Gecədən xeyli keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. Səs salmamaq üçün xır yolundan çıxdılar. Təpələrin arasında cilovu çəkib dayandılar. Bir xeyli, nəfəs belə almadan ətrafı dinşədilər. Xır yolu bomboş idi. Kəndin arasındakı cığırlarda da bir tərpəniş sezilmirdi. Sükutdan qulaq batırdı. Sahil boyu səpələnmiş daxmaların işığı çoxdan sönmüşdü. Göyün üzü tutqun olduğundan, kəndin üstünə çökən qaranlıq daha da qatılaşmışdı. Yalnız Kür daxili bir qəzəbdən titrəyirmiş kimi boğuq-boğuq uğuldayırdı. Hardasa kəsik-kəsik it hürürdü.

Atlılar xısınlaşdılar. Astadan fit çalındı. Bu işarədən sonra Acı dərə tərəfdən qatar-qatar qaraltılar axışıb gəldi. Onlar da təpələrin arasında dayandılar. Kimi isə gözlədilər. Nəhayət, axırıncı dəstə də onlara qarışdı. Yalnız bundan sonra hissələrə bölündülər. On-on beş atlı da xır yolunu keçib kəndin alt tərəfinə doğru irəlilədi. Sahilə yaxınlaşanda cığırdan çıxıb Cahandar ağanın evinə doğru getdilər. Yarğanın kənarında seyrəlib zəncir kimi uzandılar. Suvadağa gedən yolu kəsdilər. O biri dəstə boz kolların arası ilə kəndin üst tərəfinə doğru yollandı. Yenidən hər şey sakitləşdi. Üçüncü dəstə isə torpaq yolla irəlilədi. "Zayej"in bərabərinə qədər səssizcə getdilər. Burada dönüb xır yoluna keçdilər. Birbaş həyətə doluşdular. Cilovu çəkib dayandılar. Kim isə qaranlıqda əli ilə işarə etdi. Atlılar iki bölünüb evi arakəsməyə aldılar. Bir xeyli gözlədikdən sonra üç nəfər atdan düşdü. Çaxmaq səsləndi. Sinə-sinə eyvana çıxdılar. Otaqda adam olub-olmadığını yəqinləşdirmək məqsədilə qapının dalında dayandılar. Susdular. Heç nə eşidilmirdi. Bəlkə onu duyuq salmışdılar? Bizdən fənd tərpənib aradan çıxmışdır? Bəlkə hər şeydən xəbərsizdir, yorğan-döşəkdə şirincə yatır? Bəlkə də içəridə, əlində tüfəng, dayanıb gözləyir?

Qapının dalındakılar bir-birinin üzünə baxdılar. Xeyli susdular. Sonra onlardan biri tüfəngin qundağı ilə taxtanı döyəclədi, dərhal da geri çəkilib divara qısıldı. İçəridə nə isə şaqqıldadı və hövlnak ayılmış adamın həyəcanlı səsi eşidildi:

– Kimsən?

Bir anlığa heç kəs dillənmədi. Astananı kəsdirənlərin fısıltısı daha da gücləndi. Əhməd bir də soruşdu:

– Ay adam, səsini çıxart.

– Qapını aç, pristav gəlib.

Əhməd dinmədi. Hiss olundu ki, qapının arxasındadır. Zirəzə səsləndi. Bayırdakılar tüfəngi hazır tutub gözlədilər. Əhməd isə geri çəkilib pəncərəni açdı, sakitcə eyvana düşdü. Qapıda dayananların geri yanını kəsdi. Qaranlıq da olsa, eyvandakıların geyimindən bildi ki, gələn kazaklardır. Gözünü hərləyib həyətə də baxdı. Dörd tərəfi kəsmişdilər.

– Nə istəyirsiniz?

Kazaklar diksinib geri atıldılar. Boğuq bir səs eşidildi:

– Tüfəngi yerə at!

Əhməd astadan, təmkinlə dedi:

– Qorxmayın, mən qonağa əl qaldırmaram.

– Gəl qapını aç.

– Açıqdı, keçin içəri.

– Əvvəlcə sən keç.

Əhməd qapıya yaxınlaşdı. İtələyib taybatay açdı. Kibrit çəkib çırağı yandırdı. Kazaklar otaq işıqlanan kimi hər yeri gözdən keçirdilər. Əhmədin tək olduğunu bilib sakitləşdilər. Əhməd geri dönüb onların üzünə baxdı və dərhal, bir neçə ay bundan əvvəl pristavla Göytəpəyə gələn yekəpər kazakı tanıdı:

– Xoş gördük, köhnə dost, sənsən, gecə vaxtı haradan gəlirsən?

Kazak stola yaxınlaşdı. Çırağın fitilini qaldırdı və bundan sonra Əhmədin üzünə baxıb fısıldadı:

– Bilərsən.

Pristav bir neçə kazakın müşayiəti ilə içəri gəldi. Otaği xeyli süzdü, sonra üzünü barmağı tətikdə olan kazaklara tutdu:

– Nə olub, ev sahibini niyə qorxudursunuz?

Kazaklar geri çəkildilər. Pristav irəli yeriyib Əhmədlə köhnə dost kimi görüşdü;

– Hə, işlərin necədir, təzə məktəb tikintisinə haçan başlayırsınız?

Əhməd onun səsindəki süni mehribanlığı duysa da, üstünü vurmadı. Dodaqaltı gülümsünüb pristava stul təklif etdi:

– Deyəsən, mənə köməyə gəlibsiniz?

Pristav dönüb onun üzünə baxdı. Gözlərində oynayan qəzəb qığılcımlarını boğub güclə gülümsündü:

– Bacardığımı edəcəm.

O oturdu. Kazaklar qapının ağzını kəsib dayandılar. Əhməd hiss etdi ki, bunlar gecə vaxtı xeyirliyə gəlməyiblər. Onların nə isə gizli bir planları var: kiminsə üstünü qaranlıqkən almaq, kimisə kəməndə salmaq istəyirlər.

Əhməd kürəyini divara söykədi. Əllərini qoynunda çarpazladı. Pristav bir müddət susdu. Sonra üzünü Əbmədə tutdu:

– Molla Sadığı buraya çağıra bilərikmi?

Əhməd bu suala nə cavab verəcəyini dərhal müəyyənləşdirə bilmədi. Pristavın gecəyarısı kəndi basa-basa gəlib mollanı soruşması onu çaşdırsa da, təəccübünü gizlətməyə çağırdı:

– Molla Sadıq indi çoxdan şirin yuxudadır.

– Eybi yoxdur, oyadarıq. Sən bizim uşaqlara onun evini göstər.

– Mən indiyə qədər onun qapısına hərlənməmişəm.

– Söz güləşdirmə.

Əhməd pencəyini geyindi və tüfəngini götürmək istədi. Ondan qabaq kazaklardan biri əlini irəli uzatdı. Pristavın sakit səsi eşidildi:

– Sən silahsız da keçinə bilərsən, yanındakılar yaraqlıdır.

Əhməd kazakların müşayiəti ilə kəndə doğru addımladı.

Atlılar iki yerə bölündülər. Bir hissəsi yolun altı ilə getdi, o biri hissəsi arxada qaldı. Kəndin girəcəyinə çatdılar. Sərvaxt yatan itlər ağız-ağıza verib hürüşdülər. Şirin yuxuda olan kəndə hay düşdü. Əhməd əyri cığırlarla getdikdən sonra dayandı. Molla Sadığın evini uzaqdan kazaklara göstərdi. Atlılardan biri Əhmədin yanında qaldı. Qalanlar qabağa keçdilər. Molla Sadığın itləri ağız-ağıza verdi. Əhməd zəncirdən açılmış itlərin bu saat atlılara hücum edəcəyini gözlədi. Ancaq itlər həyətdən bayıra çıxmadılar. Elə Molla Sadığı da yuxudan oyatmaq lazım gəlmədi, səs eşidən kimi özü həyətə çıxdı. İkicə dəqiqə keçməmiş kazaklarla bərabər doqqazda göründü. Dəstə sakitcə geri qayıtdı.

Əhməd yol boyu mollanın üzünə baxmadı. "Bu necə olan işdir? Deyəsən, Molla Sadıq geyinicəkli oturub kazakların yolunu gözləyirmiş? Yoxsa bunların əvvəlcədən danışıqları olub? Yoxsa Molla Sadıq yenə bir kələk qurub? Belə olmasaydı, gecənin bu vaxtı pristav onu yanına çağırardı? Bəlkə molla öz düşmənini bu yolla aradan götürmək istəyir? Bəlkə bunlar Cahandar ağanın dalınca gəliblər"?" Əhməd istədi ayaq saxlasın, kazakları və mollanı "Zayej"ə ötürüb geri qayıtsın, bir bəhanə ilə gözdən yayınıb kəndə girsin. Cahandar ağanı xəbərdar etsin. Əhməd onları yoxlamaq məqsədi ilə xır yoluna çatanda ayaq saxladı.

Dərhal kazaklardan biri atını sürüb onu itələdi. Əhməd ehtiyatlanmağa başladı. Deyəsən, onun özünü də gözdən qoymaq istəmirdilər.

"Zayez'in həyətinə girəndə Molla Sadıq qabağa keçdi. Kazaklara fikir vermədən irəli yeridi və birbaş otağa girib pristavla görüşdü. Əhməd yenə əvvəlki yerinə gəldi. Kürəyini divara söykəyib əllərini köksündə çarpazladı. Molla ilə pristav bir xeyli bir-birinin üzünə baxdılar. Əhməd onların gözündəki mənanı oxudu və başa düşdü ki, pristavla molla məsləhətləşmək, gizli bir məsələ barədə söhbət etmək istəyirlər. Pristav ondan nə soruşacaq, molla isə əvvəlcədən şərtləşdikləri üzrə, ona müəyyən məsələləri açıb deyəcəkdi. Ancaq Molla Sadıq indi Əhmədin hüzurunda danışmaqdan ehtiyat edirdi. Birdən Əhmədin ağlına bir fikir gəldi: bəlkə elə bunu bəhanə edib birtəhər otaqdan çıxsın, onları tək buraxsın? Sonra da kazakların gözündən yayınıb heç olmasa beş-on dəqiqəliyə kəndə qaçsın?

Otaqdakı sükut xeyli çəkdi. Molla Sadıq gözucu Əhmədə baxanda, o sakitcə qapıya doğru addımladı. Eyvana çıxdı. Ancaq kazaklar Əhmədə həyətə düşməyə imkan vermədilər. Pristav molla ilə üzbəüz qaldıqdan sonra dərhal sözə başlamaq istədi, elə buradaca başa düşdü ki, molla ilə heç nə danışa bilməyəcək. Nə molla onu başa düşəcək, nə də o, mollanı.

Əhmədi geri çağırdılar. Pristav mollanın sifətindəki həyəcanı oxudu. Gülümsünərək üzünü Əhmədə tutdu:

– Mollanı başa sal ki, mən sənə etibar edirəm. Səndən gizli söhbətiniz ola bilməz. Çünki sən də qulluqçusan, hökumət adamısan. Qoy ürəyində nə varsa, hamısını desin. Səndən ehtiyat etməsin. Əvvəlcə soruş gör, Cahandar ağadan nə bilir, bu saat evindədir, ya yox?

Əhməd üz-gözünü ikrahla turşutdu və mollaya sarı döndü. Molla Sadıq onun kəskin baxışlarından diksinib yerində fısıldadı. Əhməd isə hirsindən dişini-dişinə qısdı:

– Pristavın dediklərini başa düşdünmü, molla cənabları? İndi də satqınlığa başlamısan? İndi də xəfiyyəlik eləyirsən? Adamları ələ verib yerini xəlvətləmək istəyirsən? Buyur, de görək Cahandar ağa haradadır? Dillən, niyə susursan? Camaatı gecə vaxtı töküb gətirmisən, tez ol, düş qabağa, göstər onun evini. De ki, yaralıdır, evdə xəstə yatır.

– Artıq-əskik danışma. Hökumət nə iş tutduğunu bizdən yaxşı bilir.

Cahandar ağa gündə bir adam öldürüb gəzəcək, biz də susacağıq?

Əhməd iki addım irəli gəldi. Molla ilə üzbəüz dayandı. Onların nəfəsi bir-birini qarsaladı.

– Taqsır Cahandar ağadadır. O gərək əvvəlcə səni susduraydı ki, satqının biri azalaydı.

Molla Sadıq dik atıldı. Onun boynunun damarları şişdi:

– Cənab pristav, əvvəlcə bu kafirin dilini kəsmək lazımdır. Mən onun yanında sizə heç nə deməyəcəyəm.

Pristav dili başa düşməsə də, anladı ki, molla həddindən artıq qəzəblənmişdir. Elə Əhmədin özü də tir-tir əsir. Pristav gördü ki, Əhmədin əlacı olsa bu saat mollanı əlləri ilə boğar, dişləri ilə parçalayar. Pristav onu da başa düşdü ki, əvvəlcə Əhməddən istifadə etmək, sonra qollarını sarıyıb atın qabağına qatmaq fikri baş tutmayacaq. Əhməd onlara heç nə tərcümə etməyəcək. O istəyirdi ki, Əhməd onu tutmağa gəldiklərini hələlik bilməsin, arxayın olsun. Ancaq deyəsən Əhməd o qədər də sadəlövh deyildi. Elə ilk dəqiqələrdən hər şeyi hiss etmişdi. Pristav qərara aldı ki, oyun oynamasın, elə birbaşa işə keçsin. Hirslə ayağa durdu. Əhmədlə qabaq-qabağa dayandı:

– Cənab Peterburq studenti, deyəsən, səninlə də haqq-hesabı çürütməyin vaxtı çatıb. Səni də dostun Kipianinin yanına göndərmək lazımdır. Mən səninlə adam kimi rəftar etmək istəyirdim, amma başa düşmədin. – O, üzünü kazaklara tutdu. – Bağlayın qollarını!

– Sizin məni tutmağa əsasınız yoxdur.

– Tapılar. Axtarın bunun evini!

Kazakların ikisi irəli keçib Əhmədin qollarını arxadan tutdu. Yekəpər kazak dərhal qabağa yeridi. Qıllı papağını qıllı qaşının üstündən geri çəkdi. Ağzını qulağının dibinəcən açıb istehza ilə güldü:

– İndi bildinmi nədən ötrü gəlmişəm, cənab uçitel!

– Bildim, ancaq xeyri yoxdur. Zaman öz bildiyini tutacaq.

Əhmədi həyətə çıxartdılar. Evin altını üstünə çevirdilər. Dəftərləri, kitabları dağıtdılar. Pəncərənin önündəki qlobusu yerə saldılar. Yorğan-döşəyi döşəməyə atdılar. Yastıq tükləri ətrafa səpələndi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 6

Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını yalını sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı. Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu duydu. At pis ata oxşamırdı. Boynu gözəl, qaməti uca idi. Dərisinin rəngi tünd-qırmızı idi. Bəzi yerləri şabalıdı rəngə çalırdı. Qaçmağı da pis deyildi, ancaq Cahandar ağanın ürəyinə o qədər də yatmırdı. Nə qədər çalışırdısa da, Qəmərdən sonra bu ata isnişə bilmirdi. Elə bil at da bu soyuqluğu duyurdu. Sahibini görəndə Qəmər kimi çəçiyi ilə yeri eşib kişnəmir, şahə qalxıb oynaqlamırdı. Bu atla Qəməri müqayisə etmək olmazdı. Qəmər elə bil başa düşürdü, sevincini, kədərini bildirir, lal baxışları ilə sahibinin ürəyindən keçənləri oxumaq istəyirdi.Cahandar ağa atın ətrafına bir də dolandı, sonra sakit addımlarla evə doğru getdi. İçəri girib divardan asdığı tüfəngini götürdü, çalnı-çarpaz bağladı. Ağ yundan toxunmuş qotazlı başlığını göy buxara papağının üstündən geyib boynuna doladı. Xəncəri yana çəkdi. İçəri gəldiyi kimi də sakit addımlarla getmək istədi. Ancaq qapıya yaxınlaşanda ayaq saxladı. Dönüb geri, otağa baxdı, gözünü divara vurulmıış xalçaların üzərində gəzdirdi. Tavandan asılmış otuzluq çırağa, baş tərəfdə divara mıxlanmış qollu-budaqlı iri maral buynuzuna baxdı. Qoşa taxtı, döşəkcələri, zərbaftalı, qotazlı mütəkkələri gözdən keçirtdi. Elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. Özü də hiss etmədən köksünü ötürdü. Darağı tüfəngin xəzinəsinə basdı. Çaxmağı hərləyib şaqqıldatdı, dabanı üstə fırlanıb otaqdan çıxdı. Həyətdəkilərin üzünə baxmadı. Əli qoynunda, təlaş və təşviş içində dayanıb gözünü ona zilləyən Mələyi görmədi. Qonşu otaqda pərdəni azacıq aralayıb gözündən bulud kimi yaş tökən Salatın tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ağır, lakin qəti addımlarla talvara yaxınlaşıb atı kənara çəkdi. Quş kimi sıçrayıb yəhərə qalxdı. Yüyəni qəsdən dartdı. At sahibinin iradəsinə tabe olub dal ayaqları üstə qalxdı və yuxudan ayılmış kimi yəhərin altında oynadı. Yorğa yerişlə doqqaza sarı yollandı. Darvazaya çathaçatda qanad şaqqıldadı. Cahandar ağa qeyri-ixtiyari dönüb geri baxdı. İri, kəkilli sarı toyuq tara çıxıb hövllə qanadlarını şaqqıldadırdı. Kişi təəccüb etdi. Toyuq birdən boğazını irəli uzadıb xoruz kimi ucadan banladı. Cahandar ağanın bədənini soyuq tər basdı, iri həbəşi dodaqları kipcə bağlandı. Qızarmış gözlərinə qan sağıldı. Tüfəngi hərləyib tətiyi çəkdi. Qanadını çırpıb bir dəfə banlamaq istəyən toyuq yumaq kimi havaya qalxıb çəpərin o üzünə düşdü. Lələkləri göydə oynadı. Cahandar ağa atın boynuna yataraq dördnala çapdı. Kənddən aralanıb Kürün sahilində görunməz oldu.

19579 min
Dördüncü hissə, 7

Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarın yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilədir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta mayın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?

19579 min
Dördüncü hissə, 8

Əşrəf yuxudan ayılan kimi əlini sinəsinin üstünə apardı. Kitabı tapmadıqda yorğanı atıb yerindən sıçradı. Yastığını qaldırdı, döşəyin altını yoxladı, gözünə heç nə dəymədi. Rəngi kağız kimi ağardı. Çarpayının dörd yanına fırlandı, əyilib aşağı baxdı, pəncərənin qabağını axtardı. "Bu necə ola bilər?" – deyə düşündü. Yoldaşlarını oyatmaq, onlardan bir-bir kitab görüb-görmədiklərini soruşmaq istədi. Ancaq ürək eləmədi. Axı bu kitabı ona gizlincə vermişdilər, özü də tapşırmışdılar ki, heç kəsə göstərməsin.Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı, gümanı gəldiyi yerlərin hamısını yoxladı. "Mən yerimə uzananda kitab əlimdə idi, axırıncı səhifələrini oxuyurdum. Görünür, yuxu məni aparıb, haçan yatdığımdan xəbərim olmayıb – deyə öz-özünə düşündü. – Kitab əlimdən düşsə yerin içində olardı, ya da çarpayının ətrafında. Bəs bu necə oldu? Yoxsa uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir, axı o bu gecə növbətçi idi?"

19579 min
Dördüncü hissə, 9

Semyonov üstünə göy mahud çəkilmiş iri yazı masasının arxasından durub küncdəki saata yaxınlaşdı. Jiletinin cibindən açan çıxardıb qapağını açdı. Adam boyda olan saatın iri kəfgiri ətalətlə sağa-sola hərəkət etdikcə otağa ahəngdar bir çıqqıltı yayılırdı. Semyonov ağ siferblatın üstündəki naxışlı rəqəmlərə, qızıl suyuna çəkilmiş əqrəblərə baxdıqdan sonra zənciri dartdı. Elə bil saatın çıqqıltısı gücləndi. Əqrəbin böyük tayı on birin üstünə çatdı. Direktorun otağına hardasa, lap uzaqlarda çalınan kilsə zənginin səsini xatırladan bir danqıltı yayıldı. Bu səs bir neçə dəfə təkrar olub dalğalandı. Semyonov adəti üzrə döş cibindən gümüş saatını çıxardıb şaqqıltı ilə qapağını açdı və vaxtı yoxladı. Dalbadal vurulan zəngin dalğalı sədası susana qədər gözünü əqrəblərdən çəkmədi. Düz on bir tamamda hər iki saatın qapağını örtdü və asta addımlarla eyvana çıxdı.Məktəbin həyatı bomboş idi. Hamı dərsdə idi. Sinif otaqlarının pəncərələri açıq idi. Müəllimlərə cavab verən tələbələrin yeknəsəq səsi eşidilirdi. Bu yeknəsəqliyi arabir müəllimlər kəsirdi. Onlar dərs söyləyən uşaqları dayandırıb nə isə soruşur, sonra özləri əlavələr edirdilər. Buradan, direktorun otağının qarşısındakı eyvandan hər şeyi görmək mümkün idi. Semyonov hava xoş olanda, elə indiki kimi, buradaca dayanar və yazı taxtasının önündə dərs söyləyən uşaqlara tamaşa edər, onların verdikləri cavablara qulaq asardı. Onun lövhədə məsələ həll edən riyaziyyat müəllimlərinin, ya da onlara cavab verən tələbələrin rəqəmləri tabaşirlə güllə kimi yazmasından xoşu gələrdi. O, tabaşir taqqıltısından xüsusi zövq alardı. Semyonov lövhədə tabaşirin saat mexanizmi kimi ahəngdar şəkildə taqqıldamasından dərsin necə keçdiyini müəyyənləşdirərdi.

195712 min

Poems by other poets