Varıymış
Nələr gördüm, gəşt elədim dünyanı,Hər bir işin qeylü-qalı varıymış.Yaxşı günün olurmuşsa yamanı,Yaman günün yaxşı halı varıymış.
Haqq sözə gərəkdi, düz qiymət olsun,Qiyməti verməyə mərifət olsun.İnsanda insanlıq, səxavət olsun,Neylərəm ki, cah-calalı varıymış.
Qayım ağa, niyə fikrə dalırsan,Yoxsa ki, özündən hesab alırsan.Sayılmaz mehmana keçə salırsan,Sayılan qonağa xalı varıymış.
Çox gəzmişəm, az görmüşəm danəndə,Deməliyəm, sözün yeri gələndə.İnsan üzün görməyəsən dönəndə,Açılanda, xoş camalı varıymış.
Ataş alıb, çox da yanma, Ələsgər,Sənətindən heç usanma, Ələsgər,Öz-özünə qubarlanma, Ələsgər,Bu dünyanın Rüstam-Zalı varıymış.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-variymis
Use ← → keys to move, R for a random poem