Page 1 of 7

Mirzə Fətəli Axundov
(1811 -1878)

Milli ədiblərimizin atası, təmsilat (dram) yazanlarımızın ustadi-kamili, ədəbiyyatımızın fəxri, şəkkü şübhəsiz, mərhum Mirzə Fətəli Axundovdur ki, onun qələmindən ədəbiyyatın hər növ əsərləri vücuda gəlibdir: bimisl komediyalar, tənqidə dair gözəl məqalələr, abidar şerlər, fars və türk dillərində şirin hekayələr və qeyriləri. Mirzə Fətəlinin təbində elə bir zəriflik, yaratmaqlıq qüdrəti, yoxdan vücuda gətirməklik qüvvəsi var imiş ki, bunun misli az mühərrirlərdə müşahidə olunur. Bu bir allah vergisidir ki, hər qələm əhlinə nəsib olmaz, hər ədiblik iddiasına düşəni məsud qılmaz. Mərhum Mirzə Fətəliyə haqq-taala belə gözəl təb ilə belə ziyadə xoş xasiyyət, əqli-səlim, açıq fikir, artıq fərasət və zəkavət dəxi mərhəmət qılmışdır. Heyrət etməli bir sirrdir: istədiyinə basa-basa verir, istəmədiyinə heç zad vermir.

Mərhum Mirzə Fətəli Axundov təvəllüd edibdir Nuxa şəhərində, tarixi-məsihiyyənin 1811-ci sənəsində, vəli təvəllüd günü və ayı məlum deyil.

Altı-yeddi sinndə Mirzə Fətəli ata və anadan məhrum olub yetim qalır. Bu fəna halda qaldığı əsnada onun dayısı axund Hacı Əli Əsgər həmşirəzadəsini öz himayəsi altına alıb, təlim və tərbiyəsinə məşğul olur. Məzkur axund isə öz vaxtının möhtərəm və fazil üləmasından biri hesab olunurmuş. Bu möhtərəm alimin təhti-nəzarətində Mirzə Fətəli müsəlmanca binalı təlim alıb, türk, fars və ərəb dillərini öyrənir. Axund Hacı Mirzə Əli Əsgər həmşirəzadəsinin, xüsusən, ərəbcə oxuyub kamil olmasına diqqət yetirirmiş, bu qəsd ilə ki, gələcəkdə Mirzə Fətəlini ruhani mənsəbinə hazırlaşdırsın. Amma iş özgə sayaq üzrə gedir və mirzəyi-mərhumun ruhani olmağı baş tutmur.

Vaxta ki, Mirzə Fətəli 17 sinnə yetişir, onun dayısı həcc ziyarətinə getməli olur və bacısı oğlunu özü ilə götürüb, Gəncə şəhərində rəfiqi axund molla Hüseynin yanında qoyur ki, məzkur axund ona ərəb dilini təlim etsin. Burada Mirzə Fətəli məşhur Mirzə Şəfi ilə görüşür. Mirzə Şəfi cavan Fətəlinin ağlını, fitri zəkavət və fərasətini görüb və gözlərindən yağan anlaq və mərifət nurunu dərk edib, gələcəkdə ondan böyük xidmətlər vüquə gəlməsini Mirzəyə bəşarət verir və onunla bir neçə müddət görüşüb danışandan sonra filosof Mirzə Şəfi cavan Fətəlinin fikir və xəyalatını başqa bir səmtə çevirir. Məlum ola ki, Mirzə Şəfi təbi-səlim sahibi və ülumi-mütənəvviəyə dara bir vücud imiş ki, əşari-abidarı və asari-fəlsəfəsi ilə Avropada, xüsusən, Almaniyada iştihar bulmuşdu. Almaniyada onun asar və əşarının məcmuəsi nemsə dilinə tərcüməsi ilə Bodenştedt adlı alim bir şəxsin ehtimamı ilə təb olunmuşdur.

Mirzə Şəfi ilə görüşdükdən sonra Axundov ruhani olmaq fikrindən bilmərrə daşınıb, Avropa mədəniyyəti ilə aşina olmaq niyyətinə və qulluq etmək qəsdinə düşür. Bu niyyətlərinə nail olmaq üçün dayısı həccdən müraciət edəndən sonra Mirzə Fətəli özü də Nuxaya gəlir və burada dayısının izni ilə təzə açılmış uyezdni şkola girib, can-dildən rusca oxuyub-yazmağa məşğul olur. Mərhum Rəşidbəyin verdiyi məlumata görə, Mirzə Fətəli uyezdni şkolanın elmini tamam edir. Amma Axundovun öz yazmağına görə, bir ildən ziyadə haman şkolada qalmır. Hər halda şkoladan çıxandan sonra Mirzə Fətəli əziz və mehriban dayısının ayağına düşüb, ondan ilhah və iltica eləyir ki, onu qulluğa qoysun. Mərhum Hacı Mirzə Əli Əsgər bacısı oğlunun könlünü sındırmayıb, təvəqqeyinə əməl eləyir və onu özü ilə Tiflisə gətirir və burada rus dövləti tərəfindən təyin olunmuş Gürcüstan ümurinin baş hakimi Baron Rozenə ərizə verib, onu 1834-cü ildə əlsineyi-şərqi mütərcimliyinə qəbul etdirir. Baron Rozen cənabları cavan Fətəlinin haqqında ki, o vaxt 23 yaşında idi, artıq dərəcədə iltifatlar göstərərmiş. Belə ki, mərhum Axundov özü tərcümeyi-halını yazıb bu məqama gəldikdə baronun yaxşılıqlarını zikri-xeyir ilə yad edib deyir: "Bilmirəm hansı dil ilə bu sərdarın yaxşılıqlarını izhar və şükrgüzarını əda eləyim". Mirzə Fətəli bu qulluğunda ömrünün axırına kimi qalıb, sədaqət ilə öz vəzifəsini yerinə yetirir və bu ixlas və sədaqətin və hüsn xidmətlərinin əvəzində polkovnik çini və neçə-neçə nişanlar alır. Qulluq işlərindən fariğ olan zamanı asudə vaxtlarını rus kitablarının mütaliəsinə sərf qılıb, xeyli məlumat kəsb edir. Onun artıq sevdiyi fəlsəfəyə, siyasi və iqtisadi elmlərə dair kitablar imiş. Mərhum bir neçə davalarda öhdəsinə həvalə olunmuş bəzi mühüm və ağır sifarişləri kamalınca yerinə yetiribdir. Mirzə Fətəli vəfat edibdir Tiflis şəhərində, tarixi-məsihiyyənin 1878-ci sənəsində, fevral ayının 28-ci günündə, altmış yeddinci sinnində; dəfn olunubdur Tiflisdə müsəlman qəbristanlığında, cənabi-həqq təqsiratını bağışlayıb, rəhmətinə vasil eləsin. Amin!

  •   *       *       *       *
    

Mərhum Mirzə Fətəlinin fars dilində öz yazdığı tərcümeyi-halı 1887-ci sənədə "Kəşkül" qəzetəsinin 43, 44 və 45-ci nömrələrində dərc olunubdur. Mərhumun tərcümeyi-halına dair yuxarıda icmalən verdiyimiz əhvalata iktifa etməyib, onun öz yazdığı təfsilatı fars dilindən türkə tərcümə edib, necə ki, var eynilə burada zikr edirik. Heyfa ki, "Kəşkül"ün 43-cü nömrəsi ki, onda Mirzənin təvəllüdündən 22 sinninə çatınca başına gələn qəzavü qədər yazılıbdır, tapılmadı. 44-cü nömrə axund Hacı Əli Əsgərin həccdən qayıtmağından başlanır, bu sayaq: "Əlqissə, ikinci atam Axund Hacı Mirzə Əli Əsgər həccdən müraciət elədi. Ondan sonra mən də Nuxaya gəldim və bir neçə vaxt ərəb dilində yazılmış kitabların, o cümlədən Şeyx Bəhayi-əleyhirrəhmənin "Xilasətül-hesab" adında yazılmış kitabının mütaliəsinə məşğul oldum. Bu əsnada Nuxa şəhərində rus məktəbi açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib, bir il burada təlim alıb çıxdım, çünki yaşım artıq idi və bir ildən ziyadə burada oxumağa qadir olmadım. Bir ildən sonra 1834-cü tarixdə ikinci atam özü ilə məni götürüb Tiflisə apardı və burada sərdar Baron Rozenə ərizə verib təvəqqe elədi ki, məni öz dəftərxanasında Şərq dillərinin mütərcimi mənsəbinə qəbul eləsin və rus yazıçılarından bir nəfərini mənim üçün köməkçi təyin etsin, ta ki, rus dilində biliyim artıb qüvvət tapsın. Bilmirəm hansı bir dil ilə bu sərdarın, yəni Baron Rozenin yaxşılıqlarını zikr edib şükrgüzarını yerinə yetirim. Mələk xasiyyətli olan bu əmir ikinci atamın iltimasını fovrən qəbul edib, iltifat və mərhəmətlərini mənim haqqında zahir qıldı ki, onları vəsf etməkdə acizəm. O vaxtdan bu günə kimi mən Qafqaziya sərdarlarının hüzurunda əlsineyi-şərqiyyə mütərcimi olub, hər birindən ənvai-iltifat və mərhəmətlər görmüşəm....

Xassə mütəvəffi general feldmarşal knyaz Vorontsovdan razı və şakirəm ki, Baron Rozendən sonra mənim ikinci vəliyyül-neməm olubdur və bu əmirü-kardan və rövşənzəmirin iltifatının vasitəsi ilə məndə müsənniflik qabiliyyəti büruz edibdir. Altı komediya--yəni təmsil--türk-Azərbaycan dilində təlif edib, hüzuri-alilərinə təqdim etmişəm. Cümləsi məqbul və təhsin olunub, əvəzində çox ənamlara nail olmuşam. Təmsilatımı Tiflis teatrında ki, onun da banisi knyaz Vorontsov olubdur, səhneyi-tamaşaya qoydular, hüzzari-məclisdən çox afərinlər və təriflər eşitdim. Ondan sonra "Yusif şahın hekayətini" yenə türk dilində təsnif etdim. Bu yeddi təsniflərim rus dilinə tərcümə olunub çapa verildi və onların haqqında Berlin və Peterburq jurnallarında xeyli tərifnamələr yazılıbdır.

1857-ci tarixi-məsihiyyədə islam əlifbasının təğyiri babində bir kitabça fars dilində yazmışam. Məzkur əlifbanın təğyiri vacib və mühüm əmrlərdən olmağını xeyli dəlillər vasitəsi ilə sübuta yetirmişəm. 1863-cü tarixdə Qafqaz canişini imperatorzadeyi-əfxəm veliki knyaz Mixail Nikolayeviçin icazəsi ilə bu xəyalımı elan etmək üçün İstambula azim oldum. Cəmi səfər xərcimi veliki knyaz öz xəzinəsindən mərhəmət elədi və vəziri Qruzenştern İstambulda olan rus səfirinə bir kağız yazdı ki, mənim mətləbimin əncama yetməyi üçün Osmanlı dövlətinin övliya və ərkanından təvəqqe eləsin ki, lazimeyi-təqviyət və müavinəti müzayiqə etməsinlər.

Əlifbanın təğyiri babində tərtib qıldığım kitabçanı rus elçisinin draqomanı müərrifliyi ilə sədrəzəm Fuad paşanın hüzuruna pişnəhad etdim və yazdığım təmsilatı və Yusif şahın hekayəsin də nişan verdim. Kitabçamı sədrəzəm həzrətlərinin əmri ilə osmaniyyənin cəmiyyəti-elmiyyəsində mülahizə edib, hər bir xüsusda məqbul və müstəhsən gördülər və lakin icrasına icazə vermədilər. Bu səbəbə ki, kitabçada qərari-sabiqi üzrə hüruflar bir-birinə culaşır və kəlmələrin tərtibində çətinlik müşahidə olunur. Bu irada cavabım bu oldu ki, belə olan surətdə lazımdır islam əlifbasını bilkülliyyə tərk edib, avropalıların üsuli-xəttini götürmək və yazını soldan sağa yazıb, oxumaq və nöqtələri bilmərrə saqit etmək və hürufların şəklini latın hərflərindən intixab edib, təzə əlifba tərtib eyləmək və hürufi-müsəvvətəni hürufi-samitənin yanına yazmaq. Həqirin bu rəyini İstambul üləma və vüzərası öz fəhm və qanacaqlarına müvafiq görməyib, qəbul etmədilər və orada olan İran vəziri-muxtarı Mirzə Hüseyn xanın mənim barəmdə olan qədimi ədavəti büruz edib, İstambul vəzirlərinin ədəmi-müvafiqətinə səbəb oldu. Xülasə, məramimə çatmayıb, İstambuldan geri qayıtdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yusif Nabi

Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:

192520 min
Ağahüseyn "Arif" təxəllüs

Məhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır.Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş.

19252 min
Ağabağır

Yusif Qarabağinin məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, güldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda:Bir belə mövsümdə, bahar çağdə

19251 min
Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs

Mərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.

192527 min

Poems by other poets