Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin üstünə ay doğmuş və hər yeri işıqlandırmışdı. Bu, Çapıq Əmrahın xoşuna gəlmədi. Beləcə qarlı günlərdə hər qaraltı aydınca seçilirdi.

O, sakitcə tövləyə endi, içəri püş səpilmişdi. Baca basdırılmışdı. Malların nəfəslərinin hənirtisi içərini isitmişdi. Çapıq Əmrahın bədəni qızışdı, sümüyü açıldı. Ondan olsaydı, burdan heç yana getməzdi. Atına yaxınlaşdı. Həmişə yəhərli-yüyənli saxladığı kəhərin telini sığalladı, üzənginin və dal tapcırlarının möhkəmliyini yoxladı. Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı və sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər sahibinin bu mehribanlığından riqqətə gəldi. Qabaq ayağını tərpədib astaca oxrandı. Çapıq Əmrah toxtaqlıq verib atı həyətə çəkdi. Tüfəngini götürdü, xəncərini bağladı və yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının üstündən geyindi. Pəncərədən sakitcə boylanan arvad-uşağına üzünü belə çevirmədən quş kimi sıçrayıb yəhərə qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə görünmədən kənddən çıxmaq və qonşu obaya getmək idi. Dərə ilə İncə çayının sahilinə endi. Ağacların arxasından sivişib keçdi və azacıq sonra kəndin yuxarı başındakı dikdirdə göründü və elə zənn etdi ki, aradan çıxmışdır. Azacıq nəfəsini dərdi və ətrafı dinşədi. Qarın üstündə tərpənən qaraltıları görəndə isə başa düşdü ki, yollar, bənd-bərələr kəsilmiş, kənd mühasirəyə alınmışdır. At da bunu hiss etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah bilirdi ki, onun atı qabaqda bir qaraltı görəndə, qorxu hiss edəndə qulaqlarını şəkləyib ətrafı dinşəyir və bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi ki, yol xatalıdır. Əmrah atın boynunu sığalladı və yalına yatdı. At qulaqlarını yapıxdırdı və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi keçib sahibini dardan qurtarmaq lazımdır. Yerindən götürüldü. Keşikçilərin yanından yel kimi keçdi. Onu arxadan harayladılar. "Dayan!" - dedilər və çaxmaxlar şaqqıldadı. At sürətini bir az da artırdı. Əmrah aradan çıxdığına sevindi və "Ağrın alım, a kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə ürəyindən keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən arxası üstə yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın altında qaldı. Gözünü yumub-açınca buynuzlu əsgərlərin süngüləri sinəsinə dirəndi. Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində gəldi. Çapıq Əmrahı dartıb ayağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən açdılar. Komandir atın belindən əyilərək onun yapıncısını götürdü və öz çiyninə saldı. Başlığı da boynuna doladı. "'Necədi, əsil Qafqaz igidinə oxşayırammı?" - deyə əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq Əmrahı qabaqlarına qatıb kəndə gətirdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IX fəsil, 4

Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.

19954 min
IX fəsil, 5

Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.

19951 min
X fəsil, 1

Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O bilirdi ki, bu il də kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun məqsədi həmin dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi. Halay bəy heç kəsə dəyib-toxunmadığından özündən arxayın idi və binələrin ətrafında başını girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü tam aydınlığı ilə anlaya bilmirdi. Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi.Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam nəfəs almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və ellə birlikdə arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq basa bilmirdi.

19955 min
X fəsil, 2

Gecədən xeyli keçmiş qapının ağzında üstü örtülü bir maşın dayandı. Milis işçiləri yolu kəsdilər. Onlardan iki nəfəri təpiklə qapını açdı və barmaqları tətikdə içəri girdilər. Halay bəy pencəyini soyunmuşdu. Balalarını dizinin üstünə almışdı. Düz iki gün idi ki, onlarla oynayırdı. Uşaqlar atalarının boynunu qucaqlayır, onun sinəsinə qısılırdılar. Halay bəy yatanda da oğlunun hərəsini bir qolu üstünə alır və uzun müddət onların körpə mışıltısına qulaq asırdı. İndi milislər içəri girəndə uşaqlar yenə onun dizinin üstündə idi. Halay bəy uşaqları qucağından düşürtdü və təşvişlə gələnlərin üzünə baxdı.– Halay bəy, paltarını geyin, bizimlə gedəcəksən!

19957 min

Poems by other poets