Şehli çəmənlərin işığı
Page 1 of 4
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.
Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Mirzə pəncərənin qabağına gəldi. Küləyin hirsi-hikkəsi səngimişdi. Ağacların, dirəklərin dibində qar təpələnmişdi, evlərin damı ağappaq idi. Bu ağlığın sonu, nəhayəti görünmürdü. Təkcə səma tutqun idi. Göyün bozluğu qəsəbənin başı üstündə pərdə kimi asılmışdı, hələ axşama çox vardı; ancaq hava alatoran idi. Qırx il idi ki, Mirzə bu diyarın boranına-çovğununa tab gətirirdi, amma Mirzənin ab-havadan belə darıxdığı olmamışdı. Görəsən, bu göyün sinəsi boşalacaqmı? Hələ çox yağacaq: bu ay da, gələn ay da, o biri ay da. Dünyanın hər yerindən qış ayağını çəkəcək, ancaq burda yenə taxtapuşların qırağından sırsıra sallanacaq.
Mirzə bu torpağa ilk dəfə qədəm qoyanda müharibə təzəcə qurtarmışdı, onda Mirzə davanın od-alovunu, cəhənnəmini görmüş cavanca oğlan idi. Ordudan buraxılandan sonra evlərində cəmi bir ay qaldı. Anasına bir şəkil göstərib dedi, yanımda dayanan bu qız Ninadır, gedib bunu gətirməliyəm, ana, izin verin. Arvad şəklə baxdı: əsgər geyimli, göyçək qız başını Mirzənin çiyninə söykəyib elə gülümsəyirdi, elə bil dünyanın ən bəxtəvər adamı idi, elə bil bu şəkli davada yox, toy günündə çəkdirmişdi. Arvad sevindiyindən ağladı, dedi, buna qurban olum, sənə də, izni allah verib, oğul, get gəlinimizi gətir. Mirzənin deyiklisi-filanı yox idi, bu qız onun ilk məhəbbəti, gözünün ilk ovu idi, həm də Mirzə onu bombaların, güllələrin altında, qan-qadanın, ölümün içində tapmışdı – niyə gedib gətirməsin? “Get, bala, get gətir, allah sizi xoşbəxt eləsin. Qoşa qarıyasınız, oğullu-qızlı olasınız. Get gətir, başına dönüm”.
Amma Nina gəlmədi. Dedi, faşist köpəyoğlu təhsilimi yarımçıq qoyub, gərək həkim olam mən. Haqq sözə Mirzə nə qulp qoya bilərdi? Gedib daş kömür mədənində işə düzəldi, gözlədi ki, Nina diplomunu alsın.
Sonra Ninanın oğlu oldu, Mirzənin başı qarışdı onu böyütməyə. Oğlan üç yaşına çatanda Nina bir qız doğdu. Rayona qayıtmaq sözünü Mirzə day dilinə gətirmədi... Mirzənin anası oğlunun yolunu gözləyə-gözləyə canını tapşırdı allaha... Gün gəldi, ata da bu dünyadan köçdü. Daha doğma yurdda Mirzənin kimi var, nəyi var? Bir bacı qalıb, o da ərdədi. Həm də mevacibli işi, üz-gözün öyrəşdiyi dost-tanışı, doğmalaşdığın yerləri qoyub hara gedəsən? Həyatını təzədən necə qurasan, necə sahmana salasan? Burda yaxşı motorçu kimi ad qazanıb, sayılan mütəxəssislərdəndir. Zərrə-zərrə qazanılan hörməti birdən-birə heçpuç eləməyə kimin ürəyi gələr? Axı, o yerlərdə Mirzə kimin yadına düşür, kimə lazımdır?
Axşam Mirzə yun şala bürünüb oturdu televizorun qabağında, amma bir gözü qapıda, qulağı səsdə idi. Kaş bir adam girəydi içəri – kim olur-olsun – gəlib sözü, nəfəsi ilə Mirzənin ürəyindəki buzu əridəydi. Nina öləndən bəri bu mənzilin işığı, hərarəti azalmışdı. Nina tez getdi dünyadan. İnsan üçün əlli beş yaş nədir ki? Belə də iş olar: cavanlığında gündə yüz yol ölümün gözlərinə baxasan, onunla gizlənqaç oynayasan, sonra da əlli beş yaşında, dünyanın qulağıdinc vaxtında qəflətən öləsən? Ədalətsizliyə bir bax. Kimə giley eləyəsən, kimdən kimə şikayətlənəsən?..
Mirzənin oğlu gəldi. Gətirdiyi qocafəndi köynəyi dolabçanın üstünə qoyub dedi:
– Təbrik eləyirəm, papa. – Sonra soyuq dodaqları ilə atasının üzündən öpdü, dirənə-dirənə: – Uşaqları evdə tək qoymuşam, – dedi.
Mirzə anladı ki, oğlu elə-belə, atasına ayaqüstə dəyməyə gəlib. Soruşdu ki:
– Bəs arvadın hanı?
Oğlan gözlərini qıyıb stolun üstündəki teleqramı oxudu: “Əziz ata, sənə bu qədər də ömür arzulayıram. Hədiyyəni göndərəcəm. Səni hədsiz sevən qızın Maya”. Oğlan teleqramı oxuyandan sonra atasının sualına cavab verdi:
– Lida növbədədir, papa, xəstəxananı qoyub gələ bilməz. İndi nizam-intizam məsələsinə ciddi verirlər, həkimin haddi nədir ki, növbəni buraxıb beşcə dəqiqəliyə harasa getsin.
Mirzə gözlərini televizorun ekranına zilləsə də, orda heç nə görmürdü, elə hey başını yelləyirdi. Qəbri nurla dolsun Ninanın, özü həkim idi, istəyirdi ailədə hamı həkim olsun. Arzusuna çatdı: oğlunu da həkim elədi, qızını da. Xoşbəxtlikdən gəlin də həkimdir. Həkim çox, amma dərd-sər yenə azalmır, Mirzənin canı yenə ağrıyır, Mirzə günü-gündən qocalır.
Kişi köks ötürüb pıçıltı ilə dedi:
– Belə-belə işlər, Anatoli Mirzəyeviç.
Anatoli atasının sözlərini başqa yerə yozdu.
– Sən Lidadan incimə, – dedi. – Lida sənin xətrini çox istəyir. Sabah növbədən çıxan kimi gələcək səni təbrik eləməyə. – Deyəsən, atasının bugünkü ovqatı, xəstə görkəmi, tənhalığı Anatolinin qəlbini ağrıtdı. Oğlan kişinin ağarmış qaşlarına baxıb, yüngülcə ah çəkdi, onun çiynini sığallaya-sığallaya, uşaq ovundururmuş kimi, mülayim səslə danışdı:
– Elə bilmə ki, övladların qədirbilməzdilər. Yox, papa, biz sənin yolunda ölümə də gedərik. Neynəyək ki, hamının başı qarışıqdı, hərənin öz qayğısı, vacib işləri var. Sən heç Mayadan da küsmə; bu qarda-boranda üç yüz kilometr yolu necə gəlsin? Körpə uşaqları var, əri hərbiçidir, buraxmırlar, axı.
Oğlunun mütəəssir eləməmək üçün Mirzə gülümsəmək istədi, ancaq təbəssümü dodaqlarının cəvcəsində donub qaldı və Anatoliyə elə gəldi ki, atası ağlamsınır. Oğlu atasının çiynini qucaqladı. İstədi desin ki, “ayıb deyil?”, ancaq bircə kəlmə:
– Papa. – dedi.
Mirzə toxtaq səslə:
– Get. Doktor, – dedi, – uşaqlar evdə təkdirlər.
Anatoli atasının o üzündən-bu üzündən üç dəfə öpüb getdi.
Otaq soyuq olmasa da, Mirzə hiss elədi ki, üşüyür, çiynindəki yun şala bərk-bərk büründü. Təzədən baş qaldırıb uğultu-çığırtı ilə özünü daş binalara çırpan hikkəli-qəzəbli küləyin səsinə qulaq asa-asa fikirləşdi ki, bu dünyada insanın yaşamaq, yaratmaq, əlləşib çarpışmaq borcundan savayı bir məcburi, mütləq borcu da var: ölmək! Deyəsən, vaxtdır, axı...
Mirzə qalxıb televizoru söndürdü, ayaqlarını parket döşəmədə sürüyə-sürüyə pəncərənin önünə gəldi. Alaqaranlıq çöldə ağ toz kimi sovrulan qarı görəndə yun şala daha da bərk bürünüb fikirləşdi ki, belə havada ölüb camaata əziyyət vermək heç insafdan, kişilikdən deyil. Bu an elə bil ürəyinin hansı guşəsindəsə bir şam yandı və bu şam onun yaddaşının zülmətində qalmış uzaq illərin üstünə şəfəq saldı. Mirzə “inqə” çağırıb dünyaya göz açdığı, nə vaxtsa torpağında ayaqyalın gəzdiyi, çəməninin şehində, göyünün yağışında islandığı, bağ-biyabanlarında gəranayladığı diyarı yüngül, işıqlı bir yuxu kimi xatırladı. İndi martın axırıdır, yəqin orada ağaclar çiçək açıb, havadan ətir qoxusu gəlir, quşlar budaqdan-budağa qonub cəh-cəh vururlar, gecələr çaylarda, gölməçələrdə qurbağalar tənbəl-tənbəl quruldayıb adama mürgü gətirirlər.
O gecə Mirzənin yuxusu ərşə çəkildi. Mirzə gözlərini yuman kimi çiçək açmış ağacları, yamyaşıl çölləri gördü, quşların mahnısını, qurbağaların qurultusunu eşitdi. Ömrünün əlçatmaz, ünyetməz çağlarında qoyub gəldiyi bir torpağın ətri dəydi burnuna. Heç olmasa, bircə dəfə üzünü o torpağa sürtmək, canında o torpağın hərarətini duymaq arzusu ilə ürəyinin başı göynədi. Yadına bir bayatı düşdü:
(Əzizim vətən yaxşı)
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.
Bu nədi, görəsən? Mirzənin ürəyinin hansı guşəsində yatıb qalmışdı bu bayatı? Qırx ildə bircə dəfə də dilinə gəlməmişdi. Bu sözləri kim qoşub, kim deyib belə? Yəqin ki, qürbətdə ölüm ayağında olanlar! Qürbətdə olmayan adam hardan bilər ki, “ölməyə vətən yaxşı!”
Bu fikirlər də, bu fikirlərin gətirdiyi ağrılar da Mirzə üçün xoş idi. Mirzə xəyalən körpəliyinə, gəncliyinə, işıqla, günəşlə dolu çağlarına qayıdırdı və bu qaranlıq otaqda Mirzənin ovqatı yavaş-yavaş yaxşılaşırdı. O işıqlı, günəşli çağlarına dönəndə Mirzə tanış, doğma sifətlər içində cizgiləri güclə sezilən ala-tutqun bir sifət də gördü. Mirzənin gözlərinin qabağında sanki duman pərdəsi vardı. Bu ağımtıl pərdə get-gedə aydınlaşdı, durulaşdı və Mirzə kinə rəngində, dəmrovlu bir sifət gördü, iri, yorğun gözlər gördü: dipdiri Həsən idi, durmuşdu Mirzənin qarşısında. Bu Həsən kimdir belə, bu Həsən hardan çıxdı? Mirzənin yaddaşının hansı ilməsində qalıb bu Həsən?
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-sehli-cemenlerin-isigi
Use ← → keys to move, R for a random poem
More by this author
Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Poems by other poets
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
TufanaBiydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Pərtövi-hüsni-cəmalın aləmi pürnur edərPərtövi-hüsni-cəmalın aləmi pürnur edər,Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.