Dördüncü hissə, 5
Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Heç nədən qorxmurdular. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindanlara belə düşməyi arzu edirdilər. Onlarda həm coşqun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?
Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?
Kipiani durub oturdu. Ayağının ucundakı daşı götürüb atdı. Daş əvvəlcə astadan, sonra isə sürətini artırıb dərəyə dığırlandı. Əhməd də gözünü daşa zillədi.
– Sən bilən bizim dərnəyimiz nə üçün tez dağıldı?
– Çünki, istinad nöqtəsini tapmadan Yer kürəsini özülündən oynatmaq istəyirdik.
Kipiani qaşlarını dartdı. Təəccüb və maraq dolu baxışlarını müsahibinin üzünə zillədi:
– Nəyi nəzərdə tutursan?
– Şüurların oyanmasını.
– Şüurların oyanması müxtəlif cür ola bilər.
– Mənə ədalət və vicdanla dolu şüur lazımdır.
– Bu mücərrəd oldu.
– Nə üçün?
– Çünki ədalət və vicdan məfhumu nisbidir.
– Bilirəm, sən yenə sinfi təfriqədən danışacaqsan.
– Bəs necə?
– Mən milləti parçalayıb qarşı-qarşıya qoymağın özünə şübhə ilə baxıram. Ehtiraslar qızışıb keçəndən sonra baş verə biləcək peşmançılıq məni dəhşətə gətirir.
– Bəs təklifin nədir?
– İnsanların şüurunu oyatmaq, vicdanı hərəkətə gətirmək bizim birinci vəzifəmizdir. Gərək bu sahədə hər bir kəs öz millətinə kömək eləsin.
– Bəs millətlərin həmrəyliyi?
– Bunlar bir-birinə mane olmur. Zənnimcə, gərək əvvəlcə millətin özünü oyadasan. Əgər bir xalq özünü dərk edə bilmirsə, ləyaqət və qüdrətini anlamırsa, nə özünə, nə də başqalarına kömək edə bilər.
Kipiani susdu. Gözləri yol çəkirmiş kimi fikirli-fikirli dostumun üzünə baxdı. Qəlbində ona qismən haqq verdi. Əslinə baxsan, onun özü də bu yolla gedirdi. Seminariyaya dərs deməyə də bu məqsədlə gəlmişdi. O çalışırdı ki, tələbələrinə azadlıq ruhunu aşılasın. Onları qürurla yaşamağa, ədalət və haqqı müdafiə etməyə alışdırsın. Onun ən çox nifrət etdiyi hiss zülmə boyun əyməyi təbliğ edən mütilik fəlsəfəsi idi. İnsanı insanlıqdan uzaqlaşdıran, qorxaq və aciz bir varlığa çevirən bu fəlsəfənin düşməni olan Kipiani Əhmədin sözlərini eşitdikdə sevindi. Demək, onlar ən ucqar yerlərə səpələnsələr belə, amallarından dönməyiblər. Bir qığılcım kimi parıldayırlar. Lazım olarsa, alovlanmağa hazırdırlar. Əhməd öz mülahizəsində millətə, öz xalqına köməyi ön plana çəkirdi. Bəlkə indiki vəziyyətdə bu fikir daha doğru idi? Bəlkə kiçik millətlər, sayca az olan xalqlar əvvəlcə birləşməli, inkişaf etməli, yüksək şüurlu bir vəziyyətə gəlməlidirlər? Onların daxili ziddiyyətlərini qabartmaq o qədər də məqsədəuyğun deyil?
– Sən millətə kömək üçün hansı yolu əsas götürürsən?
– Maarifi. Əvvəlcə buradan başlamaq lazımdır. Elmi, mədəniyyəti artırmaq lazımdır. Hər millətin özünün düşünən beyni olmalıdır. Elə adamı olmalıdır ki, millətin sabahını görə bilsin. Millətinə başçılıq etməyi bacarsın, onu zamanın dolaşıq və çalpaşıq yollarından salamat çıxartmağı bacarsın.
– Mən sənə şərik. Lakin de görüm, belə bir şəraitdə dediyin adam yetişə bilərmi?
– Çətin.
– Demək, mənim fikrimi təsdiq edirsən ki, bununla kifayətlənmək olmaz. Nə isə daha ciddi bir iş görmək lazımdır. Nə isə dəyişməlidir.
Nəyi isə vurub dağıtmaq lazımdır.
Əhməd gülümsündü. Bir az bundan əvvəl Kipiani haqqında nə qədər yanlış fikrə düşdüyünü anladı. Demək, o, ömrünü sakitcə başa vurmaq istəyənlərdən deyildi. O, yenə əvvəlki kimi döyüşməyə hazır idi. Onun sifətindəki süstlük və yorğunluq fəaliyyət üçün geniş meydan tapa bilməməsindən idi.
– Görünür yenə tələsirsən, əziz dost. Gərək şəraitlə də besablaşasan. Bu saat biz tam hüquqsuzuq. Qubernatorun biri Bakıda əyləşib, biri də Tiflisdə, ətrafında da kazakları. Hər şeyi nəzarət altına alıblar.
Ucqar bir kənddə balaca bir məktəb açmaq üçün gərək birbaş padşahın özünə yazasan. Onun icazəsi olmadan bir daşı da yerindən tərpədə bilməzsən. Hünərin var, bir balaca əl-qolunu tərpət, o saat siyirmə qılınc tökuləcəklər üstünə.
– Demək, burada fikrimiz birləşir. Onlar bizi dili-ağzı bağlı hala salmaq istəyirlər. İradələrinə tabe olmayanları isə silahla qorxudur, ya qandallayıb Sibirə göndərir, ya da el-obasından qaçaq salırlar. Sən də deyirsən bunlara dözək.
– İstəsən də dözə bilməzsən.
– Bəs nə edək?
– Ordu toplamaq lazımdır.
Kipiani yerində dikəldi. Təəccüblə Əhmədin üzünə baxdı. O çox sakit idi. Lakin onun son sözü bir az bundan əvvəl dedikləri ilə düz gəlmirdi.
– Niyə təəccüb edirsən? – deyə Əhməd dostunun çiynini qucaqladı. – Məgər sənin dərs verdiyin uşaqlar bir ordu deyilmi? Aleksey Osipoviç kəndbəkənd, şəhərbəşəhər gəzib ordu toplamırmı? Mənim gətirdiyim ayaqyalın, yamaqlı uşaqlar həmin ordunun əsgərləri olmayacaqlarmı? Niyə susursan? Məgər bunlar gələcəkdə böyük bir maarif ordusu olmayacaqmı?
Kipiani gülümsünüb çiynini çəkdi:
– Yenə əvvəlki kimi xəyalpərvər və şairanəsən.
– Xəyal olmasa, adamın qüssədən ürəyi partlayar. Bir də, mənim xəyalım real xəyaldır. Bir təsəvvür et, biz bu uşaqların qəlbində məşəl yandırsaq, həmin məşəllər hər yerə səpələnsə, yurdumuz çıraqbana dönər.
– Əgər çar kazakları onları vaxtından əvvəl söndürməsə.
Bu dəfə Əhməd dinmədi. Dostunun sifətindəki kədər ona da sirayət etdi. Bir anlığa olub-keçənləri, Göytəpə kəndini, axır vaxtlar kazakların tez-tez atlanıb gəlməsini, meşəni qoruğa çevirmələrini, camaatı sıxışdırmalarını xatırladı. Kür sahilindəki son toqquşmanı yadına saldı. Nədənsə Cahandar ağa bütün əzəmət və qəzəbi ilə gözünün önündə dayandı. Elə bil onun tunc kimi bozarmış sifətini, qan sağılmış gözlərini, qıllı çatma qaşlarını və həmişə tüfəngin tətiyində oynayan barmaqlarını gördü. Elə bu an Molla Sadığın təsbehinin şaqqıltıları da qulağında səsləndi. Elə bil müridlər onu bürüdülər. Əhməd qeyri-ixtiyari qara damları, Qoca kişinin, güzəranını, uşaqları yola salmağa gələrkən sahilə toplaşan kənd adamlarını yadına saldı. Osmanın anası oğlunun ayağına çarıq da tapmamışdı. Sinəsinə döyüb ağlamaqdan başqa əlindən heç nə gəlmirdi. Vəziyyət çox çətin və qarışıq idi. Biri kənddə ağalıq edir, o biri isə doyunca quru çörək də tapmırdı. Bəlkə Kipiani düz düşünürdü? Belə vəziyyətdə hansı birlikdən danışmaq olardı?
Qalanın kölgəsi uzanıb onların üstünə düşmüşdü. Kürün suyu qızarmışdı. Ləpələr pullu balıq kimi işıldayırdı. Vadidə mal-qara otlayırdı. Uşaqlar sahil boyu at çapırdılar.
– Gedəkmi?
Ayağa durdular. Gəldikləri kimi də cığırla asta-asta aşağı endilər. Şəhərin tozlu küçələri ilə dinməzcə irəlilədilər. Əhməd sabah yola düşməli idi. Onun gətirdiyi uşaqları seminariyaya qəbul etmişdilər. Bir həftədən çox idi ki, dərs keçirdilər. Direktor da, Çerayayevski də Əhməddən razı qalmışdı. Əhməd sevinirdi. Bir də ona görə ki, köhnə dostu Kipianiyə rast gəlmişdi. İndi o tək deyildi. Həmişə əlaqə saxlayacaqdılar. O, Tiflisdə də bir neçe gün qalmalı idi. Maarif müvəkkilini görməli Göytəpədə təzə məktəb binası tikilməsi üçün sərəncam almalı idi. Çernyayevski özü bu işə qarışmışdı. İcazə vermişdilər. İndi bu məsələni rəsmiləşdirmək lazım idi.
Yataqxananın bərabərində uşaqları görüb ayaq saxladılar. Osmanla Səlim tanınmaz olmuşdu. Onların başında furajka var idi. Pencəklərinin düymələri və toqqaları parıldayırdı. İkisi də bir qaydada geyinmişdi. Çəkmələrini silib işıldatmışdılar. Seminarist libası onlara yaman yaraşırdı. Əhməd cəmi bir neçə gün bundan əvvələ qədər əyinləri təzə paltar tanımayan bu uşaqların sevincinə şərik oldu. Osman indi daha şən görünürdü:
– Əhməd lələ, kəndə nə vaxt qayıdırsınız?
– Sabah. Sözünüz var?
Osman cavab vermədi. Qaça-qaça yataqxanaya getdi və beş dəqiqə keçməmiş, əlində bağlama, geri qayıtdı.
– Deyəsən, anana sovqat göndərirsən?
Osman köksünü ötürdü və sirli adamlar kimi Əhmədin qolundan yapışıb kənara çəkdi:
– Əhməd lələ, inciməyin, əziyyət də olsa, bunu anama çatdırın. Atamın çuxasıdır. Gələndə zorla vermişdi. İndi görürəm lazım olmayacaq, məktəbdən hər şey verəcəklər. Anama de, qoy sandıqda saxlasın.
– Bəs o nədir?
– Bu da çarıqdır. Onu da əmimə çatdırarsınız. Axı onun özünün ayağı yalın idi.
Əhməd bu çarıqları Qoca kişinin Osmana necə verdiyini yaxşı xatırlayırdı. Kişinin yalın ayağı, suda çox olduğundan ağarıb qırışmış barmaqları indi də gözünün qabağında idi. Elə gəmi ilə keçəndə Əhməd başa düşmüşdü ki, bu çarıqları Qoca kişi özünə tikib, ancaq qardaşı oğlunu ayaqyalın görəndə ürəyi dözməmişdi, uşağa qıymamışdı. Osmanın bu cür həssaslığı Əhmədin qəlbini riqqətə gətirdi. Bağlamanı aldı. Uşağın kövrəldiyini hiss etdi. Bir az keçsə onun gözləri yaşla dolacaqdı. Əhməd söhbəti dəyişmək üçün araya söz saldı:
– Yeriniz necədir?
Osman dikəldi, əlinin dalı ilə gözünü silib gülümsündü:
– Lap yaxşıdır. Təzə çarpayı və əməlli-başlı yorğan-döşək veriblər, arama yata bilmirəm.
– Niyə?
Səlim gülə-gülə söhbətə qarışdı:
– Qorxur ki, yıxılsın.
– Axı neyləyim, evdə bişməyib, qonşudan gəlməyib, bir balaca tərpənəndə elə bilirəm çarpayı altımda yatacaq.
Uşaqlar gülüşdülər. Kipiani Osmana yaxınlaşıb əlini onun çiyninə qoydu:
– Eybi yoxdur, öyrəşəcəksən.
Əhməd xeyli söhbətdən sonra onlarla xudahafizləşdi və Kipiani ilə birlikdə yataqxanadan uzaqlaşdı.
Evə çatdılar. Ev sahibi qabağa keçdi. Qapını açdı. Əhmədi içəri dəvət etdi. Mənzil yarıqaranlıq idi. Kipiani pəncərənin taxtasını açdı. Otağa işıqla bərabər yaxınlıqdan axan Kürün şırıltısı doldu. Sərin hava vurdu. Əhməd evi nəzərdən keçirdi. Küncə yazı stolu qoyulmuşdu. Divara nimdaş gəbə vurulmuşdu. Orta stolun üstündəki müşəmbəli örtük bir neçə yerdən bıçaqla kəsilmişdi. Mürəkkəbdən ləkə-ləkə idi. Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı.
Kipiani otaqda bir xeyli fırlandı. Bir neçə dəfə dəhlizə çıxdı, çay qaynatdı, süfrəni səliqəyə saldı, yemək gətirdi, üz-üzə oturdular.
– Təksənmi?
– Yox.
– Bəs uşaqlar...
– Kəndə göndərmişəm.
Kipiani özünə şərab tökdü. Əhməd çayı qabağına çəkdi.
– Bəs sən?
– Təkəm.
– Saçlarına dən düşüb.
– Bilirəm...
Əhməd qurtum-qurtum çayını içdi. Gözaltı dostuna baxdı. Onun da saçlarına dən düşmüşdü.
– Deyəsən, qocalırıq.
– Elə məni darıxdıran da odur. Ömür keçir, heç nə edə bilməmişik.
– Səbir lazımdır.
Otağa qaranlıq çökürdü. Kipiani durub çırağı yandırdı. Əhməd ev sahibinin sıxıldığını hiss etdi. Getmək istədi.
– Yox, bu gecə bizdə qalacaqsan; həm də səni dostlarımnan tanış edəcəyəm. Bir azdan gələcəklər.
Əhməd dostunun mənalı gözlərinə baxdı. Dodaqları astadan tərpəndi:
– Yoxsa...
– Bəli. Dərnəyimiz işləyir.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-5
Use ← → keys to move, R for a random poem
More by this author
Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.
Üçüncü hissə, 1Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?
Üçüncü hissə, 2Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.
Üçüncü hissə, 3Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.
Poems by other poets
Qurtuluş Kamala inanla olur,Hökumət seçilmiş bakanla olur,
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
İstərMənim divanəvəş könlüm,Bir zülfi-piçü tab istər.
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yetQərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.