Page 1 of 10

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.

Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

Lap yaxınlığında maşın siqnal verdi. Qaçay bu gur, qəfil səsdən diksinib başını qaldırdı. Yaşıl “Volqa” düz üstünə gəlirdi. O, maşını da tanıdı, sükandan təkəlli yapışmış qara eynəkli, qıvrımsaç oğlanı da. Tez dala çəkildi. Oğlanın şüşə arxasında sürətlə yaxınlaşan yumru sifəti bircə anlığa nəzərinə çarpdı və onun azacıq aralı, qalın dodaqlarında istehzalı təbəssüm gördü. “Volqa” Qaçayın yanından yel kimi ötdü. Aləmi qatı toz dumanı bürüdü. Qaçay, yolun sinəsindən qabarıq dalğalanan bu ağ-sarımtıl örtüyün içində itdi. Nəfəsini udub, gözlərini bərk-bərk yumdu. Eynəkli oğlanın aralı, ətli dodaqları sanki Qaçayın bəbəklərinə həkk olunmuşdu, zülmət qaranlıqda da onu görürdü...

Maşın çoxdan getmişdi, toz da çəkilmişdi, ancaq Qaçay yerindən tərpənmirdi. Ağzında palçıq tamı vardı. Tüpürdü: “Rastlaşarıq, Pənah, eybi yoxdur”. Üst-başını çırpa-çırpa yoluna düzəldi. Tərəddüd içində yeriyirdi. İstəyirdi geri qayıdıb Pənahı tapsın, yaxasından yapışıb onunla haqq-hesab çəksin: “Di get. Bir də mənim yanımda lovğalanma! Nə olsun ki, sən Baxışın oğlusan?! Nə olsun ki, atan raykoopittifaqın sədridir? Mən də milisionerəm”. Qaçay fikirləşdi ki, bütün bunları Pənahın üzünə deyəndən sonra onun iri gözlüklü qara eynəyini də alıb sındırsın. Eynəyi olmasa Pənah belə qudurmaz, lovğalanmaz...O, təəssüflə ah çəkdi. Anladı ki, Pənahın yaxasından yapışa bilməyəcək. Onun eynəyini sındıra bilməyəcək. Buna haqqı çatmaz. Axı, necə sübut etsin ki, Pənah onu toza verib?! Bunun üçün adamı cəzalandırmırlar. Birdən Pənah da onun boğazından yapışdı: “Bura bax, yol tozludur, mənə nə? Təyyarə sürmürəm ki, göylə uçam?”. Onda hamı Qaçayı qınayacaq. Hətta Sahibov da: “Bala, işə girən günü sənə nə dedim? Demədim ki, milisioner gərək dözümlü, səbirli olsun? Demədim ki, milisioner gərək qanun-qaydanın keşiyində dursun? Zəhmətkeşlərin əmin-amanlığını qorusun? Ən başlıcası: milisioner öz müdirinin hörmətini, şərəfini yüksək tutmalıdır. Demədim bu sözləri qulaqlarında sırğa elə?”. Əlbəttə, demişdi. Sədrəddin Sahibov rayon daxili işlər şöbəsinin rəisidir, bu vəzifədə saç-saqqalını ağardıb. Qaçay onun tövsiyəsini sırğa eyləyib qulaqlarından asmışdı və bu sırğaları çıxarıb atmaq, itirmək istəmirdi.

O, dar aralığa girdi. İndi Əntiqəgilin evinin yanından keçib, tini burulacaq və öz həyətlərinə girəcək. Hər dəfə burdan ötəndə kərpic barının arxasında it hürürdü. Elə bil Qaçayı ayaqlarının səsindən tanıyırdı. Əntiqə, zəncirlə mıxa bağlanmış itə acıqlanar, sonra da barıdan boylanardı. Bir anlığa Qaçayla göz-gözə gülər, gülümsəyib çəkilərdi. Qaçay, bu bir anlıq təbəssümün hərarətini bütün günü ürəyində gəzdirərdi. Əntiqəni tez-tez yuxuda görərdi. Yuxusu da itin hürməyilə başlayardı.

O, nəzərlərini hasarın üstünə dikdi və nədənsə Pənahın aralı, ətli dodaqları yenə gözlərinin qarşısında dayandı. Özü üçün qaranlıq, müəmmalı qalan sirrin düyününü tapıbmış kimi, təəccüblə qaşlarını çatdı. Elə bil Qaçayın uzaqdan baxdığı bu qaranlıq aləmdə birdən günəş doğdu və hər şey zülmət pərdəsindən çıxdı, hər şey açıq-aydın göründü. Pənahın onu toza basmağının səbəbini indicə anladı: “Əntiqəyə görə!”.

Qaçay kərpic barıya çatdı. Qorxdu ki, birdən it onun gəldiyini duymaz. Çəkmələrinin tozunu çırpırmış təkin ayaqlarını yerə bərk-bərk vurdu. Sağ dabanından sızıltı qopdu. “Andır mıx” – deyib ufuldadı. Barının arxasında əvvəlcə zəncir cingildədi. Sonra it yava-yava hürdü. Qaçay addımlarını yavaşıtdı: “İtdə həvəsə bax, bu istidə gör necə hürür”. O, arzuladığı həsrətini çəkdiyi səsi eşitdi: “Ay it! Sənə partlama dəysin!”. Barının bir neçə kərpic düşmüş yerində iki ağ əl göründü. Nazik barmaqlar üstdəki kərpici qamarladı, gərildi. Qaçay daxilində xoş bir əsməcə, zəiflik duydu. Bu süstlük onun sinəsindən qopub bütün bədəninə yayıldı... Yenə göz-gözə gəldilər. Yenə bircə anlıq təbəssüm! Və hər şey yuxu kimi qəflətən dağıldı, yox oldu. Təkcə bu təbəssümün hərarəti qaldı onun ürəyində...

Qaçay doqqazdan girib, quyuya tərəf getdi. Dizinin birini yerə qoyub, hamar, nazik ipdən yapışdı. Dartdı. Elə bildi ki, cürdək əlinə çatanacan aylar, illər keçəcək və onun gücü, səbri tükənəcək. O, yanlarından su damcılayan saxsı qabı qucağına qoydu. İslanmış əsgi tıxacı çıxartdı. Cürdəyi əllərinin arasında tutub, onun dəyirmi ağzını qurumuş, qaysaqlanmış dodaqlarına dirədi. Nəfəsi tıncıxana qədər içdi. Çənəsinə, boğazına tökülmüş suyu əlinin dalı ilə sildi. Qanrılıb artırmaya baxdı. Ağca gözlərinə dəymədi. Ancaq uzun lüləkli aftafa da yerində idi, tiftikli məhrəba da.

Qaçay tut ağacının kölgəsindəki taxta çarpayıdan mütəkkəyə dirsəklənmiş atasının yanına getdi. Onun ayaq tərəfində oturub furajkasını dizinin üstünə qoydu. Kişi tərpəndi, boz-bulanıq gözlərini göyə dikdi.

– Gəldin? – deyə soruşdu.

Neçə illərdən bəri dünya işığına həsrət qalmış Mikayıl, oğlunu sanki nəfəsindən tanıyırdı. Bəzən Qaçaya elə gəlirdi ki, atası azacıq da olsa görür. Həyətdəki şeyləri elə bil öz əli ilə qoymuşdu, nəyi götürmək istəsəydi, düz üstünə gedirdi.

Oğlan ağacın kölgəsinə yığılmış qarğı qomuna, təzəcə hörülmüş səbətə baxdı. Atasındakı səbrə, həvəsə heyrət etdi. Onun hədərə gedən zəhmətinə heyfsiləndi. Axı, qarğı səbət kimin neyinə lazımdır? Kişi bütün günü bardaşqurma oturub səbət hörürdü. Həyət də, ev də, damın üstü də səbətlə dolu idi. Ağacların budaqlarından da asmışdılar, qonşulara da paylamışdılar, yenə də artırdı, yığıb-yığışdıra bilmirdilər.

Kişi tütün qutusunu açıb asta-asta papiros eşdi. Oğlan onu harayasa boşluğa zillənən, ağı qarasına qarışmış gözlərinə nəzər saldı. Bəbəklərini görmədi... Kişi papirosu damağına qoydu. Kibrit dənəsi götürdü. Şəhadət barmağını papirosun ucuna vurub tuşladı. Sonra yandırdı. Tüstü onun saralmış bığını yalaya-yalaya sifətinə yayıldı. Qaçay atasının tüklü üzündə, qaramtıl dodaqlarında qəribə təbəssüm sezdi. Sanki kişinin pərdəli, bulanıq gözləri də nurlanmışdı. Hər dəfə papirosu sümürdükcə dodaqları titrəyirdi. Qaçay başa düşdü ki, atası nəyəsə sevinir, onun qəlbinin illərlə qaranlıq qalan guşəsində nəsə bir işıq doğub. Yoxsa Mikayılın həmişə hərəkətsiz kimi görünən göz qapaqları belə tez-tez çırpılmazdı, dodaqları belə titrəməzdi. Kişi təzədən mütəkkəyə dirsəkləndi. Başını tutub gülümsədi. Qaçay atasının qaralmış, xırda seyrək dişlərinə baxdı və onun tüklü sifətində, donuq gözlərində dolanan təbəssümün səbəbini anlamadı. Furajkasını çarpayının üstündə qoyub qalxdı. Gəlib artırmanın xambalasında oturdu. Çəkmələrini çıxartdı. Ağrıyan dabanına baxdı. Qanamamışdı, ancaq azacıq didilib qaralmışdı.

– Yuyun, a bala.

Qaçay anasının nə vaxt yaxınlaşdığını hiss etməmişdi. Arvad aftafanı qaldırdı. Qaçay ovcunu su ilə doldurub üzünə çırpdı. Boynunu, boğazını yudu. Mıxdan asılmış təmiz məhrəbanı götürdü.

– Ağca gözümə dəymir.

Arvad azacıq duruxdu. Dönüb örtülü qapıya baxdı. Oğlanın narahatlığı, şübhəsi artdı. Məhrəbanı çiyninə saldı:

– Hanı Ağca? Xəstələnib, nədi?

Cavahir oğlunun dözümünü yoxlayırmış kimi susurdu. Qaçayın nigarançılıq dolu nəzərlərlə onu süzdüyünü görüb gülümsədi. Anasının bu təbəssümü oğlanın olan-qalan səbrini tükəndirdi. Nəhayət, Cavahir başı ilə örtülü qapıya işarə elədi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 min
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min
Küçələrə su səpmişəm...

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

197154 min
Quyu

I**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:

19761 h 25 min

Poems by other poets