Üçüncü hissə, 7
Page 1 of 2
Qoca kişi nə qədər çalışdısa da, evdə dayana bilmədi. Qapını açıb içəri girmək, palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. Qaralıq və rütubətli daxma ona daha nəmli və tutqun göründü. İnsan nəfəsi ilə isinməyən evin soyuqluğu kişini üşütdü. Ömründə ilk dəfə özünü tam yalqız və kimsəsiz hiss etdi. Arvadı öləndən sonra da bir müddət evdən soyumuşdu. Ancaq bu hal çox çəkməmişdi. Qızı Güləsərin mehriban davranışı, oğlu Çərkəzin qapıda hərlənməsi onu ürəkləndirmisdi. Amma indi vəziyyət tamamilə başqa cür idi. Güləsər gedəndən sonra ev bomboş qalmışdı. Əvvəllər Kürün qırağından qayıdanda heç olmazsa qızı onu qarşılayardı. Azdan-çoxdan bir şey tapıb bişirər, atası ilə Çərkəzi yedizdirərdi. Qoca kişi bədəninin ağrılarını unudardı...
Kişi iri bir daş tapıb bayırda, çardağın qabağında oturdu. Həyəti ot basmışdı. Kürün sahilinə doğru uzanan cığırın torpağı çat-çat olub yanılmışdı. Üstünü çayır və ilanotu bürüyən bu kiçik yolcuğaz güclə seçilirdi. Qarışqalar bu yolla gediş-gəlişin olmadığını duymuş kimi qatarlaşıb, arxayın-arxayın yuvalarına yem daşıyırdılar.
Qoca kişi bir xeyli ot, ələf basmış həyətə, çiçəkləyən qanqallara, sirkənli kalafalıqlara boylandı. Səssizlikdən qulaqları güyüldədi, isti yay günəşinin təsiri ilə xumarlanan təbiət sanki mürgüləyirdi. Zəncirotlarının zərif, toz kimi yüngül lifləri havada uçuşurdu. Arabir çəyirtkələr otdan-ota atılırdılar. Xır yolundan o tərəfdə, dəmyə təpəliklərin ətəyindəki düzənlikdə uzunqulaqlar bir-birini qovaraq anqırışırdılar. Elə bil kənd bomboş, idi.
Kişi darıxdı. Ayağa durub həyətdəki tənha saqqız ağacının kölgəsinə getdi. Orada dayanıb gözləri ilə sahilə doğru uzanan cığırı axtardı. Əvvəllər biçənəklərin otu qalınlaşıb qurşağa qədər çıxsa da, Güləsərin saldığı əyri-üyrü ağ cığır yaşıllıqları yarıb düz sahilə enərdi. Amma indi cığırı ot basmışdı. Bir az da belə getsə tamam itib-batacaqdı. Kişi qəhərləndi. Cığırta düz Kürə doğru yollandı. Nəzərlərini yerdən çəkmədən irəlilədi. Elə bil gediş-gəliş kəsilmiş bu yolda qızı Güləsərin" ayaq izlərini axtarırdı. Kim bilir, bəlkə də buna rast gələcəkdi? Güləsərin bu yolla axırıncı dəfə suya getdiyi vaxt torpağa düşən ləpirini bəlkə də heç yağış yuyub aparmamış, mal-qara tapdalamamışdı? Taqsır məndədi. Deyəsən ürəyim lap daşa dönüb. İndiyəcən bir kərə dalınca gedib onu axtarmamışam. Əgər Şamxalın qapısını açsam, məni qovacaqdılarmı? Bəs o yazıq neyləsin? Çərkəzdə də günah oldu. Dikbaşlıq eləyib dava salmasaydı, indi bəlkə birtəhər barışmışdıq. Amma innən sonra bu iş baş tutmaz, oğlumu ayaqlayıb onun qapısına gedə bilmərəm. Ancaq elə burada, suyun qırağında, Güləsərə rast gəlsəm onunla görüşsəm, Çərkəz mənə nə deyəcək? Soruşsa, balıq tutmaqdan qayıdırdım, su yolunda qarşılaşdıq desəm, mənə inanmazmı? Balta elə doğrudan da bu bəhanə ilə suyun kənarında gözləyim, axşama qədər evə getməyim, hə, necə olar? Bəlkə yazıq qızı heç evdən bayıra buraxmırlar? Bəlkə uşağın başında bir iş var?"
Kişi bu ağır düşüncələrlə, cığıra baxa-baxa, özü də hiss etmədən çəmənliyi keçib sahilə çatdı. Yarğanda əks-səda verən qaqqıltılar onu xəyaldan ayırdı. Qoca kişi suvadağda su dolduran qadınları gördü. Gəlinlər qəfəsdən buraxılmış quş kimi yalnız burada, Kürün sahilində sərbəst nəfəs ala bildikləri üçün cavan qızlardan geri qalmaq istəmir bir-birini sulayır, arabir də onlara sataşan şıltaq qızları tutub çimdikləyirdilər. Onlar isə bədənləri göyərsə də, daha da şitənir, fürsət tapan kimi İntiqam alır, işləri çətinə düşəndə isə cingiltili səs-küylə, qaqqıldaşa-qaqqıldaşa yarğanın dibi ilə qaçışırdılar. Qoca kişi arvadlardan birinin "ay gününüz qara gəlməsin, deyəsən mazaq axtarırsınız?" – dediyini belə eşitdi. Bu zarafatlar onun dərdini bir az dağıtdı. Kişi hətta adəti üzrə onlara qoşulmaq, yeniyetmə qızlara bir-iki baməzə söz də demək istədi. Ancaq qızlardan biri yarğanın qaşında dayanan Qoca kişinin suya düşən kölgəsini görən kimi "gələn var" – deyə pıçıldadı və tələsik səhəngini suya basdı. Gəlinlər yaşmaqlarını burunlarına qədər qaldırdılar. Elə bil suya daş atdılar. Yarğanda əks-səda verən gülüşlər kəsildi. Yalnız Kür əvvəlki kimi qıjıltı və uğultu ilə axmağında davam etdi...
Bu sükut və kədər kişinin qəlbində bir az əvvəl baş qaldıran sevincini qovub apardısa da, sahildən uzaqlaşmadı. Güləsərin də burada olacağı ümidi onu yerindən tərpənməyə qoymadı. Kişi birdən-birə dirçəldi. Qaçırılandan bəri üzünə həsrət qaldığı qızını heç olmasa uzaqdan görə bilmək, bəlkə də yaxınlaşıb kefini soruşa bilmək arzusu onun gözlərinə işıq gətirdi.
Suya gələnlər səhənglərini doldurub dikdirə çıxdılar. O, gözünü zilləyib arvadlara baxdı. Ona elə gəldi ki, Güləsər çiynində səhəng, bu saat suvadağdan yuxarı qalxacaqdır. Kişinin gözü alacalandı. Qarşısından keçənlərin sifəti dumana büründü, əvəzində isə məzlum çöhrəli Güləsər canlandı. Lakin qızlar durna kimi qatarlaşıb cığırla dikdirə qalxanda, Qoca kişi ümidinin boşa çıxdığını anladı. O başa düşdü ki, həsrət qövr edən yaralar kimi qəlbinin başını göynədir. Kişi birdən-birə irəli qaçmaq, gəlinlərdən birini saxlayıb, Güləsəri görüb-görmədiklərini soruşmaq istədi. Ancaq susdu, bunu qüruruna sığışdırmadı. Torlanmış gözəri yaşardı, qolları yanına düşdü. Elə bu zaman hiss etdi ki, kimsə geri yanında astadan tövşüyür. Kişi çevrildi. Salatın çiynində səhəng, yarğanın qaşında duyanmışdı. Qızın gözləri gülümsəsə də, bir yerdə dura bilmir, civə kimi sağa-sola qaçırdı. O gah kirpiklərini çaxıb göz qapaqlarını aşağı salır, gah ötəricə kişiyə baxır, gah da nəzərini yerə zilləyirdi. Elə bil nədənsə çəkinir, qabağa gəlib söz deməyə cəsarəti çatmırdı. Qoca kişi də, demək olar ki, eyni halı keçirirdi. Salatını görəndən sonra necə hərəkət edəcəyini müəyyənləşdirə bilmirdi. Dinməz-söyləməz ötüb getsinmi, yoxsa qızı gülərülə dindirib Güləsəri soruşsunmu?. Kişi xeyli susdu. Salatının yanaqları gah qızarır, gah da ağarırdı. Əgər Qoca kişi diqqətlə baxsaydı, onun gözlərində xəcalət çəksə bir adamın iztirablarını oxuyardı. Salatın ixtiyar bir adamı dərdə saldıqlarına görə qardaşının əvəzinə utanır, həm də eyni zamanda ona təsəlli vermək, sınıq könlünü şadlandırmaq istəyirdi. Kişi isə ürəyi dolu olsa da susurdu.
– Nə var, nə yox, Qoca dayı?
Kişi baxışını yerdən qaldırdı. Gözünü Salatının üzünə zillədi. Onun yanları qırış-qırış olmuş gözləri yaşardı.
– Sən söylə, qızım, görək nə var, nə yox.
– Salamatlıqdır.
– Allaha şükür...
Kişi dərindən köksünü ötürüb, gözünü qızın çiyninin üstündə o yana, Kürün sahilindəki meşəyə doğru zillədi. Göyün o üzündə toplanan ağ buludlara baxdı. Salatın onun pilə kimi yumşaq, ağ saqqalının seyrək tükləri arasından hülqumunun bir neçə dəfə qalxıb-endiyini, dərisi qırış-qırış olmuş boynundakı damarların şişdiyini gördü. Kişi boğazında bir şey qalmış kimi udqunurdu.
– Onun fikrini çəkmə, Qoca dayı.
Salatının sözləri kişini haraya isə, lap uzaqlara uçub getmiş xəyaldan ayırdı. O, günahkar bir uşaq kimi gülümsündü:
– Olmur, qızım, dözə bilmirəm.
Salatın susdu. Kişinin kövrək səsi onu da qüssələndirdi. Güləsərin atasını yarğanın qaşında görən kimi qəsdən ləngiyib yoldaşlarından aralanan Salatın onu təskin etmək üçün söz tapa bilmirdi. Elə bil kişinin də nitqi tutulmuşdu. Qız darıxdı. Qıvrıla-qıvrıla çəmənliyin ortasından keçib kəndə doğru uzanan cığırda dayananlar onu gözləyirdilər.
– Sözün, söhbətin, Qoca dayı?
Kişi Salatının getmək istədiyini anladı. Belə münasib fürsəti əldən verəcəyindən qorxdu. Boynunu yana doğru əyib qızın üzünə baxdı:
– Onu görmək istəyirəm, bala.
– Heç elə şey olarmı?
– Niyə olmur, qızım, səndən asılıdır, istəsən olar.
– Məndən asılıdır?
Kişi başını tərpətdi. Salatın üzünə zillənən gözlərdəki xırdaca nazik damarları gördü. Qarasının ətrafını bozumtul ağ basmış gözlərin həlqəsi yaşarmışdı. İslaq kirpiklərin dibi qızarmışdı. Bəbəklər ən ucqar ulduzlar kimi gah kiçilib solğunlaşır, gah da qığılcım kimi qorlanıb parıldayırdı. Ürəyinin çırpıntısına uyğun olaraq gah güclənib közərən, gah da zəifləyib güclə işıldayan gözlərə diqqətə baxan Salatın dərk etdi ki, həsrətdən ürəyi zoqquldayan, balasından ötəri burnunun ucu göynəyən bu talesiz qocanın axıra qədər ayaq üstündə dayanıb-dayana bilməməsi onun cavabından asılıdır. Əgər Salatın onun xahişini rədd etsə, ayaq üstündə keçinəcəkdir. Qız iki od arasında qalmışdı. Bibisinin ölümündən sonra atasının gözünə görünmək olmurdu. Qardaşı Şamxalın qaşqabağı açılmırdı. Onlar dava üçün bir bəhanə axtarırdılar. Belə bir vaxtda qardaşından icazəsiz Güləsəri evdən bayıra çıxartsa, qızı gizlincə atasi ilə görüşdürsə, Şamxal bundan xəbər tutsa, onun saçından yapışıb kəndin ortası ilə sürüməzmi? Güləsəri də ona qatıb çubuğun altına salmazdımı? Bəs bu yazıq Qoca kişi neyləsin, onun günahı nədir?
Salatının sükutu Qoca kişiyə bir il qədər uzun göründü. Qız xeyli tərəddüddən sonra onun yanından ötüb getmək istəyəndə kişiyə ele gəldi ki, ürəyini çəkib yerindən qopartdılar, nəfəsi daralıb sinəsinin başına yığıldı. Dillənmək istədisə də səsi çıxmadı. Salatın ondan aralanıb beş altı addım gedəndən sonra bunları duymuş kimi qanrılıb geri baxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-7
Use ← → keys to move, R for a random poem
More by this author
Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.– Sən burda qal.
I fəsil, 4Güllü xanım Çıraqlılar nəslini çox yaxşı tanıyırdı. Hələ bu evə gəlin gəlməzdən əvvəl, döşü-başı yenicə çıxıb qız həddinə düşən vaxt gördüyü bir əhvalatı yadına salanda indi də başının tükü qarsıyıb yumağa dönür.Naltökən yaylağına getmişdilər. Noylu bulağın üst tərəfində, yaşıl döşdə, məhəllə-məhəllə dəyə tikmişdilər. Gün çıtdayan kimi sığirçılar mal-qaranı haylayıb örüşə aparırdılar. Qız-gəlin ise Noylu bulağın üstünə tökülür, əl-üzlərini yuyub sığallanır, sonra da sənəklərini diş göynədən bumbuz su ilə doldurub dəyələrə qayıdırdılar. Mal-qara örüşdən qayıdana qədər samovar qaynayır, çay dəmlənir, stəkan-nətbəki dəyənin içində açılmış süfrəyə düzülürdü. Səhər tezdən qoyun-quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu.
I fəsil, 5Qönçə xanımın birdən-birə ürəyi sıxıldı. İçəridə otura bilməyib yönü Kürə baxan evin eyvanına çıxdı. Əlini gözünün üstə qoyub yarğanın qaşıboyu uzanaraq sahilə, girmənin bərabərinə enən araba yoluna baxdı. Heç kəs görünmürdü. Hava qaralmışdı. Qaranlıq qarışdığından Kürün qıjıltısı daha aydın eşidilirdi. O taydakı meşə vahiməli görünürdü. Arvad eyvandan aşağı endi, həyətin o başındakı samanlığın belinə qalxdı, əlini gözünün üstünə qoyub cığırlara baxdı. "Görəsən harda qaldılar? Heç belə ləngiməzdilər. Günün qulağı yaxmamış gəmini sallayıb girmədən nəri çıxardılar. Amma indi qaranlıq qarışınış, əl-ayaq yığışılmışdı. Onlardansa səs-səmir yox idi". Qönçə xanımın bədəni titrədi, ürəyi az qaldı sinəsindən çıxsın. "Mənə nə oldu? - deyə özü danladı - ağlıma gələni dağlara-daşlara". Geri qayıtdı. Başını qatmaq üçün içəri girdi. Sonra mis samovarı doldurub bayıra gətirdi, odunluğuna saldı, üstündən kıxmıq tökdü və alışana qədər gözlədi.Səhər tezdən qardaşı Ələddin qara damların arasındakı cığırla çiynində qoşalülə iki yanını basa-basa gəlib onların həyətindəki rus ağa dibində dayanmışdı. Hənirtiyə həyətə çıxan Qönçə xanım bir heyranlıqla qardaşının yanakı qoyduğu papağına, əyninə kip yapışan gödəkçəsinə, qara məxmər şalvarına, günün işıltısinda burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli baxmışdı. Ələddin uca, çiyinləri enli idi. Beli elə bil üzükdən keçəcəkdi.
I fəsil, 6Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.