Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.

Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.

– A bala, ayaq saxla!

Atasının səsi onu toxtatdı.

Darvazanı açdılar. Ömər koxa aşağı düşüb, bir xeyli həyətin ortasında dayandı. Güllü xanım qabağa yeridi. Ömər koxanın bərabərinə çatanda əyilib kişinin əlindən öpdü. Hamı susdu. Çiynində cənazə darvazanın ağzında dayananlar da, həyətə toplaşan arvad-uşaq da cınqırını çəkmədilər. Güllü xanım dikəldi. Yaşarmış gözlərini kişinin zəhmli sifətinə zillədi. Onlar uzaq uşaqlıq illərindən sonra ilk dəfə idi ki, belə yaxından qarşılaşırdılar. Ömər koxanın dodağı səyridi. Dümağ pilə kimi saqqalı titrədi. İndi hər şey onun bircə işarəsindən asılı idi. Ömər koxa geri qanrılıb boğuq səslə dilləndi.

– A bala, yer hazırlayın!

Bayaqdan lal-dinməz dayanan Şamil tərpəndi. Darvazaya yaxınlaşıb cənazənin bir tərəfini çiyninə aldı. Şəmistan ağa ilə yanaşı addımladılar.

Çıraqlıların qaydası idi. Evə yas düşəndə vay-şüvən salmazdılar. "Dost var, düşmən var, adam özünü sındırmaz" deyərdilər. İndi də elə oldu.

Ömər koxa evin yuxarı başında, döşəkçə üstündə əyləşdi. Güllü xanımı da yanında oturtdu. Şəmistan ağa ilə Şamil yasa gələnləri qarşıladılar. Elə həmin gün günortadan gün əyiləndə bütün kənd camaatı yığıldı, Ələddini qədim dədə- baba qəbristanlığında dəfn etdilər. Düz bir həftə, mərhumun yeddisi çıxana qədər Çıraqlılarla Alqazaxlılar bir yerdə oldular...

Ömər koxa üzə salmasa da, içəridən qovrulurdu. Bu yaşa gəlmişdi hələ heç bir diləyi ürəyində qalmamışdı. Onun son arzusu Ələddini evləndirmək idi. Bir balaca başı ağrıyanda, ya da soyuq dəyib özünü küpədəndə, hor-hoyuş suyunda çimib isti yorğan-döşəkdə tərləyə-tərləyə yatanda özünə ürək-dirək verirdi: "Yox, elə bir şey yoxdu, Ömər koxa, bərk dur, Ələddinə toy eləməmiş can vermə, Allahdan möhlət istə, qoy ömrünü bir az uzatsın. Bə indi? Fələyin nə yaman oyunları varmış, belə də zülm olarmı? Şıvırtı kimi bir oğlanı nə tez torpağın altına apardı bu rəhminə qurban olduğum tanrı? Ölüm mənim idi, balam getdi. Görünür düz deyirlərmiş; kötük üstündə neçə çırpılar doğranarmış".

Kişi yorğan-döşəkdə uzansa da, gözünə yuxu getmirdi. Tavana baxa-baxa səhəri açırdı. "Görəsən, Həsən ağa namərdlik etməyib ki? Bilirəm Alqazax uşağı qan çanağıdır, nahaq yerə onlara "Dəli Alqazaxlılar" demirlər. Amma bu yaşa gəlmişəm, onlardan namərdlik görməmişəm. Düşmənlə düşməndirlər, dostla dost. Əllərindən xata çıxıb, amma namərd olmayıblar".

Çıraqlılarla Alqazaxlılar həm qohum idilər, həm düşmən. Ömər koxanın yaxşı yadında idi: uşaq vaxtı Kürün sahilində at otarırdılar. Alqazaxlıların da uşaqları öz ilxılarını Kürdə çimizdirirdilər. İpə-sapa yatmayan erkək atı isə çəmənliyə örükləmişdilər. Birdən ilxıya çaxnaşma düşdü. Uşaqlar gözlərini yumub-açınca gördülər ki, at örüyünü qopardıb ilxıya tərəf gəlir, ilxıdakı erkək at da şahə qalxıb kişnəyir. Bir göz qırpımında kəhərlər qarşılaşdılar. Erkəklik və ilxıya sahib olmaq ehtirası onları əjdahaya döndərmişdi. Döş-döşə gəldilər, çəpik-çəçiyə qalxdılar, bir-birilərinin yalından yapışıb gəmirişdilər. Təpil nal şaqqıltısı, kişnərti bir-birinə qarışdı. Gah o bunun dizini yerə gətirdi, gah bu onun. Torpaq eşim-eşim oldu, ot xıncım-xıncım. Uşaqlar nə qədər çalışdılarsa, onları ayıra bilmədilər. Belə getsəydi, atlar bir-birini gəmirib şikəst edəcək, ya da qızıl qana bulayıb öldürəcəkdilər. Birdən hardansa peyda olan nökərlərdən biri atın irəşməsindən yapışıb onları aralamaq istədi. Ömər koxagilin kəohəri kömək gəldiyini və irəmənin cilovlandığını görüb daha böyük qəzəblə irəli cumurdu, rəqibinin yalnından yapışıb boynunu qanırmağa çalışdı. Alqazaxlıların kəhəri çırpındı və birdən necə güc gəldisə irəşməni dartıb nökərin əlindən çıxartdı və dal ayaqları ilə atın döşünə necə vurdusa, at təngildədi. Alqazaxlıların kəllori ona göz açmağa imkan vermədi, boynunu qanırıb yerə yıxdı. Nökər gördü ki, at xırıldayir, iri xəncərmi sıyırdı...

Kəndə haray düşdü. Hər iki tərəfdən tökülüşüb gəldilər. Atışma başlandı. Hərə özünə bir mətəris tapdi, tayfa-tayfaya bölünüb üz-üzə dayandılar. Düz üç gün kənddən atışma səsi kəsilmədi. Üç gündən sonra camaat bir səhər yuxudan durub gördü ki, hər iki nəslin əli tüfəng tutan başıpapaqlıları gecə ikən kəndin üst tərəfindəki təpəlikdə səngər qazıb, üz-üzə marığa yatıblar. İki gün də keçdi, atışma kəsmədi. Evlərdə arvad-uşaq üzünü cırıb saçını yolur, əlləri ürəklərinin üstündə göz yaşı axıdırdılar. Hər güllə açılanda diksinir, gecəli-gündüzlü səksəkə içində çırpınır, səhəri ayaq üstündə açırdılar. Hamıdan çox ağlayan və özünü öldürənlərdən biri də Həmayil idi.

Həmayıl üç ayın gəlini idi. Hələ əlinin xınası getməmişdi. Hələ əri evinə, Çıraqlıların qayda-qanununa isinişməmişdi. İndi də araya dava düşmüşdü. Səngərin bir tərəfində qardaşları, əmisi uşaqları marığa yatmışdılar, o biri tərəfində isə əri və qayınları. Bilmirdi neyləsin. Bir gün də keçdi. Səngərlərdən səs-səmir gəlmədi. Həmayilın ürəyinə damdı ki, atışanların gülləsi qurtarıb. Həm də neçə gündü acdılar, onlara yemək-içmək aparan yoxdu. Əslində heç kəs irəli çıxa bilmirdi. Çıraqlılardan biri təpənin döşündə görünən kimi Alqazaxlılar gülləyə basırdı, Alqazaxlılardan görünəndə Çıraqlılar.

Həmayıl tezdən durdu. Ərinin patron dolu qoltuqaltısını kəlağayısının altından çalın-çarpaz belinə bağladı. Ala xurcunun bir gözünü xamralı çörəyi, o biri gözünü isə pendir, yağ, balla doldurdu. Su dolu cürdəyi əlinə aldı. Cığırla təpənin döşündəki səngərlərə doğru addımladı. Hamı gəlinin bu işinə mat qaldı. Əllərini gözlərinin üstünə qoyub Həmayılın arxasınca baxdılar.

Yalın döşünə iri bir cığır qalxırdı. Bu cığır yolun ortasında haçalanırdı. Həmayıl heç nəyə fikir vermədən, heç nə eşitmədən cığırla yuxarı qalxırdı. Onun kəlağayısının altından çıxan və az qala tupuğuna dəyən qoşa hörüyü gərdənində yırğalanırdı. Səngərdəkilərin gözü onu almışdı. Nəfəslərini çəkmədən barmaqları tətikdə gözləyirdilər. Gözləyirdilər ki, görək cığır haçalananda Həmayıl hansı tərəfə dönəcək? Tüfəngin qundağı ərinin sinəsində olsa da, arxayın idi ki, arvadı ona tərəf gələcək. Qardaşı da əli ürəyinin üstündə bacısının hansı tərəfə dönəcəyini gözləyirdi.

Həmayıl cığırların haçalaşdığı yerdə heç yana dönmədi, düz getdi. Çala- çuxura düşməyinə, tez-tez büdrəməsinə fikir vermədi. Baldırlarını sirkən, qanqal dalasa da, dayanmadı, elə bil quşa döndü. Nə çiynindəki xurcunun ağırlığını hiss etdi, nə də yoxuşa dırmananda sızıldayan dizinin ağrılarını. Səngərlərin bərabərinə çatanda sıçrayıb sağa döndü. Bir göz qırpımında özünü qardaşıgilin səngərinə saldı. Elə bu an ərinin gülləsi açıldı. Həmayılın az qala topuğuna dəyən qoşa hörüyünü elə bil qayçı ilə kəsib yerə atdılar.

Kənd camaatı yığışdı. Ağsaqqallar məsləhətləşdilər ki, Alqazaxlıların da, Çıraqlıların da başbilənlərinin yanına getsinlər. Onları başa salsınlar ki, cavanlarını beyinləri qandı. Belə getsə, bir-birlərini qıracaqlar, araya qan düşəcək. Bir atdan ötrü iki nəslin düşmən olmasına dəyərmi? Getdilər. Nə qədər hirsli olsalar da, hər iki tərəfin ağsaqqalları söz eşitdilər və birlikdə səngərə qalxdılar. Cavanlara öyüd-nəsihət verdilər, tüfənglərini əllərindən alıb evə qaytardılar. Hər iki tərəf əllərini Qurana basıb and içdi ki, dinc oturacaqlar.

Həmayıl bir həftə atası evində qaldıqdan sonra "Ərim evinə qayıdıram", - dedi. Onu buraxmaq istəmədilər. Qorxdular ki, qızın başına iş gətirərlər. Həmayil inadından dönmədi. Ertəsi günü mal-qara örüşə haylanıb, əl-ayaq yığşırılandan sonra cığırı əlinə alıb əri evinə tərəf addımladı. Onun üzünə baxan olmadı. Amma üstünə əl qaldıran da olmadı. Əri isə arvadını görəndə, hirsindən bığını çeynəyib üzünü o yana çevirdi. Həmayıl axşama qədər gözlədi. Qaranlıq qarışıb çıraqlar yananda qayınanasının yanına getdi. Qabağında diz çökdü, səsi titrəyə-titrəyə sözə başladı.

– Ana, hamı məni qınasa da, sən qınamazsan, oğlun-qızın var. Adı Alosmana gedib çıxan qardaşların var. İndi özün de, mən nə etməliydim? Yəqin eşitməmiş olmazsan, deyiblər ki, ər eldən gələr, oğul beldən. Bə, mən atam oğlu qardaşı hardan alaram?

Qayınanası dinmədi. Gəlininin üzünə dikilmiş nəmli gözlərinə baxdı. Həmayılın bu ağıllı sözləri onu xeyli fikrə apardı. Xəyalında haralarasa gedib gəldi, nəyisə ölçüb-biçdi və birdən dodaği qaçdı.

– Yaxşı, ay şeytan, get otağına. Əriyin də, özüyün də yerini yanaşı sal.

– Bə...

– Qələt eləyir!

Həmayıl quş kimi uçdu.

Bu əhvalat çoxdan olmuşdu, lap çoxdan, indi onların heç sümüyü də qalmamışdı...

Ömər koxa eyvanda hərlənən oğlunu içəri çağırdı. Şamil çoxdan bunu gözləyirdi. Atasının səsini eşidən kimi başının qapıya dəyəcəyindən ehtiyat edərək, aşağı əyildi. Ayaqqabılarını soyundu. Gəbənin üstü ilə atasına tərəf irəlilədi.

Kişi işarə etdi. Şamil atasının yanında bardaş qurub oturdu. Əvvəl gəbəni, sonra ayağındakı naxışlı yun corabını didişdirdi. Kişi arxalığının yan cibindən tənbəki kisəsini çıxartdı. Üstü naxışlı gümüş qəlyanını doldurdu. Sobadan od götürüb yandırdı. Bir-iki qullab vurdu. Tüstü laylanıb tavandan asılmış otuzluq çırağın ətrafında qalaqlandı.

– Fikrin nədi?

Atasının yanında uşağa dönən Şamil xəyaldan ayrıldı.

– Uşağın qanı yerdəmi qalsın?

Ömər koxa oğluna cavab vermədi. Xeyli fikirli-fikirli qəlyanını sümürdü və birdən öz-özünə danışırmış kimi soruşdu.

– Ağlın nə kəsir, bu işdə bir namərdlik olmaz ki?

– Nə bilim, olanda da olar, onlardan nə desən çıxar.

– Axı, nədən ötəri, Ələddin onlara nə pislik eləmişdi?

Şamil çiynini çəkdi. İstədi papağını çıxardıb fikirdən ağrıyan başını ovxalasın. Atasının yanında oturduğunu başa düşəndə əlini çəkdi. Ömər koxa zərif gümüş zəncirdən sallanan gümüş millə qəlyanının közünü deşib hərisliklə sümürdü. Otaqda yenidən tüstü laylandı. Yaşlı gözünün altından bu laylar arxasından sifəti güclə görünən oğluna baxdı. Onun dodaqları kip bağlanmışdı. Həmişə sığallı olan, dən düşmüş bığı codlaşmışdı. Dişini-dişinə sıxdığından çənəsi kilidlənmiş kimi idi. Alın qırışları sıxlaşmışdı. Çuxura düşən gözlərinə qan sağılmışdı. Əli xəncərin dəstəyində idi. Özünün də xəbəri olmadan tiyəni tez-tez qınından çıxardırdı. Ömər koxa başa düşdü ki, oğlu bir himə bənddir, əgər ona bir balaca işarə etsə, bütün Çıraqlıları ayağa qaldırar və qan su yerinə axar.

– Qanı qanla yumazlar, oğul, bir də sənin qızın onların ocağının başındadı, qan-qana, süd-südə qarışıb.

– Məsləhətin nədi, ata, uşağın qanı batsın?

– Səbr elə, bala, nahaq qan yerdə qalmaz. Əgər Ələddin bir xatanın qurbanıdısa, Allah Həsən ağanın günahından keçər. Əgər namərdlik eləyibsə. Allah özü bəlasını verəcək, sən ayrı fikrə düşmə. O, əlini qana bulayıb, sən bulama. Gec-tez haqq öz yerini tapacaq.

Bu sözlərdən sonra kişi elə bil yüngülləşdi. Amma Şamil qurğuşun yükü daşıyırmış kimi əyildi. Dodağı səyridi, əlləri əsdi. Bu, Ömər koxanın gözündən yayınmadı.

– Birdən divan-dərə gəlib çıxsa?

Kişi sərtləşdi.

– Divan-dərənin nə işi var?!

Qolyanını tez-tez sümürüb közərtdi. Səsi yumşaldı.

– Dur get. Uşaqları da başa sal, farağat otursunlar.

Şamil beli qırılmış kimi əllərini dizinə söykəyib güclə ayağa qalxdı. Ağır-ağır qapıya yaxınlaşdı. O gedəndən xeyli sonra Ömər koxanın hönkürtüsü eşidildi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, 2

Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.

195710 min
Üçüncü hissə, 3

Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.

195714 min
Üçüncü hissə, 4

Əşrəf meşənin qurtaracağında atın cilovunu çəkdi. Kürün lil qoxusu verən sərin havası onun üzünə vurdu. At bərkdən kişnədi. Tapdıq da yüyəni dartdı.Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. Arabalar bölük-bölük dayanmışdı. Yulğunluqların içi mal-qara ilə dolmuşdu. Uşaqlar dana-buzovları, sığırçılar isə malları bir-birinə qarışmağa qoymurdular. Yuxarılara yağan yağışdan sonra hava bürkülənmişdi. Nəfəs almaq olmurdu. Tələm-tələsik ocaq qalayıb qazan asan arvadların, arabaların yanında qaçışan tumançaq uşaqların, heyvanları sulayaıb sığırçıların səsi bir-birinə qarışmışdı. Milçəklər, göyöyünlər mallara dinclik vermirdi.

195711 min
Üçüncü hissə, 5

Pakizə Əşrəfi ilk dəfə yaxından hələ üç il bundan əvvəl görmüşdü. Onda qızın on dörd yaşı yenicə tamam olurdu. Bu elə o vaxt idi ki, Pakizə özündən böyük qızlara qoşulmağa çalışır, gəlinlərin söhbətindən, zarafatından xoşu gəlirdi. Onlar Pakizəni uşaq zənn etdiklərindən çəkinmir, onun yanında öz ərlərindən baməzəliliklə danışır, hətta toy gecəsi xatirələrini bütün təfərrüatı ilə söyləyirdilər, Pakizə bihuşedici gül qoxulamış adamlar kimi məstliklə qızların öz nişanlıları ilə necə görüşdüklərini təsəvvüründə canlandırmağa və ilk öpüşün ləzzətinin nədən ibarət olduğunu duymağa çalışırdı. Nə isə dumanlı, eyni zamanda sehrli bir maraq onu özünə cəlb edirdi.Pakizənin ömründə ilk dəfə oğlan baxışının, kişi təmasının nə demək olduğunu duyması da elə bu dövrə təsadüf edir. İndi o həmin an aydın şəkildə tez-tez təsəvvüründə canlandırır, o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğunun şirinliyindən məst olurdu...

195714 min

Poems by other poets