Mən anamın oxuduğu qalın cildli kitablara dərin bir maraqla baxırdım, anamın o kitablardan oxuyub bizə nağıl elədiyi Rüstəm Zal ilə oğlu Söhrabın əhvalatı, «Hind racisi», «Armanusiya» macəraları xəyalımda təəccüblü bir aydınlıqla canlanırdı. Mən Rüstəm Zal pəhləvanın əvvəl tanımadığı oğlu cavan Söhrabla vuruşaraq, ölümcül yaralayandan sonra qolundakı bazubənddən onun öz oğlu olduğunu bilib necə sarsıldığını unuda bilmirdim. Elə bil ki, o faciə mənim gözümün qabağındaca olmuşdu. Cavan Söhrabın onu məğlub eləyib ölümcül yaralayan bu qüdrətli pəhləvanın öz atası olduğunu biləndən sonra keçirdiyi hissləri mən öz hisslərim kimi duyurdum və mənə elə gəlirdi ki, diyarbadiyar gəzib öz atasını axtaran Söhrab onu bağışlayır, ona olan məhəbbətilə ölür və bu, cahan pəhləvanı Rüstəm Zal üçün sağalmaz bir dərd olur. Mən onların hər ikisində yüksək bir alicənablıq hiss edirdim, əgər Söhrabın yerinə mən olsaydım, mən də atamı bağışlayardım. Onların hər ikisində olan mərdlik və qəhrəmanlıq məni izah eləyə bilmədiyim fövqəladə hisslərlə qanadlandırırdı. Mən bütün qəhrəmanları zahirən də yaraşıqlı, gözəl təsəvvür edirdim. Cıdırlarda ad çıxaran Qarabağ atları da, qüdrətli uca çinar da, bizim sıldırımlı dağlardakı qartallar da mənə gözəl və alicənab görünürdü. Mən Şuşa qalasının qorxunc uçurumlu Xəzinə qayasına baxanda da eyni hissləri keçirirdim. Bu əzəmətli qayanın sükutu mənə əsrarəngiz görünürdü, elə bil ki, o öz sükutu ilə nəyi isə gözləyir.

Anamın oxuduğu kitablara baxdıqca mənə elə gəlirdi ki, onlarda məhz mənim sezib duyduğum, məhz mənə qarşı bir məhəbbət sükut edir. Bu məhəbbətin nədən ibarət olduğunu bilmirdim, ancaq o kitablara qarşı fövqəladə bir doğmalıq hiss edirdim. Hələ məktəbdən əvvəl anam mənə oxuyub-yazmağı öyrətməyə başlayanda görürdüm ki, sözlər hərflərdən düzəlir və mən dərhal bu hərfləri öyrənib sözləri oxuyanda sanki yeni bir aləmə daxil olurdum. Bu aləm də insanlardan, onların taleyindən, işlərindən ibarət olsa da, tamam başqa idi. Sanki burada hər şey, hər hiss təzə idi və bu hisslər mənə çoxdan məlum idi. Elə bil ki, mən özüm hansı zamanda isə o hislə yaşamışam. Mən birinci dəfə kiçik bir hekayə oxudum. Orada təsvir olunurdu ki, balaca Murad qonşuluqlarındakı bağın yanından keçəndə qoca bağban Qədir baba ona yetişmiş sulu bir armud bağışladı. Murad armudu yemək istəyəndə birdən yadına düşdü ki, balaca bacısı evdə xəstə yatır, ona görə də Murad armudu yeməyərək aparıb bacısına verdi. Mənə elə gəldi ki, bu Murad mən elə özüm olmuşam. Ancaq xəstə bacım deyil, anam olmuşdur. Və mən ürək sərinlədən sulu armudu yeməyib, qızdırma içində ürəyi yanan anama gətirməyimdən təsəlli alırdım.

Sonra mən «Bir şahının qurbanı» adlı balaca bir hekayə oxudum. Bu hekayədə kasıb bir kişi on dörd-on beş yaşlı oğlunu bir tacirə satıcı verir. Oğlan vəzifəsini çox ləyaqətlə yerinə yetirir, ancaq bir gün görür ki, yekəpər bir kişi çiynində bir məcməyi paxlava gəzdirib qışqırır:

«Paxlava badamdı,
Yeyənə candı...»

Zəfəranlı paxlavanın ətri satıcı oğlana o qədər xoş gəlir ki, özünü saxlaya bilməyərək daxıldan bir şahı götürüb, bir paxlava alıb yeyir. Fikirləşir ki, bir şahı götürməklə tacirə ziyan olmaz. Paxlava ona çox ləzzətli görünür. Gələn dəfə həmin yekəpər kişi paxlava ilə barabər peşmək də satır. Oğlan bu dəfə tacirin daxılından iki şahı götürüb həm paxlava alır, həm də peşmək... Beləliklə, oğlan dadanır daxıldan gizli pul götürməyə... Bir gün də yoldaşları görür ki, bir polis nəfəri oğlanı qabağına qatıb aparır həbsxanaya. Oğlanın görmədiyim, tanımadığım ata-anasının halı gəlib durdu gözümün qabağında. Mən oğullarının oğurluq üstündə tutulmasını eşidəndə onların nə vəziyyətə düşdüyünü aydınca görüb, hiss edirdim və oğlanın xudpəsəndliyi məndə təəccüb doğururdu. Və mən birinci dəfə qəlbimdə yaranan fədakarlıq duyğularının gözəlliyini hiss edirdim.

Əlbəttə, fədakarlığın nə demək olduğunu soruşsaydılar, mən cavab verə bilməzdim. Ancaq mən heç vaxt armudu yeməzdim, anamgildən ayrı paxlava da yeməzdim və bu halı özümdə hiss etmək məni fərəhləndirirdi.

Mən kitabları oxuduqca, elə bil ki, hər gün içində olduğum həyatdan, gördüyüm insanlardan uzaqlaşırdım. Mən daha qapalı, daha sosur olurdum.

Mən dərslərimi öyrənməyə çox az vaxt sərf edirdim, özüm də müəllimlərimin dediyinə görə hamıdan yaxşı oxuyurdum. Qalan vaxt əlimə keçən kitabları acgözlüklə oxuyurdum. Hər yeni kitab mənə yeni bir aləm kimi görünürdü və mən o aləmə daha tez daxil olmağa can atırdım.

Robinzon Kruzonun macərası isə mənim üçün tamam fövqəladə bir aləm oldu. Mən Robinzonun keçirdiyi yalqızlığı qəribə bir aydınlıqla hiss edirdim. Və mən daima özümü onun yerinə qoyub o həyatla həm kədərlənir, həm də ondan zövq alırdım. Axırda Robinzonun öz adasını və o həyatı tərk etməsi məndə anlaşılmaz bir inkisarı xəyalı doğurdu. Nə üçün? Yoxsa mən istəyirdim ki, Robinzonun o yalqız həyatı əbədi olsun?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets