Səriyyə
Page 10 of 12 · 75%
– Bal aqronomunun kefi necədir? – deyə birdən soruşdum.
O, təəccüblə üzümə baxaraq:
– Yaxşıdır, – dedi. – Siz onu tanıyırsınız?
– Bəli, tanıyıram.
Soltanla Kərəmxan bərkdən güldülər. Buldozerçi məsələnin nə yerdə olduğunu anlayaraq, onlara məzəmmətlə baxıb başını buladı.
– Eybi yoxdur, – dedim, – pərt olmayın, biz bir briqadayıq. Briqada üzvlərinin bir-birindən ayrı sirri olmamalıdır.
– Sirri ha! – deyə o, xəfifcə gülümsədi.
– Bəli, sirri.
Mən elə danışırdım ki, elə bil, xalqın oğluna meydan oxuyurdum. «Bütün bunların sizə nə dəxli var?» deyə o, məndən soruşa bilərdi. Lakin o soruşmadı. Mən bunu hiss edirdim, soruşmazdı. Çünki biz bir briqadanın üzvləri idik...
Soltan yoldaşlarına:
– Səriyyə xanım tələsir, – dedi, – tez olun.
Onlar ayının ətini buldozerçinin gətirdiyi xaşalara doldurub ata yüklədilər. Sonra şeylərimizi götürüb yola düzəldik. Biz Zoğallı körpüyə çatanda günəş qüruba enirdi. Körpüsalanlar yükü götürüb, atı uşaqla geri göndərdilər.
– Yolda qorxmazsan ki? – deyə balaca oğlandan soruşdum.
O, gülümsəyərək heç bir söz demədən ata mindi və tezliklə ağaclar arasında görünməz oldu.
– Qorxmaz! – Soltan oğlanın ardınca baxmadan cavab verdi.
Sonra ayının dərisini duzlayıb günə sərdik. Mən onlarla xudahafizləşib çadıra qaçdım. Adil çarpayısına uzanıb kitaba baxırdı. Məni görərkən kitabı kənara qoyub çarpayıdan qalxdı:
– Hə, ovunuz nə cür keçdi?
Mən onun səsinin ahəngindən pərt olmayaraq:
– Çox gözəl, – dedim, – heç belə uğurlu ov olmazdı. Yekə bir ayı vurduq.
O, daha heç nə soruşmadı.
– Yəqin ki, acmısan, Adil, naharının vaxtından keçib.
– Mən nahar eləmişəm.
– Afərin. Mən bir az uzanmaq istəyirəm, yorulmuşam...
Lakin mən xalatımı yenicə geyinmişdim ki:
– Yoldaş naçalnik, olarmı? – deyə bayırdan Soltanın səsi eşidildi.
Adil qapıya yeriyərək sakit halda soruşdu:
– Nə olub?
– Dedik, əgər mümkünsə, maşını bir-iki saatlığa verəsiniz, ayının ətini qonşu kəndə aparaq, tez satıb qayıdarıq.
– Maşını yolun işi üçün veriblər, kəndlərdə ayı əti satmaq üçün yox.
– Elədir. Bir də ayı vursaq, nəzərə alarıq... Ancaq bu dəfə.
Mən içəridən səsləndim:
– Adil zarafat eləyir...
– Yox, zarafat eləmirəm.
– İki saatlığa heç nə olmaz, Adil, onsuz da evdəsən. İstirahət günüdür.
– İcazə ver bunu mən bilim, – o, hövsələdən çıxmış halda dönüb mənə cavab verdi.
– Eybi yoxdur, Səriyyə xanım, özümüz birtəhər eləyərik, – Soltan bərk incimiş halda qayıdıb getdi.
– Nə üçün vermədin, Adil? Maşını yeməyəcəkdilər ki...
– Mən ilk dəfədir səndən belə kobud söz eşidirəm. Səriyyə, eyib deyilmi?
Mən düz onun gözlərinin içinə baxaraq dinmədim.
O, birdən-birə yumşaldı:
– Səriyyə, axı sən işin birini bilirsən, birini yox. Tutaq ki, mən maşını verdim. Yolda və ya kənddə onlara bir avtomobil müfəttişi rast gəldi. Onda necə olar? Mən kimə sübut eləyə biləcəyəm ki, bu işdə mənim heç bir şəxsi marağım yoxdur? Səni inandırıram ki, götürüb birbaş nazirə yazarlar ki, filan yolun rəisi işləmək əvəzinə, ov eləyib dövlətin maşınında ət satdırmaqla məşğuldur. Sən adamları tanımırsan...
– Qoy yazsınlar. Biz ki, həqiqəti bilirik...
– Biz bilirik. Amma nazir bilmir. Kimlərinsə beş şahı qazanması üçün mən özümü şübhə altında qoya bilmərəm. Aydındırmı?
– Aydındır.
– Birinci dəfədir ki, mənə bu cür müstəqil, məsul iş tapşırıblar. Bilirsənmi, Səriyyə, bu yol, bu körpü, eyni zamanda, bizim, yəni sənin və mənim gələcəyimiz üçün salınır. Biz indidən özümüz öz gələcəyimizi korlaya bilmərik... Gərək sən özün də razı olmayasan ki...
– Yaxşı, Adil. Mən sənin karyeranın yüksəlməsinə mane olmayacağam.
– Nəinki mane olmayacaqsan, sən gərək buna kömək edəsən!
– Əlbəttə.
– Onda gəl barışaq... Sən bu gün elə qəşəng yanmısan ki, – o, əlimdən tutaraq məni özünə sarı çəkdi.
Lakin mən onun əlini ehmallıca kənar edərək çadırdan çıxdım. Mən artıq dincəlmək meylində deyildim. Mən palıd ağacının kölgəsində oturub, uçuruma baxırdım və ilk dəfə biz bura gələrkən buldozerçinin yolun ortasına tökülmüş qayaları maşının döşünə verib, bu uçurumdan üzüaşağı necə yuvarlatdığını xatırlayırdım. Mənə elə gəlirdi ki, o vaxtdan düz bir əsr keçmişdir və bu müddət ərzində nə isə çox qüssəli hadisələr baş vermişdir. Mən xeyli qocalmışam, xeyli incimişəm. Bakıdakı günlərimiz yadıma düşdü. Orada yaxşı idik. «Qu» desən qulaq tutulan bu meşələrdə isə mən çox yalqız və mükəddərəm.
Tennis oynamaq, ov... Bunlar hamısı mənasız, boş işlərdir. Bizim xoşbəxtlik üçün doğulmağımız haqqındakı aforizm adi şair xəyalının ani uydurmasıdır.
Pəncərədən daş gəlir,
Ay bəri bax, bəri bax.
Xumar gözdən yaş gəlir,
Ay bəri bax, bəri bax...
Körpüsalanların birdən ağız-ağıza verib oxuduqları bu mahnı məni diksindirdi. «Bunlar nə qəribə adamlardır?!»
Səni mənə versələr,
Hər görənə xoş gələr... –
deyə onlar təkrar edirdilər. Birdən mən qəribə bir arsızlıqla gülümsədim və bu saat subay bir qız olmadığıma təəssüf elədim. Yox, mən subay deyiləm. Mən ərimin gələcəyi üçün məsuliyyət daşıyan bir qadınam. Ərimin gələcəyi, gələcək böyük vəzifələri üçün! Əlvida, subaylıq, əlvida, azadlıq... Mən daha azad deyiləm! Onlar, körpüsalanlarsa azad və xoşbəxtdirlər. Onlar kimsənin gələcək vəzifələri üçün narahat olmurlar. Onlar körpünü, dağların o biri tayındakı fermalara tez getmək üçün salırlar və bundan zövq alırlar. Lakin onlar nə üçün mənim adımı da öz adlarının yanına qoşub bu körpünün bünövrəsinə qoydular? Mən ki, onlardan deyiləm. Mən ki, Adilin həyat yoldaşıyam. Həyat yoldaşı, həyat yoldaşı!.. Biz, yəni mən və mənim həyat yoldaşım bu körpünü başqa məqsəd üçün salırıq. Biz, yəni mən və mənim hörmətli, istedadlı həyat yoldaşım bu körpüdən keçib daha yüksək vəzifələrə, daha ali mövqelərə çatmaq istəyirik. Bu körpüsalanlarsa gələcəkləri barədə düşünmək əvəzinə, hey oxuyurlar:
Səni mənə versələr,
Ay bəri bax, bəri bax...
Onlar susdular. Sonra dünyada zərrəcə dərdi-qəmi olmayan Kərəmxan, çiynində ov tüfəngi, çadırlarından aralanıb üzüyuxarı, meşəli dağa dikləndi. Yəqin arxadan onu səsləyib nə isə dedilər və o, geri qanrılıb yoldaşlarına cavab verərkən məni görüb gülümsədi, sonra əlini havada yelləyərək dönüb yoluna davam etdi. Ona cavab olaraq necə kədərlə gülümsədiyimi hiss elədi. Mənə elə gəldi ki, şən, dərdsiz-qəmsiz Kərəmxan həmişəlik çıxıb getdi. Elə bil ki, köç gedib məni burada yalqız qoymuşdu. Mən o ki var, ağladım və bunu Adilin bilməməsi üçün qalxıb üzümü yudum. Mərcantək xırda daşların üzəri ilə axan dağ suyu günəşin şüalarını güzgü kimi əks etdirirdi. Təzə ağ çiçək açmış böyürtkən kollarının sərin kölgəsində zərqanadlı böcəklər uçuşurdu.
Təbiətin gözəlliklərində heç bir təbəddülat yox idi.
Axşamçağı Adillə çadırın qapısında oturub çay içdiyimiz zaman yük maşını yanımızdan sürətlə körpüsalanların çadırına tərəf getdi. Kərəmxan da kabinədə oturmuşdu. Heç on dəqiqə çəkmədi ki, maşın təzədən geri qayıtdı. Bu dəfə körpüsalanların üçü də maşında idi. Adil onların ardınca baxaraq, mürəbbəli çayından bir qurtum alıb, tamam sakit:
– Əgər, – dedi, – sabah onlar gecikcələr, üçünü də işdən qovacam. Biz hər bir intizamsızlığın qarşısını dərhal almalıyıq.
«Biz!» Məni maraq götürdü. Mən Adilin bu üç oğlanı işdən necə çıxaracağını və bu zaman buldozerçinin nə deyəcəyini və üzündə necə ifadə olacağını eşidib görmək istərdim. Bu mənim üçün təzə bir aləm olardı. Lakin ertəsi gün düz saat səkkizdə onlar işin üstündə deyib-gülür və ikinci hörgünü başa çatdırırdılar.
Adil çay-çörəyini yeyib-içdikdən sonra «QAZ-69»a əyləşib işinə getdi.
«Doğrudanmı, Adil heç nə görüb-hiss etmir?» – Zehnimdən, cavabı özümə də aydın olmayan bir sual keçdi və mən ev-eşiyi yığışdırıb, xörəyi asaraq körpüyə getdim.
Körpüsalanlar məni şən səs-küylə qarşıladılar. Kərəmxan:
– Səriyyə xanım, – dedi, – dünən ayı ətini verdik xırda-xırda getdi. Düz mincə manatımız var.
– Nə çox çıxarıb...
– Hələ ucuz verdik. Lap müftə...
Soltan:
– Bilirsiniz? Biz toxunulmaz fond düzəltmək istəyirik, ağlınız nə kəsir?
– Necə yəni toxunulmaz fond?
– Yəni ovdan gələn pulu yığıb saxlayaq. Elə ki, on beş-iyirmi min oldu, ondan sonra nəyə sərf eləmək lazım olduğu barədə fikirləşərik.
Kərəmxan:
– Təklif var ki, – dedi, – xəzinədarımız da sən olasan.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-seriyye
Use ← → keys to move, R for a random poem
More by this author
«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:
Qırçı və qırmızı çiçəkQoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.
Daş hasarFirəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.
Hökmdar və qızı1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*
Poems by other poets
Gecə-gündüz bulud keçir havalar,Belə getməz, əlbət, gəli bir də yaz.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Şahnamə ("Şəhim, tacidarım, qəvi şövkətim!")Şəhim, tacidarım, qəvi şövkətim!Mələk – ehtişamım, fələk – rüf’ətim!