Quyu
Page 1 of 14
I
Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:
– Yox, kişi sənəti deyil bu!
Ocağın hisindən bomboz bozarmış xalatın yaxası da, ətəyi də yağ ləkələri ilə dolu idi. Umud yan-yörəyə göz gəzdirdi, elə bil ürəyini boşaltmaq üçün həmdərd axtarırdı. Əhəngi çoxdan qaralıb rəngini itirmiş divara baxdı. Bu divara soğan iyi hopmuşdu, bu iy gecələr də Umudun burnundan getmirdi. Umud xalatı iri ət kötüyünün üstünə tulladı.
– Bacarmıram, – dedi. – Zor deyil ki!
Başını balaca pəncərəyə dürtüb, müştərilərin arasında yeməkxananın müdirini nəzərləri ilə aradı. İçəridə adam çox idi, ağız deyəni qulaq eşitmirdi. Həmişə buralarda veyillənən müdir Umudun bu darıxdığı, təngidiyi vaxtda elə bil yağlı əppək olub yoxa çıxmışdı. Umud xörəkpaylayan caydaq oğlana əl elədi. Oğlan stolların yanından burula-burula, tələm-tələsik keçib pəncərəyə yaxınlaşdı. Umud arın-arxayın dedi:
– Özünüzə adam tapın... Məndən sizə aşpaz olmaz.
Umud caydaq oğlanın təəccüblənməyini də görmədi, duzlu-istiotlu söyüşünü də eşitmədi. Ət iyi, yağ iyi verən isti mətbəxdən yel-yepərək çıxdı.
Umudun canı od tutub yanırdı. Güman eləyirdi ki, beyni pıqhapıqla qaynayır, təpəsindən buxar qalxır. Alnında, çənəsində muncuqlanan təri əlinin dalı ilə sildi. Yenə burnuna zəhrimar soğanın iyi dəydi, elə bil ovcunda bir baş soyulmuş soğan tutmuşdu... Addımlarını yeyinlətdi. Özünü artezian quyusuna güclə çatdırıb, yarımqol, nimdaş köynəyini soyundu. Boynunu yoğun borudan şarhaşarla axan ilıq suyun altına tutdu. “Görəsən, işdən getməyimə dədəm nə deyəcək?”. Su kürəyinə axanda Umud elə bildi ki, kürəyi qızmar dəmir kimi cızıldadı. “Xalıq dayı abrımı alacaq. Deyəcək, gündə baş-beynimi aparıb iş istəyirdin məndən. Deyəcək, onca gün kürənin dalında dayanmağa təpərin olmadı”. Umud qollarını dirsəyəcən sarımtıl palçıqla sürtüb yudu. Əllərini iylədi. Deyəsən, əllərindən yenə soğan iyi gəlirdi. “Bacarmıram, vəssalam. Çox da ki, əsgərlikdə aşpaz olmuşam. Heç aşpaz olmamışam, aşpaz Kirsanova kömək eləmişəm. Buyruğa baxmışam: su gətir, kələm doğra, bu qazana kartof tök, bu qazanı qarışdır...”
Umud köynəyini geyinib fikirli-fikirli addımladı. Kəndin uzun, tozlu küçəsinə düşüb gedirdi. Hara gedir getsin, təki səsli-küylü yeməkxanadan uzaq olsun. Uzaq, uzaq, uzaq! Damı şiferli, çöl divarları çat-çat olmuş yeməkxananın birmərtəbəli, uzunsov binasını görməmək üçün tini burulub enli küçəyə çıxdı. “Xalıq dayı acıqlansa, qiymət cədvəlini göstərəcəm ona. Deyəcəm, ay sədr, Barnaulda iki ay aşpazlıq kursunda oxumuşam. Daha doğrusu, oxutdurublar məni. Deyəcəm, qiymətlərimə bax, təpədən dırnağa “üç”dür. Bircə dənə də “dörd”üm yoxdur, hələ “beşi” demirəm. Deyəcəm, ay sədr, bir adam ki, sənətini “üç”ə bilə...”
Sədrin “QAZ-69”u Umudun yanında dayandı. Maşının qabaq qapısı şaqqıltı ilə açıldı və Umudun bayaqkı fikirləri pərən-pərən düşdü.
Xalıq zəndlə Umuda baxdı, ancaq Umud anlamadı ki, bu necə baxışdı. Sədrin altı tuluqlanmış yorğun gözləri Umudun üzünə zillənmişdi, amma, deyəsən, Umudu görmürdü. Xalıq danışmaqdan təngə gəlmiş adam kimi ərincək-ərincək dedi:
– Axşam dədəni də götürüb bizə gələrsən.
Sədr, şofer Piriyə də ərincək-ərincək baxıb qapını çırpdı. Piri maşını tərpətdi. Tozun içində “QAZ-69”da görünməz oldu, Umud da. Sapsarı toz Umudun ağzına, burnuna doldu. Umud gözlərini yumdu. Fikirləşdi ki, toz pərdəsinin içindədir. Ona elə gəldi ki, bütün dünya tozun içindədir. Umud nəfəsi tıncıxa-tıncıxa gözlərini açdı. Sarı pərdə hərəkətdə idi, əriyirdi, seyrəlirdi. Umud yavaşca nəfəs çəkdi və elə bildi ki, toz burnunun deşiklərindən keçib dilçəyində palçığa döndü. “İşdən getməyimi nə tez sədrin ovcuna qoydular?”
Umud evlərinə sarı gedən cığıra buruldu. Papiros çıxardıb yandırdı. Fikirləşdi ki, yəqin indi yeməkxanada aləm bir-birinə qarışıb. Camaat xörək istəyir, müdir də qapının ağzında dayanıb hər gələnə elan eləyir ki, aşpaz qaçıb, sonra da Umudun qarasınca dişinin dibindən çıxanı deyir. İndi müştərilər, güman ki, Umudu lağa qoyub gülürlər. Umud da ürəyində onların cavabını verdi: “Hamınız avarasınız. Hamınızın kənddə ev-eşiyi var. Örüşdən qayıdan mal-qara kimi toxsunuz. Yeməkxanaya laqqırtı vurmağa, qeybət qırmağa gəlirsiniz”.
Umud uzaqdan gördü ki, həyətlərindən ağımtıl tüstü qalxır. Düşündü ki, atası havayı zəhmət çəkir. Ağcaqanadın nə can-cəsədi var ki, tüstüdə boğulsun. “Dədəm axşamlar nahaq təzək yandırır, tay da dəlmə-deşikdəki ağcaqanadları ürküdür, onlar da hirslənib daraşırlar canımıza”.
Umud əlindəki papirosu hələ yarıyacan çəkməmişdi. Yarımçıq atmağa heyfi gəlirdi. Papirosla da həyətə girmək olmazdı, çünki Umud bu vaxtacan nəinki atasının, heç qardaşı Kamranın da yanında damağına papiros qoymamışdı. Umud pitraq kollarının arasından keçən ensiz cığırın tən ortasında dayanıb, papirosunu arxayın-arxayın sümürdü. Başını qaldırıb göyə baxdı. Göydə günəş görünmürdü. Təkcə qızartısı qalmışdı. Yavaş-yavaş toran qarışırdı, ancaq gündüzki isti hələ səngiməmişdi. Hələ hava bürkülü idi. Havadan toz iyi gəlirdi. Bu toz iyi Umudun yadına Xalığı saldı. Xalığın torbalanmış yorğun gözlərini saldı. “Sədr, deyəsən, məni dədəmin yanında tənbeh eləmək istəyir”.
Umudun qulağının dibində bir ağcaqanad zümzümə çaldı. Bu zümzümədən Umudun bədəni uyuşub açıldı. Umud Altayda əsgərlik çəkmişdi. Altay meşələrində bal arısı boyda ağcaqanadlar görmüşdü, amma onlardan bu qədər qorxmamışdı, çünki onların səsi belə zəhmli deyildi, iynələri belə acı, belə ağrılı deyildi. Bu kəndin ağcaqanadları çox həyasız idi, sancdığı yeri yandırmasa, şişirdib yara eləməsə, adamdan əl çəkmirdi... Bayaqkı zümzümə birdən-birə kəsildi. Amma Umud sevinməyə macal tapmadı, sol əlinin üstünə elə bil iynə ucu boyda köz basdılar. Umud baş barmağının yanındakı xıpxırda, sarımtıl ağcaqanada baxdı. Bu sarımtıl ağcaqanad get-gedə böyüdü, rəngi dəyişdi onun, qarnı qıpqırmızı qızarıb yumrulandı. Umud dişlərini dişlərinə sıxıb əlinin üstündəki göynərtiyə dözdü. “Sor qanımı köpəkoğlunun malı. Qarnın partlayınca sor”. Ancaq ağcaqanad partlamaq bilmirdi. Gənə kimi yapışıb qalmışdı. Umudun əlinin üstündə, deyəsən, yükünü qaldırmağa ağca-qılca qanadlarının gücü çatmırdı.
Umud papirosu tullayıb sağ əlinin üstünə şappıltı ilə vurdu. Ağcaqanad xıncım-xıncım oldu və Umudun öz qanı öz əlinə yayıldı.
Umud həyətə girib yan-yörəyə göz gəzdirdi, ancaq atasını görə bilmədi. Təzək qalağının aşağısından süd rəngli qatı tüstü qalxırdı. Yuxarı milləndikcə tüstü seyrəlib saralırdı, sonra tamam göyərirdi. Bu üçrəngli tüstü burulğanının dalından Məcid kişi öskürə-öskürə çıxdı. Özü də ağappaq tuman-köynəkdə idi, heç tüstü sütunundan seçilmirdi.
Kişi artırmanın qabağında mat-məəttəl dayanmış oğluna baxdı.
– Ditdilinin dədəsinə od vurmuşam. – dedi. Ayağındakı şap-şupları sürütləyə-sürütləyə gəlib Umudla üzbəüz dayandı.
Məcid kişinin enli alnının tən ortasında bir ağcaqanad oturmuşdu. Deyəsən, tərpənmək fikri yox idi, ömürlük qonmuşdu ora. Umud axşamın toranında atasının çəhrayıya çalan uzunsov sifətinə, çal qaşlarına nəzər saldı. Sonra kişinin alnında qara xala oxşayan ağcaqanada baxdı.
– Sancmır səni? – dedi.
– Nə?
– Alnındakı ağcaqanad.
Kişi çal qaşlarını çatdı. Alnındakı qırışlar dartılıb enləndi. Ağcaqanad tərpənmədi ki, tərpənmədi.
Umudun hövsələsi lap daraldı.
– Qov onu, dədə. Qanını sorur axı.
– Mənim nə qanım var ki, Allahın bu heyvanı da sora.
Təzəyin acı tüstüsü Umudun gözlərini gicişdirirdi, boğazını göynədirdi. Umud artırmaya çıxıb işığı yandırdı. Bu işıqda həyətin tüstüsü dağ dumanına oxşadı.
– Nahaq gözlərini kor eyləyirsən, dədə. Tüstü ağcaqanadın vecinə deyil.
Kişi də artırmaya qalxdı.
– Vecinə oldu, olmadı... Onsuz da həyət-bacadakı zir-zibil yanmalıdı.
Umud bilirdi ki, atasının ağcaqanaddan qorxusu yoxdur, atası onunçün əlləşir, gecələr miçətkəni də onunçün qurur.
– Aclığın var?
Umud cavab verməmiş təzədən atasının alnına baxdı. Qara xala oxşayan ağcaqanadı görmədi orda. Deyəsən, ağcaqanadın ağzı boşda qalmışdı. Yetmiş il dünyanın isti-soyuğuna tab gətirib köşəyə dönmüş bu qırışlı alından bircə damcı da qan sora bilməmişdi.
– Qayğanaq bişirimmi?
Umud başını buladı:
– Toxam.
– Orda yemisən?
Umud fikirləşdi ki, indi hər şeyi açıb deməyin məqamıdır. Onsuz da bir azdan Xalığın yanına gedəcəklər, Xalıq taxçada-boğçada nə varsa, tökəcək ortalığa.
– Xörək bişirmək arvad işidi, dədə.
Məcid kişi oğlunun nəyə işarə elədiyini anlamadı.
– Əlacımız nədi? Evdə arvad xeylağı olmayanda gərək özümüz...
– Onu demirəm... İşdən çıxmışam... Aşpazlıq arvad peşəsidi.
Məcid kişi yanını taxta çarpayının qırağına qoydu. Əvvəlcə boynunu qaşıdı, sonra köynəyinin ətəyini qaldırıb qarnını qaşıdı.
– Bə çöldə tər tökmək arvad işidi? – dedi. – Traktor sürmək arvad sənətidi? Bə onlar niyə şikayət eləmirlər?
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-quyu
Use ← → keys to move, R for a random poem
More by this author
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Poems by other poets
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost