Page 1 of 2

Azərbaycan şüərasından "Qövsi" təxəllüs zərif və xoştəb bir şairin yazma divani-əşar və qəzəliyyatı əlimizə düşmüşdü. Bu divandan həkim Qövsi kim və hansı yerin adamı olduğu anlaşılmadı, vəli şiveyi-lisanından və üslubi-kəlamından bizim Zaqafqaziya torpağının rayihəsi gəlir, hiss olunur. Belə ki, əgər bəzi qəzəllərinin axırıncı fərdində Qövsi əvəzinə Qüdsi və ya Zakir və ya Seyid yazılsaydı, onlar Qüdsinin, ya Zakirin və ya Seyidin kəlamı olduğuna kimsə şübhə etməzdi.

Bununla belə nə Şəki və Şirvanda və nə Bakı və Səlyanda və nə Gəncə və Qarabağda və nə Mavərayi-Qafqazın sair mütəməddin mərkəzlərində "Qövsi" təxəllüslü şairin ism və nişanəsi guşumuza erişməyibdir. Onun barəsində salxürdə ədiblərimizə rücu etdiksə də, heç kəsdən cəvabi-kafi almadıq.

Şəmsəddin Sami bəyin "Qamusül-əlam"ına rücu etdik. Onda dəxi "Qövsi" təxəllüslü türk şairindən bir əsər bulmadıq. Onda iki nəfər "Qövsi" təxəllüsü ilə zikr olunmuş şəxsə rast gəldik: onlardan birisi məşahiri-xəttatindən bağdadlı Qövsidir ki, 999-cu tarixində vəfat etmişdir, digəri isə İran şüərasından olub, yazdıqları tamam farsi dilində olduğu göstərilmişdir:

Cai ke toi nist kəsira anca,
Əz mən ke təvanəd ke resanəd xəbər anca? [1]

[1] Tərcüməsi:
Sənin olduğun yerdə heç kəs yoxdur.
Məndən ora kim xəbər apara bilər?

Qövsinin üslubi-kəlamı Rum şairlərinin üslubi-kəlamına bir azacıq bənzəyir isə də, ona Rum şari dəxi demək olmaz. Yenə təxminən demək olur ki, Qövsi Azərbaycanın İran dövlətinə mütəəlliq məhəllərində, xüsusən, Təbrizdə və ya ona qərib şəhərlərin birisində vücuda gəlmişdir. Amma övqatını bizim vilayətdə keçirmişdir.

Buna dəlil olaraq bir qəzəlinin axırıncı beytində Təbriz şəhərini Kəbəyə təşbih qılıb və ona iqtida etməsini özünə borc bilməsidir. Haman qəzəl bu sayaq başlanır:

Səbr eylə, aqibət mey olur qan dedikləri,
Sübhi-vüsal olur, şəbi-hicran dedikləri.

Ərşi-bərin qubarın onun tutiya qılır,
Hərçənd müşti-xakdır insan dedikləri.

Ləlində cami-badə kimi cəmdir sənin
Abi-həyatü atəşi-suzan dedikləri.

Qövsi gərəkdi Kəbə deyib iqtida qıla--
Təbriz qülləsinə Sifahan dedikləri.

Və yenə özgə bir qəzəlində şair Təbriz şəhərini həsrətlə yad edib deyir:

Gər yandıra öz varını pərvanə, rəvadır,
Kimdir ki, qaranlıq gecə cananə yetişməz?!

Təbriz açar könlümü, Qövsi, gər açılsa,
Hərçənd ki, firdovs Sifahanə yetişməz.

Yəqin ki, Sifahan Təbrizdə məhəllə adıdır və şair haman məhəllədəndir. Çox ehtimal var ki, Qövsi bu şerləri qürbətdə olduğu əsnada yazmışdır.

Divanında yazılmış bir tərcibənddən belə məlum olur ki, Qövsi Uğurlu xan Ziyad oğlunun əsrində onun təhti-himayəsində mürəffəhhal güzəran edirmiş. Bununla belə vətəni-məlufunu unutmayıb, hər dəm onu yad edərmiş. Uğurlu xan isə Gəncə xanlarından Şahverdi xanın qardaşı və məşhur Cavad xanın əmisi olduğu rəvayət olunur ki, hicrətin 1180–1190-cı illərində xanlıq edərmiş. Belə olan surətdə Qövsi Molla Pənah Vaqifin müasiri olub onunla bir yerdə bizim türk--Azərbaycan şairlərinin babası mənzələsindədir.

Məzkur tərcibənd ki, Qövsinin təbinin ziyadə səlis və mövzun olmağına şəhadət verir, burada dərc olunur.

Kəlami-Qövsi:

Gətir, saqi, qədəh kim, novbahari-eyşü işrətdir.
Bu gündən böylə cuşi-eşqü tüğyani-məhəbbətdir.
Bu gün kim, cami-güldən banki-nuşa-nuş urar bülbül,
Meyi-gülrəngdən hər kim ki, qafil, məsti-qəflətdir.
Verir badi-bahar əmvatə əhya sübhdəm, sən həm
Oyaq ol, fürsəti fövt etmə kim, fürsət qənimətdir,
Nola gər cami-minadən düşərsə aləmə qovğa
Ki, bu xurşidi-məhşər ol qiyam etmiş qiyamətdir.
Gətir səhba ki, baqidir səlahü tövbənin çağı,
Bu beş gün kim, qələm yoxdur bizə, əyyami-möhlətdir.
Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında--
Ki, xaki-rəhgüzarı sürmeyi-çeşmi-bəsirətdir.

Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu,
Qaradan çıxdı dağü bağü səhra, laləzar oldu.

Gətir, saqi, şərabı ver mənə əmvatə əhya tək,
Ləbi-canəxşini məndən diriğb etmə Məsiha tək.
Nə xoş güllər düşübdür çeşmimə gülzardən sənsiz,
Əcayib dağlar var lalədən sinəmdə səhra tək.
Məni məzur tut, gər olmuşam məst, istərəm səndən
Vəfa kim, adı var, yoxdur özü aləmdə ənqa tək.
Nola gər rəşkdən bülbül töküb göz yaşı, qan ağlar--
Ki, məhv olmuş gülə şəbnəm, bieynih çeşmi-bina tər.
Mənim tək nola gər məstanə söylər bülbülü qumri--
Ki, gül cami-meyi-gülgun kimidir sərvi-mina tək.
Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında--
Ki, daniş gövhərilə var malamal dərya tək.

Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu,
Qaradan çıxdı dağ barü səhra, laləzar oldu.

Gətir, saqi, qədəh kim, arizu bağrım kəbab etmiş,
Meyi-gülrəng tək qeyri, məni həsrət xərab etmiş.
Mənim göz yaşımı zinhar ğur et, sərgiran baxma--
Ki, suzi-dil onun hər qətrəsin bir ləli-nab etmiş.
Mənim hər misrəi-ahım vurar divan ilə pəhlu--
Ki, divani-qiyamından məni eşq intixab etmiş.
O günlər kim, keçibdir tövbəvü zöhdü vərə birlə,
Fəğan ki, xameyi-təqdir ömrümdən hesab etmiş.
Bahar əyyamı olma naleyi-məstanədən qafil--
Ki, rəhmət naləsin məstin duayi-müstəcab etmiş.
Uğurlu xan Ziyad oğlu Musahib ruzigarında--
Ki, hər bir zərrəni şəfqət gözilə afitab etmiş.

Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu,
Qaradan çıxdı dağü bağü səhra, laləzar oldu.

Qövsinin bu kəlamından belə anlaşılır ki, mərhum Uğurlu xan ürəfa və şüəra silkinə hörmət və riayət göstərməklə özü dəxi əhli-hal və sahibi-kəmal bir şəxs imiş. Necə ki, şair deyir:

Uğurlu xan Ziyad oğlu Müsahib rüzigarında--
Ki, daniş gövhərilə var malamal dərya tək.

Şairin dəxi zərif, əhli-hal və sahibi-məna bir vücud olduğu öz kəlamından anlaşılır. Necə ki, bir qəzəlində demişdir:

Nüktə tutmaq bülbülə, Qövsi, nə lazımdır sənə,
Hər kimin mənidə miqdarı sözündən bəllidir.

Qövsinin sözündə olan lətafət və mühəssənatı hər bir ərbabi-zövq anlaya bilir. Şair bu babda demişdir:

Gərçi Qövsi xuni-dildən öz sözün rəngin edər,
Söz bilən aşiq bilir göftar onun göftarıdır.

Qövsinin həqiqətdə şirin göftarı, zərif və dilpəsənd əşarı ilə oxucularımızı tanış etmək üçün bir neçə nümunələr göstərilir.

Qəzəli-Qövsi:

Hərçənd gül lətif olar, ruxsarın özgədir,
Nərgis nə olsa, çeşmi-füsunkarın özgədir.

Mən qönçəyə yaman demərəm, nüktə tutmaram,
Söz bundadı kim, ləli-göhərbarın özgədir.

Tubadə var rəunztü əndam sərvdə,
Amma xürami-nəxli-bəlabarın özgədir.

Yox vaizin sözünə sözüm kim kim, behişt var,
Kuyin bir özgə cənnətü didarın özgədir.

Qövsi, əgərçi var cəfapişə dustlar,
Amma sənin hərifi-sitəmkarın özgədir.


Heç şəm ilə ram olmaz pərvanələriz bizlər,
Zəncirə baş endirməz divanələriz bizlər.

Dünya ilə surətdə var ülfətimiz, amma
Mənidə bu aləmdən biganələriz bizlər.

Seylabi-həvadisdən neylər biza gərdun kim,
Tuyrani-keşakeşdən viranələriz bizlər.

Hərgiz səsimiz çıxmaz, heç kəs dilimiz bilməz,
Hərçənd ki, dillərdə əfsanaləriz bizlər,

Yox taətimiz, amma fariq deyilik, Qövsi,
Ol mah büti-Çindir, bütxanələriz bizlər,

Qövsinin bu qəzəlindən onun movləvilər silkindən və həqiqət əhlindən olduğu zahir olur. Necə ki, şair deyir: Surətdə bu dünya ilə ülfətimiz var isə də, mənidə bu aləmdən biganələriz. Başqa bir mənəviyyat aləmlərinin məxluquyuz. Ona binaən seylabi-həvadisdən bizim bakımız yoxdur, zira birdəfəlik tufan keşakeşindən biz məxrub və viran olmuşuz. Bu aləmi-zahirdə bizim səs və sədamız dillərdə əfsanə olubsa da, özümüzdən bir səs çıxmaz və bir alamət və nişan görünməz. Zahirdə taat və ibadətimiz gözə gəlirsə də, batində cümləmiz taət əhliyiz və ol mahi-büti-Çin, yəni xudavəndi-aləmin bizim məbud bəhrəqqimizdir.

Özgə bir qəzəlində Qövsi yenə bu mənadan danışıb, aləmi vəhdət meyini çeşid edənlər üçün bir meyxanaya təşbih qılıb deyir:

Badeyi-vəhdət içən aləmi meyxanə bilir,
Fələyin gərdişini gərdişi-peymanə bilir.

Tifli-əşkim qərəzin aqil olan fəhm etməz,
Bu uşaqlar dilini aşiqi-divanə bilir.

Doludur bəs ki, nifaq ilə cahan, sahibi-dil,
Aşina surətini məniyi-biganə bilir.

Xəttü xal seyrinə, zinhar, könül bağlama kim.
Damdır ol ki, onu əhli-həvəs danə bilir.

Aşağıda yazılan qəzəl həmçinin Qövsinin əhli-həqq və sahibi-dil və mənipərəst olmağına şəhadət edir. Şair dünyanın malü mənalına və cahü calalına könül bağlamır. Zahiri hüsnü cəmal və xəttü xal ilə onun işi yoxdur. Aradığı sahibi-dil və hüsni-mənadır:

Aşiqəm mən, dövlətü malü mənalı neylərəm,
Bərkü bərdən yummuşam göz, şaxu balı neylərəm?!

Yek gəlir bir qönçeyi-məstur yüz güldən mənə,
Yar sahibdil gərək, sahibcəmalı neylərəm?!

Handa olsam buyi-gül tək rövzeyi-kuyindəyəm,
Naməvu peyğam üçün badi-şimalı neylərəm?!

İstərəm vəslin ki, yarın, aşina olmaz mənə,
Gər xəyalın ram ola, bəzmi-vüsalı neylərəm?!

Sən nəfəs çağ eylə, ey ney, gər usandın nalədən,
Mən həvayi-kuyi-eşqəm, etidalı neylərəm?!

Gər verirsən, dövləti-didari-canan ver, fələk,
Yoxsa mən mehmani-fəqrəm, mülkü malı neylərəm?!

Tarü pudi aləmin əfsanəvü niyrəng imiş,
Mən bu batil xabü bihasil xəyalı neylərəm?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qarabağda Cavanşir mahalının əhval və övzasına dair

Əlli-altmış sənə bundan əqdəm Qarabağın şairi-binəziri Qasımbəy Zakir təxəllüs Qarabağın çox yerlərini gəştgüzar edib Tərtərbasara ki, -- ibarət ola Cavanşir mahalından, -- səyahət qəsdi ilə gəlir. Bu ümidlə ki, orada onun könlü açılsın və bəlkə Bərdə şəhərinin sabiqdə olan rövnəq və abadanlığından bir nişani-əlamət görə. Öz hiss və arzularını Zakir bu sayaq nəzmə çəkir:O viladə bir mehriban görmədim,

19067 min
Qaranlıqda qalanlarımız

Rusların məşhur ədibi və timsalnəvisi Krılov "Ağacın yarpaqları və kökləri" adlanan bir timsalında yazır: "Baharın gözəl bir günündə ağacın yarpaqları səhraya kölgə salıb, sabah yeli ilə şirin söhbət edirdilər və özlərini tərif edib zəban-hal ilə səbadan sorurdular: Məgər bu səhranı ziynətləndirən və ağacın özünə hüsn və lətafət verən biz yarpaqlar deyilik? Əgər biz olmasaq, ağac nəyə bənzər və özümüzü tərif etməkdə məgər bizim haqqımız yoxdur? Biz deyilikmi çobanı sürüsü ilə günün istisindən saxlayan və onlara rahatlıq bəxş edən? Biz deyilikmi qızları və gəlinləri öz sayəmizin altına rəqsə gətirən, biz deyilikmi sübhlər və axşamlar bülbülü şövqə və həvəsə gətirib, ona gözəl nəğmələr oxutduran və sən özün, ey səba, müttəsil bizimlə olurdun, bir dəqiqə bizdən ayrı qala bilərsənmi?Bu sözləri eşidib, yerin altından ağacın kökləri həzin səslə dedi: Bizi də bir yada salıb razılıq etsəniz nə olur? Yarpaqlar qeyz ilə cavab verdilər ki, siz kimsiniz, sizin nə cürətiniz var ki, bizimlə belə küstaxanə mükalimə edəsiniz? Ağacın kökləri dedi: Biz onlarıq ki, burada yerin altında qaranlıqda dolanıb sizi bəsləyirik və ağaca qüvvət və dirilik veririk. Biz onun rişələriyik. Sizinlə bizim təfavütümüz bundadır ki, sizin ömrünüz bir sənəlikdir. Hər yazdan yaza siz təzələnərsiniz. Amma biz həmişə qaranlıqda işləyib sizə həyat veririk! Əgər biz olmasaq nə ağac səlamət qalar və nə də sizdə bu lətafət və təravət olar".

19064 min
Qazax şairi Kazım ağa Salik təxəllüsün barəsində bir para məlumat

"İrşad"ın 17-ci nömrəsində dərc olunmuş müxəmməsin sahibi Salik təxəllüslü şairin naxçıvanlı olmağını idarə xəbər verib rəfi-iştibah etmişdir. Əgər idarə tərəfindən bu xəbər verilməsəydi, yenə də həmin kəlamı keçmiş əsrin şüərasına nisbət etmək olmazdı. Çünki şerin məal və məzmunundan və şairin şivəyi-lisanından aşkara görünür ki, bu nalə və fəqanlar indiki fəna halımız və pərişan övza və əhvalımız üçün edilən növhə və nəvalardır ki, şair suzişli dil ilə onları izhar edir.Salik Naxçıvaninin bu əsəri keçmiş şüəranın kəlamına əsla bənzəmir. Keçmişdəki şairlərimizin istilahında vətən, millət, hürriyyət, qeyrət, elm və mərifət misilli sözlər, demək olar ki, yox idi. Əgər nüdrətən bu kəlmələrdən birisi istemal olunsa idi, o da özgə mənaya işlənirdi. Keçmiş vaxtın işi və halı bir özgə, indiki zəmanənin təqazası bir başqa.... Hər nə isə keçək mətləbə. Naxçıvanlı Razizadə Salik ilə Şıxlı Kazım ağa Saliki bir-biri ilə qarışdırmaq cayiz deyil.

19089 min
Redaksiyaya məktub

C. Redaktor! Xahiş edirəm qəzetinizin yaxın nömrələrindən birində mənim bu məktubuma yer verəsiniz.Martın 10-da mən mərhum Qabriel Sundukyansdan aşağıdakı məzmunda bir məktub almışam: "Hörmətli cənab Firidunbəy! İcazə verin sizi bir xahişimlə narahat edim: Zəhmət çəkib mənə xəbər verin görüm, şair Mirzə Şəfi haqqında sizə bir şey məlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu məlumatı Parisdən professor Makler təkidlə istəyir. Ümidvaram ki, mənim bu xahişim yerinə yetiriləcəkdir və mən də Sizə dərindən minnətdar olacağam. Sizə həqiqi hörmət bəsləyən və minnətdar olan bəndeyi-həqiriniz Qabriel Sundukyans".

19121 min

Poems by other poets