X fəsil, 2
Gecədən xeyli keçmiş qapının ağzında üstü örtülü bir maşın dayandı. Milis işçiləri yolu kəsdilər. Onlardan iki nəfəri təpiklə qapını açdı və barmaqları tətikdə içəri girdilər. Halay bəy pencəyini soyunmuşdu. Balalarını dizinin üstünə almışdı. Düz iki gün idi ki, onlarla oynayırdı. Uşaqlar atalarının boynunu qucaqlayır, onun sinəsinə qısılırdılar. Halay bəy yatanda da oğlunun hərəsini bir qolu üstünə alır və uzun müddət onların körpə mışıltısına qulaq asırdı. İndi milislər içəri girəndə uşaqlar yenə onun dizinin üstündə idi. Halay bəy uşaqları qucağından düşürtdü və təşvişlə gələnlərin üzünə baxdı.
– Halay bəy, paltarını geyin, bizimlə gedəcəksən!
– Hara?
– Yoldaş Fətullayevin yanına.
Halay bəy diksindi. Yavaşca ayağa durub, paltarını geyindi. Otaqdan çıxmazdan əvvəl dönüb evinə, uşaqlarına və arvadına baxdı. Köksünü ötürdü. Onu maşına qoyub qapını üzünə bağladılar.
Maşın silkələnə-silkələnə kələ-kötür yollarla yarım saat getdikdən sonra dayandı. Onu düşürtdülər. Halay bəy qaranlıq və kəsif havadan sonra yay gecəsinin təmiz havasından doyunca nəfəs aldı və bir müddət hara gətirildiyini ayırd edə bilmədi. Bişmiş kərpicdən tikilmiş hündür hasarın ortasındakı iri dəmir darvazanı döydülər. İçəridən səs gəldi.
– Kimdi?
– Açın qapını, dustaq gətirmişik.
Zirəzələr, siyirmələr cingildədi. Qapı azca aralandı və Halay bəyi içəri saldılar.
Halay bəy başa düşdü ki, onu şəhərin kənarındakı qalaya gətiriblər. El arasında buraya "Şəkərin qalası" deyirlər. Qala qırmızı kərpicdən tikilmişdi. İkimərtəbəli böyük bina idi. Geniş həyəti və hündür hasarı var idi. Pəncərələri dəmir çərçivəyə alınmışdı və ölü gözü kimi qaralırdı.
Keşikçi milislər onu içəri apardılar. Qapını arxasınca bağladılar. Üfunətli və boğanaq havadan az qala boğuldu. Tavandan təkəm-seyrək elektrik fanarları asılmışdı. Onların içində ildırım zolaqları kimi kəsişən işıq telləri şəhərin elektrik stansiyasının motor səsinə uyğun olaraq gah şiddətlənir, gah da öləziyirdi. Qala ikimərtəbəli idi. Dəmir barmaqlıqlarnan hissələrə ayrılmışdı. Bura qaladan çox karvansaraya oxşayırdı. Görünür, nə vaxtsa bu binanı tikdirən "Şəkər kişi" heç nəyi nəzərə almamışdı.
Halay bəy içəridəki şıqqıltılardan başa düşdü ki, qalada dustaqlar var. Onlar divar boyu uzanmışdılar. Bəziləri oturub söhbət edir, bəziləri isə tünd, turşməzə havaya dözməyib öskürüşürdülər. İçəri təzə dustaq gətirildiyini görüb söhbətlərinə ara verdilər.
Halay bəy gözləri qaranlığa alışmadığından haraya gedəcəyini bilməyib ortada dayandı. Elə bu vaxt küncdən səs gəldi.
– Bu tərəfə gəl, burda yer var.
Halay bəy küncə doğru getdi.
Döşəməyə ot tökmüşdülər. Dustaqlara yorğan-döşək əvəzinə quru ot vermişdilər. Halay bəy küncə çatanda ordakılarnan astaca salamlaşdı və otun üstündə oturdu. Gecədən xeyli keçəndən sonra səs-səmir kəsildi. Hərə bir tərəfdə büzüşüb yuxuya getdi.
Halay bəy isə əllərini başının altında çarpazlayıb arxası üstə uzandı. Gözlərini tavana zillədi. Gah közərən, gah da öləziyən şimşəkvari tellərin qızartısına tamaşa elədi. İşıqlar can verən xəstə adamın ürəyi kimi, gah döyünür, gah da nəbzini itirirdi. Qulağına səs gəldi. Dinşədi. Bu zəng səsi idi. Qala hasarının üstündə keşik çəkənlərin bir-birini yoxlaması idi.
Növbədə duran hər keşikçinin yanında iki dəmir parçası var idi. Biri havadan asılmışdı. O biri isə toxmağa bənzəyirdi. Hər yarım saatdan bir baş darvazanın yanındakı keşikçi bu dəmirləri danqıldadırdı. Onu eşidən ikinci, üçüncü və dördüncü keşikçi də öz "zəng"ini çalırdı. Beləliklə səhərə qədər bir-birilərini vaxtaşırı yoxlayirdılar.
Halay bəy bu yeknəsəq danqıltılara qulaq asdı və hətta bu danqıltıları saymağa başladı. Onun yadına Qarayazı meşəsində, gecə sakitliyində səhərə qədər bir-birini çağıran anadillərin qərib, məhzun səsi gəldi.
Günortaüstü dustaqları həyətə, gəzintiyə çıxartdılar. Halay bəyin qulağına gözləmədiyi halda zurna səsi gəldi. Bu Hümmətin dəstəsi idi. Kəsəmənli keçən dəfə qalanı yoxlamağa gələrkən onları burda görmüş və təəccüblə soruşmuşdu:
– Sizi niyə buraya gətiriblər?
– Qiyas bəyin oğlunun toyunu biz eləmişik, ona görə.
Kəsəmənli bir şey anlamasa da, gülümsündü və yarı zarafatla soruşdu:
– Zurna-dəfinizi də gətirmisinizmi?
İndi də Hümmət çaşıb qaldı.
– Yoldaş naçalnik, heç bura zurna-balaban yeridi?
Kəsəmənli elə o günü kəndə adam göndərdi, Hümmətin dəstəsinin zurna- dəfini gətirtdi və qala rəisinə tapşırdı ki, bundan sonra günorta gəzintisi vaxtında icazə ver, çalıb oynasınlar. Soruşan olsa, deyərsən ki, Kəsəmənlinin göstərişidir.
– Üzümə təəccüblə baxma. Nə olar dustaq olanda. Onlar da insandır. Qoy bir az şadlansınlar.
– Bəs...
– Bilirəm, nə demək istəyirsən. Qələt eləyir.
O gündən günorta gəzintisi toy-düyünlə keçirdi.
Dustaqlar cərgəyə düzüldübr. Keşikçilər onları saydılar, sonra da gəzməklərinə icazə verdilər. Yaşlı və özlərini bir az nasaz hiss edən dustaqlar hasarın dibində domuşuqlu oturdular. Cavanlar xeyli ortada fırlandılar. Onlardan biri qolunu çırmayıb üzünü zurnaçıya tutdu:
– Ay Hümmət qağa, bir dirə-döymə havası çal.
Cavanlar dəstələrə bölündülər, meydanın ortasında dairə çəkdilər. Hümmət zurnanın səsini zilə qaldırdı və cavan dustaqlar hay-haraynan oyuna başladılar. Bayaqkı oğlanın səsi yenidən eşidildi:
– Ay Hümmət qağa, indi də güləşəngi çal, görüm, qabağıma kim çıxacaq? Gəzinti qurtardı. Keşikçilər dustaqları içəri doldurdular. Bir anlığa hər şeyi unudan Halay bəy də içəri keçmək istərkən ona bir bağlama verdilər. Halay bəy təəccüblə keşikçiyə baxdı.
– Bu nədir?
– Yeməkdi, sizə göndəriblər.
– Kim göndərib?
– Çoban Kərəməli. Dedi ki, adımı deyin, Halay bəy özü tanıyacaq.
Ertəsi günü gəzintidən sonra Halay bəyi içəri buraxmadılar. Qolundan tutub qapının ağzında saxladılar. İki milis nəfəri onu qalanın arxa tərəfindəki böyük meydana apardı. Halay bəy qala divarlarının dibinə baxa-baxa xeyli sakitcə addımladı. Torpaq kələ-kötür idi. Bəzi yerlərdə aşağı çökmüş, bəzi yerlərdə isə qabarmışdı. Ona bel verdilər və hasarın dibini qazmağı əmr etdilər. Halay bəy heç nə anlamasa da, beli götürdü və torpağı eşməyə başladı. Elə bu vaxt bir əl çiyninə toxundu.
– Müəllim, beli mənə ver, sizə zəhmət olar.
Əlini uzadıb Halay bəydən beli aldı. Müəllimin sual dolu baxışlarını gördü və astaca gülümsündü:
– Siz mənə dərs demisiniz. Xeyli vaxtın söhbətidir, yadınızdan çıxmış olaram. Çox zəhmli idiniz. Amma biz, tələbələr, sizi bir-birimizə görsədib "Riyaziyyatın allahıdır" deyirdik. Siz bizə Kiselyovun "Rəhbər cəbr kitabını" dönə-dönə izah edirdiniz. Kim Şapoşnikovun kitabındakı məsələ və misalların hamısını həll etməyibsə, onu imtahana buraxmırdınız. Gecələr də məşğələyə gəlir, ən çətin məsələləri izah edir, bizim hər şeyi başa düşdüyümüzə əmin olduqdan sonra evə gedirdiniz. Yaxşı günlər idi, müəllim!
Bu sözləri deyən milislərin başçısı idi. Onun otuz-otuz beş yaşı ancaq olardı.
Halay bəyi gözdən qoymasalar da, bir az sərbəst gəzməsinə imkan verdibr. O, balaca bir təpənin üstündə dayandı, qəza mərkəzi olan kiçik şəhərin yanından keçən çayın qıjıltısına qulaq asdı. Kəndlərə uzanan əyri-üyrü yollara, Dilican dağının ətəyindən burulub Dılican dərəsinə gedən xır yoluna, uzaqdan ağ buludlara bürünmüş Göyəzən dağının zirvəsinə və Avey tərəflərə baxdı. Hər şey sakit, hər şey ona məhzun kimi göründü...
Gecə yarıdan sonra qalanın qapısı aralandı.
Keşikçilərin amiranə səsi eşidildi:
– Halay bəy kimdi?
– Mənəm.
Dustaqlar yerlərində tərpəşdilər. Keşikçilər isə ayağa durub onlara yaxınlaşan Halay bəyi geri qaytardılar.
– Paltar-palazını da götür.
Bu, pis əlamət idi. Buradakı dustaqlar bilirdilər ki, gecə yarısı aparılan məhbusların başında qaranlıq var. Paltar-palazın götürülməsi onun bir daha geri qayıtmayacağına işarə idi. Gecə yarısı paltar-palazla aparılan məhbusları ya vaqonlara doldurub qatapla uzaq - qarlı, meşəli Sibirə, ya da o dünyaya göndərirdilər.
Halay bəyi qala divarının dibində qazılan və torpağı qaralan çuxurun yanına gətirdilər.
Hava sərin idi. Ağacların yarpaqları astadan xışıldayırdı. Gecənin səhərə yaxın sükutu ətrafı bürümüşdü. Arabir dəmiryol vağzalından parovozların kəsik fit səsləri eşidilirdi. Sonra vaqon təkərlərinin yeknəsəq, ahəngdar taqqıltısı gəlirdi. Halay bəy bir anda səyyar xəyalın ağuşunda ötən günlərə qayıtdı. Həmin vaqonlarda Tiflisə, oradan da Qoriyə, seminariyaya oxumağa getdiyi günləri xatırladı. Sonra dönüb göyün üzünə baxdı. Ulduzlar sayrışırdı. Amma bir parça ağ bulud, ayın ətrafında dolaşırdı. Adama elə gəlirdi ki, ay buludların üstünə yeriyir. Halay bəy uşaq vaxtı yay günlərində ayla buludların bu cür "döyüşlərinə" çox tamaşa etmişdi. Anası həyətə gəbə döşəyər, üstünə yorğan-döşək sərər və uşaqlarını açıq havada yatırdardı. Bax, o günlərdə Halay bəy arxası üstə uzanıb saatlarla ulduzlara baxar və buludların üstünə yeriyən aya tamaşa edərdi. El arasında "Karvan yolu" deyilən kəhkəşan ulduzları haçalanmış yol kimi uzanıb gedirdi. Deyirdilər, uzaq, müqəddəs yerlərə ziyarətə gedən zəvvarlar gecələr karvanlarını çəkib bu yolun işığı ilə Qüdsiyyətə doğru addımlayırlar. Halay bəy qazılmış çuxurun kənarında dayanaraq karvan yoluna səpələnmiş sayrışan ulduzlara baxdı və yolun onun ruhunu haraya aparacağını düşündü.
Elə bu vaxt ağacların başında yaşayan və indiyəcən heç kəsin görmədiyi anadil quşlarının bir-birini səsləyən məhzun səsi eşidildi. Halay bəyin bu dünyadan qəflətən gedərkən eşitdiyi sonuncu səs anadillərin məhzun, kədərli səsi oldu. Şərq tərəfdə isə iri şəffaf dan ulduzu parıldayırdı.
Səhərə az qalırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-olen-dunyam-x-fesil-2
Use ← → keys to move, R for a random poem
More by this author
Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin çoxu ayaq üstündə qalmışdı. Pəncərə ağzında oturanlar, dal tərəfdə çənələrini əllərindəki yabaya söykəyib dayananlar da var idi.Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını kəsmişdi. O, istədiyi adamı içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı:
21Qatar səhər tezdən Bakıya çatdı.Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından:
22Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".
23İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi."Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.
Poems by other poets
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Töküb rüxsari-alına nigarım zülfi-mişkinbuTöküb rüxsari-alına nigarım zülfi-mişkinbu,Sanarsan, xətteyi-Rumi tutubdur ləşkəri-hindu.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.