Birinci pərdə
Page 2 of 5 · 20%
Dilşad
Kim?
Sadıqov
Cahangir.
Dilşad
Onun sizinlə nə işi?
Xuduş
Heç bilirik?
Ağasəlim
A canım, axı, niyə him-cimlə danışırsınız?.. Dilşad xanım, müxtəsəri budur ki, sizinlə təzə qohum olmaq istəyən müstəntiq Cahangir yoldaş tikintidə böyük bir yoxlama başlatdırıb.
Dilşad
Nə üçün?
Xuduş
Bilmirik?
Dilşad
Nə olar, qoyun yoxlatdırsın, yoxsa...
Sadıqov
Ürəyinizə heç nə gəlməsin, Dilşad xanım. Özünüz bilirsiniz ki, mən olan yerdə dövlətin bir qəpiyinə kəm baxmaq olmaz.
Dilşad
Bilirəm...
Sadıqov
Məni yandıran odur ki, xalq malını göz bəbəyin kimi qoru, can qoy, indi də durub sənin işindən şübhələnsinlər. İdarəyə də komissiya töksünlər.
Xuduş
Heç deməli deyil.
Sadıqov
Bu məni biabır etməkdir, camaat arasında nüfuzdan salmaqdır.
Dilşad
Yaxşı, Cahangir nə üçün belə etdiyinin səbəbini demir?
Sadıqov (əlini çırparaq)
Doğrusu, heç soruşmamışam da. Qoy nə edir-etsin. Mən özümdən arxayın olmasam, Atayevin evinə ayaq basmaram. Ancaq, bayaq dedim, camaat içində arıma gəlir. Mən öz işim üçün təşəkkür gözləyirəm, mükafat gözləyirəm... (Pauza)
Dilşad (telefonla zəng edir)
Allo... Milis rəisi əvəzi Şahsuvarovu ver! Ziyad! Xahiş edirəm bizə gələsiniz, sizinlə vacib işim var. Gözləyirəm. (Dəstəyi qoyur)
Ağasəlim
Qanımızı qaraltmayın, canım. Yüz heylə iş qurban olsun sizin bir xoş sifətinizə.
Xuduş
Qanı qaralmasın, neyləsin? Bu boyda adamları da saya salmır. Bəyəm o bilmir ki, Sadıqov, Dilşad xanımın yeznəsidir?
Dilşad (təmkinlə)
Siz gedin işinizdə olun. Şahsuvarov gəlsin, öyrənərəm görüm bu nə məsələdir.
Sadıqov
Sizin canınız üçün, çox o yan-bu yan eləsə, birbaş mərkəzə teleqram vuracağam!
Dilşad (sərt)
Hələlik heç bir şey lazım deyil. Dedim ki, gedin işinizdə olun!
Xuduş
Çox sağ olun. Sizsiz bir günümüz olmasın...
Dilşad
Belə komplimentləri sonraya saxlayın.
Xuduş (irişərək)
Sonraya saxlamalı şey yoxdur.
Dilşad (acıqlı)
Yaxşı, yaxşı!..
Ağasəlim
Gəl bəri, canım, xanıma başağrısı vermə.
Sadıqov
Liliçka, sən qalırsan, yoxsa...
Lətafət (acıqlı)
Qalıram.
Sadıqov
Neynək, əyləş. (Ərklə) Xala-bala ki, tapışdınız, sizi bir-birinizdən ayırmaq çətindir! Gedək, uşaqlar!
Çıxırlar.
Dilşad
Ax... Mən bircə öldüyüm günü bilmirəm. O Cahangiri görən kimi tanıdım ki, nə yuvanın quşudur. Sən bir üzə bax. Cəsarətə bax. Bilə-bilə ki, Sadıqov mənim qohumumdur, bu cür həngamə çıxarır. Eybi yoxdur! Olsun!
Bayırda maşın səsi eşidilir. Reyhanla Mehrican yüyürərək içəri girirlər.
Reyhan
İldırım əmim gəlir!.. İldırım əmim gəlir!.. (Bayıra qaçır)
Pauza.
Dilşadın üzü tutqun bir hal alır. Mehrican maraqla pəncərədən baxır. İldırım Atayev Reyhanla qol-qola daxil olur. Bu, otuz doqquz yaşında, ortaboylu, yaraşıqlı bir adamdır. Saçları vaxtından əvvəl ağarmışdır. Üzündə daim mehriban və ağıllı bir ifadə vardır. Elə bil ki, hər şey bu adama çoxdan məlumdur. Sadə, lakin modaya uyğun kostyum geymişdir.
Dilşad
Xoş gəlmisiniz, İldırım...
İldırım Atayev
Sağ olun... Mən buradan gedəndən bəri hər şey o qədər dəyişilmişdir ki... Əgər, səhv etmirəmsə, bu, Dilşad xanımın bacısı qızı Lətafətdir. (Əl tutuşur)
Reyhan
Sizin yaddaşınız əvvəlki kimi itidir. Əmi, tanış olun, bu da mənim yaxın rəfiqəm Mehricandır.
İldırım Atayev
Tanış olmağıma çox şadam.
Dilşad
Saçları nə yaman ağartmısınız, İldırım!
İldırım Atayev
Amma siz heç dəyişməmisiniz.
Dilşad (gülür)
Doğrudanmı?
Reyhan
Fikir eləməyin, əmi, saçlarınız ağarsa da, özünüz həmişəki kimi gənc və gözəlsiniz.
İldırım Atayev (qızararaq Mehricana baxır. Sonra zarafatyana)
Sağ ol, qardaş qızı. Sən belə komplimentlərdən əmin üçün çox de. Yaxşı, bəs Xosrov haradadır? Bu gün ki, bazardır.
Dilşad
Özünüz xasiyyətini bilirsiniz. Onun üçün nə istirahət günü...
İldırım Atayev
Necədir? Gümrahdırmı?
Dilşad
Yaxşıdır, əvvəlkindən də gümrahdır.
Mehrican
İcazənizlə mən gedim.
Reyhan
Nə tez?
Mehrican
Nənəm gözləyəcək.
Reyhan
Elə isə get. Ancaq mütləq gələrsən.
Mehrican
Yaxşı, sağ olun. (Çıxır)
İldırım Atayev (Reyhana)
Rəfiqən nə iş görür?
Reyhan
Arxitektordur...
İldırım Atayev
Aha...
Pərdə
İkinci şəkil
Həmin otaq. Reyhan və Mehrican evdədirlər.
Mehrican (fikirli)
İndi mən sizə gələndə İldırım Atayev bağçanızdakı böyük yasəmən ağacının dibini boşaldırdı. Özü də elə qəmgin idi ki....
Reyhan
Bu ağac əmimin keçmiş nişanlısı Firəngizdən yadigardır. Səkkiz il qabaq həmin ağacı o əkmişdir.
Mehrican
Bəyəm, İldırım Atayevin nişanlısı var idi? (Reyhan başı ilə təsdiq edir) Bəs necə oldu?
Reyhan
Ayrıldılar.
Mehrican
Nə üçün? Bir danışsana...
Reyhan
O zaman əmim burada mühəndis işləyirdi. Firəngiz də bağçılıq aqronomu idi. Həmin yasəmən ağacı əkilən yaz toyları olacaqdı. Ancaq heç gözlənilmədiyi halda birdən aralarına narazılıq düşdü.
Mehrican
Nə üçün?
Reyhan
Əmimgilin kontorunda Lida adlı cavan bir planovik işləyirdi. Olduqca gözəl, şən, zarafatcıl bir polyak qızı idi. Özü də Dilşad xanımın dostu idi. Tez-tez, demək olar ki, hər gün bizə gəlirdi.
Mehrican
İldırım Atayev də sizinlə olurdu?
Reyhan
Bəli. Birdən belə bir şayiə çıxdı ki, guya, İldırım əmim Lidaya vurulmuşdur. Özləri də tezliklə evlənəcəklər.
Mehrican
Firəngiz də bunu eşidib başladı qısqanmağa.
Reyhan
Halbuki əmimlə Lidanın arasında səmimi dostluqdan başqa ayrı bir hiss yox idi. Ancaq fitilə od necə qoyulmuşdusa, söndürmək mümkün olmadı. İldırım əmim nə qədər çalışdı, Firəngizi inandıra bilmədi. Axırda ikisi də inada düşüb ayrıldı. Firəngiz başqa yerə dəyişilərək, çıxıb getdi.
Mehrican
Yaxşı, bəs, məsələnin kökü haradan qalxmışdı?
Reyhan
Buradan. Bizim bu evimizdən!
Mehrican
Nə danışırsan, Reyhan!
Reyhan
Bilirsənmi, Dilşad xanım əmimin Firəngizlə evlənməsinə dözə bilmirdi.
Mehrican
Axı, nə üçün?
Reyhan
Çünki Firəngiz hər cəhətdən ondan üstün idi. Təhsildə... gözəllikdə... Ona görə də, Dilşad xanım hər gün Lidanı evə qonaq çağırır, elə vəziyyət yaradırdı ki, Firəngiz də, istər-istəməz, qısqanmağa vadar olurdu...
Pauza.
Mehrican
Hər halda, Firəngiz böyük səhv etmişdir.
Reyhan
Sonralar bunu o özü etiraf edirdi.
Mehrican
İndi ərdədir?
Reyhan
Deyirlər ərdədir. (Pauza)
Mehrican
İldırım Atayev onu çoxmu sevirdi?
Reyhan
Yəqin ki, çox sevirdi. Yadımdadır, Firəngiz çıxıb gedəndən sonra, elə bil, əmim bir günün içində qocaldı. (Pauza)
İldırım Atayev daxil olur.
Reyhan
Əmi, bu qədər işlədin, yorulmadın?
İldırım Atayev (gülümsəyir)
Yorulana nə lazımdır?
Reyhan (eyni zarafatla)
Bir stəkan ətirli çay.
İldırım Atayev
Afərin!
Reyhan
Bu dəqiqə. (O biri otağa qaçır)
İldırım Atayev
Bağçaya baxıram, fikir edirəm ki, səkkiz il necə tez keçdi. Mənim körpə qoyub getdiyim fidanlar indi böyük ağac olub.
Mehrican
Yəqin ki, burada hər şey sizə keçmişləri xatırladır...
İldırım Atayev
Bəzən keçmişləri xatırlamaq da çox ağır olur.
Mehrican
Elə xatirələr var ki, onlar nə qədər acı olsa da, yenə gözəldir.
İldırım Atayev (gülümsəyir)
Siz yaşda olanda mənə də elə gəlirdi. Mən də elə güman edirdim ki, hər kədərli xatirənin özündə də bir gözəllik, bir romantika var. Ancaq sonralar gördüm ki, yox, iztirab iztirabdır! Ona görə də, çalışın xoşbəxt olun. İtirilmiş bir səadət bir də çətin geri qayıdır...
Pauza. Reyhan çay gətirir.
Reyhan (stəkanı işığa tutaraq)
Necədir, əmi?
İldırım Atayev
Əla! (Çayı alıb qabağına qoyur. Zarafatyana) Demək, Mehrican xanımın çəkdiyi layihələri Reyhan həyata keçirir.
Reyhan
Elədir ki, var.
İldırım Atayev
Mən sizin yoldaşlığınıza qibtə edirəm.
Reyhan
Biz buna çox şadıq. Füzuli küçəsində tikdiyimiz yaşayış binası xoşuna gəlirmi?
İldırım Atayev
Ümumiyyətlə, yaxşıdır. Üslubunuzdakı genişlik, sərbəstlik, sadə, lakin gözəl olmaq cəhdi mənə xüsusilə xoş gəldi. Sütunların başlıqları, tağların quruluşu cazibədardır. Baxdıqca adam özündə, nə isə, fərəhli bir şey duyur.
Reyhan
Ax, doğrudanmı? Biz həmişə bu barədə narahat olurduq, əmi.
İldırım Atayev
Ancaq mənə elə gəlir ki, naxışların ümumi ahəngi bir az da ciddi olsaydı...
Mehrican (qızararaq)
Bu, çox amansız tənqid oldu.
İldırım (gülümsəyir)
Axı, mən hiss edirəm ki, siz sənətdə hər şeyin bizim Köndələnçay kimi sakit axması tərəfdarı deyilsiniz.
Reyhan
Doğrudur!
İldırım
Elə isə, əminin sözlərindən pərt olmayın! Qoy sizin bu ilk əsərinizdə parlayan istedad qığılcımları gələcəkdə sönməz bir od, bir alov olsun!
Reyhan
Gələcəyi kim bilir?!
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-atayevler-ailesi-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Yun şal«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:
Qırçı və qırmızı çiçəkQoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.