Bulaqların bir səmtədir axarı,“Salvartı”nın xoş görünür baxarı,Biçənəkdən at seyridib yuxarı,Yalmanına yata-yata gəlmişəm,Mərcan gözlü Batabata gəlmişəm.

“Qonaqgörməz” düşmənidir təkliyin,Ayaqları xınalıdır kəkliyin.Göl üstdəki güllüyün, çiçəkliyinXoş ətrinə bata-bata gəlmişəm,Mərcan gözlü Batabata gəlmişəm.

Dağ cığırlı, hər tərəfim duman, çən,Boz qayadan cüyür ürkdü qəflətən.Tüfəngimi sinəm üstə basım mən –Arxasınca ata-ata gəlmişəm,Mərcan gözlü Batabata gəlmişəm.

Mehmanınam on beşdə mən, beşdə mən,Gətirmişəm basdırmanı teştdə mən.Neçə ocaq tüstülədib döşdə mən,Birini də çata-çata gəlmişəm,Mərcan gözlü Batabata gəlmişəm.

Vüqarlıdır zirvələrin, qaşların,Üzə gülür qayaların, daşların.Mən İslamam, öz səsimi quşlarınNəğməsinə qata-qata gəlmişəm,Mərcan gözlü Batabata gəlmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets