Page 4 of 4 · 75%

Mirzə iki gündən sonra qayıtdı: icazə almışdı, iş adamı idi, burda çox qala bilməzdi, həm də vaxtının çoxunu yol aparırdı – oracıq deyil, buracıq deyil, get ki, çatacaqsan...

“Jiquli”nin siqnalını eşidəndə Mirzə fikirdən ayrıldı. Gördü ki, qədir maşından düşüb, gülümsəyə-gülümsəyə ona tərəf gəlir.

Qədir dedi:

– Qağa, on iki Həsən tapmışam, amma heç hansı sən axtaran döyül. Çopur Həsən var... Qayqanaq Həsən... Moyka Həsən... Köndələn Həsən... Kukla Həsən... Çoxu da səndən cavandı.

– Mən axtardığım Həsənin üzündə dəmrov vardı.

Təəccübdən Qədirin qaşları dartıldı.

– Başına dönüm, qağa, indiyə dəmrov qalar?

– Rayona bitişik binədən gəlmişdi.

– İndi binə nə gəzir? Rayon addayıb keçib binənin üstündən. Amma tapacam, fikir eləmə, sağdırsa, əlimdən qurtara bilməz.

Mirzə minnətdarlıq yağan baxışlarını Qədirin qaramtıl üzündə gəzdirdi. Qədir necə qayğıkeş, necə istiqanlı adam imiş. Bu ucaboy, arıq kişinin gücünə, təpərinə, fərasətinə bax. Çörək zavodunda işini də görür, bazarlıq da eləyir, həyət bacada da əlləşir, hələ desən, Mirzənin qulluğunda da durur.

Qədir qəbirlərin mərmər sinədaşılarına baxa-baxa dedi:

– Qağa, bunları mən də düzəltdirə bilərdim, amma kürəkən bir ayrı, oğul bir ayrı.

Mirzə yeznəsinə dil-ağız eləmək istəyirdi ki, yük maşınında qəbirlərin hasarını gətirdilər. Dəmir şəbəkə çox böyük idi, içinə dörd beş qəbir sığardı.

Qədir soruşdu:

– Qağa, bu boyda hasar nəyə lazımdı?

Mirzə başını mənalı-mənalı tərpətdi.

– Bəs özüm? – dedi, amma bu fikirdən indi bir az qorxan kimi oldu. Söz ağzından çıxmışdı, dalını gətirməliydi. – Aralarında yer yoxdu, yanlarında yer seçmişəm... Anam tərəfdən... Sağda atam, solda mən, ortada anam...

Adamın öz ölümündən belə arxayın danışa biləcəyi Qədirin ağlına heç cür batmırdı; mirzə elə danışırdı, guya sabah həyət-bacada görəcəyi işi götür-qoy edirdi.

Mirzə gözləri yol çəkə-çəkə:

– Belə-belə işlər, – dedi, sonra özünə gəlib, yan-yörəyə baxdı.

Bahar günəşinin qırmızımtıl-sarı şəfəqi yerə çökmüşdü və bu şəfəqdən yaşıl tər otlar, çiçəklər, ağaclar – hər şey alov rənginə çalırdı. İlıq havadan qızılgül ətri gəlirdi, uzaqda-yaxında quşlar cikkildəşirdi. Mirzə fikirləşdi ki, ilin bu əyyamında ölümdən danışmaq, vallah, axmaqlıqdır

Mirzə rahat köks ötürüb, gözlərindən təbəssüm tökülə-tökülə güzgü təki tərtəmiz göyə baxdı.

Elə bu vaxt yük maşınının sürücüsü – cavan oğlan – Qədiri səslədi.

– Qədir dayı, mənə Həsən məsələsi demişdin ha!

Qədir hələ heyrətdən özünə gəlməmişdi – key-key soruşdu:

– Nə Həsən, ə?!

Oğlan dedi:

– Tapşırmışdın ki, harda Həsən görsəm, sənə xəbər eləyim. Birini tapmışam... Rayona lap yaxındakı kolxozda – “Şəfəq”də işləyir. Mexanikdi... Yaşı altmış olar, familyası da Novruzovdur.

Qədir Mirzənin üzünə baxdı.

– Sənin Həsəninin familiyası Novruzovdu?

Mirzə başını buladı:

– Yadımda deyil.

* * *

Səhərisi gün rayonun yaxınlığındakı kolxoza Mirzə tək getdi.

Uzun talvarın altında çoxlu pambıqyığan maşın vardı, burda adamlar vur-həşirlə işləyirdilər. Mirzə kənardan hamıya göz qoydu, amma axtardığı Həsənə bənzəyən adam görmədi. Həsəni soruşdu. Maşınlardan birinin yanında ortaboy, dolubədən bir kişi qabağa gəlib, əllərini çirkli əskiyə silə-silə:

– Həsən mənəm, – dedi.

Mirzə zəndlə kişiyə baxdı. Yox, əşi, o Həsən hara, bu Həsən hara? O, arıq idi, onun boğazı armud saplağı kimi idi, gözləri də alma boyda. Bu, cantaraqdır, sağlamdır, bunun bilikləri pəhləvan biləklərinə oxşayır, gözləri o qədər də iri deyil.

Mirzə başını bulayıb mızıldandı:

– Bağışlayın, mənə başqa Həsən lazımdı.

Kişi gülümsədi.

– Nə fərqi var? – dedi. – Mən də dünyadakı Həsənlərdən biri. Əgər Həsənə işiniz düşübsə, mən hazır.

Mirzə sağ əlini sinəsinə qoyub:

– Var olun, – dedi. – O Həsən arıq oğlan idi... Üzündə dəmrov vardı... Xəstəhal... Gözləri də...

Kişi, Mirzənin sözünü yarımçıq kəsdi:

– Həsənin oğlanlığından gör nə qədər vaxt keçir. Hər il bircə kilo ətlənsə, bircə qırıq dəyişsə...

Mirzə də onun sözünü yarımçıq kəsdi:

– Otuz doqquzuncu ildə biznən yeddinci sinifdə oxuyurdu. İmtahanlara bir ay qalmış çıxıb getdi.

Kişi səsini alçaldıb, gözlərini qıya-qıya dedi:

– Çünki Qeysər müəllimin dərsində sən ona bir sillə vurmuşdun.

Mirzənin içindən bir sızıltı keçdi, sağ əli gör-gör göynədi, dili topuq çaldı.

– Mən... Mənim yanımda... mənnən qonşu bir qız oturudu. Yanımdakı partada... Alagöz, sarıbəniz... Adı da ya Çiçək idi, ya Göyçək.

Həsən:

– Yox, – dedi, – nə Çiçəkdi, nə Göyçək... Adı Qəşəngdi... Gözləri ala.

– Hə.

– Saçları sarı.

– Hə.

– Sən tərəfə çox baxardı.

– Doğrudu.

– İndi mənim arvadımdı o... Matın-qutun qurumasın, həmin Həsən mənəm. Mən səni görən dəqiqə tanıdım.

Mirzənin qıçlarına zəif bir əsməcə gəldi. Mirzə bilmədi Həsənə əl versin, yoxsa qucaqlasın onu.

Həsən özü qucaqladı Mirzəni.

– Xoş gördük! – dedi. – Hərdən yadıma düşürdün. Ürəyimdən keçirdi ki, səni bir görəydim, sənə “sağ ol” deyəydim. Sən onda məni vurmasaydın, mən Qəşənglə evlənməyəcəkdim... Onda gözlərimdən alov püskürdü. Həmin dəqiqə özümə söz verdim ki, Mirzənin acığına bu qızı alacam.

Mirzə, Həsənin qolları arasından çıxıb, onun qabarıq sinəsinə, enli çiyinlərinə nəzər saldı.

– Bir buna bax, – dedi. – onda skeletə oxşayırdı, adam bundan ürpənirdi.

– Onda otuz doqquzuncu il idi, qardaş, indi səksən beşdi. Gör neçə il keçib. – Həsən yaxınlıqdakı maşının yanında işləyən oğlanı göstərib:

– Kiçiyimdi, – dedi, – mənə oxşayır?

Mirzə gözlərini qıyıb oğlana baxdı.

– Yox, sarışındı, anasına oxşayır, – dedi və birdən oğlanı səslədi:

– Ay bala, onu düz qoymursan! – Mirzə oğlana yanaşdı, açarı ondan alıb özü başladı işləməyə.

Həsən dedi:

– Sən olan tərəflərdə pambıq əkmirlər, bu maşına hardan bələdsən?

Mirzə əllərini Həsənin əlindəki əsgiyə sildi.

– Mən matorçuyam, – dedi. – Daş kömür mədənində cürbəcür maşın var. Davada da tankçı olmuşam. Matorlardan başım çıxır. Davada olmusan?

– Məni qırx dörddə apardılar. Topçu idim, yüngül bir yara da almışam. – Həsən birdən-birə söhbətin səmtini dəyişdi.

– Nə əcəbgüzarın bu yerlərə düşüb?

Mirzə cavabı ləngitdi, istədi desin ki, ölməyə gəlmişəm, ancaq demədi; bilirdi ki, köçünü o dünyaya hazırlayan adama oxşamır. Gördü ki, Həsən gözlərini zilləyib onun ağarmış qaşlarına, – dedi:

– Torpaq çəkib gətirir.

Gecə yatağına uzananda Mirzə canında xoş bir yorğunluq duydu... Yuxuya nə vaxt getdiyindən özünün də xəbəri olmadı...

Obaşdandan siqnal səsinə oyandı. Sonra Qədir artırmadan çağırdı onu:

– Qağa, çöldə səni bir kişi gözləyir!

Mirzə pijamada tez küçəyə çıxdı. Tez də qayıtdı. Şüşəbənddə dayanıb nigaran-nigaran ona baxıb bacısına dedi:

– Həsən “Jiquli”ynən gəlib dalımca. Bir az yemək qoy, aparım, bəlkə gec qayıtdı. Maşınları yığıma hazırlamaq lazımdı... İş çoxdu.

Mirzə otağa keçib paltarını tələm-tələsik dəyişdi. Güldəstənin mətbəxdə bağlama düzəldə-düzəldə ağlamağından xəbəri olmadı.

Oktyabr, 1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 h 10 min
Küçələrə su səpmişəm...

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

197154 min
Quyu

I**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:

19761 h 25 min
Dədə palıd

Kürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.

19791 h 40 min

Poems by other poets