əbədiliyini heç bir zaman bu qədər aydın hiss etməmişdim... (Onun qollarından yapışaraq). İndi isə gedin, qatara gecikirsiniz...

Həsənzadə çıxır. Birinci şəkildəki musiqi yenidən başlayır. İşıq tədriclə azalır və sönür...

Pərdə

Random poem

More by this author

Poems by other poets