Page 3 of 4 · 50%

– A bala. özünü az öldür, vallah qədrini bilən olmayacaq. Eldən ötrü ağlayan kor olar, oğul, bir özünü də fikirləş, ev-eşik qur, arvad-uşaq sahibi ol, mən də istəyirəm nəvəm olsun.

– Darıxma, ana, hər şey düzələcək. Bir də məsəl var: Balığı burax dəryaya, balıq bilməsə də xaliq bilər. O ki qaldı evlənməyə, hələ vaxt var. Bir də ki, ilk oxum daşa dəydi.

– Təqsir özündə oldu, bala, qizışdın, binəvaları yerindən-yurdundan didərgin saldın. Görəsən yazıqlar indi hardadırlar?

Cavanşir tutuldu. Hardasa, ürəyinin dərinliyində kövrələn kimi oldu.

– Kişi buralarda, dağda-daşda gizlənir. O biriləri uzaqdadır, əlçatmaz yerdə.

– Deynən bədbəxtləri gedər-gəlməzə göndəribsən.

– Mən göndərməmişəm, Şura hökuməti göndərib.

– Səndə də taqsır oldu, oğul, Həcər sənin nişanlın idi, istəsən qoymazdın.

– Mən qolçomaq qızını ala bilməzdim!

Arvad gördü ki, oğlu hirslənir, onu sakitləşdirmək istədi.

– Nə deyirəm, bala, özün bilən yaxşıdı. Amma qorxuram. Uzun saçlının ahı yerdə qalmır, bir az ehtiyatlı ol,

Bu söhbətdən sonra Cavanşir az qala ayağını evdən kəsdi.

Bir axşam yenə gecəyarıyacan iclas apardı. Yorulduğundan evə qayıtmadı. Divana uzanıb idarəda yatmağı qərara aldı. O üz-bu üzə çox çevrildi, gözünə yuxu getmədi, arada durub papiros çarəsi oldu. Ürəyi yaman döyünürdü, narahat idi. Gördü ki, yata bilmir, eyvana çıxdı. Məhəccərə söykənmayi və dalbadal atılan güllələrin qulağının dibindən vıyıltı ilə keçməyi bir oldu. Dirəyin dalına mətərislənib naqanını çıxartdı və qarasına iki-üç güllə atdı. Kəndin aşağı tərəfində it-lər hürüşdü, çataçat güllə açıldı. Birdən göyün üzü qızardı. Cavanşir başa düşdü ki, ot tayaları, tövlə, anbar, evlər yanır. Tez idarəyə girdi, rayona zəng çaldı, köməyə milis çağırdı və kəndin aşağı tərəfıno qaçdı. Camaat səksəkə içində yuxudan ayılmışdı. Tüfəngi olan tüfəng, olmayan balta, yaba götürmüşdü. Arvad-uşaq bir-birinə qarışmışdı.

Cavanşir özünü yetirəndə artıq evləri yanıb külə dönmüşdü. O, dəli kimi oldu. Özünü oda atdı, tüstü-duman içində anasını axtardı. Anası yox idi.

Rayondan atlı milislər gələndə artıq iş-işdən keçmişdi. Qaçaqlar çıxıb getmiş, kəndin yarısı yanıb kül olmuşdu.

Onu evə yaxın qoymadılar. Anasının yanıb kösövə dönmüş cəsədini göstərmədilər. Meyiti qəbrə sallayanda da qolundan tutub kənarda saxladılar. Düz bir həftə gündüzlər gözə görünmədi. Gecələr isə əlində tüfəng kəndi dolaşdı, yolları, bəndi-bərəni kəsdi, kimi isə gözlədi, gələn olmadı. Səkkizinci gün tezdən durdu, üzünü qırxdı, paltarını səliqə ilə geyindi, naqanı belinə bağladı, beşaçılanı əlinə alıb, atın belinə qalxdı. Düz birbaş Qəza Firqə Özəyinə getdi.

– Mənə otryad verin, qaçaqların üstünə gedəcəm.

İki gündən sonra, gecəyarısı, əlli yaraqlı-yasaqlı atlı ilə birlikdə dağlara qalxdı. İşıqlaşmamış qaçaqların üstünü kəsmək istəyirdi. Ona demişdilər ki, Şəmistan ağanın dəstəsi yaylaqdadır, özü də bu gecə binədə toyda olacaqlar. O bu yerlərə yaxşı bələddi, bütün keçidləri, cığırları tanıyırdı.

Dan ulduzu doğanda mənzilə çatdılar. Səssiz-səmirsiz binələrin ətrafını kəsdilər. Üç tərəf hündür qayalıqdı. Dəyələr isə, aşağıda, talada qurulmuşdu. Qabaq uçurum idi. Bircə yol vardı. O da qayaların arasından keçirdi. Çadırların birindən saz səsi gəlirdi. Deyəsən, aşıq dastan başlamışdı.

Cavanşir başa düşdü ki, qaçaqlar bu dəyədədir. Yoldaşlarına xəbər çatdırdı ki, tələsməsinlər, elə eləsinlər ki, arvad-uşağa güllə dəyməsin. İşıqlaşana yaxın aşığın səsi kəsdi. Qaçaqlardan iki-üç nəfəri dəyədən çıxıb atların örüyünü dəyişdilər. Bir azdan araya ela bir sükut çökdü ki, dərədəki bulaqların şırıltısı aydınca eşidildi. Cavanşir başa düşdü ki, qaçaqlar yatdılar.

Səhərlə gecənin qovuşduğu mürgü anına qədər gözlədilər.

Qaçaqlardan biri alt paltarında dəyənin böyrünə, su üstünə çıxdı. Güllə açıldı. Kişi yumbalana-yumbalana atlara tərəf dığırlandı. Bu tələsik atəş Cavanşirin qurğusunu pozdu. O, səssizcə dəyəyə hücum etmək və qaçaqları yatdığı yerdə diri tutmaq istəyirdi. Amma indi atışmalı oldular.

İşıqlaşana qədər atışdılar. Səhərə yaxın dəyədən səs-səmir gəlmədi. Nəfəslərini dərib gözlədilər. Birdən dayədən kimsə çıxıb dərəyə doğru qaçdı. Qaçdıqca da qanrılıb geriyə güllə atdı, Cavanşir Şəmistan ağanı tanıdı. Darağı xəzinəyə basdı, gülləni lüləyə verib nişan aldı. Şəmistan ağa nişana gəlmədi. O, ilan kimi qıvrıla-qıvrıla qaçırdı. Cavanşir lap aşağıda, dərənin qaşında, qulaqlarını şəkləyib dayanan atı da gördü. Tanıdı. Xallı göy at idi. Bir az da keçsə Şəmistan ağa atın belinə sıçrayıb, özünü dərəyə sala bilərdi. Gözlədi. Şəmistan ağa ayağını üzəngiyə qoyub, yəhərin üstünə qalxanda, səhərin aydınlığtnda, kişi nişana gəldi. Cavanşir tətiyi çəkdi. Göy at kişnəyib şahə qalxdı və yəhərdən yıxılmamaq üçün onun boynunu qucaqlayan sahibini də görürüb qayalığa doğru çapdı. Cavanşir yolu-izi gözəl tanıyan atın Şəmistan ağanı da götürüb aradan çıxa biləcəyindən ehtiyatlanaraq ayağa durdu. Qalxmağı ilə də güllə açılmağı bir oldu. Onun çiyni alışıb yandı. Yenə tətiyi çəkdi. Atın dayanıb dövrə vurmağından başa düşdü ki, Şəmistan ağa yəhərdə deyil...

Gün xeyli qalxandan sonra aşağı endilər. Yaralıların silahlarını aldılar. Qollarını bağlayıb arabalara mindirdilər. Ölüləri isə atın belinə qoyub yəhərə sarıdılar. Barmaqları tətikdə, dağlardan qəza mərkəzinə endilər.

Bütün şəhər təşviş içindəydi. Qəza mərkəzinin ortasından keçən yeganə küçənin hər iki yanı adamla dolu idi. Çiyni sarıqlı Cavanşir qabaqda, at belində gəlirdi. Onun dalınca yəhərə sarınmış meyitlər, arxada arabalar irəliləyirdi. Süvari "otryad" dəstəsi yolun sağı və solu ilə cərgələnmişdi. Nal şaqqıltısı divarları titrədirdi. Arvadlar kəlağayılarının ucları ilə gözlərini silib, için-için ağlayırdılar. Evlərin pəncərələrindən boylananlardan üzlərini cırıb, dizlərinə döyənlər də vardı. Heç kəs irəli çıxıb ölüsünə, dirisinə sahib dura bilmirdi.

Dəstə meydanın ortasında dayandı. Qəza Firqə özək katibi, fəallar, komsomollar, rayonun rəhbərləri gəldilər. Mitinqə başladılar. Cavanşirin tərifini göylərə qaldırdılar. Pionerlər onun şərəfinə şer də oxudular. Axırda xallı Göy atı ona mükafat verdilər: "Apar, min, halalındır'' - dedilər. Əli-qolu bağlı qaçaqları Şəkərin qalasına apardılar. Ölüləri isə gecə qaranlığında xəlvəti haradasa basdırdılar.

Göy at Cavanşiri yaxın qoymadı. Əvvəllər bircə dəfə, Həcərin yanında onu görən at qabaqlaşanda yüyəni çeynəyib dayanar, doğma adam kimi imsiləyərdi. Başa düşürdü ki, sahibi Həcər bu oğlana meylini salıb. Amma indi Cavanşiri görəndə gözləri oynayıb burun pərələri genişlənir, yüyəni çeynəyib irəli atılır, şahə qalxır, çəçiyi ilə onu tapdalamağa çalışırdı. At düşmənini bağışlamaq istəmirdi. Cavanşir hər dəfə atın yanına gedib qayıdanda özünü-sözünü bilmirdi, elə bil peşmanlayırdı. Dilsiz-ağızsız heyvanın hərəkəti onu sarsıdırdı. İşdə də özünə yer tapa bilmirdi. "Deyəsən, heyvanlar insanlardan yaxşıdır, dönük çıxmırlar, dostu da tanıyırlar, düşməni də. Doğrudan da onlar mənə nə pislik eləmişdilər? Kəndə səs yayılanda ki, Cavanşirin əli Həcərə dəyib, o dişlənmiş tikədir, heç kəs daha yaxın durmaz, Şəmistan ağa onu doğram-doğram eləyərdi, qabağına kim duracaqdı? Amma əl qaldırmadı. İnsaflı adam idi. Doğrudan da o, kənddə kimə pislik eləmişdi, kimin toyuğuna daş atmışdı, nə olar varlı olanda? Diribaş adamdı, özünə var-dövlət düzəltmişdi. Həcərin özü onu nə qədər çox istəyirdi. Bircə dəfə əli-əlinə, dodaği-dodağına, nəfəsi-nəfəsinə toxunmuşdu deyə oturub illərlə yolunu gözləmişdi". Cavanşir axır vaxtlar hara gedirdisə Həcər yedəyində at qarşısında dayanırdı. Qızın titrəyən bədəninin, təpimiş dodaqlarının təmasını yenidən hiss edirdi. Qumru quşlarının səsi qulaqlarında canlanır, qovaq ağaclarının ləçəkləri gözünün önündə uçuşurdu. Xallı Göy at oxranıb onu imsiləyirdi. Cavanşir bilmirdi neyləsin, hara qaçsın ki, bu düşüncələrdən yaxasını qurtarsın. Anası da gecəli-gündüzlü ondan əl çəkmirdi, səsi qulağında canlanırdı: "Həcər sənin nişanlın idi, istəsəydin qoymazdın sürgün olunsunlar". "Mən qolçomaq qızını ala bilməzdim". "Bilmirəm, qolçomaq nədir, amma düz eləmədin, bala, sözünə dönük çıxdın. Yadında saxla, uzunsaçlının ahı yerdə qalmaz". Belə hallarda Cavanşirin gözləri yaşla dolurdu. "Sən düz deyirsənmiş, ana, uzunsaçlının ahı yerdə qalmadi. Onun ahı məni yox, səni tutdu. Amma mən də sənin qanını aldım". Cavanşir elə bilirdi ki, bu sözlərdən sonra anası sakitləşəcək. Amma tərsinə, arvad elə bil dahanları üstündə fırlanıb tərs-tərs oğlunun üzünə baxdı: "Nə olsun?!". Cavanşir hər dəfə Göy atı görəndə bu cür xəyallar ondan əl çəkmirdi, gecələr də qarmaqarışıq yuxular görürdü. Ona görə də atı ilxıya qatıb, gözündən uzaq etmək istədi. Bir-iki gün fikirləşdi, sonra qərarını dəyişdi. Görünür nə qədər kədərli, əzablı olsa da, atın yada saldığı xatirələr ona əziz idi. Mehtərə tapşırdı. Tövlədə bordayıb saxladılar. Hətta bir gün onu qəzaya çağırıb firqə özəyində işləməyi təklif edəndə, Cavanşir dərhal razılıq verib şəhərə gedəndə belə atdan əl çəkmədi. Özü ilə qəza mərkəzinə apardı. Atın onu yenə yaxın qoymamasına baxmayaraq saxladı. İllər keçdi. O məşhurlaşdı. Qəzaya gələn ilk minik maşınını ona verdilər. Göy at isə tumarlandı, sığallandı, Cavanşiri görəndə isə dəliyə döndü…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

VIII fəsil, 2

Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.

19953 min
VIII fəsil, 3

Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?

19955 min
VIII fəsil, 4

Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.

19953 min
VIII fəsil, 5

Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.

19951 min

Poems by other poets