Page 2 of 2 · 50%

– Ay günü qara, bizi xataya saldın, aç gəlsinlər, yoxsa əl çəkməyəcəklər.

Pakizə ehtiyatla cəftəni qaldır;b geri çəkildi. Qapı gurultu ilə açıldı. Əşrəf hamıdan əvvəl içəri girdi. Divara qısılan Pakizəyə baxdı və birdən onun qolundan yapışdı:

– Mənim heybəmə pişik salan sənsən?

– Tutaq ki, mənəm.

– Onda səni aparacam. Demək, mənim qismətim sənsən.

Pakizə qolunu dartdı. Biləyini onun əlindən çıxartmaq istədi. Oğlanın barmaqları daha da möhkəm sıxıldı. Qız acizliyini hiss edib altdan-yuxarı Əşrəfin üzünə baxdı. Onların nəzərləri bir-birinə sancıldı. Pakizənin bədəni gizildədi. Ona elə gəldi ki, başı gicəlləndi Qızın səsi də yumşaldı:

– Burax, qolum ağrıyır.

– Deynən qələt eləmişəm.

– Niyə deyirəm?

Pakizənin xalası ayağa durdu. Gülə-gülə onlara yaxınlaşdı:

– A bala, höcətləşməyin, gəlin xörək yeyin. Yaxşı plovum var. Qayınananız sizi yaman çox istəyirmiş.

Əşrəf qızın qolunu buraxdı. Pakizə biləyini tutub ovxaladı. Qaşqabağını sallayıb astadan:

– Ciyəri yanmış.

Oğlanlar iştaha ilə plov yeməyə başladılar. Qızlar da taxtın bir küncündə oturdular. Ancaq Pakizə kənardaca dayanıb küskün nəzərlərlə Əşrəfə baxdı. Oğlanlar plovu yeyib durdular:

– Ay xala, şirni payımızı da ver.

Arvad saçaqlı konfetlərdən onların heybəsinə tökdü. Əşrəf axıra qaldı. Getməzdən əvvəl dönüb Pakizəyə baxdı:

– Küsmə, taqsır özündə oldu.

– Bir buna bax, könül almaq da bacarır. Bircə eşiyə çıx!

Pakizənin xalası Əşrəfi gülə-gülə qovdu.

Onlar getdilər. Bu hadisəni qızlar, bəlkə Əşrəfin özü də unutdu. Ancaq Pakizə unuda bilmədi. Ondan sonrakı illərdə, Novruz bayramında yenə qapı pusdular, tonqalın üstündən atıldılar, şirni yedilər, ancaq Pakizə o ləzzəti ala bilmədi. O böyüdükcə, qolundan yapışmış barmaqların ilk təmasını daha tez-tez xatırlayır, bəzən həmin təması biləyində təkrar hiss etmək arzusunun qəlbinin dərinliklərindən baş qaldırdığını sezirdi. O bu dumanlı hissin nə demək olduğunu aydın başa düşə bilmir, bu arzunun nədən irəli gəldiyini özünə etiraf etməkdə qorxurdu. Çox vaxt da bu xatirəni yox etməyə, hafizəsindən silib atmağa çalışırdı, ancaq özünün özünə gücü çatmırdı.

Pakizə bu cür yarışirin, yarıxəyali xatirələrlə yaşadığı vaxt ikinci bir hadisə baş verdı...

Kəndə narın qar yağmışdı. Göytəpənin qara damları qarın altında itmişdi. Bacalardan burula-burula havaya qalxan göyümsov tüstüləri qardan seçmək olmurdu. Arabir yenicə düşmüş izlə qonşuya od dalınca, ya da ələk, sac almaq üçün gedən qızlar olmasaydı, burda insane yaşadığını təyin etmək çətin idi.

Pakizə səhəngini götürüb, topuqlarına qədər qara bata-bata suya gedən qızlarla birlikdə Kürə endi. Kürün üstü ilə sürünən duman gah ortada birləşir, gah da lap aşağı yatıb hər yeri bürüyürdü. Arabir qızlar qaqqıldayırdı. Su donmuşdu. Qalın buz suyun ortasına qədər gedib az qalırdı ki, ağız-ağıza qovuşsun. Pakizə sahildə ayaq saxladı. O taydakı meşəyə baxdı. Ağaclar iri ağ göbələklər kimi yan-yana dayanmışdı. Suyun buz bağlamamış açıq yerində ördəklər üzürdü. Pakizə onlardan gözünü çəkmədi. Ördəklər xeyli üzdükdən sonra baş vurub suya batdılar. Elə bu vaxt hardansa atılan tüfəng səsi yarğanda şaqqıldadı. Bir dəstə cavan, atı sürüb sahilə endi.

Qızlar suvadağa çatdılar. Səhəngin altı ilə buzu sındırıb su götürdülər. Fatma söhbətə başladı:

– Əşrəfi görəniniz varmı?

– Nə olub ki?

– Dünən qonaq çağırmışdıq, lap əməlli-başlı oğlan olub.

– Bığı çıxıbmı?

– Ona baxmadım.

Qızlar səhənglərini doldurub gülə-gülə sahildən uzaqlaşdılar.

Pakizə bütün yol boyu narahat oldu. Novruz bayramı gecəsi baş verən hadisə təkrar gəlib gözünün qabağında dayandı. Biləyini sıxan barmaqların təmasını yenidən hiss edən kimi oldu. Qız Əşrəfi xəyalında canlandırmağa çalışdı. Axı aradan iki il keçmişdi. Yəqin indi lap böyümüş olar. Görəsən xasiyyəti dəyişibmi? Məni görsə tanıyarmı? Tanısa da kim bilir, yəqin yan ötər. Pakizə birdən-birə onu uzaqdan da olsa görmək istədiyini duydu. Qız günah işləmiş kimi özünü danlamağa, yad bir oğlanı nahaq yerə görməyi xəyalından keçirdiyinə görə tövbə etməyə başladı.

Qızlar bir-bir evlərinə buruldular. Nəhayət, Pakizə də onlarda ayrıldı. Ayağının qarını eyvanda təmizləyib səhəngini yerə qoydu. Göynəmiş barmaqlarını hovxura-hovxura içəri girdi. Anası ocağa qazan asmışdı. Gəlinləri pəncərənin qabağında düyü arıtlayırdı. Həyətdə çatha çat odun doğrayırdılar. Pakizə ocağa yaxınlaşan kimi anası onu səslədi:

– Əlini isit, evi sahmana sal, qonağımız olacaq.

– Bu zaman nə qonaq, ay ana?

– Hamı çağırır, ayıbdı, biz də çağırmışıq. Əşrəf gələcək.

– Əşrəf?

Qız öz səsindən hürkdü. Qorxaq baxışlarla gəlinə, sonra da anasına baxdı. Onların yenə əvvəlki kimi öz işləri ilə məşğul olduqlarını görüb sakitləşdi. Süpürgəni götürüb evi süpürdü. Divardakı gəbələrin tozunu aldı, fənərin şüşəsini sildi, pəncərə pərdələrini dəyişdi, qab-qacağı stəkan-nəlbəkini suya çəkdi, hətta ağ samovarı həyətə çıxardıb qarla sürtdü. Bir yerdə toz, bir ləkə qoymadı qalsın. Döşəkcələri, mütəkkələri dönə-dönə çırpdı. Arada o biri otağa keçib özünə də baxdı. Ətlənmiş çiynini, qabarıq sinəsini görəndə təəccüb etdi. Qız bədənindəki dəyişikliyi birinci dəfə müşahidə etdiyindən, özünü tanıya bilmədi. Paltarını deyişdi. Yenidən eyvanda, həyətdə fırlanmağa başladı. Arada paltarçırpmaq bəhanəsi ilə tövlənin üstünə çıxıb Cahandar ağagilə tərəf boylandı... Günorta üstünə yaxın kəndin ortasındakı cığırda qaraltı göründü. Həmin qaraltılar asta-asta Molla Sadıqgilə yaxınlaşdılar. Pakizə eyvandan çəkilmədi. Qonaqlar doqqazdan içəri girəndə onlara ötəri nəzər salıb otağa keçdi. Pəncərənin pərdəsini azacıq aralayıb baxdı. Qonaqların eyvanda ayaqlarının qarını təmizlədiklərinə, üstlərini çırpdıqlarına fikir verdi. Şamxal çərkəzi paltar geyinmişdi. Ayağında uzunboğaz çəkmə vardı. Əşrəf isə paltolu idi. Əşrəf qaloşunu astanada çıxartdı.

Pakizə çayniki götürüb otaqdan çıxdı. Poqquldayan samovara yaxınlaşıb çay dəmlədi, çayniki dəmkeşin üstünə qoyub dəsmalla örtdü. Geri qayıdarkən ayaq saxlayıb Əşrəfin qaloşuna baxdı. Qız ömründə ilk dəfə qaloş görürdü. Onun parıltısından xoşu gəldi. Dönüb ləpirlərə baxdı. Qaloşun altındakı naxışların izi qarın üstünə düşmüşdü. Pakizə odun gətirmək bəhanəsi ilə qaloşun izinə baxa-baxa doqqaza qədər getdi. Dodaqlarında təbəssüm geri qayıtdı.

Xörək hazır oldu. Pakizə sarı aftafa-ləyən götürdü. Təzə sabun çıxartdı, dəsmalı qolunun üstünə salıb içəri girdi.

Molla Sadıq mütəkkəyə dirsəklənmişdi. Qonaqlar isə bardaş qurub oturmuşdular. Pakizə atasının üzünə baxdı. Kişi boğazını arıtlayıb dikəldi:

A bala, əlinizi yuyun.

Pakizə irəli gəldi. Su tökdü. Qonaqlar növbə ilə əllərini yudular. Axırda Əşrəf əlini silib dəsmalı Pakizəyə verəndə gülümsündü:

– Daha heybəmə pişik qoymayacaqsan ki?

Qız qızardı. Qımışıb boynunu yana əydi. Dabanı üstə fırlanıb otaqdan cıxdı. Xörəyi anası apardı, süfrəni gəlin yığışdırdı, çay verməyi isə ona həvalə etdilər. Pakizə qara güllü podnosda stəkanları düzüb içəri girəndə gözü heç nə görmürdü. O bu saat ayağının dolaşıb yıxılacağından qorxurdu.

Pakizə çayı süfrəyə qoydu. Hamı gülüşürdü. Molla Sadıq qarnını tutub döşəkcəyə uzanmışdı. Şamxal dəsmalla gözünü silirdi. Pakizə saçının dibinə qədər qızardı və qapını açıb bayıra qaçdı. O, başa düşdü ki, Əşrəf Novruz bayramında olan əhvalatı nağıl etmişdir...

Demək, o da həmin gecəni yadından çıxarmamışdır. Demək, hər şey onun xatirindədir. Yəqin ki, o da mənim kimi həmin gecəni tez-tez yadına salmışdır. Mən onun barmaqlarının yerini indi də biləyimdə hiss edirəm, görəsən, o da belədirmi?

Pakizənin gözü kənd yollarında qaldı. Harda qaloş izi gördüsə oraya getdi. Gah su yoluna endi, gah qonşuya getdi, gah da kimi isə çağırmaq bəhanəsi ilə doqqaza çıxdı...

Əşrəf on gün kənddə qaldıqdan sonra Qoriyə oxumağa qayıtdı. O, yola düşəndə Pakizə samanlığın üstündə dayanmışdı.

Əşrəfi sahilə qədər ötürdülər. Burada o, ayaq saxlayıb qohumları ilə görüşdü. Sonra balaca qayığı suya saldılar, kürəkləyib sahildən aralandılar. Qayıq bəzən dayanırdı. Pakizə onların yolu kəsən buzları andırdıqlarını başa düşdü. Nəhayət, o taya keçdilər. Meşənin kənarında yəhərli-yüyənli dayanmış atların belinə qalxdılar. Qarlı meşədə gözdən itdilər. Pakizə yalnız bundan sonra samanlığın üstündən aşağı endi.

Qayıq geri qayıtdı. Sahildə dayananlar da evə döndülər. Pakizə səhəngi tələsik çiyninə alıb birbaş Kürə endi. Qar hələ var idi. Gecə də bir az yağmışdı. Suyun buzu çox yerdə çatlamışdı. Sırsıralar xışıldaşa-xışıldaşa axıb gedirdi. Pakizə buzlu suya baxa-baxa özünü suvadağa yetirdi. Sahildəki ayaq izlərinə baxdı. Cığırın kənarında, qarın təmiz yerində qaloşun naxışı düşmüşdü.

Pakizə ehtiyatla ətrafa boylandı. Yaxında heç kəsin olmadığını yəqin etdikdən sonra nazik bir ağac götürdü. Qaloşun izinin ortasına sancdı. Tələsik suvadağa enib səhəngini doldurdu. Qaça-qaça evlərinə qayıtdı.

Bundan sonra Pakizə düz bir həftə, çiynində səhəng gündə suya endi. Qaloş izinin itib-itməməsini yoxladı. İz iki gün salamat qaldı. Üçüncü gün Pakizə gördü ki, kimsə qaloş naxışının bir tərəfini tapdalayıb. Qız həyəcanlandı. Onun əlacı olsaydı, ləpir düşən yerə çəpər çəkərdi. O biri gün iz daha da balacalaşdı. Altıncı gün lap az. Yeddinci gün Pakizə tezdən durdu. Tələsik paltarını geyinib səhəngi götürdü. Hamıdan əvvəl sahilə endi. Suvadağın bərabərində Salatına rast gəldi. Görüşdülər. Söhbət edə-edə Kürə endilər. Pakizə yarğanın qaşına çatanda arxada qaldı. Əşrəfin ləpirini axtardı. Qaloşun naxışı tamamilə silinmişdi. Pakizə özü də hiss etmədən əlini dizinə çırpdı.

– Bıy, gözünüz çıxsın.

Salatın ayaq saxladı. Qanrılıb çiyninin üstündən qıza baxdı:

– Nə olub?

– İzi təmiz ayaqlayıblar.

– Nə izi?

– Qaloşun izini.

– Kimin qaloşunun?

– Əşrəfin.

– Kimin, Əşrəfin?

Salatının təəccüb dolu sərt səsi qızı özünə gətirdi. Pakizə ürəyinin sirrini çölə saldığını, ağzından söz qaçırdığını başa düşdü. Ürkək baxışlarla Salatını süzdü. Onun ürəyindən keçənləri sifətindən oxumaq istədi. Pakizə Salatının gözlərində təəccüb qarışıq bir nifrət parıldadığını duydu. Elə bil Salatın dişlərini bir-birinə sıxıb “bura bax, sənin mənim qardaşımla nə işin var, onun qaloşunun izini niyə nişanlayırsan?” – demək istəyirdi.

Pakizə ani bir şaşqınlıqdan sonra özünü ələ aldı. Vəziyyətdən çıxmaq üçün hələ də ona təəccüblə baxan Salatının üzünə güldü:

– Qaloş izindən yaman xoşum gəlir, elə qəşəng naxışı var ki!

Salatın dinmədi. Sakitcə səhəngləri doldurub geri qayıtdılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

VII fəsil, 3

Hava olduqca isti idi. May ayının axın olmasına baxmayaraq elə bil küçələrə od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı. Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ fəs, əyinlərində arxalıq olan kişilər balaca arxa yaxınlaşır, əllərindəki aftafanı su ilə doldurub dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi sakinləri günorta namazına hazırlaşırdılar. Məscidin kənarı ayaqqabı və başmaqlarla dolu idi. Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmiryol vağzalına gedən yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər. Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı.Ağacların kölgəsində poqquldayan iri samovarların ətrafı adamla dolu idi. Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi".

19953 min
VII fəsil, 4

Rus bolşevikləri üsyanın başlanmasından üç saat sonra xəbər tutdular və dərhal qarovulda dayanan azərbaycanlı əsgərləri dəyişdirməyə başladılar. Lakin gecikmişdilər. Şəhər üsyançıların əlində idi. Bolşeviklər dərhal qərargaha yığışdılar. Komendant zirehli qatarların, hərbi hissələrin komandirlərini ətrafına topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri çox sakitcə və ağayana cavab Verdi:– Narahat olmayın, yoldaşlar! Səhər tezdən şəhəri toplardan atəşə tutarıq, səslərini kəsərlər. Mən müsəlmanları yaxşı tanıyıram. Onlarda döyüş qabiliyyəti yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur.

19957 min
VIII fəsil, 1

Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin üstünə ay doğmuş və hər yeri işıqlandırmışdı. Bu, Çapıq Əmrahın xoşuna gəlmədi. Beləcə qarlı günlərdə hər qaraltı aydınca seçilirdi.O, sakitcə tövləyə endi, içəri püş səpilmişdi. Baca basdırılmışdı. Malların nəfəslərinin hənirtisi içərini isitmişdi. Çapıq Əmrahın bədəni qızışdı, sümüyü açıldı. Ondan olsaydı, burdan heç yana getməzdi. Atına yaxınlaşdı. Həmişə yəhərli-yüyənli saxladığı kəhərin telini sığalladı, üzənginin və dal tapcırlarının möhkəmliyini yoxladı. Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı və sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər sahibinin bu mehribanlığından riqqətə gəldi. Qabaq ayağını tərpədib astaca oxrandı. Çapıq Əmrah toxtaqlıq verib atı həyətə çəkdi. Tüfəngini götürdü, xəncərini bağladı və yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının üstündən geyindi. Pəncərədən sakitcə boylanan arvad-uşağına üzünü belə çevirmədən quş kimi sıçrayıb yəhərə qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə görünmədən kənddən çıxmaq və qonşu obaya getmək idi. Dərə ilə İncə çayının sahilinə endi. Ağacların arxasından sivişib keçdi və azacıq sonra kəndin yuxarı başındakı dikdirdə göründü və elə zənn etdi ki, aradan çıxmışdır. Azacıq nəfəsini dərdi və ətrafı dinşədi. Qarın üstündə tərpənən qaraltıları görəndə isə başa düşdü ki, yollar, bənd-bərələr kəsilmiş, kənd mühasirəyə alınmışdır. At da bunu hiss etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah bilirdi ki, onun atı qabaqda bir qaraltı görəndə, qorxu hiss edəndə qulaqlarını şəkləyib ətrafı dinşəyir və bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi ki, yol xatalıdır. Əmrah atın boynunu sığalladı və yalına yatdı. At qulaqlarını yapıxdırdı və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi keçib sahibini dardan qurtarmaq lazımdır. Yerindən götürüldü. Keşikçilərin yanından yel kimi keçdi. Onu arxadan harayladılar. "Dayan!" - dedilər və çaxmaxlar şaqqıldadı. At sürətini bir az da artırdı. Əmrah aradan çıxdığına sevindi və "Ağrın alım, a kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə ürəyindən keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən arxası üstə yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın altında qaldı. Gözünü yumub-açınca buynuzlu əsgərlərin süngüləri sinəsinə dirəndi. Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində gəldi. Çapıq Əmrahı dartıb ayağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən açdılar. Komandir atın belindən əyilərək onun yapıncısını götürdü və öz çiyninə saldı. Başlığı da boynuna doladı. "'Necədi, əsil Qafqaz igidinə oxşayırammı?" - deyə əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq Əmrahı qabaqlarına qatıb kəndə gətirdilər.

19952 min
VIII fəsil, 2

Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.

19953 min

Poems by other poets