Page 1 of 2

O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.

Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.

Onun iş otağında hansı bəyinsə evindən gətirilmiş ayaqları və yan taxtaları, siyirmələri naxışlarla bəzədilmiş iri bir yazı masası var idi. Masanın üstü göy mahuddan idi. İri yazı ləvazimatında iki iri mürəkkəbqabı, qələmdan və kağız kəsmək üçün fil sümüyündən xüsusi bıçaq var idi. Mürəkkəbqabının biri bənövşəyi, o birisi isə qırmızı mürəkkəblə dolu idi.

O, masanın arxasında yerini rahatlayan kimi qapı azacıq aralandı, içəri qara pencəyinin boynu və biləkləri didilmiş bir adam girdi. Ayağında uzunboğaz çəkmə, başında isə əynindəki pencək kimi nimdaş, ulduzlu şapka var idi. O da çiyinlərindən çalın-çarpaz qayış aşırmışdı. Bir yanından naqan, bir yanından isə dəri çanta sallanırdı. O, içəri girən kimi stol çəkib oturdu, qoltuğundakı qovluğu açıb masanın üstünə bir kağız qoydu.

– Bu nədir?

– "Troyka"nın qərarıdır, yoldaş Kəsəmənli.

– Nə qərar?

– Müzür ünsürlərin haqqında cəza qərarıdı.

Kəsəmənlinin çatılmış qaşları bir az da çatıldı, diqqətlə yazını oxumağa başladı. Sonra başını qaldırıb zəhmli gözlərini müsahibinin üzünə zillədi.

– Bunlar hamısı müzür ünsürlərdi?

– Bəli, yoldaş Kəsəmənli.

– Çoban da?

– O çox böyük cinayət işləyib.

– Nə edib, adam öldürüb?

– Yox. Qaçaqlara çörək aparıb.

– Bəs bu aşığın günahı nədi?

– Qaçaqlara saz çalıb. Yoldaş Kəsəmənli, qərarı təsdiq edin. Gedək hökmü yerinə yetirək. Onsuz da qalada yer yoxdu. Çox darısqallıqdı.

Adamları bir az seyrəltsək, yaxşıdır.

Kəsəmənli dönüb ona necə baxdısa, o özünü itirib ayağa durdu və qovluğunu bağlayıb qoltuğuna aldı.

– Get, özüm çağıracam.

– Keçən dəfə də elə elədiniz, yoldaş Kəsəmənli, "Troyka"nın qərarını təsdiqləmədiniz.

– İnqilabi şuranın sədri mənəm, mən nə elədiyimi bilirəm, çıx get!

Durub otaqda gəzindi. O, aşıq Qaməti çox yaxşı tanıyırdı. Orta boylu, dolu bədənli bir kişi idi. Kəndin kənarında taxtapuşlu qara damı vardı. İki uşağı və arvadı ilə orada yaşayırdı. Bir toya, məclisə çağırılanda sazı səliqə ilə köynəyinə salar, qayışı çiyninə aşırardı. Sağ əlində isə toppuza bənzər yumru başlı ağac gəzdirərdi. Ağacın əl tutan yerində qayış var idi. Qayışı qoluna keçirər, toppuza bənzər əl ağacından həm çəlik kimi istifadə edər, həm də özünü kənd itlərindən qoruyardı. Onun qalın göyçək bığı var idi. Həmişə gözündən gülərdi. Çox yaraşıqlı bir kişi idi. Kəsəmənli dəfələrlə onun məclisində olmuşdu. Onun çox məlahətli zil səsi, həm də gözəl dili var idi. Axşamdan başladığı dastanı səhərə yaxın qurtarardı. Oxuduqca cuşa gələr, otuzluq çırağın altında dayanıb zəngulə vurardı. Fitilin işığı titrəyər, bəzən də öləziyib sönərdi. Bütün mahalda onu sevərdilər. Heç kəsdə işi olmaz, heç kəsin sözünü yerə salmaz, toyda-mağarda çalıb oxuyardı. İndi ona güllələnmək kəsmişdilər. Nə var-nə var, yaylaqda qaçaqların məclisində saz çalıb, mahnı oxumuşdu.

O qayıdıb yerində əyləşdi, qələmi qırmızı mürəkkəbə batırıb aşığın adının üstündən iri bir xətt çəkdi. Özünü yüngülləşmiş hiss etdi və dərindən nəfəs aldı. Sonra masanın küncündəki balaca zəngi götürüb cingildətdi. Növbətçi milisioner qapıda göründü.

– Uşaqlardan iki nəfər yolla qalaya. Çoban Kərəməlini tez yanıma gətirsinlər. O yan-bu yan eləyən olsa, desinlər ki, yoldaş Kəsəmənli onunla danışacaq.

Aradan yarım saat keçməmiş qapı aralandı. Milisionerlər çobanı itələyib içəri saldılar və barmaqları tətikdə arxada dayandılar.

Kəsəmənli başını qaldırıb onları süzdü və işarə ilə milisionerləri başa saldı ki, çıxıb bayırda dayansınlar.

Qapı örtüldükdən sonra diqqətlə Çoban Kərəməlini başdan ayağa süzdü. Onun yumru sifətini tük basmışdı. Gözünün altında və alnında qara ləkələr var idi. Yumruq və şapalaq yerinə oxşayırdı. Görünür, yazığı əməllicə döymüşdülər. Rəng-rufu da qaçmışdı. Əynində yamaqlı boz çuxa var idi. Amma qəddi- qamətini əyməmişdi.

Kəsəmənlinin mizin üstündə yumruqları düyünləndi və az qaldı dırnaqları ovcunu doğrasın.

– Yaxın gəl, bala, stul çək otur.

Kərəməli bir şey anlamadı və elə zənn etdi ki, qulağı səsə düşüb. O buraya gətiriləndə gözləyirdi ki, qamçının altına salınıb döyüləcək, ağız-burnunun qanı bir-birinə qatılacaqdı.

Onun çaşdığını göran Kəsəmənlinin səsi bir az da yumşaldı.

– Niyə dayanmısan, stul çək otur.

Kərəməli bir azca cəsarətləndi, hürkək addımlarla yazı masasına yaxınlaşıb stulda əyləşdi.

Kəsəmənli ayağa durub otaqda xeyli gəzindi və birdən Kərəməlinin arxasında dayandı:

– De görüm, nə qələt qarışdırıbsan?

Kərəməli geri çevrildi və altdan yuxarı Kəsəmənlinin qan sağılmış zəhmli gözlərinə baxdı.

– Kabı dayı, siz məni bir "Gepo" kimi danışdırırsınız, yoxsa Kabı dayı kimi? Mən sizə necə cavab verim?

Kəsəmənlinin dodaqları astaca qaçdı və o keçib yerində əyləşdi.

– Mən səni Kabi dayı kimi danışdırıram, qorxma, ürəyini aç.

Kərəməli dərindən nəfəs alıb rahatlandı.

– Yaylaqda qaçaqlara çörək aparmışam.

– Kimə?

– Halay bəyə.

– Kimə? Halay bəylə sənin nə işin, a bala?

– Kabı dayı, o elə yaxşı adamdı ki, onun yolunda adam ölümə də gedər. O mənə elə yaxşılıq eləyib ki, özüm də, balalarım da ona ömrümüz boyu borcluyuq.

Kabı kişi Kərəməlinin həyəcandan titrəyən əllərinə, səyriyən dodaqlarına baxdı:

– Mən yenə soruşuram; sənin Halay bəylə nə işin?

Kərəməli yerini rahatladı, bir az bundan əvvəl canına hopmuş qor xunu unutdu:

– Kabı dayı, Şura hökuməti yeni qurulanda olan aclıq ili yadınıza gəlirmi? Yadınızdadımı kəndimizdə neçə adam acından şişib tuluğa döndü. Damların altında para əppəkdən ötrü uşaqlar sabah açılana qədər mələşirdilər. Bax onda mən də balalarımnan birlikdə damın altında ac qalmışdım, Uşaqlar yerlərinə qor dolmuş kimi yorğanın altında çapalayır, gözlərinə yuxu getmirdi. Eşitməyibsənmi ilan vuran yatar, ac yatmaz. Səndən də üzüm qara, uşaqların anası da yorğana bürünüb hıçqırırdı. Elə mən özüm də. Gözümü damın his basmış pərdilərinə zilləyib elə hey fikirləşirdim. Evdə satılası bir şeyim yox idi ki, bazara çıxardım. Nə qonumda bir şey var idi, nə də qonşuda. Hamı mənim günümdə idi. Səhəri diri gözlü açdım. Dan qızaranda evdən çıxdım, gün xeyli qalxana qədər fikrimdə aranı dağa koçürdüm, dağı arana:

Gümanım gələn yerləri, adamları bir-bir yadıma saldım. Hətta yaxın adamlardan bir-ikisinin qapısını döydüm də. Amma əliboş geri qayıtdım. Uşaqların içəridən səsi gəlirdi. Anaları onları ovundurmağa çalışırdısa da, qarnı ac tifillərin hıçqırığı kəsmirdi. Bir istədim xəncəri çıxarıb özümü doğram- doğram eləyim. Hər gün diri gözlü ölməkdənsə, bir dəfəlik ölmək yaxşı idi. Bax, Kabı dayı, bilmirəm, Allahın işi idi, yoxsa nə idi, birdən-birə Halay bəy yadıma düşdü. Tez ayağa durdum, balaca heybəni çiynimə aşırdım, Allaha pənah deyib, bəyin qapısına yollandım. Dedim, Allah onun ürəyinə insaf salar, hes olmasa, bir-iki xamralı çörəyi verər. Lap qarğıdalı olsun, arpa çörəyi olsun, gətirim, uşaqlar göyşüyüb səslərini kəssinlər. Yadınızda olar, Halay bəyin evi: dörd tərəfi hasarlı, darvazalı, ikimərtəbəli imarət idi. Mən qorxa-qorxa darvazaya yaxınlaşıb tərəddüd içində dayandım. Xeyli nə edəcəyimi bilmədim. Arada bir qəsdəndim geri qayıdım, amma uşaqların sifəti gözümün qabağına gələndə ürəklənib qapını döydüm. Nökər darvazanı aralayıb üzümə baxdı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IX fəsil, 3

Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.

19954 min
IX fəsil, 4

Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.

19954 min
IX fəsil, 5

Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.

19951 min
X fəsil, 1

Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O bilirdi ki, bu il də kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun məqsədi həmin dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi. Halay bəy heç kəsə dəyib-toxunmadığından özündən arxayın idi və binələrin ətrafında başını girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü tam aydınlığı ilə anlaya bilmirdi. Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi.Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam nəfəs almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və ellə birlikdə arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq basa bilmirdi.

19955 min

Poems by other poets