Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O bilirdi ki, bu il də kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun məqsədi həmin dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi. Halay bəy heç kəsə dəyib-toxunmadığından özündən arxayın idi və binələrin ətrafında başını girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü tam aydınlığı ilə anlaya bilmirdi. Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi.

Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam nəfəs almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və ellə birlikdə arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq basa bilmirdi.

Meşə qurtardı. Yaylağın çəmənliyi, güllü-çiçəkli yamacları göründü. Dəyələr Noylu bulağın üstünə səpələnmişdi. Lap kənarda balaca bir alaçıq var idi.

Kəsəmənli bu çadırın Halay bəyin olduğunu zənn etdi və atın başını qanırıb o tərəfə sürdü. Hardansa qayaların dibindən çıxan tüfəngli adamlar onların yolunu kəsdilər. Çaxmaqlar şaqqıldadı.

– Kimsiniz, hara gedirsiniz?

Kəsəmənli cilovu çəkib atı saxladı.

– Halay bəyi görmək istəyirik.

– Halay bəy kimdir, a kişi?

– Sizin başçınız. Ona deyin ki, Kəsəmənli səni görmək istəyir.

Qaçaqlar özlərini bilməməzliyə vursalar da, Halay bəyin yanına getdilər və Kəsəmənlinin onu görmək istədiyini söylədilər.

Halay bəy tüfəng qucağında mütəkkəyə söykənərək mürgüləyirdi. Ona soyuq dəymişdi. İxtiyar çağında dağda, dərədə dolaşa bilmirdi. Kəsəmənlinin adını eşidəndə ayağa durdu və üzünü keşikçilərə tutdu.

– Buraxın gəlsin!

Kəsəmənlini dəyənin yanına gətirdilər. Atının cilovunu tutdular. Kabı kişi içəri girdi. Dəyənin ortasında ayaq üstdə duran Halay bəy ilə qucaqlaşdılar. Bir xeyli beləcə dayandılar.

Halay bəyin göstərişi ilə qaçaqlar balaca süfrə açdılar, ortalığa çay-çörək qoydular. Kəsəmənli Halay bəyin solmuş bənizinə, qırxılmamış üzünə baxdı və astadan soruşdu:

– Necə dolanırsan?

Halay bəy könülsüz cavab verdi:

– Özün görürsən də. Qoca vaxtı çöllərə düşmüşəm.

– Axı, səni yerindən, yurdundan kim oynatdı?

Halay bəy cavab əvəzinə əlini pencəyinin döş cibinə uzatdı və oradan əl boyda göy bir kitabça çıxartdı.

– Rəhbərin altı şərtini oxumusanmı? Stalini deyirəm. Orda yazılıb ki, "Öz kadrlarımız yetişənə qədər köhnə mütəxəssislərdən istifadə edəcəyik". Cavanların hərəsi bu kitabçadan birini götürüb iclaslarda, yığıncaqlarda, dərslərdə üstümüzə qışqırırlar: "Siz köhnə ziyalılarsınız. Hələlik sizdən istifadə edirik. Özümüzünkülər yetişən kimi sizin hamınızı qovacayıq". Hətta dərsini bilməyən tələbələrdən biri sinif uşaqlarının qarşısında mənim üstümə qışqırdı: "Halay bəy, sənin mülkədar təbiətin istəmir ki, mənim kimi kəndli balası elm sahibi olsun. Amma unutma ki, mənim səni parçalayacaq qədər iti dişlərim və dırnaqlarım var! İndi sən özün söylə, Kabı, mən belə adamlarla necə dolanım?

Kəsəmənli diqqətlə ona qulaq asdı və astaca gülümsündü.

– Meşə çaqqalsız olmaz, Halay bəy, sən hər gədə-güdənin sözündən niyə inciyirsən?!

– Mən gədə-güdələrin sözündən incimirəm, onlardan qorxuram.

Onlar rəhbərin altı şərtini əsas götürərək nə oyun desən, çıxarda bilərlər. Şərtlərdən biri də budur ki, "Qolçomaqları bir sinif kimi ləğv etmək". Bax bunlar adamları bir-birinə qırdırmaq deməkdi.

Kəsəmənli Halay bəyi diqqətlə dinlədikdən sonra astadan sözə başladı:

– A bəy, bir qulaq as, hər gədə-güdənin sözü səni qorxutmasın.

Biz qan töküb gədalar üçün hökumət qurmamışıq. Yadındadımı, hələ seminariyada oxuyanda son maarifçilik yolu ilə getməyi qarşına məqsəd qoymuşdun. İndi sən bizə daha çox lazımsan. Xalqımızı maarifləndirmək lazımdır. İndi bizim ziyalılara daha çox ehtiyacımız var.

Arzularımız baş tutduğu yerdə sən nahaq geri çəkilirsən, Halay bəy!

Halay bəy ani olaraq xəyalən gənclik illərinə, ilk müəllimlik çağlarına getdi və o günlər üçün burnunun ucu göynədi.

Halay bəy xalirələrinə ara verib diqqətlə Kəsəmənlinin üzünə baxdı.

– Elə bilirsən, onlar sənə inanırlar?

Kəsəmənli bu gözlənilməz və sərt sualdan diksindi. Qan sağılmış gözləri müsahibinin üzünə zilləndi. Elə bil birdən-birə sifəti codlaşdı. Halay bəy hiss etdi ki, Kabının qaşları səyridi.

Halay bəy başa düşdü ki, dostunun qüruruna toxunmuşdu. O, Kəsəmənlinin söz götürən olmadığını uşaqlıqdan bilirdi. Amma ürəyindəki sözləri axıracan deməyi qərara aldı.

– Mən sənin inamına şübhə etmirəm. Dediyin sözdən dönməyəcəyini də bilirəm. Bilirəm ki, sözünə bütöv adamsan, tüpürdüyünü yalayan deyilsən. Ölərsən, amma namərdlik eləməzsən. Ancaq mən onlardan qorxuram.

– Onlar kimdi?

– İş başına doluşan namərdlər. Nə çoxdur anasının əmcəyini kəsənlər. Onlar sənə hörmət edirlər, çünki sən onlara lazımsan. Səni ən qorxulu yerlərə göndərirlər. Qaçaq-quldur üstünə yollayırlar. Sən onları öldürsən də, bunların xeyrinədi, başına bir iş gəlsə də. Mənim sözlərimdən incimə, Kabı, özün bilirsən ki, mən açıq danışanam.

Kəsəmənli ayağa durdu.

– Deyəsən bizim söhbətimiz baş tutmayacaq, Halay bəy, inamını nə yaman itirmisən? Mən səni üzə çıxartmaq istəyirəm. İstəyirəm ki, sənin kimi gözəl bir müəllim dağlara, daşlara düşməsin. Qəza firqə özək katibi ilə də məsləhətləşmişik. Xalq maarif komissarlığına yazmışıq.

Səni seminariyaya müdir təyin etmək istəyirik, öz təcrübəndən istifadə edəsən, gözəl müəllimlər hazırlayasan. Kəndlərimizdə məktəblər açırıq, hələlik orda üçaylıq, altıaylıq müəllimlər kursunu qurtaranlar dərs deyir. Bizə isə savadlı müəllimlər lazımdı.

Kəsəmənli üst-başını düzəldib alaçıqdan çıxmaq istədi. Halay bəy onun qolundan yapışdı.

– Kabı, mən heç nədən qorxmuram. Ölümə də aparsan, gedəcəm.

Səni əliboş geri qaytarmaram. Amma ürəyimdəkiləri sənə deməli idim.

– Bir də, Halay bəy, sən nə cinayət işləmisən? Adam öldürməmisən, yol kəsməmisən. Sən gəl, mənim dediklərimə inan. Bu dünyada kişilik də var, mərdük də. Sözünə bütöv adamlar çoxdu. Sən gəl, ətəyindən daşı tök, gedək evə. Mən qoymaram başından bir tük əskik ola.

Halay bəy dinmədi. Stəkanı qabağına çəkib fikirli-fikirli çayını içdi. Kəsəmənli hiss etdi ki, o, qəti qərara gələ bilmir. Qoca vaxtı dağlarda, daşlarda dolaşmaq onu bezdirmişdi. Bunun qışı var, çovğunu var, qorxusu, səksəkəsi var. Dolanmaq o qədər də asan deyil. Öz dəstəsinə söz vermişdi ki, beş-on günə buralardan baş alıb gedəcək və Arazın o tayına keçəcəklər. O, çayını içib stəkanı geri itələdi və üzünü Kəsəmənliyə tutdu.

– Yox, Kabı, beş-on gün hərlənib keçəcəm o taya, yoldaşlarıma da söz vermişəm. Onları yarı yolda qoya bilmərəm.

– Yox, Halay bəy. Mən əliboş geri qayıda bilmərəm. Gəlmişəm, səni özümlə aparacam.

– Bəs yoldaşların?

– Onları da.

Ayağa durdular. Halay bəy Həsən ağanı yanına çağırdı. Dəyənin böyründə xeyli pıçıldaşdılar.

– Məni on gün gözləyin. Dalınızca gələcəm. Ya üzə çıxacayıq, ya o taya gedəcəyik.

Halay bəy atın belinə qalxıb Kəsəmənlinin dəstəsi ilə yola düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, 9

Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.

195713 min
Üçüncü hissə, 1

Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?

195710 min
Üçüncü hissə, 2

Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.

195710 min
Üçüncü hissə, 3

Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.

195714 min

Poems by other poets