6
Hava çox gözəl idi. Axşamkı sazaqdan əsər qalmamışdı. Uşaqlar sürüşə-sürüşə məktəbdən qayıdırdılar. Bəziləri yoldan kənara çıxıb qarın təmiz yerində arxası üstə uzanır, öz şəkillərini qara salırdılar. Ağaran çöllər işıldayıb, adamın gözünü qamaşdırırdı. Camaatın çoxu kürək götürüb damların qarını kürüyürdü. Gümüşü tozcuqlar havaya qalxıb bərq vururdu. Uşaqlar malları qabaqlarına qatıb suvarmağa aparırdılar. Kənddən xeyli aralı olan düzənlikdə uşaqlar qaçışır, itlər nəyi isə qovurdu. Deyəsən, qara düşmüş dovşana rast gəlmişdilər.
Tükəzban xala səhəngini dalına alıb asta-asta arxa doğru gedirdi. O, şad idi. Qarıya elə gəlirdi ki, göyün tərtəmiz olması, neçə gündən bəri görünməyən günəşin indi parıldaması, quşların çəpərin üstünə qonub civildəşə-civildəşə özlərini günə verməsi oğlunun ayağının sayəsindədir. İki aya yaxındı ki, o, kəndə gəlmiş, özü ilə bərabər ana qəlbinə istilik gətirmişdi.
Tükəzban xala arxa yaxınlaşdı. Səhəngini düşürüb yerə qoydu. Dolçanı buzun sınmış yerindən su ilə doldurub səhəngə boşaltdı. Qabı kənara çəkib ağzını tıxacla bağladı. Getməyə hazırlaşırdı ki, uzun və gen donunun ətəyi yerlə sürünən, başını çalmalamış Gövhər qarı böyürdən çıxdı.
– Ay Tükəzban, sən də mənim kimi sonsuz ha döyülsən, nə vaxta qədər özün su daşıyacaqsan?
Gövhər qarı səhəngi açıb yerə qoydu. "Bəduğur, heç ağzını xeyirliyə açmır, elə bayquş kimi ulayır" - deyə fikirləşən Tükəzban xala acıqlı-acıqlı:
– Sonsuz niyə oluram, - dedi, - sağ olsun İmranım.
– Mən də deyirəm sağ olsun. - O, Tükəzban xalaya bir az da yaxınlaşdı. - Ay qız, kimi gözləyirsən, gözünü allah niyə yumubdur? Bu gözəl-göyçək qızların birini aparıb qoysana evə... Nə vaxla qədər su daşıyıb, ev süpürəcəksən? Dünyanı tutub durmayacaqsan ha, heç olmasa ölməmişdən nəvə gör, ay batmış! Qoy sənin də ətəyini uşaq islatsın.
Qarı xırıltılı səslə güldü. Əgər bu sözləri başqa birisi desəydi. Tükəzban xalanın ürəyinə yatar, bəlkə də o, həmin adamla ağız-ağıza verib danışar, oğlunun toyundan, nəvəsini necə oynamaq istəməsindən söhbət açardı. Amma onun-bunun qapısında qulluqçuluq edən Gövhər qarı ilə bu barədə söhbət eləməyi o, ağlına belə gətirmirdi. Əslinə baxsan, Tükəzban xalanın elə cavanlıqdan Gövhərdən xoşu gəlməzdi.
Bu qarı ilə iki kəlmə danışdı qurtardı: gərək qulaqlarını tutub qaçasan. Tükəzban xala ona ağızucu cavab verdi.
– Hər şeyin vaxtı var.
– Bəs nə vaxt? Oğlun gələndə mən elə bildim toy eləyəcəksən. Elə qulağım səsdəydi, deyirdim bu gün, ya sabah məni çağırtdıracaqsan, məsləhləşəcəyik. İmrana özüm su sonası kimi qəşəng bir qız seçəcəm.
– Özü balaca deyil. Ürəyi kimi istəyər, onu da alar.
– Ay Tükəzban, niyə uşaq kimi danışırsan? Gədə cavandır, beyni qandır, o nə qanır yaxşı-yaman nədir? Gərək ortada mənim kimlə dilavər bir adam ola ki, tükü-tükdən seçə bilə. Yoxsa, allah eləməmiş, birdən gedib eləsini alar ki, el içində biabır olarsız. Atalar nahaq yerə deməyib ki, xasiyyətini bilmədiyin atın dalına keçmə. İndi, ağrın ürəyimə, gərək qızın əslini-nəslini biləsən, qohum-əqrəbası ola. Yoxsa bildirçin kimi ortada tullanan saçıkəsik qızlardan birini gətirib qoydun evinə, ondan nə çıxar? İki gündən sonra səni saçlayıb döyər. Yox, ay Tükəzban, İmran yaxşı uşaqdır. Onun boyuna qurban olum. Gül kimi baladir. Əhd eləmişəm, gərək qızı ona özüm seçəm. - Qarı, Tükəzban xalanın qaşqabağını tökdüyünü və getmək istədiyini görüb, onun biləyindən yapışdı.
– Bircə sözümə qulaq as! Mən deyənə baxsan, zərər çəkməzsən. Kimin işinə qarışmışamsa, hamısı oğullu, uşaqlı, ev-eşik sahibi olubdur. Yoxsa inanmırsan? Xoşqədəmin oğluna qızı mən tapmadımmı?
İndi pis dolanırlar? Alqazaxlıların Mədədini də mənciyəz evləndirmədimmi? Yetimin biri idi, indi dalını dağa söykəyib. Qurban kimi bir kişinin baldızı qızını alıb. Elə yuxarı obadakı Səməd kişinin oğlunu götür, onu da mən adam eləmədimmi? Evində bir cırıq palazı da yox idi, indi sədrin "Pobeda"sında gəzir. Hələ dul Yetərin oğlunu demirəm. Hə, indi nə deyirsən? Sən bir balaca mənə him elə, sonrasıynan işin yoxdur. Ona elə bir qız tapım ki, kəklik kimi səksin. Su içəndə boğazında görünsün.
Tükəzban xala lap darıxdı.
– Ay arvad, qurtar görək, - dedi, - tələsirəm, evdə işim var.
– Bir buna bax ey, beləsinə deyiblər ki, dazın daznan yatdığı, dazın da naz atdığı. Ay qız, evdə körpə uşağın var? Qoy mən də sənəyimi doldurum da.
– Di tez ol.
Gövhər qarı bir-iki dolça su götürüb səhəngə tökdü və dayanıb Tükəzban xalaya baxdı.
– Yoxsa bir gözaltın var, məndən gizlədirsən? Sonra ağlını oğurladıb dağa-daşa əl atarsan ha! İmranı mən səndən də çox istəyirəm.
"Allahın xatası, işə düşmədik... Bu imansız əl çəkməz ki!"
– Tükəzban xala ürəyində deyindi.
– Ay arvad, bircə tez ol!
Gövhər qarı tələsdi, səhəngini hıqqına-hıqqına dalına qaldırıb çatı ilə sandı. Yola düşəndə yenidən başladı:
– Sonra ürəyinə ayrı fikir-zad gələr. Qızım yox, ona verəm, bacım yox, evinizə göndərəm. Mən səndən ötrü deyirəm. Bir olan allah özü şahiddir ki, mən həmişə İmran öz balam hesab eləmişəm. Maşallah, ağıllı-kamallı uşaqdır. Allah bədnəzərdən saxlasın. Tükəzban xala titrək səslə:
– Amin, - dedi.
– İndi mənim dediyim odur ki, özünə layiq bir qızla evlənsin. - O, səsinə daha mehriban ahəng verdi. - Bir-iki gün bundan əvvəl bizim Sayalını gördüm. Onunda İmrandan yamanxoşu gəlir. Deyirdi, yetişmiş qızım olsaydı, elə ona verərdim. Tükəzban xala yavaş-yavaş ehtiyat eləməyə başladı:
– Ay arvad, sən allah, belə sözləri danışıb uşağı dilə-ağıza salma.
– Bıy, başıma xeyir! Ay qız, mən nə deyirəm ki? Xalq oğlunun tərifindən xoşlananda, bu da burun-qulaq sallayır. Bircə bunun pirinə təpik atmağına bax. Sayalının ərlik qızı olub, sənin oğluna versəydi, gərək papağını göyə ataydın. Xalq allahdan istəyir ki, elə bir adamnan qohum olsun. Kişinin adını bir karvan dəvə çəkmir, irayonla bir olub az qalır Moskoydan bəri hər yeri ağzına götürsün. Tükəzban xala daha dözə bilmədi:
– İndi məndən nə istəyirsən, ay arvad? Nə Sayalının ərlik qızı var, nə mən ona elçi gedirəm. Daha baş-beynimizi niyə tökürsən? Hər kəs yaxşıdır öz evində. Mənə nə?
– Kiri, kiri, ay qız, bu sözünü eşidən olsa səni qınayar. Onlar doqqaza çatdılar. Tükəzban xala yaxasını qarının əlindən qurtarmaq istədi.
Ancaq Gövhər qarı əl çəkmədi.
– Qoy sizin qapıdan keçib bağların arasıynan evə gedim. Bura kəsədir. Bir də palçığa bata-bata yolnan kim getsin... hə, onu deyirdim. Qoyursan ki, bir sözümü qurtarım!.. Hə...nə olar, Sayalının qızı yoxdur, baldızı qızı var. Maşallah tavus quşuna oxşayır. Cığalarının hər birini bir oğlana dəyişməzsən. Qaşını süzüb gözünü oynadanda adamın canını alır.
Tükəzban xala birdən geri dönüb, Gövhər qarının düz gözlərinin içinə baxdı. Onun dodaqları titrədi:
– Bir də bu sözü ağzına alsan, ağbirçəkliyinə baxmaram. Eşitdinmi. Bir daş altda, bir daş üstə. Yoxsa gen dünyanı başına dar elərəm!
Qarı səsini xırp kəsdi, cücə gözlərini oynadıb mat-mat baxdı. O, elə bilirdi ki, bu sözü eşidən kimi Tükəzban xala onun əl-ayağına düşəcək, "amanın bir günüdür, bunu düzəlt!" - deyəcək. Amma tərsinə oldu.
– Yaxşı, yaxşi, aləmi başına tökmə, görək. Bir sözdür dedim. Xata ha olmadı. Bir də, elə onu sənin oğluna verən vardı.
Onlar həyətə girdilər.
Gövhər qarı hıqqana-hıqqana səhəngini düşürüb pilləkəndə oturdu.
– Yaman yoruldum. Bir az dincimi alıb gedəcəm.
Nərgiz müəllimə həyətə çıxdı. Əlində balta vardı.
– Qızım, neyləmək fikrindəsən?
– Bir az odun yaracam.
– Sən bacarmazsan. Əlini-ayağını kəsərsən! İmran gəlib özü yarar.
– Zərər yoxdur. Qoy mən də öyrənim.
– Yaxşı, özün bil. Amma ehtiyatlı ol.
Nərgiz müəllimə çardağın altındakı odunlardan birini götürüb kötüyün üstünə qoydu. Çətinliklə də olsa yarmağa başladı. Taqqıltını eşidən Zeynəb çəpərin yanında göründü və cəld qarı yara-yara Nərgizə yaxınlaşdı. Bir qədər sakitcə dayanıb müəllimənin odunu necə yarmağına tamaşa etdi.
O hər dəfə baltanı endirəndə odunun bir yerinə dəyirdi. Bunu görən Zeynəb:
– Ay Tükəzban xala, mişarı bəri ver, - dedi və üzünü Gövhər qarıya çevirdi: - Ay imansız, sən burda nə gəzirsən? Yenə hansı küpə girəcəksən?! Qarı qorxusundan səsini çıxartmadı. Zeynəb sualını bir də təkrar edəndə dilləndi:
– Qoysana bir az nəfəsimizi dərək, ay günü ağ olmuş, yorulmuşam, daha dizlərim taqətdən düşüb...
Zeynəb mişarı götürüb Nərgiz müəllimə ilə üz-üzə dayandı.
– Mişar çəkmək bilirsənmi?
– Bilməsəm də öyrənərəm.
– Başa düşmürəm, şəhər qızları niyə belə olur? – deyə Zeynəb güldü. Onlar mişar çəkməyə başladılar. Elə bu vaxt İmran gəldi. Qızlara tamaşa edib gülümsündü:
– Hə, qoçaqlar, görüm hansınız üstələyəcəksıniz. Nərgiz müəllimə qızarıb başını aşağı saldı.
Zeynəb:
– Evdə sənin kimi kişi olanda, odunu biz yaracağıq da, - dedi.
– Bəh-bəh, ayda, ildə bir dəfə şeytanın ayağını sındırıb iş görürsən, onu da dava-şava ilə.
İmran geri dönərkən, eyvanda oturan Gövhər qarını gördü:
– Xoş gördük, ay nənə, niyə burda oturmusan, keç içəri.
– Sağ ol, ömrün uzun olsun. İndicə durub gedəcəm. Yenə Zeynəbin səsi eşidildi:
– Zarafata salma, gəl odun yar.
İmran pencəyini çıxarıb məhəccərin üstünə atdı. Yaxınlaşıb mişarı Nərgiz müəllimədən aldı:
– Di möhkəm dur! deyə Zeynəbi sınayıcı nəzərlə süzdü.
Mişar cingildəməyə, qarın üstünə ovuntular səpələnməyə başladı. Odunlar doğrandıqca Zeynəbin yanaqları qızarırdı. O yorulsa da, üstünü vurmurdu. İmran gözaltı onu süzür, oğrun-oğrun qımışırdı. Bir azdan Nərgiz müəllimə Zeynəbi əvəz etdi. Ancaq tez yoruldu, mişar ağırlaşmağa başladı. Elə bu vaxt İmranın boynuna yüngül bir qar topası dəydi. O üşüyüb boynunu qısdi, dönüb dala baxdı. Zeynəb dirəyin arxasında gizləndi:
– Mən deyildim.
İmranın yerdən qar götürdüyünü gördükdə, qız əllərini üzünə tutdu.
– Qurban olum, vurma, bir də dəymərəm.
İmranın qolları boşalıb yanına düşdü. Nərgiz müəllimə ətəklərini çırpıb, pörtmüş halda belini düzəltdi və Zeynəbin dirəyin arxasından parıldayan gözlərinə baxdı. Gövhər qarı ağır-ağır yerindən durdu, səhəngini götürüb hıqqandı, Nərgiz müəllimə ilə İmranı gözaltı süzüb, eyvanda ocaq qalayan Tükəzban xalaya mənalı bir nəzər saldı.
– Ay qız, ay bəxti qara gəlmiş, olmaya...
O, sözünü qurtara bilmədi. Tükəzban xalanın qəzəbli baxışlarını görüb səsini içinə saldı...
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-ayrilan-yollar-6
Use ← → keys to move, R for a random poem
More by this author
Qoca kişi nə qədər çalışdısa da, evdə dayana bilmədi. Qapını açıb içəri girmək, palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. Qaralıq və rütubətli daxma ona daha nəmli və tutqun göründü. İnsan nəfəsi ilə isinməyən evin soyuqluğu kişini üşütdü. Ömründə ilk dəfə özünü tam yalqız və kimsəsiz hiss etdi. Arvadı öləndən sonra da bir müddət evdən soyumuşdu. Ancaq bu hal çox çəkməmişdi. Qızı Güləsərin mehriban davranışı, oğlu Çərkəzin qapıda hərlənməsi onu ürəkləndirmisdi. Amma indi vəziyyət tamamilə başqa cür idi. Güləsər gedəndən sonra ev bomboş qalmışdı. Əvvəllər Kürün qırağından qayıdanda heç olmazsa qızı onu qarşılayardı. Azdan-çoxdan bir şey tapıb bişirər, atası ilə Çərkəzi yedizdirərdi. Qoca kişi bədəninin ağrılarını unudardı...Kişi iri bir daş tapıb bayırda, çardağın qabağında oturdu. Həyəti ot basmışdı. Kürün sahilinə doğru uzanan cığırın torpağı çat-çat olub yanılmışdı. Üstünü çayır və ilanotu bürüyən bu kiçik yolcuğaz güclə seçilirdi. Qarışqalar bu yolla gediş-gəlişin olmadığını duymuş kimi qatarlaşıb, arxayın-arxayın yuvalarına yem daşıyırdılar.
Üçüncü hissə, 8Günorta üstünə yaxın xır yolunun aşağı tərəfindən, Acı dərənin yanındakı döngədən bir dəstə atlı kişi onların ardınca zınqırovlu bir fayton dikdirə qalxdı. Arxadan bir cərgə düzülmüş atlı gəldi. Xır yoluna səs düşdü. Daşlara toxunan nallar ahəngdar şəkildə çaqqıldadı. Azacıq toz qalxdı. Cayda atlar yortmağa başladı. Qıllı papaqlı, uzun saqqal kazaklar yəhərin üstündə qalxıb-endilər. Çəkmələrinin dabanlarındakı dişli dəmirlərlə atları mahmızladılar. Dəstə kəndə yaxınlaşdı. Göytəpəlilər təşviş və həyəcan içərisində dayanıb gələnlərə uzaqdan tamaşa etdilər. Uşaqlar damların üstünə çıxdılar. Kazakların böyründən sallanan və az qala yerə dəyən uzun qılınclarının dəmirləri və tüfənglərinin lülələri parıldadı. Onlar əyinlərinə şabalıdı rəngli yun çuxa geymiş, başlarına iri qıllı papaq qoymuşdular. Papaqlarının ortasındakı qırmızı və başlıqlarını qotazları aydın seçilirdi. Fayton qapqara idi. Gün vurduqca parıldayırdı. Onun içində oturanlar da elə bil qızıla bürünmüşdülər. Çiyinləri, döşləri işım-işım işıldayırdı.Dəstə kənddən xeyli aralandı. Camaat onların Tiflisə ötüb keçdiklərini yəqin edib arxayınlaşdı. Ancaq atlılar gözlənilmədən burulub "Zayej"in qabağında dayandılar.
Üçüncü hissə, 9Cahandar ağanın yuxusu qaçmışdı. Gecə yarıdan keçməsinə baxmayaraq yerin içində çevrilir, bundan sonra necə hərəkət etməli olacağını fikrində ölçüb-biçirdi. Onun savadı yox idi. Ərəb əlifbası ilə azacıq yazı-pozudan başqa heç nə bilmirdi. Məktəblərin, oxumağın axırının haraya gedib çıxacağını o qədər də dərk etmirdi. O, dədə-baba qaydası ilə dolanmış, atın belində gəzib ağayanalıq etmişdi. Ancaq indi vəziyyət dəyişirdi. O başa düşürdü ki, deyəsən bundan sonra divan-dərə ilə çox oturub-durmalı olacaqlar. Əvvəllər bu tərəfləri hökumət adamlarından ayda-ildə bir dəfə hərlənən olmazdı. Amma indi bir şey olan kimi atlı kazaklar tökülüb gəlir. Belə getsə onlar buraları su yoluna çevirəcək, kəndi ayaq altına qoyacaq və hər işə qarışacaqlar. Bir az da keçəndən sonra lap kişiliyimizi də əlimizdən alacaqlar. Pristav həftədə bir gəlib bizi yığacaq, qabağına qoyub uşaq kimi danlayacaq, biz də mal təkin gözümüzü döyə-döyə baxacağıq. Yox, bu, kişilikdən deyil.Bəs nə etməli? Pristav demişkən, hökumətlə hökumətlik eləmək də baş tutan iş deyil. Deyəsən, zəmanə dəyişir. Deyəsən, divan-dərədən qaçanlar yox, onunla yaxın olanlar, ona arxalananlar qazanacaqlar. Bu dəfə birtəhər qurtardıq. Pristava söz verdik ki, bir də elə şeylər olmaz. Uşaqlar bilməyiblər, yoxsa kazaklara toxunmazdılar. O da boynumuza, minnət qoydu, "bu dəfə bağışlayıram", – dedi. Demək, bundan sonra gərək onların dediyi ilə oturub-duraq, onlara boyun əyək. Görüm səni qara gələsən, ay zəmanə!..
Üçüncü hissə, 10Göytəpəlilər iki gündən sonra Çayqovuşan adlı səfalı bir yerdə düşərgə saldılar. Arabaları yoldan kənara çəkib köpüklü dağ çayının sahilindəki çəmənlikdə açdılar. İstidən təntimiş kəllər boyunduruğun altından çıxan kimi Özlərini suya verdilər. Fısıldaşa-fısıldaşa ləzzətlə çimdilər. Yol boyu arabaların sitkələyib yorduğu uşaqlar sevinə-sevinə qaçışmağa, yumru qara çay daşları ilə camışları yalamalamağa başladılar. Arvadlar arabaların kölgəsində palaz saldılar, yastıq, mütəkkə çıxartdılar. Kişilər balta götürüb yolun o üzündəki meşəyə, odun qırmağa getdilər. Molla Sadıqgil arabaları köçün o başında. Cahandar ağagil isə aşağı tərəfdə iri bir palıd ağacının altında açdılar. Ocaqlar qalandı, samovarlar çıxarıldı, kənddən tədarüksüz yola düşənlər xəmir yoğurub sac asdılar. Bəzi arabaların yanında qazan danqıldadı, yağda qızardılmış soğan iyi ətrafa yayıldı.Əşrəf pencəyini çiyninə salıb yola doğru getdi. Cahandar ağa kölgədə mütəkkəyə dirsəklənib fikirli-fikirli oturmuşdu. Ağız-ağıza qovuşan dağların arası ilə axıb gələn çaya tamaşa edirdi. Ayaq səsi eşitdikdə dönüb oğluna baxdı:
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.