Cəfərqulu xan "Nəva" təxəllüs
Page 2 of 2 · 50%
Sabiqən böylə deyildi, olub indi birəhm,
Həzrəti-xanə olandan bəri məhrəm qazi.
Çox adam var idi nəzm ilə əda eyləməli,
Xahişi-xanə görə düşdü müqəddəm qazi.
Çünki divanəyə yoxdur qələm ümmidim var
Əfv edər cürmümü, gör üzünə söysəm qazi.
Dastani-Əmiraslanı bu gündən böylə--
Başlaram, fikrim əgər olsa fərahəm, qazi!
Hər iki kəlamdan məlum olunur ki, ruhanilərimizin qusur və nöqsanı hər bir əsrü zamanda əhli-mərifətlərimizin nifrət və tənqidlərinə bais olub, onları təzmim və təsyib qılıblar. Xüsusən məsnədi-qəzavətdə əyləşən alicənabların hirsü tamahı, dünyagir və biəməl olmaqları cümlədən artıq üdəbavü şüəra zümrəsinə təsir edibdir. Necə ki, Cəfərqulu xan buyurur:
Daima vəz eləyir xalqa ki, ehsan eləyin,
Özü heç dışqarı verməz ola gər nəm qazi.
Zakirin bu mətləbə dair yazdığı şer bundan da gözəl və pürməzmundur:
Şişənin simü zərin doldurasan xanəsinə,
Şişəvəş dışraya verməz yenə bir nəm qazi.
Bu kəlamda cinas vardır. Əvvəlki misrada "Şişə" Şuşa qalasından ibarətdir ki, sabiqdə Qarabağ xanlarının paytaxtı hesab olunurdu. İkinci misrada yazılan "şişə" məhz şişənin özündən--sürahidən ibarətdir ki, onun içinə hər nə töksən yenə dışqarıya nəm verməz.
Cənab qazi dəxi nə qədər öz xanəsinə Şişə xalqının simü zərini və sair əmvalını doldurur isə, yenə də doydum deməyib, xaricə və ətrafında olan füqəravü məsakinə zərrəcə rəhm eləmir və bir möhtacın ehtiyac və zərurətini rəva qılmır. Necə ki, bu barədə mərhum Qasım bəy başqa bir kəlamında buyurmuş:
Molla nə molla, əsiri-şikəmi-əndər piç,
Qazi nə qazi ki, sir olmaz içə ümmani.
Bəli! Dəryalar kamına çəkib sir olmayan və heç bir şeydən gözləri doymayan ruhanilərdən milləti soymaqdan qeyri daha bir təmənnavü çeşmdaştlıq ola bilməz!…
Necə ki, yuxarıda zikr olundu, sabiqdə Zakirin xatiri Cəfərqulu xanın yanında əziz imiş və aralarında zərafət var imiş. Bir dəfə Zakir xanın hüzuruna gedir və nə tövr olursa, onun başmaqları xanın sarayında oğurlanır. Şair məyusanə evinə qayıdıb bu həcvləri xidmətkarlar böyüyü Bəylər bəyə yazır:
Bəylər, nə layiqdi xan qulluğuna
Bir kəs atlı gedə, piyadə gələ?
İldə bir yol düşür mənim güzarım,
Vay onun halına ziyadə gələ.
Böyüyün dərində lazımdı dərban,
Axşama dək ola bəndeyi-fərman,
Təmənnasız gələn olur peşiman,
Gələ gör bir adəm murada gələ!
Oğruluğa əcəb olubsuz mötad,
Həmrahi-birahın dad əlindən, dad!
Gedəndə şad gedər, gələndə naşad,
Hər kimsə ki, sizii bərbada gələ.
Gəlməyən adama deyirsiz: gəlin!
Müşküldür qayıtmaq ayağı yalın,
Mən yenə qıvrağam Adıgözəlin
Gərək dalısınca ərdadə gələ.
Məsəli-məşhurdur: "Quş dənə gedər",
Sizdə bir nəf yox səvayi-zərər,
Gəlməz o qapıya heç kimsə məgər
Horadiz, Qoyucaq fəryadə gələ.
Bundan sonra girən xanın evinə
Gərək başmaqların soxa cibinə,
Ya keçirə saf otağın dibinə,
Nə isə, mühəyya, amadə gələ.
Lazımdır tərəddüd xeyirdə, şərdə,
Ədalət üzümə çəkibsiz pərdə,
Bir təziyə olsa, xudanəkərdə,
Gümanım yoxdur [ki], molla da gələ.
Bir adam təyin et asitanaya,
Yaxşını-yamanı gerçək tanıya,
Nə eşiyə, nə də qəhvəxanaya
Qoyma hər yetən … gələ.
Onun cavabında Cəfərqulu xan Zakirə yazmışdır:
Qasım bəy, adətdir, xan qulluğuna
Bir kəs atlı gəlsə, piyada gedər,
Mən deyiləm, aləmdə var, eldə var,
Belə cüzi işlər arada gedər.
Burada bir başmaq olub zərərin,
Qələm alıb yazdın zəmmin bu dərin,
Zalım, yoxdur məgər sənin xəbərin,
O dərdən kim, aləm fəsada gedər?
İndi belə görmə Adıgözəli,
Səndən qıvraq idi onun əzəli.
Hər zaman ki, durub yola düzəli,
Yenə bədov atdan ziyada gedər.
Gədə, saf azıbdır əməlin sənin,
Mədənisən təqəllübün, fitnənin.
Sən neçün bilməzsən, bağlı gələnin
Ayağı açılıb piyada gedər?!
Oğlan, lap çıxıbsan sən əndazədən,
Neylər, hələ gedəcəksən yazədən,
Köhnə oğurlandı, tikər tazədən,
Bir adam yollaram ustadə, gedər.
Necə ki, sabiqdə bu barədə məlumat verildi, Mehdiqulu xan ilə Cəfərqulu xanın mabeynində büğzü ədavət var imiş.
Cəfərqulu xanın Mirzə Fətəli Axundov ilə dəxi ülfət və aşinalığı var imiş və aralarında zərifanə irsalü mərsulları olubdur. Bunlardan bir namə ki, Axundov xani-müşarileyhə yazıb, Adolf Berjenin Leypsiq məcmuəsinə daxil olubdur. Haman namə belə başlanır.
Hacıqulu səndən, ey taci-sərim,
Ziyadə-ziyadə xürrəm olubdur.
Söz veribdir sizə Kruzenştern,
Poçotniklik işi möhkəm olubdur.
Bu məktubu eyni ilə Mirzə Fətəli Axundovun tərcümeyi-halı babında dərc etməyi münasib gördük.
Fars dilində yazılmış əsərlərdən bir məktub Mirzə Haqverdi "Səfa" təxəllüsə və mahi-məhərrəmin yetişməsi münasibətilə inşad etdiyi tərcibənddən bir bənd "Riyazül-aşiqin"dən iqtibasən burada dərc olunur.
Cəvabi-Mirzə Haqverdi Səfa:
Suye-yarane-vəfa bişe səlami darəm,
Qəllü dəllə əcəb torfe kəlami darəm,
Rox nemipuşəm əz in ərz konəm fərzol-eyn
Çon ke, dər pişe-şoma şohrəte-tami darəm.
Gərçe matimo piyade ze çenin gərdeşe-çərx,
Əsb dozd bordevo dər dəst locami darəm.
Nist dər Şişeye-ma fərq həlali ze həram,
Gər qəbuləş bekoni, Rəxşe-xorami darəm.
Ğərəze-mən həme şuxisto nə sedq, səfa,
Bər mətərsid ke, əz kəlmeye-la midarəm.
Ey Nəva, gər nəkoni razi bedan qazira,
Ba to ta ruze-cəza bəhse-modami darəm. [2]
[2] Tərcüməsi:
Vəfalı dostlara çoxlu salamım var,
Şəninə söylənmiş əcəb gözəl sözüm var.
Bu ərzimdən çəkinmərəm, göz yuması deyiləm,
Çunki sizin yanınızda tam şöhrətim var.
Hərçənd ki, fələyin bu cür dövr etməsindən mat və piyadayıq,
Atı oğru apardı, cilovu əlimdə qaldı.
Bizim Şuşada halalla haram arasında fərq yoxdur,
Əgər qəbul eləsən, yorğa bir Rəxşim var.
Mənim məqsədimin hamısı zarafatdır, sidq ürəkdən deyil,
"Yox" sözümdən qorxmayın.
Ey Nəva, bil, əgər qazini razı salmasan,
Qiyamət gününə kimi səninlə daim mübahisəm var.
Mahe-məhərrəm amədo por şod deləm ze ah,
Dude-deləm gereft roxe-çərxo mehro mah.
Çon əbre-noubəhar fələkra əhate kərd,
Çəndan ke, dər fələk bemələk minədarəd rah.
Cəbrəil əz tərəddode-əflak baz mand,
Qofta beheyrəti ke, xodara, tora pənah.
Aya çe şod ke, çake-gəriban nəmud sobh,
Puşide şəb lebase-əzara be bər siyah.
Aməd neda ze hatefe-ğeybi ke, ya əmin,
Bengər bedəşte Kərbəla, suye-qətlgah.
Emruz ruze-qətle-Hoseyne-ibn Mortəzast,
Emruz ruze-matəme-məcmue-ənbiyast. [3]
[3] Tərcüməsi:
Məhərrəm ayı gəldi, ürəyim ahla doldu,
Ürəyimin tüstüsü göyləri, ayın və günəşin üzünü örtdü;
Bahar buludu kimi fələyi əhatə elədi,
Belə ki, mələk fələkdə keçməyə yol tapmadı.
Çəbrayıl fələklərə gedib-gəlməkdən qaldı,
O, heyrət içində dedi ki, "allah, sənə pənah!"
Məgər nə oldu ki, sübh yaxasın açdı,
Gecə qara yas paltarını geydi?
Qeybdən səs gəldi ki, "ya Əmin,
Kərbəla səhrasında qətlgaha bir bax,
Bu gün Hüseyn ibn Mürtəzanın qətl günüdür,
Bu gün bütün peyğəmbərlərin matəm günüdür.
Mərhum xanın yuxarıda dərc olunan nümuneyi-asarından,--xah türki olsun və xah farsi,--onun xoştəb bir şair olduğu görünür.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-ceferqulu-xan-neva
Use ← → keys to move, R for a random poem
More by this author
1Karvan rəfto to dər xabo biyaban dər piş
Mirzə Fətəli AxundovMirzə Fətəli Axundov(1811 -1878)
Müsəlman müəllimlərinin hümmətiHər sənə yay fəslində Şuşa şəhərinə elm və mərifət təhsil edənlərimizdən, — xah müəllimlər olsun, xah studentlər və xah dövləti qulluqlarda olan cavanlardan, — böyük bir cəmiyyət yığışıb, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gəlib ittihad və ittifaqın binası bir növ möhkəmləşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər. Xüsusən bu yolda artıq hümmət və qeyrət göstərən müsəlman müəllimləri olur. Doqquz ay qürbət vilayətlərdə, uzaq kəndlərdə və şəhərlərdə təlim və tədrisə məşğul olub artıq məşəqqət çəkib üç ay yay fəslini dəxi istirahət və asayiş ilə keçirməyi özlərinə rəva görmürlər.Belə ki, iyul ayının 24-cü günü buradakı şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə türk dilində bir komediya göstərildi. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mərhum Mirzə Fətəli Axundovun əsərlərindən məşhur "Hacı Qara" və yaxud "Mərdi-xəsis" komediyası idi. Əgərçi bu komediya kərrat ilə Şuşa şəhərində iraə olunubdur və onun məzmunu şəhər əhlinin çoxuna məlumdur, bainhəmə komediya əsla əksilməyib hamıya xoş gəlir. Əlbəttə, mərhum Axundov kimi kamil, dəqiq, baxəbər və ziyadə təcrübəli vücudun əsəri dəxi həmişə həyat üzrə baqi qalacaqdır.
"Molla Nəsrəddin"Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Məlumdur ki, Şərq xalqları, xüsusilə azərbaycanlılar öz danışıqlarını məsəllər, atalar sözləri və Şərqin müdrik məzhəkəçisi olan Molla Nəsrəddinin lətifələri ilə bəzəməyi sevirlər. Bu əfsanəvi Molla xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılar. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar. Bu lətifələrdən çoxu isə müxtəlif müəlliflər tərəfindən rus dilinə tərcümə olunub "Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza"nın müxtəlif buraxılışlarında çap edilmişdir.Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı — Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecə keçmiş, səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər — hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermir.