Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.

Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.

Siyirmə qılınc dayanan atlılar, kalafanın dörd yanını kəsdirdilər və dustaqları başa saldılar ki, onlar yolboyu deyilənlərə danışıqsız qulaq asmalı, keşikçilərin sözündən çıxmamalıdırlar. Kim bu şərtləri pozsa, yerindəcə güllələnəcəkdir. Dustaqlar yola düşmək istərkən arxadan bir qadın səsi gəldi:

– Dərdin alım, ev sarıdan narahat olma. Ocağını sönməyə, çırağını öləziməyə qoymaram. Bir hörüyümü ağ, bir hörüyümü qara hörəcəm, balalarını saxlayacam.

Kişilər elə bil ürəkləndilər. Siyirmə qılınc altında yola çıxdılar. Azacıq sonra kəndin aşağıdakı döngəsində gözdən itdilər.

Camaat səhər yuxudan ayılıb, pəncərədən boylananda kəndi boş gördü. Rus əsgərləri gecə ikən çıxıb getmişdilər. O gündən sonra qız-gəlin səhər-səhər suya gedəndə təzə ipək paltar geyinmədilər. Zinyət taxıb sığallanmadılar. Heç kəsə, heç kimə qımqımı qoşmadılar, züm-zümə etmədilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 11

Axşam məşğələləri çoxdan qurtarmışdı. Tələbələr xörəklərini yeyib yataqxanaya getmişdilər. Uşaqların yatmasını xəbər verən zəng də çoxdan vurulmuşdu. Amma Dmitri Dmitriyeviç evinə getməmişdi. O, kabinetində təkcə oturmuşdu. Kipianinin tələbələrin gözü qarşısında həbs edilməsi, atlı kazakların axışıb seminariyanın həyətinə doluşması nəhayət, polis rəisinin özbaşınalığı onu hövsələdən çıxartmışdı. Onun icazəsi olmadan rəhbərlik etdiyi məktəbdə görülən işləri Semyonov pedaqoji təlimə zidd hesab edirdi. O, bir direktor kimi bu barədə Qafqaz maarif müvəkkilinə, eləcə də qubernatora raport göndərmiş və tələb etmişdi ki, bu cür özbaşınalıqlara son qoyulsun. Semyonov belə zənn edirdi ki, onun sözü eşidiləcək, hətta Kipianini də azad edəcəklər. Lakin o, tələbələrindən arxayın deyildi. Uşaqların əhvali-ruhiyyəsi onu yamanca narahat edirdi. Semyonov görürdü ki, tələbələr sarsılıblar, daha əvvəlki kimi dərslərə can yandırmırlar. Hətta müəllimlərin dərs deməsinə belə tez-tez mane olurlar. Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu işin səbəbini bilmək istəyirdilər. Hətta bir neçə dəfə gəlib Əşrəfin azad olunmasını belə tələb etmişdilər. Semyonov isə sözünün üstündə möhkəm dayanmış, bir direktor kimi verdiyi əmri geri götürməmişdi. Bu gün isə vəziyyət daha da ciddiləşmişdi. Uşaqlar Kipianinin ailəsini Qoridən sürgün olunması xəbərini eşidən kimi dərsi yarımçıq qoyub onun evini əhatə etmişdilər. Hətta xristian şöbəsinin tələbələri polislərlə savaşmışdılar. Onların bir neçəsi indi də qəza dəftərxanasının zirzəmisində dustaq idi. Bütün bunlar Semyonovu darıxdırırdı. O hiss edirdi ki, rəhbəri olduğu məktəbin sükanı əlinin altında ağırlaşır, onu idarə etmək getdikcə çətinləşir. İndi Semyonov adamlara ehtiyatla yanaşır, hər işi şəxsən özü yoxlamamış arxayın ola bilmirdi.Yarım saat bundan əvvəl növbətçi müəllim tələbələrin yataqxanada olduğunu və yuxuya getdiklərini direktora xəbər vermişdi. Hətta gündəlik qeydlər dəftərində də imza atıb evinə getmişdi. Semyonov isə bir qədər də gözləməyi, yatmağa getməzdən əvvəl yataqxanaın yoxlamağı qərara almışdı.

19577 min
Dördüncü hissə, 12

Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:

19573 min
Dördüncü hissə, 13

Zər paqonlu cavan bir zabit meşin çəkilmiş qapını açıb Semyonovu içəri saldı və dabanlarını cütləyib təzim etdikdən sonra geri çəkildi. Dmitri Dmitriyeviç böyük zalın astanasında dayandı. Bir xeyli hansı tərəfə gedəcəyini müəyyənləşdirə bilmədi. Qubernatorun kabineti o qədər böyük idi ki, özünün harada oturduğunu dərhal görmək mümkün deyildi. Həm də küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü.Kim isə öskürdü. Semyonov astaca addımlarla küncə doğru irəlilədi. İri yazı masasının önünə çatanda kürsüdə əyləşən qubernatoru gördü və azacıq əyilib təzim etdi. Qubernator ona başını tərpətməklə cavab verdi və əli ilə işarə etdi ki, əyləşsin. Semyonov yumşaq stullardan birində oturdu və qarşısındakı kağızlara baxan qubernatora göz qoydu. Onun boyu balaca idi. Qıvrım saçları ağarmışdı. Hətta bəzi yerlər papiros hisinə düşmüş kimi saralmışdı. Çiynindəki paqonun zərli saçaqları astaca tərpənirdi. Qubernatorun bakenbardı az qala uzun bığlarına qarışmışdı. O sakit və qaraqabaq adama oxşayırdı.

195713 min
Dördüncü hissə, 14

Gecədən xeyli keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. Səs salmamaq üçün xır yolundan çıxdılar. Təpələrin arasında cilovu çəkib dayandılar. Bir xeyli, nəfəs belə almadan ətrafı dinşədilər. Xır yolu bomboş idi. Kəndin arasındakı cığırlarda da bir tərpəniş sezilmirdi. Sükutdan qulaq batırdı. Sahil boyu səpələnmiş daxmaların işığı çoxdan sönmüşdü. Göyün üzü tutqun olduğundan, kəndin üstünə çökən qaranlıq daha da qatılaşmışdı. Yalnız Kür daxili bir qəzəbdən titrəyirmiş kimi boğuq-boğuq uğuldayırdı. Hardasa kəsik-kəsik it hürürdü.Atlılar xısınlaşdılar. Astadan fit çalındı. Bu işarədən sonra Acı dərə tərəfdən qatar-qatar qaraltılar axışıb gəldi. Onlar da təpələrin arasında dayandılar. Kimi isə gözlədilər. Nəhayət, axırıncı dəstə də onlara qarışdı. Yalnız bundan sonra hissələrə bölündülər. On-on beş atlı da xır yolunu keçib kəndin alt tərəfinə doğru irəlilədi. Sahilə yaxınlaşanda cığırdan çıxıb Cahandar ağanın evinə doğru getdilər. Yarğanın kənarında seyrəlib zəncir kimi uzandılar. Suvadağa gedən yolu kəsdilər. O biri dəstə boz kolların arası ilə kəndin üst tərəfinə doğru yollandı. Yenidən hər şey sakitləşdi. Üçüncü dəstə isə torpaq yolla irəlilədi. "Zayej"in bərabərinə qədər səssizcə getdilər. Burada dönüb xır yoluna keçdilər. Birbaş həyətə doluşdular. Cilovu çəkib dayandılar. Kim isə qaranlıqda əli ilə işarə etdi. Atlılar iki bölünüb evi arakəsməyə aldılar. Bir xeyli gözlədikdən sonra üç nəfər atdan düşdü. Çaxmaq səsləndi. Sinə-sinə eyvana çıxdılar. Otaqda adam olub-olmadığını yəqinləşdirmək məqsədilə qapının dalında dayandılar. Susdular. Heç nə eşidilmirdi. Bəlkə onu duyuq salmışdılar? Bizdən fənd tərpənib aradan çıxmışdır? Bəlkə hər şeydən xəbərsizdir, yorğan-döşəkdə şirincə yatır? Bəlkə də içəridə, əlində tüfəng, dayanıb gözləyir?

19578 min

Poems by other poets