Bayram babam qəza milis rəisi olandan sonra Qızılbaşoğlu Alı kimi, Hacı kimi, Əhmədalı kimi atıb-vurmağı, yaxşı at minməyi bacaran igid oğlanlardan başına toplayıb dağlarda, meşələrdə yurd salan oğru-əyri qaçaqlarla mübarizəyə başlamışdı. İnqilabdan əvvəl bizdə iki cür qaçaq olurdu. O adamlar ki, hökumətin, yerli bəylərin, ağaların zülmündən qaçıb qaçaq olurdu, onların kasıb-kusubla, camaatla işi olmurdu. Əksinə, Nəbi kimi, Süleyman kimi qaçaqların, yeri gələndə, kasıblara köməkləri də dəyirdi. Amma elələri də olurdu ki, oğurluq üstündə, başqalarına haqsız ziyan vurmaq üstündə qorxub qaçaq olurdular. Belələrinə hamı nifrətlə baxırdı. Birinci növ qaçaqları babam sülhlə üzə çıxarmağa çalışırdı. İkinciləri isə dağda-dərədə hərləyib, nəhayət, tuturdular. Bir dəfə Bayram babam pul üstündə bir seyidi öldürdükləri üçün iki nəfəri tutub gətirmişdi. Sonra dedilər ki, onları camaatın qabağında güllələyəcəklər. Həmin gün Fatma nənəmlə birlikdə mən də getmişdim tamaşaya. Şəhərin ortasındakı meydana çoxlu adam yığılmışdı. Yeddi-səkkiz nəfər əlitüfəngli hazır dayanmışdı. Fatma nənəm arvadların içində, yerdə oturmuş qoca bir qarını göstərib dedi:

– Həmin öldürülən seyidin anasıdı bu arvad.

Bir azdan gördük gözləri bağlı iki dustağı milis nəfərləri gətirirlər. Onların ayaqları yalın idi. Meydanda çoxlu sarı tikan vardı. Birinci fikrimdən keçən o oldu ki, «bunlar bu tikanlı yerdə ayaqyalin necə yeriyəcəklər?» Onlar izdihama çatıb dayandı. Biri ortayaşlı, o biri cavan idi, həmin cavan:

– Ay camaat, – dedi, – razı olmayın ki, bizim nahaq qanımızı tökünlər.

Əlbəttə ki, camaatdan səs çıxmadı. Sonra milislərin başçısı komanda verdi. Milislər silahı üzə götürəndə bir nəfər sarıbəniz, qaraköynəkli adam irəli yeriyib həmin milislərdən birinin tüfəngini alaraq onu geri itələyib özü tüfəngi üzünə götürdü. Bu da mənə çox təsir elədi. Mən sonralar da hey fikirləşirdim ki, «görəsən, nə üçün o adam, dustaqları məhz özü vurmaq istədi?»

Qərəz, dustaqları güllələdilər, mən də nə onlara baxa bildim, nə də arvadların içində oturan qoca qarıya. Mən cavan dustağın dediyi axırıncı sözləri xatırlayaraq hey fikirləşirdim ki, «görəsən, doğrudanmı, onların günahı yox idi? Kim bilir, bəlkə də, günahları yoxmuş...»

Mən uzun zaman o dəhşətli əhvalatın təsirindən xilas ola bilmirdim. Birinci dəfə olaraq mənə elə gəlirdi ki, adamlar üçün bir-birini öldürmək də bir heyvanı öldürmək kimi asandır. O dustaqlar seyidi öldürmüşdülər. Bu adamlar da onları öldürdülər. Demək, əvəz-əvəz oldu. Necə ki, bizim kənddə bu onu öldürürdü, onun da qohumu gəlib bunu öldürürdü. Mən alınan intiqamın təsəllisini heç vəchlə təsəvvür eləyə bilmirdim. Bu da məndə insanlara qarşı şübhəli, soyuq bir hissin yaranmasına səbəb olurdu. Adamlar mənə yad və anlaşılmaz görünürdü. Hətta mənə elə gəlirdi ki, Bayram babam da mənə xeyli yad olmuşdur.

Bizim evimizdə getdikcə tutqun bir ab-hava yaranırdı. Görürdüm ki, atam da, anam da bütün günü qaşqabaqlı olurlar, bir-birlərilə nə barədəsə hey danışırlar. Tezliklə o biri otaqdan xəlvətcə qulaq asıb bildim ki, söhbət «necə dolanmaq» barədə gedir. Atam deyirdi ki, yeni hökumət sərhədləri bağlayıb, daha İrandan qaçaq mal gətirmək mümkün deyil. Anam da əsəbi halda deyirdi ki, əgər var-yoxumuzun başına qardaşın Qubad daş salmasaydı, niyə bu günə qalırdıq ki? Atam da dalbadal papiros çəkərək deyirdi ki, Allah Qubada lənət eləsin.

Atamla qardaşı arasındakı bu münasibət yenə də mənə Məlikməmmədlə qardaşları arasındakı əhvalatı xatırlatdı. Mən heç vəchlə başa düşə bilmirdim ki, necə olur ki, bir anadan doğulan qardaşlar bir-birlərinə düşmən olurlar?

Bayram babam qəza milis rəisi olduğunun ikinci ili bərk xəstələnərək vəfat etdi. O zaman anam da xəstə yatırdı. Tutqun bir qış günü idi. Atam gəlib anama ürək-dirək verərək dedi:

– Özünü toxtaq tut. Bütün yaranan gedəcək.

Anam heç bir söz demədi. Amma gözlərindən sakit yaş axırdı. Sonra o, mənə dedi:

– Get, babanı gör.

Mən də elə bil ki, tamam qeyri-şüuri bir hərəkətlə babamgilə gedib gördüm ki, Fatma nənəmlə Gülbəs arvad yerdə, yorğan-döşəyin içində, səssiz, xəfifcə bir yuxuya getmiş kimi görünən babamın yanında oturublar. Babamın gözəl üzü çox arıqlayıb göyərmişdi. Çal saçları əvvəlki təki yana daranmış kimi idi. Mən ayaq üstündə durub ona baxırdım. Gülbəs arvad mənə dedi:

– Gəl, babanı öp.

Lakin mən, nə üçünsə, yerimdən tərpənmədim. Mən ağlamırdım da, tamam şüursuz olaraq babama tamaşa edirdim. Sonra çevrilib, səssizcə gəldiyim kimi, səssizcə də çıxıb getdim. Mən bağın içi ilə dizə qədər qalxmış qarı ayaqlaya-ayaqlaya evimizə tərəf gedərkən birdən üç il bundan qabaq belə bir qarlı qış günündə babamın ayaqlarında uzunboğaz çəkmə, əynində xəz kürk, belində onatılan tapança, məşhur kəhər atının üstündə Qızılbaşoğlu Alının müşayiətilə Ağdama getdiyi yadıma düşdü. Gözümün yaşı sel kimi axmağa başladı. Mən bağın səssizliyi içində budaqlarını qar əyən ağaca söykənib yana-yana ağlayırdım. Babam dünyada məni əzizləyən yeganə adam idi. Lakin mən bu barədə düşünmürdüm. Mən adamların soyuq, yabançı münasibətinə alışmışdım.

Məni ağladan o idi ki, bir də heç zaman babam kəhər atı minməyəcək. Bir də heç zaman qırmızı ağac qoburlu onatılanı belinə bağlamayacaq, bir də heç zaman bu dünyanı görməyəcək. Demək, bu dünyanın kədəri əbədidir!

Birdən ağacın budağına bir sərçə gəlib qondu və budağın qarı silkələnib üzümə tökülərək məni diksindirdi, elə bil ki, mən ağır, çox ağır bir yuxudan ayılıb, məyus halda ona baxırdım. Sərçə də təlaşla ora-bura və mənə baxaraq həyəcanla səslənirdi. «Yəqin acdır, yem axtarır» deyə mən düşündüm. Neçə gün idi qalın qar hər yeri örtmüşdü. Demək, bu dünyanın dərdi əbədidir!

Mən bəlkə çörək qırıntısından-zaddan bir şey tapdım deyə ciblərimi axtardım, amma heç nə tapmadım. Sərçə uçub getdi və mən onun ardınca baxaraq nə üçünsə Qaracanı xatırladım. «Görəsən, bu soyuq qış günündə o, atasız-anasız neyləyir? Görəsən, acdı?» Sonra mən o zaman yaylaqda Bayram babamın Qaracaya pul verdiyini xatırladım. «Görəsən, Bayram babamın vəfatını biləndə Qaraca ağlayacaq?» Amma anası onları qoyub qaçanda, heç ağlamadı. Qonşumuz, mənim yaşıdım Abbas bəy də anasının vəfatından danışanda heç ağlamırdı. Heç bikef də olmurdu. Demək, bu dünyanın dərdi əbədidir!..

Mən gözümün yaşını qolumla silərək ağacdan aralanıb evimizə getdim.

Səhəri gün atam bir araba tutaraq, babamı öz atasının, əcdadının yanında dəfn etmək üçün Fatma nənəmlə və bir molla ilə Kürdobaya apardı.

... İndi anamın bu tutqun qış günündə xəstə yatmağı məni əvvəlkindən də çox qorxudurdu. Mən məktəbdə daim qaşqabaqlı olurdum. Mən tənəffüslərdə uşaqlardan ayrılıb bir yerə çəkilərək eyzən anama dua edirdim. Bununla belə, mən öz sinfimizdə ən yaxşı oxuyan şagird idim. Evimizdə, xüsusilə anam xəstə olduğu zaman çox tutqun, kədərli bir vəziyyət yaranırdı. Demək olar ki, heç kəs heç kəslə danışmırdı. Həyatımız da xeyli yoxsul keçirdi. Səhər qara çovdar unundan bişirilmiş yavan çörəklə əvəlik dadı verən çay, günortalar da çox kasıb bir nahar. Lakin, əgər anam tez-tez azarlamasaydı, bunların heç biri mənim gözümə görünməzdi.

... Bayram babamın təziyəsi sovuşandan sonra Fatma nənəm qayıdıb gəldi öz evlərinə. O zaman Bayram babamgil yaylaqda olanda Nuru dayımın arana gəlib, pula gedən nə vardısa, hamısını satıb-sovduğundan, inqilab zamanı biz qaçandan sonra yerdə qalan şeyləri də o-bu apardığından Fatma nənəmin dolanacağı üçün daha bir şey qalmamışdı. Anam bişmişdən-zaddan hərdən mənə verirdi ki, apar nənənə. Ancaq mən babamdan sonra daha Fatma nənəmgildə qala bilmirdim. Fatma nənəm tək-tənha qalmışdı. Atamla arası olmadığı üçün bizə də gəlmirdi. Nuru dayım da yenə yoxa çıxmışdı. Harda olduğu məlum deyildi. Ancaq babamın vəfatından üç-dörd gün sonra atam şəhərdən xəbər gətirdi ki, deyirlər Nuru, Şuşada yaxşı qulluqdadı. Kefi də yaman kökdür. Mən qaça-qaça gedib bu xəbəri Fatma nənəmə dedim. Elə bil ki, arvadın gözünə işıq gəldi. Doğrusu, bu xəbər mənim özümü də sevindirirdi. Dayımın yeni hökumətdə «yaxşı qulluqda olması» məni fərəhləndirirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets