Bu şairin dəxi ismü nəsəbi və məhəllü məkanı məlum deyil. Şiveyi-lisanından Qafqaz əhli olduğu anlaşılır. Vaqifin müasirlərindəndir. Mürəbbeatından birisi zeyldə yazılır:

Sən necə həmdəmsən, ey badi-səba,
Nə müddətdir xəbərin yox halimdən.
Nuh kimi qərq oldum qəm girdabına,
Dərdməndəm, nolur tutsan əlimdən?

Əfsunçu kar etməz zülfün marına,
Cismim düşdü ənbər telin tarına,
Pərvanə tək yandım eşqin narına,
Bülbül təki əl üzmüşəm gülümdən.

Məndə xəyal vüsalına yetməkdir,
Sənin meylin qeyri həmdəm tutmaqdır,
Mən bülbüləm, işim fəğan etməkdir,
Gəl yanıma, qaçma dərdi-dilimdən.

Yusifi Misirdə zindan öldürdü,
Züleyxanı dərdi-pünhan öldürdü,
Rafeini dərdi-hicran öldürdü,
Özün yetir, qurtargilən ölümdən.

Söz yoxdur ki, Rafeinin qəsdi bu şerləri düzməkdən Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə nəzirə yazmaq imiş və lakin onların kəlamları ilə Rafeinin şerləri arasında təfavüt yerdən göyəcəndir:

Daneye-felfel siyaho xale-məhruyan siyah,
Hər do del suzənd, əmma in kocavo an koca. [1]

[1] Tərcüməsi:
İstiot dənəsi də qaradır, ayüzlülərin xalı da,
Hər ikisi ürək yandırır, amma bu hara, o hara?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məişətimizə dair

1Karvan rəfto to dər xabo biyaban dər piş

190825 min
Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundov(1811 -1878)

191146 min
Müsəlman müəllimlərinin hümməti

Hər sənə yay fəslində Şuşa şəhərinə elm və mərifət təhsil edənlərimizdən, — xah müəllimlər olsun, xah studentlər və xah dövləti qulluqlarda olan cavanlardan, — böyük bir cəmiyyət yığışıb, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gəlib ittihad və ittifaqın binası bir növ möhkəmləşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər. Xüsusən bu yolda artıq hümmət və qeyrət göstərən müsəlman müəllimləri olur. Doqquz ay qürbət vilayətlərdə, uzaq kəndlərdə və şəhərlərdə təlim və tədrisə məşğul olub artıq məşəqqət çəkib üç ay yay fəslini dəxi istirahət və asayiş ilə keçirməyi özlərinə rəva görmürlər.Belə ki, iyul ayının 24-cü günü buradakı şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə türk dilində bir komediya göstərildi. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mərhum Mirzə Fətəli Axundovun əsərlərindən məşhur "Hacı Qara" və yaxud "Mərdi-xəsis" komediyası idi. Əgərçi bu komediya kərrat ilə Şuşa şəhərində iraə olunubdur və onun məzmunu şəhər əhlinin çoxuna məlumdur, bainhəmə komediya əsla əksilməyib hamıya xoş gəlir. Əlbəttə, mərhum Axundov kimi kamil, dəqiq, baxəbər və ziyadə təcrübəli vücudun əsəri dəxi həmişə həyat üzrə baqi qalacaqdır.

19032 min
"Molla Nəsrəddin"

Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Məlumdur ki, Şərq xalqları, xüsusilə azərbaycanlılar öz danışıqlarını məsəllər, atalar sözləri və Şərqin müdrik məzhəkəçisi olan Molla Nəsrəddinin lətifələri ilə bəzəməyi sevirlər. Bu əfsanəvi Molla xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılar. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar. Bu lətifələrdən çoxu isə müxtəlif müəlliflər tərəfindən rus dilinə tərcümə olunub "Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza"nın müxtəlif buraxılışlarında çap edilmişdir.Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı — Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecə keçmiş, səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər — hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermir.

19069 min

Poems by other poets