23
İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi.
"Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.
Xalxaldakı camışı sağıb, evə qayıdan Tükəzban xala oğlunun narahatlığını görüb dedi:
– Səhərin yuxusu şirin olur, özüm qıyıb səni durğuzmadım. Axşam da idarədən gec qayıtdın.
– Çalışıram, mümkün edə bilmirəm, ay ana. Pambıq saçaq-saçaq olub yerə tökülür, yığıb-yığışdırmaqla qurtarmır. Heç belə vaxtda adamın gözünə yuxu gedər?
İmran həyətdəki göy rəngli "Moskviç"ə yaxınlaşdı. Qapını açıb rulun dalına keçdi.
– Ana, gəl otur!
– Yox, dərdin alım, sən get. Mən qızlarla gələrəm.
– Gözlə ha, sonra qızar səni yorub yolda qoyarlar.
– Bacarmazlar, bala.
Maşın yüngülcə tərpəndi, həyətdən çıxıb yola düşdü. İmran bu maşını təzə almışdı. Tükəzban xala Bakıdan qayıdandan sonra düyüncəsinı açıb oğluna pul vermişdi.
"A bala, get özünə əməlli-başlı maşın al, moskletdən gözüm su içmir"
İmran anasını öpüb pulu götürmüşdü.
"Moskviç" kəndin içinə çıxanda kəsik-kəsik fit verdi. Səhər-səhər bu fiti eşidən kimi, demək olar hamı eyni şeyi düşünürdü: "Aqronom oyanıb, işə getmək vaxtıdır".
İmran maşını idarənin yanından sürdü. Qapı ağzında onu gözləyən Nəsib dayını götürdü. Birlikdə kəndin arasında dolandılar.
Göyün üzü yaman ağardı. Qəfil qalxan xəfif külək ağacların yarpaqlarını xışıldatdı. Xoruzlar səs-səsə verdi. Evlərin qapılan açılıb-örtüldü. Küçələr adamla doldu.
– Bir-iki dəfə də siqnal ver, gecikən olar.
– İnanmıram bu saat işə gecikən ola. Nəsib dayı. Axır vaxtlar yuxudan nə zaman durduqlarını da bilmək olmur. Yaman həvəsə gəliblər.
– Hələ harasıdır! Bu saat nə gəlir var, pambıqdandır.
Maşın, yolun kənarı ilə gülüşə-gülüşə işə gedən qızların yanından ötüb, balaca körpünü keçdi.
İmran gözünü yollara zilləyib fikrə getmişdi. Bir aydan çox idi ki, dərslər başlanmışdı, lakin Nərgiz hələ gəlib çıxmamışdı. Tükəzban xala Bakıdan qayıdandan sonra da İmran ümidini kəsməmişdi. O, əmin idi ki, Nərgiz dərs vaxtı gəlib çıxacaqdır. Axı onlar bir-birinə söz verib əhd-peyman bağlamışdılar. Nərgiz yay tətilinə gedəndə İmran özü onu yola salmışdı. Onlar rayon mərkəzinə qədər piyada getmişdilər. Nərgiz özü xahiş etmişdi ki, "gəzə-gəzə gedək". Onlar böyük torpaq yoldan çıxıb cığıra düşmüşdülər. Nərgiz uşaq kimi sevinirdi. Gah çiçək dalınca qaçır, gah da palıd ağacının dibində dayanıb quşların civiltisinə qulaq asırdı. Ağaclar sıxlaşdıqca hava bürküləşirdi. Nərgiz kəlağayısını əlinə almışdı, sinəsi açıq idi. Güllü şifon koftasının tünd-yaşıl yaxalığı ağ boynunu daha da gözəl göstərirdi. İmran diqqətlə baxdıqca, Nərgizdə yeni-yeni gözəlliklər tapırdı.
Qızın açıq qolları nə qədər də yumşaq və zərif idi! Güləndə sinəsi necə də titrəyirdi! Saçları ipək kimi axıb çiyninə tökülmüşdü. Nərgizin elə bil xasiyyəti də dəyişmişdi. Tez-tez İmranın qoluna girir, onun hər sözünə qaqqıltı ilə gülür, cüzi bir məsələ üstündə höcətləşirdi. İmran qızın sevindiyini aydınca görürdü. Ancaq o nəyə sevinirdi? Bəlkə Bakıya getdiyinə, özünün köhnə tanış-bilişləri ilə görüşmək üçün imkan tapdığına sevinirdi? Bəlkə indi Teymur da ordadır? Bəlkə Nərgizi qanadlandıran elə bu görüş arzusudur?
İmranın qaşları çatıldı. Nərgiz bunu hiss etmədi. Qaçıb palıdın kölgəsindəki göylükdə oturdu. İmran dinməz-söyləməz onun yanında əyləşdi. Meşə min bir dillə pıçıldaşırdı.
İmran yerdən bir ot qoparıb dişləriylə didişdirməyə başladı.
– Deyəsən, sevinirsən?
– Niyə də sevinməyim?
– Bakıya getdiyin üçün?
– Bəs nədən ötrü?
Nərgiz İmrana daha yaxın oturdu. Əllərini İmranın boynuna salıb çarpazladı. İmran gözlərini qızın üzünə zillədi. Birdən Nərgiz titrəyib onun sinəsinə qısıldı.
– Elə baxma...
Nərgiz onu öpüb qaçmaq istədi. Ancaq bacarmadı...
Onlar vaxtın necə gəlib keçdiyini bilmədilər. Gün əyiləndə göyün üzünə qara bulud gəldi, iri damlalı yağış çilədi. Onlar bunu da hiss etmədilər. Yağışdan sonrakı göy qurşağını belə görmədilər. Ancaq otluqda üst-başlarının şehə batdığını görüb təəccübləndilər.
Sahildə dayandılar. Suların qızaran, kölgələrin uzanan vaxt idi.
– Mən bunu heç vaxt unutmayacam, İmran!
– Nəyi?
– Bizim bu görüşümüzü. Sahildə dayanıb üfüqdəki dağlara, axar sulara baxdığımızı...
– Səni bilmirəm, mən heç unuda bilməyəcəm, Nərgiz!
Onlar ulduzlar doğana qədər sahildə qaldılar. Birinci qatara gecikdiklərindən, İmran Nərgizi ikinci ilə yola saldı. Ayrılanda Nərgiz dönə-dönə tapşırdı:
Bax, adam göndər ha, gözləyəcəm.
İndi İmran bunları necə başa düşsün? Yoxsa o, bir şəhər qızının şıltaqlığına uymuşdu? Atası razı deyil, bəs özü?.. Məgər Nərgiz uşaqdır? Doğrudanmı onun taleyi atasının iradəsindən asılıdır?
İmran, anası Bakıdan qayıdandan sonra Nərgizə üç məktub yazmışdı, cavab almamışdı. "Bu nə deməkdir? Yoxsa o, mənimlə əylənirdi? Bəlkə mənim məhəbbətimi də bir xatirə kimi öz gündəliyinə yazıb üçüncü bir oğlana oxuyacaq?"
İmran fikirləşdikcə həyəcanlanır, aldadıldığından qorxurdu. Dünyada onu ən çox qorxudan aldadılmaq idi. Çünki o, ömründə heç kəsi aldatmamışd:
İmran zahirdə özünü gümrah tutsa da, xəcalətindən buz kimi əriyırdı. Otuz yaşına qədər heç kəsə bir söz deməyib, özünü ağır saxlayan bır oğlana belə bir hadisə təsir etməyə bilməzdi. Bu, İmranın ilk məhəbbəti idi, indiyə qədər onu çox qızlar istəmişdi. Hətta bəziləri dözə bilməyib öz dilləri ilə sirr açmışdılar. İmran isə çox nəzakətlə başa salmışdı ki, onları sevə bilməyəcək, üstəlik onlara öyüd-nəsihət vermişdi ki, "hər oğlana sirr verməyin, dünyada nanəciblər də çoxdur. Sonra pak məhəbbətinizdən sui-istifadə edərlər".
Qızların bəziləri incisə do, sonra ona haqq vermişdilər.
O, institutda oxuyarkən ailə və məhəbbət məsələlərinə yüngül nəzərlə baxan yoldaşlarına da acıqlanar, yaşlı bir adam kimi, onları danlardı.
İmran evlənmə məsələsinə çox böyük əhəmiyyət verirdi. Onun fikrincə, insan ömründə bir dəfə evlənməli və axıra qədər o qadınla yaşamalıdır. Qadını, yaxud kişini tez-tez dəyişmək insanı daxilən çürüdür, hətta bəzən məhv edir. Məhz buna görə də evlənərkən çox düşünməli, ilk təəssürata əsir olmamalısan.
Nəsib dayı da fikirli idi. O, gözaltı İmranı süzür və ürəyində Nərgizin atasını məzəmmət edirdi. O, özü ata olmasa da, atanın nə demək olduğunu Muradovdan yaxşı başa düşürdü.
Nəsib dayı atalıq borcunu yalnız övladı yaxşı geyindirib yedirməkdə görən adamlara gülərdi. Belə atalar adətən həmişə övladlarını sıxır, "mən səni saxlamışam, boğazımdan kəsib sənə vermişəm, mənə borclusan, ona görə də mən nə desəm, o olmalıdır" deyirlər. Övladlarının müstəqil yaşamasının əleyhinə çıxırlar. Çalışırlar ki, uşaqları da onlar kimi düşünsün, onlar kimi hərəkət etsin, onlar kimi yaşasınlar. Bu cür adamlar elə zənn edirdilər ki, həyatı, yaşayışı dünyada onlardan düzgün başa düşən yoxdur, heç kəs onların dediyinin əleyhinə çıxa bilməz. Övlad onun dediyini dinməz-söyləməz yerinə yetirib cavab qaytarmamalıdır. Bu qanun pozulduqda onlar müstəbidləşirlər.
Nəsib dayı bu cür adamları bədbəxt hesab edirdi. Çünki onlar öz aləmlərində övlada yaxşdıq edib qayğısına qalır, onun xoşbəxtliyinə çalışır, əslində isə qaş düzəltmək əvəzinə göz tökürlər. Unudurlar ki, hər quşun öz uçuşu var; ata körpəsini pərvazlandırıb uçurtduqdan sonra onun qanadını bağlaya bilməz.
Muradov belə atalardan idi. Nəsib dayı elə ilk söhbətdən bunu duymuşdu. Ancaq o, Nərgizin iradəsizliyinə inana bilmirdi.
O, aqronoma təskinlik vermək istəyirdisə də bacarmırdı. Nəsib dayı ilk sevginin nə demək olduğunu, nakam məhəbbətin dəhşətlərini çox yaxşı bilirdi...
Nəhayət o, papirosunu maşının pəncərəsindən kənara atıb dilləndi:
– Çox fikir eləmə, a bala.
İmran diksinib xəyaldan ayrıldı.
– Nə fikir, Nəsib dayı?
Nəsib dayı nə deyəcəyini bilmədi. Fikrini dəyişdi. İmranın yarasına toxunmamağı daha münasib bildi:
– İşi-gücü deyirəm, düzələcək. Bu il pambığımız yaxşıdır. Keçən il bu vaxt heç otuz faiz verməmişdik. İndi altmışı keçmişik. Yeni üsulla becərmə qolumuzdan tutdu.
İmran Nəsib dayının başqa söz demək istədiyini, lakin mövzunu qəsdən dəyişdiyini hiss etdisə də, üstünü vurmadı. Qüssəli-qüssəli qımışdı.
– Bəs maşınlar? Sözün düzü, təzə direktor bizim yaman dadımıza çatdı.
– Düz deyirsən, qoçaq oğlanmış.
Onlar birinci briqadanın tarla düşərgəsinə çatdılar.
Zeynəb bir saat əvvəl məntəqəyə yola saldığı maşını gözləyir, arabir də qurudulmuş pambığı xarallara dolduranlara kömək edirdi. Lakin qızın diqqəti başqa yerdə idi. Gözlərini sahənin aşağısında işləyən pambıqyığan maşına zilləmiş İmranın solğun çöhrəsinə fikir verdikcə, gizlicə köksünü ötürdü: "Qızı vermədilər, gədə fikir çəkir. Gör bir necə arıqlayıb". O yaxınlaşıb ehmalca İmranın qoluna toxundu:
– Üzünü niyə qırxdırmırsan? Lap keşişə dönübsən...
– Vaxt yoxdur, - deyə İmran köksünü öttirdü.
– Ə, buna nə vaxt? Çobanın könlü olsa, təkədən pendir tutar.
Ayıbdır, get üzünü qırxdır, yoxsa qızlara goz eləyərəm, səni hoydu- hoyduya götürərlər.
İmran Zeynəbin qəsdən zarafat eləyib onun könlünü açmaq istədiyini hiss edir, daha da kədərlənirdi.
Xarallara doldurulan pambığı yoxlayan Nəsib dayı İmranı çağırıb, başqa briqadalara da baş çəkməyi təklif etdi.
Onlar getməyə hazırlaşanda Zeynəb:
– Günorta bizə qonaqsınız, - dedi.
– Nə münasibətlə? – İmran maraqla ona baxdı.
– Gələrsiniz, görərsiniz.
Onlar geri qayıdanda briqada çinar ağacının kölgəsinə toplaşmışdı. Tükəzban xala qolunu çirməyib qazanların yanında hərlənir, bişirdiyi xörəyin dadına baxırdı. Bir tərəfdə də samovarlar səs-səsə vermişdi. Kərim dayı artezian quyusundan bir çəllək su gətirmişdi.
Çinar ağacının kölgəsində böyük məclis qurulınuşdu. Briqada bayram edirdi.
Zeynəb, planı dolduran kimi elə tarlada öz üzvlərinə qonaqlıq verəcəyini yığıma başlayanda qərara almışdı. Bu gün onun briqadası planı doldururdu. Adamlar yavaş-yavaş çinarın kölgəsinə toplaşır, ortada hərlənib göstəriş verən briqadirə söz atırdılar.
– Bu nədir, ay Zeynəb, kimin toyudur?
– Briqadanın toyudur. Əhd eləmişəm, planı iki yüz faiz yerinə yetirəndə elə burada daha böyük məclis düzəldəcəm.
Bir dəstə kolxozçu İmranın başına toplaşmışdı. Onlar qızğın mübahisə edirdilər.
– Məsələ təkcə pambığı əkib-becərməkdə deyil. Gərək onu vaxtında yığmağı bacarasan. Hələlik havalar yaxşıdır. Qorxusu yoxdur.
Amma birdən payız yağışları başlasa, keçən ilki kimi zəhmətimiz hədər gedəcək...
– Ona görə də pambıqyığan maşınlardan istifadə etmək lazımdır, – deyə İmran cavab verdi.
Kolxozçu başını buladı:
– Sözün açığı, mənim o maşınlardan ağlım bir şey kəsmir.
– Düz demirsən, Əhməd dayı, maşınlar çox gözəldir. Ancaq biz onları işlədə bilmirik.
– Bəs ona nə deyirsən?
Qoca qonşu kolxozun tarlaları üzərində uçan təyyarəni göstərdi:
– Dərmanla pambığın yarpağını töküb, kolları vaxtsız qurudur.
– O da lazımdır. Maşının işləməsi və əla növ pambıq yığılması üçün yarpaqlar tökülməlidir.
– Axı qozalar gömgöydür.
– Demək, suyu vaxtında verməmişik, günah yenə də özümüzdədir.
– Vallah, ağlım bir şey kəsmir, - qoca inadından dönmədi.
İmran qocanı inandırmaq üçün fakta müraciət etdi:
– Zeynəbin briqadası maşın işlətməsəydi, planı hamıdan tez doldurmazdı.
– O heç, a bala, qız deyil, od parçasıdır.
– Bir vaxt vardı, kəndə traktor gələndə də bəziləri belə deyirdi.
– Axırda nə oldu? – Kərim dayı da söhbətə qarışdı.
– O başqa məsələ, ay Kərim, - qoca qəlyanını sümürüb davam etdi.
– Kolxoz yeni quralanda traktorun dilini bilən yox idi. Maşınlar tez-tez xarab olub, şumun içində qalırdı. Ona görə də çoxumuz inanmırdıq.
Amma indi elə traktorçular var ki, maşını on il sürür, bir vinti də xarab olmur.
– Ay sağ ol. Elə mənə də bu lazım idi, - deyə Kərim dayı dikəldi.
– Demək, günah maşında deyil, bizdədir. Biz bələ onun dilini öyrənə bilməmişik. MTS-lərdə yaxşı mütəxəssislərimiz azdır.
Bu vaxt Zeynəbin səsi eşidildi:
– Ay İmran, iclasınızı qurtarın.
Hamı süfrəyə yığışdı.
Qocaman çinarın yarpaqları xışıldayırdı. Deyib-gülənlərin səsi bir-birinə qarışmışdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-ayrilan-yollar-23
Use ← → keys to move, R for a random poem
More by this author
Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı- Kipianini yalnız gürcülər deyil, bütün şöbələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. O özü ədəbi gecələr təşkil edir, şer oxuyur, uşaqlarə dram dərnyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözüm-çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"
Dördüncü hissə, 5Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Heç nədən qorxmurdular. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindanlara belə düşməyi arzu edirdilər. Onlarda həm coşqun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?
Dördüncü hissə, 6Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını yalını sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı. Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu duydu. At pis ata oxşamırdı. Boynu gözəl, qaməti uca idi. Dərisinin rəngi tünd-qırmızı idi. Bəzi yerləri şabalıdı rəngə çalırdı. Qaçmağı da pis deyildi, ancaq Cahandar ağanın ürəyinə o qədər də yatmırdı. Nə qədər çalışırdısa da, Qəmərdən sonra bu ata isnişə bilmirdi. Elə bil at da bu soyuqluğu duyurdu. Sahibini görəndə Qəmər kimi çəçiyi ilə yeri eşib kişnəmir, şahə qalxıb oynaqlamırdı. Bu atla Qəməri müqayisə etmək olmazdı. Qəmər elə bil başa düşürdü, sevincini, kədərini bildirir, lal baxışları ilə sahibinin ürəyindən keçənləri oxumaq istəyirdi.Cahandar ağa atın ətrafına bir də dolandı, sonra sakit addımlarla evə doğru getdi. İçəri girib divardan asdığı tüfəngini götürdü, çalnı-çarpaz bağladı. Ağ yundan toxunmuş qotazlı başlığını göy buxara papağının üstündən geyib boynuna doladı. Xəncəri yana çəkdi. İçəri gəldiyi kimi də sakit addımlarla getmək istədi. Ancaq qapıya yaxınlaşanda ayaq saxladı. Dönüb geri, otağa baxdı, gözünü divara vurulmıış xalçaların üzərində gəzdirdi. Tavandan asılmış otuzluq çırağa, baş tərəfdə divara mıxlanmış qollu-budaqlı iri maral buynuzuna baxdı. Qoşa taxtı, döşəkcələri, zərbaftalı, qotazlı mütəkkələri gözdən keçirtdi. Elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. Özü də hiss etmədən köksünü ötürdü. Darağı tüfəngin xəzinəsinə basdı. Çaxmağı hərləyib şaqqıldatdı, dabanı üstə fırlanıb otaqdan çıxdı. Həyətdəkilərin üzünə baxmadı. Əli qoynunda, təlaş və təşviş içində dayanıb gözünü ona zilləyən Mələyi görmədi. Qonşu otaqda pərdəni azacıq aralayıb gözündən bulud kimi yaş tökən Salatın tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ağır, lakin qəti addımlarla talvara yaxınlaşıb atı kənara çəkdi. Quş kimi sıçrayıb yəhərə qalxdı. Yüyəni qəsdən dartdı. At sahibinin iradəsinə tabe olub dal ayaqları üstə qalxdı və yuxudan ayılmış kimi yəhərin altında oynadı. Yorğa yerişlə doqqaza sarı yollandı. Darvazaya çathaçatda qanad şaqqıldadı. Cahandar ağa qeyri-ixtiyari dönüb geri baxdı. İri, kəkilli sarı toyuq tara çıxıb hövllə qanadlarını şaqqıldadırdı. Kişi təəccüb etdi. Toyuq birdən boğazını irəli uzadıb xoruz kimi ucadan banladı. Cahandar ağanın bədənini soyuq tər basdı, iri həbəşi dodaqları kipcə bağlandı. Qızarmış gözlərinə qan sağıldı. Tüfəngi hərləyib tətiyi çəkdi. Qanadını çırpıb bir dəfə banlamaq istəyən toyuq yumaq kimi havaya qalxıb çəpərin o üzünə düşdü. Lələkləri göydə oynadı. Cahandar ağa atın boynuna yataraq dördnala çapdı. Kənddən aralanıb Kürün sahilində görunməz oldu.
Dördüncü hissə, 7Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarın yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilədir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta mayın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?