Birinci pərdə
Page 5 of 5 · 80%
Xuduş
Amanın günüdür, Sadıq, bu dəfə zəli kimi yapış yaxasından, əl çəkmə.
Ağasəlim
Canım, ispalkom deyirsən burada, ministr deyirsən burada, müstəntiq deyirsən burada...
Xuduş
Dilşad xanım kimi əflatun burada.
Ağasəlim
Düzəltsinlər də.
Sadıqov
Dayanın, səs-küy salmayın görək. (O biri otağa keçir)
Xuduş (pıçıltı ilə)
Bu zalım qızı qəsd qoysa, bizim işimizi düzəldər.
Ağasəlim
Qəsd qoysun da. Ondan nə gedir, hər nə getsə bizdən gedəcək.
Xuduş
Dünən yenə də mən yazıq Şahsuvarovun cibinə düz üçcə dənə ötürdüm.
Ağasəlim
Üç yüz?
Xuduş
Başına at təpib nədir? Şahsuvarov uşaq-zaddır? Üç min!
Ağasəlim
Özündən də hələ bir kömək-zad görmürük.
Xuduş
Bütün iş Cahangirdədir. Di gəl ki, zalım oğluna bir yol tapa bilmirik.
Ağasəlim
Sən öləsən, bir dəli şeytan deyir ki, gir onun kabinetinə. On beş mini çırp stolunun üstünə!
Xuduş (dəhşətlə)
Bıy!.. Bıy!.. Nə danışırsan! İstəyirsən üçümüzü də tutub bassın dama? Amanın bir günüdür, bu sözü burada dedin, bir də heç yerdə demə!
Sadıqovla Dilşad danışa-danışa gəlirlər.
Sadıqov
Mən əminəm ki, İldırım Atayev sizin sözünüzü yerə salmaz.
Xuduş
Amanın bir günüdür, Dilşad xanım. Belə fürsət ələ düşməz. İldırım Atayev istəsə, o işi bir dəqiqədə ləğv etdirər.
Ağasəlim
Zarafat deyil, dövlət nazirinin müavinidir.
Sadıqov
Dilşad xanım, bəlkə Liliçkaya deyim, onu bir qonaq çağıraq?
Dilşad (amiranə)
Lazım deyil! Gəlməz.
Xuduş
Bu gün gəlmişdi bizim idarəyə.
Sadıqov
Kişinin qulağını yaman doldurubdur.
Dilşad
Bəs, sən nə dedin?
Sadıqov
Dedim, məndən nə istəyirlər? Bir canım var, onu da salmışam azara. Gecələr ürəyimin ağrısından yata bilmirəm. Həkimlər də hey dad eləyir ki, “Sadıqov, get kurorta... Sadıqov, get müalicəyə...” Amma mən beş ildə bir dəfə də məzuniyyətə çıxmamışam. Oğlum yox, qızım yox. Əlləşib-vuruşmağım kimin üçündür? Özümlə arvadım gündə heç bir kilo çörək yemirik.
Dilşad
Yaxşı demisən. (Pəncərədən görərək) Budur, özü də gəlir.
Sadıqov
Onda biz gedək.
Xuduş
Amanın bir günüdür, Dilşad xanım, ölmüşük, bizi yerdən götürün.
Sadıqov (gedib qayıdır)
Lap yadımdan çıxmışdı. Dilşad xanım, xahiş edirəm, axşam bizə buyurasız.
Dilşad
Nə var ki?
Sadıqov
Sıxıntı çəkməkdən bağrımız çatladı. Dedim yığışaq, bir az ürəyimiz açılsın.
Dilşad (bərkdən gülərək)
Dünya dağılsa da, Sadıqov kefindən qalmaz. Yaxşı. (Sadıqovgil gedirlər) Bu axmaqlar elə bilirlər ki, İldırım Atayev mənim əziz-xələfimdir.
İldırım Atayev (gəlir)
İndi buradan çıxanlar tikinti təchizatı idarəsinin işçiləri deyildilərmi?
Dilşad
Bəli, onlar idi.
İldırım Atayev
Niyə gəlmişdilər?
Dilşad
Heç... elə-belə... Axı, Sadıqov bizim Lətafətin əridir. (Qısa pauza)
İldırım Atayev
Onların buraya gəlib-getmələrindən Xosrovun xəbəri varmı?
Dilşad
Kimlərin?
İldırım Atayev
Sadıqovun... Xuduşun... Ağasəlimin.
Dilşad
Bilmirəm. Siz bunu nə üçün soruşursunuz ki?
İldırım Atayev
Ona görə ki, bura Xosrov Atayevin evidir!..
Dilşad (gülümsəyir)
Yoxsa, mənim burada heç bir hüququm yoxdur?
İldırım Atayev
Kim deyir ki, yoxdur?! Ancaq elə güman edirəm ki, sizin kimi Xosrov Atayev də öz evinə gəlib-gedənlərin kim olduqlarını bilməlidir.
Dilşad
Əgər, yad adam olsaydılar, başqa. Dedim ki, Sadıqov mənim yeznəmdir.
İldırım Atayev
Bəs Xuduş, Ağasəlim?..
Dilşad
Onlar da Sadığın yoldaşlarıdır. Deyə bilmərəm ki, gəlməyin.
İldırım Atayev
Bəlkə onların böyük bir cinayətdə ittiham edildiklərini bilmirsiniz?
Dilşad
Bilirəm.
İldırım Atayev
Elə isə, bu cür adamların şəhər sovetinin sədri Xosrov Atayevin evinə bu qədər mərhəm olmaları sizə qəribə görünmürmü?
Dilşad
Onların təqsirkar olub-olmadıqları hələlik sual altındadır.
İldırım Atayev
Onların məsuliyyətə alınmasını birinci Xosrov Atayev təklif etmişdir.
Dilşad (gülümsəyir)
Kor atlanar, öz kəndini çapar.
İldırım Atayev
Dilşad xanım!
Dilşad (əsəbi)
Siz hamınız məni ögey hesab edirsiniz. Mən sizdən kömək gözləyirəm. Amma sizin biriniz mənim yeznəmin həbsə alınmağına hökm verir, o biriniz onun mənim evimə gəlib-getməyini qadağan edir...
İldırım Atayev
Yaddan çıxarmayın ki, sizin əriniz dövlət xadimidir! Onu camaat seçib...
Dilşad
Mən də həmin camaatın biriyəm! Özüm də Xosrov Atayevi sizdən az istəmirəm.
İldırım Atayev (kəskin təbəssümlə)
Ola bilər.
Dilşad (odlanaraq)
Siz məndən nə istəyirsiniz?
İldırım Atayev (qəzəbli)
Mən istəyirəm ki, xalq qarşısında, hökumət qarşısında cinayət məsuliyyəti daşıyan adamlar bu evə ayaq basmasınlar!
Xosrov Atayev daxil olur.
Xosrov Atayev
Salam! Nə olub? Niyə belə dayanmısınız?
İldırım Atayev
Heç bir şey.
Xosrov Atayev
Bu gün tikinti işləri ilə tanış ola bildinmi?
İldırım Atayev
Oldum.
Xosrov Atayev
Vəziyyəti necə görürsən?
İldırım Atayev
Danışarıq... (O biri otağa keçir)
Xosrov Atayev (Dilşada)
Doğrusunu de görüm, niyə bikefsən? Yoxsa, məndən gizlədirsən?
Dilşad
Nəyi gizlədəcəyəm? Qardaşın mənimlə keçmişlərin haqq-hesabını çəkməyə başlayıb. Guya ki, o zaman Firəngizin onu atıb getməsinə mən təqsirkaram.
Xosrov Atayev (hirslənir)
Xahiş edirəm, bu köhnə söhbətləri buraxın getsin. (O biri otağa keçir)
Dilşad (onun ardınca öz-özünə)
Ax, siz Atayevlər!
Şahsuvarov daxil olur.
Dilşad
Nədir, Ziyad, gözümə birtəhər dəyirsən?..
Şahsuvarov
İşlər yaxşı deyil, Dilşad xanım! (Ahəstə səslə) Atayev evdədirmi?
Dilşad
Sözünü danış.
Şahsuvarov
Mən elə güman edirdim ki, İldırım Atayevin gəlişi indiki ab-havanı bir qədər yumşaldacaq. Ancaq, əksinə oldu...
Dilşad
Mən bunu əvvəlcədən bilirdim...
Şahsuvarov
Gələn kimi bütün aləmi qatıb bir-birinə. Bu gün düz iki saat prokurorla söhbət edib, sonra məni çağırtdırıb.
Dilşad
Sizdən nə istəyir?
Şahsuvarov
Guya, mən niyə Sadıqovgilin işinin üstünü vaxtında açmamışam. Bütün tikintiləri bir-bir gəzib. Eşitdiyimə görə, özü də Bakıya teleqram vurub, böyük komissiya tələb edib.
Dilşad
Görürsünüzmü?
Şahsuvarov
Heç olmasa, öz qardaşını da nəzərə almır.
Dilşad
Ziyad, birdəfəlik bilin ki, Atayevlər üçün istər qardaş, istər yad... Heç bir təfavütü yoxdur.
Şahsuvarov
Bu cür getsə, vəziyyət çox pis olacaq.
Dilşad
Bütün işlərin mayası Cahangirdir.
Reyhanla Cahangir daxil olurlar. Reyhan o biri otağa keçir.
Cahangir
Salam, Şahsuvarov, bu gün biz nə tez-tez görüşürük!
Dilşad
Görünür, ürəkləriniz bir-birinə yaxındır.
Cahangir
Gərək də elə olsun. O, milis naçalniki, mən də ki...
Dilşad (zarafatyana)
Siz də ki, rəhmsiz bir müstəntiq.
Cahangir
Niyə elə deyirsiniz, Dilşad xanım?
Dilşad (gülümsəyərək)
Rəhmsiz olmasanız, bizim yazıq Sadığı elə sıxışdırmazsınız.
Cahangir
Özünüz bilirsiniz ki, dünyada səbəbsiz şey yoxdur.
Dilşad
Şübhəsiz. Ancaq indiyə qədər heç kəs Sadıqovdan bir pislik görməyib. Niyə elə siz gələn kimi təqsirkar oldu?
Cahangir
Mən görürəm ki, bizim söhbətimiz zarafat dairəsindən çıxır. Ona görə də, sizin sualınıza cavab verməliyəm. Sadıqovun başçılıq etdiyi idarənin yoxlanılmasını tək mən yox, xalq tələb edir! İçində yaşadığımız bu gözəl binaları tikən fəhlələr tələb edir.
Dilşad (əsəbi)
Nə üçün? Sadıqov neyləyib?
Cahangir
Təəssüf ki, mən bu barədə hələlik sizə heç bir söz deyə bilməyəcəyəm.
Dilşad
Siz çox “mən-mən” deməyin, dəvədən böyük fil var.
Cahangir
Bu misal çoxdan köhnəlmişdir. Ona görə də, şəhərimizdə ən mötəbər adamlardan birinin həyat yoldaşı olan sizə, onu işlətməyi məsləhət görmürəm...
Dilşad
Rica edirəm, mənə əxlaq dərsi verməyəsiniz.
Cahangir
Mən hüquqşünasam. Dilşad xanım, dövlət qanunlarını düzgün dərk etməyənləri başa salmaq bizim borcumuzdur.
Dilşad
Yox, artıq dözülməzdir. Bu... bu...
Şahsuvarov
Əsəbiləşməyin, Dilşad xanım. (Ona su verir) İçin. Yoldaş müstəntiq vəzifəsinə görə çox gəncdir. Gəncləri isə bağışlamaq olar.
Cahangir (Şahsuvarova)
Mən Dilşad xanıma təhqiredici bir söz demədiyim üçün sizin bu miyançılığınız da yersizdir.
Şahsuvarov
Siz mənimlə həddindən artıq açıq danışırsınız, yoldaş müstəntiq. Ancaq eybi yoxdur. Vəzifələrimiz bizim mümkün qədər səbrli və nəzakətli olmağımızı tələb edir.
Cahangir
Bu barədə sizə çatan olmaz. Siz nəzakətdə ad çıxarmısınız.
Reyhan (gələrək)
İldırım əmim sizi gözləyir, Cahangir...
Cahangir
Gedək.
Reyhanla Cahangir o biri otağa keçirlər.
Şahsuvarov
Bu qədər də azğınlıq olar?! Eşitdinizmi? İldırım Atayevin yanına gəlibmiş.
Dilşad ona cavab verməyərək, qəzəbli halda telefonun dəstəyini götürür.
Dilşad
Prokurorun kvartirasını ver! Tez! Alo! Kimdir? Salam, yoldaş Hüseynov! Kefiniz-zadınız necədir? Gülsüm bacı nə təhərdir? Niyə heç bizlərə sarı gəlib-eləmir? Nə olsun? İş-güc elə hamının var. Yox, boynunuza alın ki, bizə məhəl qoymursunuz... (Bərkdən gülür) Zarafat edirəm. Bura baxın, Hüseynov! Mən sizin o müstəntiqin əlindən yaman hirslənmişəm. Sizin canınız üçün, lap adamın əsəblərinə toxunur. Əşi, nə olacaq! Bütün işini-gücünü buraxıb düşüb bizim o yazıq Sadığın üstünə. Özünüz bilirsiniz ki, Sadıqov suyu üfürüb içən adamdır. Xahiş edirəm, o Cahangirə balaca bir qulaqburması verəsiniz. Bəlkə cavandır, başa düşmür... Necə? Necə? Nə üçün qarışmayım? Mən nə danışdığımı çox yaxşı bilirəm, yoldaş Hüseynov! Nə təhər?! Əgər doğrusunu bilmək istəsəniz, sizin bu hərəkətiniz Atayevə sataşmaqdır! Bəli, bəli!.. Biz də bir şey qanırıq!.. Müstəntiqin beli sizə bağlı olmasa, gəlib məni evimin içində təhqir etməz! Ancaq onu bilin ki, Atayevlər ailəsi girməli kol deyil! (Dəstəyi qəzəblə yerinə çırpır) Gədələr! Elə bil ki, hamısı dilbir olublar. (O, kəskin hərəkətlə geri çevrilir)
Xosrov Atayev, Cahangir və Reyhan gəlirlər.
Xosrov Atayev (Şahsuvarova)
Mən səni axtarırdım.
Şahsuvarov
Ona görə gəlmişəm, yoldaş Atayev.
Xosrov Atayev
Eşitdiyimə görə, Sadıqov çox namuslu bir işçi olan baş mühasibi nə üçünsə iki ay bundan qabaq işdən çıxarıb. Onu təcili surətdə tapmaq lazımdır, başa düşürsənmi?
Şahsuvarov
Aydındır, yoldaş Atayev.
Xosrov Atayev
Mən səndən xahiş edirəm, təchizat idarəsində baş vermiş bu cinayətin köklərini tapıb meydana çıxartmaqda bütün gücünlə Cahangirə kömək edəsən. Qoy o vicdansızlar bilsinlər ki, ədalətdən qaçıb qurtarmaq olmaz!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-atayevler-ailesi-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Yun şal«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:
Qırçı və qırmızı çiçəkQoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.