Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.

Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.

Vaqonun ortasından pərdə çəkdilər. Uşaqlar, elə böyüklər də küncə iri qazan qoyub, utana-utana, hətta ağlaya-ağlaya təbii ehtiyaclarını ödədilər.

Vaqonun havasından baş çatlamağa başladı. Bayırdan isə bircə səs eşidilirdi. "Ne polojeno", dalınca da it hürməsi...

Bir gün gəlin körpəsini qucağına alıb, ağzında yaşmaq qayınanasının yanına gəldi. Uşağı Güllü xanıma görsətdi. Nənə nəvəsinin xumar gözlərinə, qımışan dodaqlarına, çatmaqaşlı bəyaz sifətinə diqqətlə və fərəhlə baxdı. Gəlin qayınanasının dodaqlarında ömründə ilk dəfə təbəssümə bənzər bir şey gördü. Bir az da ürəkləndi.

– Ana, gəlsənə bu uşağın adını Əvəz qoyaq.

Güllü xanımın dodağındakı təbəssüm yoxa çıxdı. Qaşqabağı töküldü və sifətini sərt bir ifadə bürüdü. Onun səsində də bir sərtlik hiss olundu.

– Bu ad hardan ağlına gəldi? Onun atasına nə olub ki, adını Əvəz qoyuruq. Mənzil başına çatarıq, özüm ona ad da qoyacam, qurban da kəsəcəm.

Gəlin kor-peşman geri qayıtdı.

Həmişə anasının qoynunda mışıl-mışıl yatan uşaq bir gecə səhərə qədər ağladı. Gəlin nə qədər layla çaldı, uşağı sinəsinə sıxdısa da, sakitləşdirə bilmədi. Güllü xanım başa düşdü ki, körpəyə nəsə olmuşdu.

Uşağın zağıltısı getdikcə çoxalır və səsi vaqonu başına götürürdü. Bu səs aradan xeyli keçəndən sonra güclə nəfəs alan körpənin hıçqırığına çevrildi və səhərə yaxın tamam kəsildi. Gəlin də uşağı qucağına sıxıb onun üzünə tamaşa edib sakitləşdi. Güllü xanım da azacıq rahatlandı.

Hava açıldı, gün xeyli qalxdı. Vaqonun içi işıqlandı. Ancaq nə mürgüləyən gəlinin səsi gəldi, nə də uşağın. Güllü xanım ehmalca ayağa durub onlara yaxınlaşdı və gördü ki, uşağın gözləri hərəkətsiz halda tavana zillənmişdi və ağzı azca aralanmışdı. Dünya görmüş arvad başa düşdü ki, körpə anasının qucağında canını çoxdan tapşırmışdı.

Heç kəsə sezdirmədən, sakitcə, için-için ağladı, göz yaşlarını sinəsinə axıtdı. Bir az özünü toxtatdıqdan sonra əyilib uşağı gəlinin qucağından aldı. Gəlin diksinib yuxudan ayıldı və körpəsini qayınanasının qucağından götürmək istədi. Güllü xanım uşağı anasına verməzdən əvvəl gəlininin sifətinə elə bir ifadə ilə baxdı ki, arvad sarsıldı. Gözünü zilləyib uşağa və sifəti tunc kimi bozarmış qayınanasına baxdı və başa düşdü ki, balası yoxdu. Əlini uzadıb saçını yolmaq, üzünü cırmaq və haray salıb dünyanı başına yığıb, hamını dərdinə şərik etmək istədi. Amma Güllü xanımın sərt sifətini və sərt baxışlarını gördü.

– Kişi qızı ol, dost var, düşmən var!

Vaqonun küncünə döşəkçə saldılar. Uşağı ora uzatdılar. Bütün yolboyu ehtiyatla işlətdikləri suyun qalığı ilə yudular və kəfənlədilər. Bundan sonra vaqondakılar - Alqazax və Çıraq uşağının adamları körpənin üstündə için-için ağlaşdılar. Qapını içəridən döydülər. Bayırdan eyni səs eşidildi. "Ne polojeno". Sonra da vaqonu cırmaqlayan it hürdü. İçəridən bir təhər başa saldılar ki, adam ölmüşdür.

Aradan xeyli keçdi. Qatarın sürəti azacıq azaldı. Qapı aralandı. Dərddən keyimiş gəlin daş kimi quruyub yerində qalmışdı.

Güllü xanım meyiti qucağına alıb azacıq aralanmış qapıya yaxınlaşdı və elə zənn etdi ki, vaqon dayanacaq, onlar yerə töküləcək və uşağı öz əlləri ilə basdıracaqlar. Ancaq uşağın meyitini onun əlindən aldılar, qapı dərhal örtüldü və tanış səs eşidildi: "Ne polojeno"...

Güllü xanım iki gün yatmadı. Gəlinini gözdən qoymadı. Gəlin elə bil keyikmişdi. Deyəsən, başına hava gəlmişdi. Güllü xanım gördü ki, gəlini əlinə keçən parçaları bürələyib bükdü, uşağın paltarını ona geyindirdi və qundaq kimi qucağına alıb sinəsinə sıxdı.

Gəlin uşaqla oynayır, gülür və ona aramsız layla çalırdı. Onun oxuduğu şirin oxşamalar Güllü xanımın sinəsini deşik-deşik edirdi.

"Balama qurban alçalar,
Balam havaxt əl çalar.
Balama qurban inəklər,
Balam nə vaxt iməklər".

Güllü xanım gəlininin səhərəcən eyni laylaları, oxşamaları dediyindən vaqondakıların da yata bilmədiyini görür və gəlininə sakitcə öyüd-nəsihət verirdi: '"Qızım, səs salma, qoy uşaq yatsın. Görmürsənmi, tifil yenicə yuxuya gedib".

Qayınanasının bu sözlərindən sonra gəlin əskidən düzəltdiyi uşağı sinəsinə basıb mürgüləyirdi.

Bir gün Güllü xanım gördü ki, gəlinin də səsi gəlmir. Həmişə səhər tezdən oyanan və "körpə"sinə layla çalan gəlin tərpənmir. Arvadın ürəyi titrədi və gördü ki, gəlin "körpə"sini bağrına basaraq keçinmişdi...

Yolun harasındasa qatarı dayandırdılar, yanlarında boynu zəncirli it olan keşikçilər vaqona yaxınlaşdılar. Qapını açıb cənazəni götürdülər. Vaqondakılar meyitin dalınca düşmək istədikdə qapı şaqqıltı ilə örtüldü və eyni tanış söz eşidildi: "Ne polojeno".

Güllü xanımın yadında qalan, ucsuz-bucaqsız meşəlik, bir də gəlininin züllə papaq əsgərlərin sürüyüb vaqondan saldıqları meyiti qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, 4

Əşrəf meşənin qurtaracağında atın cilovunu çəkdi. Kürün lil qoxusu verən sərin havası onun üzünə vurdu. At bərkdən kişnədi. Tapdıq da yüyəni dartdı.Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. Arabalar bölük-bölük dayanmışdı. Yulğunluqların içi mal-qara ilə dolmuşdu. Uşaqlar dana-buzovları, sığırçılar isə malları bir-birinə qarışmağa qoymurdular. Yuxarılara yağan yağışdan sonra hava bürkülənmişdi. Nəfəs almaq olmurdu. Tələm-tələsik ocaq qalayıb qazan asan arvadların, arabaların yanında qaçışan tumançaq uşaqların, heyvanları sulayaıb sığırçıların səsi bir-birinə qarışmışdı. Milçəklər, göyöyünlər mallara dinclik vermirdi.

195711 min
Üçüncü hissə, 5

Pakizə Əşrəfi ilk dəfə yaxından hələ üç il bundan əvvəl görmüşdü. Onda qızın on dörd yaşı yenicə tamam olurdu. Bu elə o vaxt idi ki, Pakizə özündən böyük qızlara qoşulmağa çalışır, gəlinlərin söhbətindən, zarafatından xoşu gəlirdi. Onlar Pakizəni uşaq zənn etdiklərindən çəkinmir, onun yanında öz ərlərindən baməzəliliklə danışır, hətta toy gecəsi xatirələrini bütün təfərrüatı ilə söyləyirdilər, Pakizə bihuşedici gül qoxulamış adamlar kimi məstliklə qızların öz nişanlıları ilə necə görüşdüklərini təsəvvüründə canlandırmağa və ilk öpüşün ləzzətinin nədən ibarət olduğunu duymağa çalışırdı. Nə isə dumanlı, eyni zamanda sehrli bir maraq onu özünə cəlb edirdi.Pakizənin ömründə ilk dəfə oğlan baxışının, kişi təmasının nə demək olduğunu duyması da elə bu dövrə təsadüf edir. İndi o həmin an aydın şəkildə tez-tez təsəvvüründə canlandırır, o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğunun şirinliyindən məst olurdu...

195714 min
Üçüncü hissə, 6

Zərnigar xanım ərinə nə qədər nifrət etsə də, onun əlindən yanıqlı, ürəyi dağlı olsa da, kişini unuda bilmirdi. Hərdənbir xəlvətə çəkilib gizlincə ağlayır, Cahandar ağanın halını düşünürdü. O, hiss edirdi kişi sınıqdır, daha əvvəlki hay-harayı yoxdur. Şamxalın ayrılıb getməsi, bacısının ölümü onun belini bükübdür. Zərnigar xanım bəzən onu görmək istədiyini, heç olmazsa uzaqdan boyuna baxmaq arzusunun ürəyindən keçdiyini hiss edirdi. Arvad qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsədə, özü ilə mübarizə aparmağı bacarmırdı. Bəzən ərinin paltarının qoxusu burnuna dəyirdi, səsi qulaqlarında canlanırdı. Cod barmaqların təmasını çiynində, saçında, sinəsində hiss edirdi. Belə hallarda az qalırdı ki, durub birbaş qayıtsın. Arvad hiss edirdi ki, oğlunun yanında onun günü nə qədər xoş keçsə də, gəlini iki qızı başına dolanıb onun əlini isti sudan soyuq suya vurmağa qoymasalar da, nə isə bir şey çatışmır. O, ərinin xiffətini edirdi. Bir qadın kimi kişi hərarətinin, kişi nəfəsinin həsrətini çəkirdi. Axı, o hələ o qədər də yaşlı deyildi!Əşrəf gələndən sonra arvadın xəyalı daha da qarışdı. Oğlu məktəbdən qayıdanda onu Cahandar ağanın yanına buraxmayacağını qərara almış olsa da, ürəyi yumşaldı. O gördü ki, Əşrəf iki suyun arasında qalıb, nə atasından keçə bilir, nə də anasından. Bir də o, bu oğlunun da sınıq dolanmasını, atası ola-ola yetimlik çəkməsini istəmirdi. Ürəyindəki bütün kin və qəzəbə, qadın izzət-nəfsinin tapdalanmasına belə analıq hissi üstün gəlirdi. Zərnigar xanım hətta qəsdlənmişdi ki, oğlunu da götürüb geri, ərinin yanına, öz evinə qayıtsın. "Mən baş götürüb evdən çıxanda kimə nə eləyirəm? Günümün bundan ürəyimi ağrıyacaq? Bəlkə onlara da elə bu lazımdır? Əl-ayaqlarına heç kəs dolaşmaz. Zəhmət çəkib ev-eşik tikib cah-cəlal düzəldən mən, hazıra çıxan onlar? Ay Allah, sənin nə insafsız işlərin var! Mənim balalarımı niyə gül kimi soldurub ürəklərinə çal-çarpaz dağ çəkirsən? Mən nə günah sahibiyəm? Yox, gedəcəm. Kişi məni evdən qovmayıb ki? Özüm çıxıb gəlmişəm. İndi də qayıdacam. Balalarımı başıma yığacağam... Bəs ona necə dözəcəm? Gözüm baxa-baxa nər kimi kişini əlimdən o qoynuna salan o həyasızla necə bir damın altında yaşayacam? Allah, sən özün mənə rəhm elə!"

195716 min
Üçüncü hissə, 7

Qoca kişi nə qədər çalışdısa da, evdə dayana bilmədi. Qapını açıb içəri girmək, palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. Qaralıq və rütubətli daxma ona daha nəmli və tutqun göründü. İnsan nəfəsi ilə isinməyən evin soyuqluğu kişini üşütdü. Ömründə ilk dəfə özünü tam yalqız və kimsəsiz hiss etdi. Arvadı öləndən sonra da bir müddət evdən soyumuşdu. Ancaq bu hal çox çəkməmişdi. Qızı Güləsərin mehriban davranışı, oğlu Çərkəzin qapıda hərlənməsi onu ürəkləndirmisdi. Amma indi vəziyyət tamamilə başqa cür idi. Güləsər gedəndən sonra ev bomboş qalmışdı. Əvvəllər Kürün qırağından qayıdanda heç olmazsa qızı onu qarşılayardı. Azdan-çoxdan bir şey tapıb bişirər, atası ilə Çərkəzi yedizdirərdi. Qoca kişi bədəninin ağrılarını unudardı...Kişi iri bir daş tapıb bayırda, çardağın qabağında oturdu. Həyəti ot basmışdı. Kürün sahilinə doğru uzanan cığırın torpağı çat-çat olub yanılmışdı. Üstünü çayır və ilanotu bürüyən bu kiçik yolcuğaz güclə seçilirdi. Qarışqalar bu yolla gediş-gəlişin olmadığını duymuş kimi qatarlaşıb, arxayın-arxayın yuvalarına yem daşıyırdılar.

195715 min

Poems by other poets