3
Page 2 of 2 · 50%
Bayırda itlər hürüşdü. Nərgiz müəllimə diksindi. Dərhal şeylərini yığışdırdı:
– Mən öz otağıma gedim, yəqin İmran gəlir.
– Gələndə nə olar, qızım, o da sənin qardaşın.
– Yox, yox, işdən gəlir, bəlkə dincəlmək istəyir.
Tükəzban xala onu saxlamaq, İmran gələndə də çay süzüb qulluq etməsini görmək istəyirdi. Amma Nərgiz müəllimə dayanmadı, tələsik öz otağına keçdi. Bir xeyli sakitcə durub bayır qapısının açılacağını gözlədi. Lakin heç kəs gəlmədi. O, şagirdlərin dəftərlərini qabağına qoyub, bugünkü imlanı yoxlamaq istədi. Ancaq nədənsə həvəsi gəlmədi. İki-üç dəftəri yoxladıqdan sonra əlini saxladı. Birdən-birə evdə darıxmağa başladı. Pəncərənin qabağına gəlib pərdəni yığdı. Şüşənin tərini silib çölə baxdı. Asta-asta qar yağırdı. Evlərin çoxu gecənin qaranlığında ərimişdi. Bəzi evlərdən gələn işıqlar da bır-bir sönür, kəndi ağır sükut bürüyürdü. Bir az da keçdi. Qonşu otaqda səs-səmir kəsildi. Nərgiz müəllimə barmaqlarının ucunda qapıya yaxınlaşdı. Gecədən xeyli keçənə qədər oğlunu gözləyən Tükəzban xalanı yuxu aparmışdı. Samovar soyuyub zümzüməsini kəsmiş, süfrəyə əl vurulmamışdı.
Nərgiz müəllimə sakitcə arvada yaxınlaşdı. Əvvəlcə onu oyatmaq istədi, sonra fikrini dəyişdi. Yun şalı ehmalca Tükəzban xalanın üstünə örtüb, otağına qayıtdı. Ocaq sönmüşdü. Bir az əvvəl peçin altına sərilib, xorhaxor yatan boz pişik büzüşmüşdü.
Nərgiz müəllimə üşüdü, ocağı qalamaq istədi. İçəridə odun olmadığını görüb fikrindən daşındı. Səs-küy salıb ev sahibəsini yuxudan oyadacağından ehtiyat edərək, orta qapıdan keçib eyvana odun gətirməyə getmədi. Çırağın piltəsini aşağı çəkib yerinə girdi. Soyuq yorğan-döşəkdə daha da üşüdü. Nəfəsini yorğanın altına verib yerini birtəhər isitdi. Gözünə yuxu getdi.
Birdən Nərgiz üzünə yumşaq bir şeyin dəydiyini hiss edib dik atıldı. Boz pişik özünü onun qucağına saldı. Yerini rahatlayıb xoruldadı. Nərgiz onu tumarladı, yenə gözlərini yumub, yatmaq istədi.
Stolun üstündəki saat yeknəsəq ahənglə çaqqıldayırdı. Bu çaqqıltı get-gedə daha da güclənirdi.
Nərgiz o biri üzü üstə çevrildi. Yorğanı başına çəkdisə də, yata bilmədi. Ona elə gəldi ki, saat çaqqıltısı olmasa rahatca yuxuya gedər. Hətta bir-iki dəfə durub saatın səsini kəsmək istədi. Təklik, pişiyin xorultusu, saatın səsi onu darıxdırdı. Nərgizi xəyal götürdü. Məktəbə getdiyi, institutda oxuduğu günlər yadına düşdü. O vaxtlar Nərgiz nə qədər qayğısız idi! Qızlarla gəzir, bəzən kitab üstə mürgüləyib, yuxusuz gecələr keçirir, imtahan verir, kursdan-kursa adlayıb institutu qurtarmağa çalışırdı. Nərgiz müəllimə dostlarını - qızları, oğlanları yadına saldı. Görəsən indi haradadırlar? Leyla nə edir? Teymur necədir? Kəndə gələndən bəri Nərgiz onların heç birindən xəbər tutmamışdı. Nə məktub yazmış, nə də cavab vermişdi. O istəyirdi ki, keçmiş günləri unutsun. Heç nəyi, heç kəsi yada salmadan, kənddə tək-tənha yaşasın, lakin mümkün olmurdu. Xatirələr həmişə onu çəkib ötən günlərə aparırdı.
Nərgizə elə gəldi ki, Teymur otağın küncündə dayanıb baxır. Əvvəlcə mehribanlıqla gülümsəyir, nəzərləri ilə Nərgizi oxşayır, qəlbinə hərarət verir, lakin sonra bu baxışlar yavaş-yavaş soyuyur, buza dönür. Başqalarını görəndə qaynayan bu gözlər nədənsə Nərgizə baxanda şüşə kimi cansız və soyuq olurdu. Nərgiz dillənmək, ürəyini boşaltmaq, Teymurun nəzərlərinin nə üçün belə soyuq olduğunu soruşmaq istəyirdi. Lakin gözlər ondan uzaqlaşır, getdikcə kiçilir və qaranlıqda görünməz olurdu.
Nərgiz yerin içində dirsəklənərək, lampaya baxdı. İşıq zəifləyib titrəyirdi. Şüşənin içindəki piltonin alovu can verirmiş kimi, bir neçə dəfə pırıldayıb söndü. Otağa qaranlıq çökdü. Nərgizin qulağı cingildədi.
Birdən kəndin başında itlər hürüşdü. Səs-küy qalxdı, Nərgiz qulaq asdı. "İdarədən gəlirlər. Görünür iclasda imişlər" - deyə düşündü. O, kəndə gəldiyi beş ayda çox şey öyrənmişdi. Adətən camaat iclasdan çıxanda, ya da klubdakı tamaşadan dağılanda gecə yarıda kənd birdən canlanır, itlər səs-səsə verir, doqqazlarda bir-biri ilə xudahafizləşənlərin səsi ətrafa yayılırdı. Qızlar cingilüli səslə gülüşüb, oğlanlara söz atırdılar. Kəndin mərkəzindən başlayan bu hay-küy getdikcə ətrafa yayılır, evlərin çoxunda işıqlar təzədən yanırdı. Bir azdan isə yenə hər yer sakitləşirdi.
İndi də elə oldu.
Nərgiz müəllimə ürək döyüntüsü ilə İmranın ayaq səslərinə qulaq asdı. İmran eyvanda dayandı. Görünür, üst-başının qarını təmizləyirdi. Qapı açıldı. Nərgiz meşin paltonun xışıltısını eşitdi.
Tükəzban xalanın yuxulu səsi gəldi:
– Ay bala, heç canına yazığın gəlmir, səhərdən harada qalıbsan?
– Olmur, ay ana, iş o qədərdir ki...
– Elə bu işin hamısı səni ha gözləmirdi. Özünü niyə əldən salırsan? Bircə tez ol soyun, lap islanıbsan. Deyəsən, yaman qar yağır. Qulaqların gör necə qızarıb! Mənciyəzi də yuxu aparıb, ev-eşik soyuyub buza dönüb. İstəyirsən paltonu çıxartma. Ocağı qalayım, sonra...
– Heç nə olmaz, ana. Amma yaman acmışam.
Bundan sonra qarışıq səslər eşidildi. Stəkan-nəlbəki cingildədi. Odunların çıtırtısı eşiditdi. Deyəsən, ocağı bərk qaladılar. Bir azdan səs-səmir kəsildi.
Nərgiz qəzet xışıltısından başqa heç nə eşitmədi. "Yəqin yenə oturub qəzet oxuyur. Yazıq arvad yer salır, o isə elə stolun üstündəcə mürgüləyir".
Nərgiz axır vaxtlar İmranın çox gec yatdığını hiss edirdi. Bəzən onun ayaq tappıltısı az qala xoruz banına qədər qızı yatmağa qoymurdu. Nərgizə elə gəlirdi ki, İmran tez-tez onun qapısına yaxınlaşır, dayanıb qulaq asır, bəlkə də qapını aralayıb içəri baxır. Belə hallarda Nərgiz qalxıb yerin içində oturur, qorxulu-qorxulu, yorğanı açıq sinəsinə çəkir, gözünü zilləyib qapının açılacağını, İmranın içəri girəcəyini gözləyirdi. Lakin heç kəs onun mənzilinə girmirdi.
Qəribə idi. Axı ona nə olmuşdu? Nə üçün İmranın səsini, ayaq tappıltısını eşidəndə yuxusu qaçırdı? İmran ki, hələ ona toxunan bir söz deməmişdi, bircə dəfə onu narahat etməmişdi. Bəs səbəb nə idi ki, əvvəllər Tükəzban xala ilə birlikdə sakitcə yaşayan Nərgiz İmran gələndən sonra özünü narahat hiss edirdi?
Bunu Nərgiz özü də başa düşürdü. O ancaq bircə şeydən qorxurdu: sevə bilər. Bakıdan kəndə işləməyə gələndə özünə söz vermişdi ki, heç kəsin üzünə baxmayacaq, heç kəsi qəlbinə yaxın buraxmayacaq, elə ömrünün axırına qədər tək-tənha yaşayacaqdır. O, ikinci dəfə sevməkdən qorxurdu. Əvvəllər Nərgiz ikinci dəfə sevməyin mümkün olduğuna inanmazdı, hələ institutda oxuyanda Leyla onu danlayardı ki, "ağlını başına yığ, əsl sevgi sonra gələcək, ilk məhəbbət uşaqlıq xatirəsindən başqa bir şey deyil". O isə sözündən dönmür, kitabları vərəqləyib, romanlardan misal gətirirdi.
Əslinə baxsan, o, kəndə elə təkliyə çəkilmək üçün gəlmişdi. Bu məqsədlə də Tükəzban xalanın evini seçmişdi. "Sakitlikdir, bir qarıdır, bir də mən, qonşuluqda da oğlan yoxdur" - deyə özünə təskinlik vermişdi. Doğrudan da ilk günlərdə o, sakit dolanır, dərsdən sonra kitab götürüb bağa gedir, qaranlıq qarışanda pəncərə qabağında oturub yenə oxuyurdu. Hər səhər Tükəzban xala onun yastığının altından vərəqləri cırılmış kitab götürüb, stolun üstünə qoyurdu. Sonra da başını tərpədib öz-özünə pıçıldayırdı: "Bilmirəm bu qız cırıq kitablarda nə görüb? Dükanlarda satılan təzə kitablardan niyə alıb oxumur?"
Nərgizin həyatı bəlkə də belə sakit keçəcəkdi. Ancaq İmranın gəlməsi ilə hər şey dəyişdi. Elə ilk gündən, eyvanda görüşdükləri dəqiqədən o özünü narahat hiss etdi. İki-üç gündən sonra şeylərini yığışdırıb başqa bir evə köçmək istədi. Tükəzban xala qoymadı. İmran özü də xahiş etdi ki, getməsin.
Nərgiz özü də başa düşmədi ki, nə üçün razılıq verdi. İndi isə qəlbində iki hiss çarpışırdı... Nərgiz bəzən öz-özünü danlayırdı. "Təqsir özümdədir. Düz adamsan, onu görəndə özünü niyə itirirsən? Niyə yerin içində uzanıb onun ayaq səslərinə qulaq asırsan? Yıxılıb yata bilmirsən?.. Bir həftə bundan əvvəl gecə ayaqyalın, qonşu otağa keçdin. İmranın çiynindən sürüşüb düşmüş pencəyini götürdün, yavaşca çiyninə toxunub onu oyatdın ki, "dur, soyuq dəyər". Sən belə eləyəndə, əlbəttə, o da gizlincə sənin otağına girə bilər, üstündəki yorğanı düzəldər. Yox, günah məndədir. Özüm bu işləri törədirəm".
Nərgiz nə qədər çalışsa da olmurdu; elə bil dağ seli onu qoynuna alıb aparırdı. Bu işlərin sonu nə olacaqdı, Nərgiz özü də bilmirdi. Ona ancaq bircə şey aydın idi: gecələr yuxu gözlərindən qaçır, çarpayıda uzanıb qonşu otaqdakı İmranın nəfəsini dinləmək istəyirdi. Bəzən onun ağlına çox qəribə bir fikir də gəlirdi: İmranı öz otağında görmək istəyirdi. Belə vaxtlar ürəyi daha şiddətlə döyünürdü. Diksinərək yerindən sıçrayıb lampanın piltəsini qaldırırdı. O, indi də yerin içində çevrilib qonşu otaqdakı qəzet xışıltısına qulaq asırdı.
Bu gecə də Nərgiz dan yeri sökülənə qədər yata bilmədi. Səhər tezdən qalxıb şagirdlərin dəftərlərini yoxlayanda başı ağrıyırdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-ayrilan-yollar-3
Use ← → keys to move, R for a random poem
More by this author
Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar yoldaşlarının və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Onların sualına "daha bəsdir, evdə işim-gücüm tökülüb qalıb", - deyə təmkinlə cavab verdi.Onun atını gətirdilər. Bu neçə gündə arpa yeyib kökələn ot yüyənini çeynəyir, həndəvərinə hərlənən adamları dişləyib gəmirmək istəyirdi. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Ayağını üzəngiyə qoyub, atın belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi.
Birinci hissə, 7Əlləri qoynunda, eyvanın dirəyinə söykənib selləmə bahar yağışına tamaşa edən Salatını fıkir götürmüşdü. Şamxal evə qayıtmamışdı. Onun hara getdiyini dəqiq bilən yox idi. Atasının qorxusundan, bir də söz-söhbətdən xoşu gəlib ara qızışdıran arvadların üzünü görmək istəmədiyindən evdən eşiyə çıxmamışdı. Anası da o gündən bəri ağzı üstə döşənib qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü.Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə göndərmək istəmişdisə də, Zərnigar xanım: "Bircə onu görməyəcəksən, - deyə kişisinə cavab vermişdi.
Birinci hissə, 8Qoca ağır-ağır yoxuşu qalxırdı. Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir, çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. O, möhkəm islanmışdı. Dizi yamaqlı şalvarı, arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca, bədəninə istilik yayılırdı. O, iri, saçaqlı papağını boynunun dalına itələmişdi. Qırxıq başından buğ qalxırdı. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən uşaqlara, yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını yoxladı. Sonra yenə yoluna davam etdi. Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi.
Birinci hissə, 9Şamxal kəndin kənarında, biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanları ona kömək etdilər. Birləşib yer qazdılar. Meşədən dirək, kərən gətirdilər. Üç gün gecəli-gündüzlü işləyəndən sonra qazma daxmanın üstünü örtdülər.Damın pərdilərini Şamxal özü örtdü. Enli qovaq ağaclarını doğrayıb ortadan yardılar. Səliqə ilə yonub yan-yana qoydular. Şamxal evin dal tərəfindən balaca bir pəncərə açdı. Uşaqların hardansa tapıb gətirdikləri bir parça şüşəni ora saldı. Qara damın həyətində iri bir çardaq da tikdilər. Şamxal özü çardağın ətrafını yulğun çubuğu ilə hördü, torpağın süzülüb axmasının qabağını aldı. Həyətdəki ot-ələfi təmizlədi. Harda xırman açacağını, samanlığı, tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi.
Poems by other poets
Sənə deyim, aşıq Cünun,Gözlərimdə yaş inildər.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,