IX fəsil, 3
Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.
Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.
Onların arabaları qatarın yanında dayandıqda milis paltarı geyinmiş beş-altı kişi dərhal yaxınlaşdılar. Onlardan biri Çıraqlıların adamlarını, sonra Güllü xanımı təpədən-dırnağa süzdü və nədənsə ona "Siz bu vaqonda gedəcəksiniz", - deyə qapısı açıq olan vaqonu göstərdi.
Güllü xanım Çıraq uşağına işarə etdi.
– Qoyun, bunlar da biznən bir yerdə getsinlər.
Kişi Güllü xanımın uca boy-buxununa diqqətlə baxıb razılaşdı. Sonra yanındakılara göstəriş verib tələsik uzaqlaşdı.
Səhərə yaxın daha da şəffaflaşan ayın işığında vaqonun içi aydınca görünürdü. Hər tərəf toz-torpaq və çirk idi. Güllü xanımın göstərişi ilə öz nəvələri və gəlinləri, eləcə də Çıraqlıların uşaqları vaqona çıxdılar. Arabadan götürdükləri süpürgə ilə döşəməni təmizlədilər. Sonra yerə kilim saldılar.
Arabadaki şeyləri daşıyıb bir küncə yığdılar. Bundan sonra Güllü xanımın əlindən tutub asma pilləkənlə vaqona qaldırdılar. Güllü xanım içəri yığılmış şeylərə, vaqonun o biri başında yerləşən Çıraq uşağının adamlarına diqqətlə baxdıqdan və müəyyən göstərişlər verdikdən sonra: "Paltar-palazınızı, qab- qacağınızı səliqə-səhmanla yığın, deyəsən yolumuz uzun olacaq", - deyib döşəkçəsini, mütəkkəsini kilimin üstə saldırdı. O özü də hiss etmişdi ki, uzun yol gedəcəklər. Ona görə də, indidən yerini rahatlayırdı.
Onlar vaqona doluşduqdan və arabalar getdikdən sonra xeyli sakitləşə bilmədilər. Uşaqlar ilk dəfə dəmiryolu gördüklərinə, vaqona mindiklərinə görə sevinir və yol dəyişənlərin arabir çaldıqları fit səsindən ləzzət alırdılar.
Hər şey yerbəyer edildikdən sonra bir milis nəfəri ehmalca başını qapıdan içəri saldı və üzünü Güllü xanıma tutdu:
– Xanım, qab-qacağınız varsa, özünüzlə çoxlu su götürün. Yolunuz uzaq olacaq.
Güllü xanım onun səsindəki mehribanlıqdan başa düşdü ki, kişinin sürülənlərə ürəyi yanır.
– Suyu hardan götürək, dərdin alım? - deyə soruşdu.
– Gəlin göstərim.
Dərhal sənəkləri götürdülər. Vaqondan tökülüşüb kişinin müşayiəti ilə üstünə "kipyatok" yazılmış su borusuna yaxınlaşdılar.
– Bax, bu qaynanmış sudu. Qablarınızı doldurun. Əyər başqa boş qabınız varsa, tez gətirin gəlin, sizi gözləyirəm.
Samovar, cürdək və vedrələri də suynan doldurdular.
Bayaqkı adamlar dəstə ilə gəldilər, hamının içəridə olub-olmadığını yoxladılar və sonra qapını çəkib bağladılar. Güllü xanım başa düşdü ki, zirəzələr cingildədi və qıfıl şaqqıldadı.
Hərə bir tərəfdə özünə yer elədi və azacıq sonra səhər mürgüsü vaqonu bürüdü. Bir Güllü xanım oyaq qaldı, bir də onun gəlini.
Güllü xanımın böyük oğlunun neçə ildən bəri evləndiyinə baxmayaraq övladı olmurdu. Nə qədər nəzir-niyaz demiş, qurban kəsdirmiş, pirə gedib dua yazdırmışdılarsa da, xeyri olmamışdı. Amma çox qəribə idi kt, kənddə işlər qarışan zaman gəlin birdən-birə hamilə olmuş və oğlan doğmuşdu. Ailənin sevinci yerə-göyə sığmırdı. Bəlkə də elə buna görə Şəmiddin qardaşı Həsən ağa ilə getməmişdi. O, yurdunda qalacaq oğlunu böyütmək arzusu ilə yaşayırdı. Ancaq onu gecə apardıqdan və geri qayıtmadığından gəlinin ürəyi uşağın üstündə nanə yarpağı kimi əsirdi. O, hər şeyi unutmuşdu. Evi-eşiyi yaddan çıxartmışdı. Fikri-zikri körpəsi idi. Gündüzlər pərvanə kimi başına fırlanır, gecələr də gözünə yuxu getmir, onun keşiyini çəkirdi. Güllü xanım gəlinini və nəvəsini gözaltı süzür, onlara xəlvəti göz qoyur, oğrun-oğrun izləyirdi.
O, üzə vurmasa da, gəlindən daha çox narahatlıq keçirirdi. Oğlunun yurdunda qalacaq bu uşaqla nəfəs alırdı. Onun səsi çıxan kimi ürəyi döyünürdü. Tez-tez əllərini göyə qaldırıb "Ey yeri-göyü yaradan Tanrı, Sən balamın yurdunda cücərən bu körpəni özün xətadan-bəladan xilas elə. İraq canından, oğlumu sonsuz, yurdunu boş qoyma. Görünür, balamın başı əlində deyil, salamat olsaydı, indiyəcən bir xəbəri çıxardı. Allah mərdiməzarların evini yıxsın. Mənim balam kimə nə pislik eləmişdi?"
İndi vaqonda, küncdə, döşəkçə üstündə oturan Güllü xanım gəlinindən gözünü çəkmir və onun uşağı necə yorğana bükdüyünə, necə sinəsinə sıxdığına, nəfəsini uşağın üzündə necə gəzdirdiyinə, ətirli şamama qoxulayan kimi, necə qoxuladığına göz qoyurdu. Gəlin isə bunlardan xəbərsiz idi. O, uşaqdan başqa heç nə görmür, uşağın mışıltısından başqa heç nə eşitmirdi.
Vaqonlar silkələndi. Parovoz içini arıtlayıb gəhilti ilə tərpəndi. Yükün ağırlığından fısıldadı və təkərlər relsin üstündə fırlanıb özünü bərkitdi və qatar asta-asta tərpəndi.
Güllü xanım başa düşdü ki, deyəsən, bu gedişin el-obadan həmişəlik ayrıldılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-olen-dunyam-ix-fesil-3
Use ← → keys to move, R for a random poem
More by this author
Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"
25Kosaoğlu dincələ bilmirdi. Gözünün yuxusu, ürəyinin rahatlığı yox olmuşdu. Axşamdan yer saldırıb yorğan-döşəyə girsə də, yata bilmir, o üz-bu üzə çevrilir, durub papiros çəkir. qaranlıqda gözlərini tavana zilləyirdi. Hər şıqqıltı onu diksindirir, hər səs yuxudan oyadırdı. Son günlər heç yata bilmirdi. Arvadı Sayalı bir neçə dəfə "a kişi, sənə nə olub?" - deyə soruşmuşdusa da, toxtadıcı cavab ala bilməmişdi.Kosaoğlu ürəyindəkiləri arvadına deməsə də, Sayalı kişinin gündən-günə əridiyini, daha da qaşqabaqlı olduğunu, evdə uşaqların üzünə baxmadığını görürdü. Sayalı da çox vaxt yatmır, ürəyində qarğış edirdi. "Allah bizə əyri baxanları dərdə salsın! Görüm o İmranın uğuru xeyrə çıxmasın! Mərdimazar oğlu kəndi çaxnaşdırıb, aləmi bir-birinə qatdı".
26Tez-tez göyün üzü tutulur, buludlar ətəyini sallayıb kəndin üstünə çökürdü. Çənli-çiskinli yağış başlamışdı. Yolların palçığı saqqız kimi olmuşdu. Yavaş- yavaş hava soyuyur, mal-qara örüşə çıxmırdı. Toyuqlar quru yer axtarır, itlər büzüşüb ocaq yerində yatırdı.Hava açılana oxşamırdı.
27Tükəzban gözünü açanda ətrafa boylandı. Harada olduğunu müəyyənləşdirə bilmədi. Sonra başının üstündə dayanmış Zeynəbi gördü:– Bura haradır, qızım?
Poems by other poets
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Bizə həmsöhbət olan özgə kitab almaz ələBizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.
Ağlağan uşaqEy balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.