Vaiz Əfəndi Şirvani
Mərhum Vaiz əfəndi Şirvan vilayətinin möhtərəm, alim və sahibi-kəmalü təcrübə şairlərindən hesab olunub, əşari-zərifələri ilə öz əsrində namü şöhrət kəsb etmişdi. Onun qəzəllərindən bir neçəsi əlimizə düşdü. Nümunə olaraq aşağıda iki qəzəli dərc olunur.
Qəzəli-Vaiz əfəndi:
Mehrü vəfasızların heç kim sözünü qanmaz,
Yəğmadən əl götürməz, bidaddən usanmaz.
Cahi-cahan gələndə bir tari-muy saxlar,
Üz döndərib gedəndə zəncir ilə dayanmaz.
Töhmət deyən öziçün, nə söylər özgəsiçün,
Utanmayan özündən heç kimsədən utanmaz.
Münim yalan deyəndə təsdiq edər xəlayiq,
Gər doğru desə müflis, heç kim ona inanmaz.
Ey dilbəri-sitəmgər, məğruri-hüsn olma,
Heç kimsənin çiraği sübh açılınca yanmaz.
Zərfin tünükdü[1], zahid, bir cuş ilə daşarsan,
Dəryadilin məzacı seylab ilə bulanmaz.
[1]- Tünük — dar və təng mənasınadır.
Vaiz, sənin kəlamın hər biri niştər olsa,
Hər kəs edərsə qəflət ta həşrə dək oyanmaz.
Vaiz əfəndinin bu qəzəlində çox pürməna və həkimanə nöqtələr vardır ki, cümləsi indəl-üqəla məqbul və müstəhsəndir.
Bu həqir bəndə həmişə bu etiqad üzrədir ki, əksəri özqatda şəxsin xoşbəxt və rahat olması öz səyi ehtimamına bağlıdır. Hər bir iş insanın elmü kəmalından, bilik və təcrübəsindən asılıdır: "Zəhmət çəkməyən bal yeməz", "cəfa çəkməyən səfa görməz". Bu etiqadda ola-ola həqir bu doğrunu da inkar edə bilməz ki, insanın iqbalı açılanda və bəxti gətirəndə zəhmətsiz və məşəqqətsiz də hər tərəfdən onun üstünə dövlət və nemət axıb tökülür, hər yerdə ona hörmət və izzət görsənilir. Və bu bəxt gətirən vaxtı onun malü dövlətini, cahü cəlalını saxlamağa "bir tari-muy" kifayət eləyir. Amma vay o gündən ki, bəxt insandan üz çevirə, iqbal gətirməyə. Bu halda adam nə qədər çalışıb-əlləşsə və nə qədər canını zəhmət və cəfa oduna yaxsa, yenə də axırda biçiz və əliboş qalacaqdır. Budur ki, atalar deyiblər: "Çox çalışan çarıq yırtar". İnsandan dövlət və hörmət üz döndərib gedəndə, filhəqiqə, nəinki zəncir ilə, bəlkə heç bir qüvvə ilə onu saxlamaq mümkün olmaz. Vaiz əfəndinin bu misraına dəxi diqqət yetirməmək olmaz:
…. Utanmayan özündən, heç kimsədən utanmaz.
Doğrudan da öz eyib və qəbahətini görməyib, qeyriləri eyibləndirən və özgələrə töhmət edən şəxsdən nə hörmət və mərifət təmənna eləmək olar? Өz pozğunluqlarını görməyən, çirkin və nasəza əməllərindən utanıb şərmü həya etməyən adam, söz yoxdur ki, özgədən də utanmaz və bişərmanə sevmədiyi adamın haqqında hər qisim iftira və böhtanı söylər. Bu qisim adamlardan kənar dolanmaq eyni-məsləhətdir. Necə ki, deyiblər:
Abrını saxla abırsızdan,
Həyanı saxla həyasızdan.
Bəs, Vaiz əfəndinin bu beytinə nə irad tutmaq olar:
Münim yalan deyəndə təsdiq edər xəlayiq,
Gər doğru desə müflis, heç kim ona inanmaz.
Dünya yaranandan bu anacan Adəm atanın övladı öz şəxsi mənfəətlərini mülahizə edib dövlət və sərvət sahiblərindən qisim-qisim təmənnaları nəzərdə tutub doğrunun üzünə yalanın qara pərdəsini çəkməyə mötad olublar. Müflis və miskinlərin hünəri olmayıbdır ki, doğrunu kəmali-cürət ilə söyləyib, düruğgu və hiyləbaz münəccimlərin yalanlarını batil eləsin və haqqı yeritsin. Belə ittifaqlarda hər tərəfdən onun üstünə tənpərvər və nəfspərəst dəni və fürumayə şəxslər hucum edib ağzını qapayıblar və özün də xalq içində bihörmət və biabır ediblər.
Ol səbəbdəndir ki, müsəlman qardaşların arasında yalan söyləmək və haqqı gizlətmək adi bir şey olubdur və hətta bəzi ittifaqlarda hünər sayılır. Bu minval haqqa güc və zor edib kizbü yalana rövnəq verməyin adını "düruği-məsləhətamiz" qoyub Şeyx Sədinin bu hikmətamiz sözlərini başqa dona geydirirlər. Odur ki, Vaiz əfəndi qeyri bir qəzəlində kinayə təriqi ilə demişdir:
Demək kim, xəlq ara birəğbətiz, iqbalımız yoxdur,
Zəmanə mövsimi-dəsmaldır, dəsmalımız yoxdur.
Kəmali-zatımızdır, şükrililləh, eybdən ari,
Rəvacın verməyə tərif edən dəllalımız yoxdur.
Hümayiz üstüxan ilə qənaətpişə kərkəs tək,
Şikari-cifeyi-dünya üçün çəngalımız yoxdur….
Ağız kəskinliyiçün dəxli çoxdur yal-kuppalın,
Şikəstəbəstə fəqriz, yalımız, kuppalımız yoxdur.
Səbükruhül-müşərrəf məşrəbiz fariğ təkəllüfdən
Zəmanə əhlinə lazım olan sanbalımız yoxdur.
Zəmanə halidir, Vaiz, həya eylə həyasızdan,
Həyasızla həyasızlıq edəcək halımız yoxdur.
Mərhum Vaizin bu kəlamı dəxi onun müasirlərinin avam və zahirpərəst olmaqlarına şəhadət verir. Hər kəsin ki, saqqalı uzun və pəhnalı və cübbəsi faxir və papağı uca olubsa, onun hörməti artıq və sözü ötkən olubdur. Mərifət əhli isə şikəstəpər və müztəribbal olub özlərini avamın etirazından və cühəlanın zülmü sitəmindən kənarda saxlayıb, meydanı ağzı yallılara, yal və kuppal sahiblərinə veriblər.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-vaiz-efendi-sirvani
Use ← → keys to move, R for a random poem
More by this author
Bu günlərdə qədim dostlarımdan birisi ilə görüşüb, onun halına çox təəccüb elədim. Bizim axırıncı görüşüb ayrılmağımızdan hələ üç il tamam gəlib keçməyibdir. Amma bu az vaxtın ərzində əziz dostum bir o qədər dəyişilibdir ki, əgər əvvəlcə o mənə salam verib, əhval-pürsan olmasa idi və səsini çıxartmasa idi, mən onu tanıya bilməyəcəkdim. Rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib, səsi zəiflənib, üzünün və başının tükləri çallanıb və tamam cüssəsi balacalanıb, qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. Doğrusu ki, dostumun bu pozğun halda və pərişan sifətdə olmağı mənə də artıq təsir edib, halımı digərgun və xarab elədi. Ağzımı açıb, onun bu gunə pəjmürdə hala düşməyinin səbəbini soruşmaq istəyirdim ki, onun özü guya mənim fikrimi duyub, başladı öz əhvalını və başına gələn qəza və qədəri söyləməyə. Sözlərindən məlum oldu ki, həqiqətdə kişinin dərdi çox imiş və o biçarəni bu hala salan ağ gün olmayıbdır, qara gün olubdur. Bir xeyli öz əhvalatından söyləyib, axırda ürəkdən bir ah çəkib dedi: Qərəz, nə başını ağrıdım, mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir. Və həqiqət hala mültəfit olsanız, yalqız bir mən deyiləm; hamı müsəlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillət və üsrət ilə güzəran keçirməkdədirlər. Vəli biar və xüsusən avam olmaqları cəhətə öz hallarından bixəbərdirlər və qəzalarına razı olub, hər qisim zülm və sitəmə səbr və təhəmmül edirlər. Və çox bərkə düşəndə özlərinə bu gunə təsəlli verirlər: Kişinin aqibəti gərək xeyir olsun. İnşallah, aqibət və əbədi səadət biz müsəlmanlar üçündür. Bu dünyamız yox isə də, axirətimiz var. "Məhəmməd ümməti damda qalmaz". Amma məsələnin ikinci misrasını unudurlar və ya qəsdən demirlər ki, "Damdan çıxınca canı da qalmaz…."Dostumdan təvəqqe elədim mənə bəyan etsin görüm taybuynuz öküzün halı necədir ki, onu öz halına və müsəlmanların halına təşbih qıldı. O gülümsünüb dedi: Taybuynuz öküzün halı belədir ki, onun buynuzunun biri yoxdur və belə olan surətdə o yazıq necə ki, lazımdır özünü xəta və bəladan mühafizə edə bilmir. Onun taybuynuz olmağına da səbəblər çoxdur: ola bilər ki, xilqətdən elə məyub yaranmış ola və yainki cahillikdə keyfi qalxıb öz həmcinsi ilə oynaşıb buynuzlaşan zamanı həmcinsi ona güc gətirib, basıb buynuzunun birini dibindən qoparıbdır. Və elə də ola bilər ki, əvvəlcə xam vaxtda işə getməkdə bir az kahıllıq və tənbəllik etmiş ola və sahibi acıqlanıb hirs və qəzəbinin şiddətindən vurub, buynuzunun bir tayını çıxardıbdır və bundan əlavə yenə də qeyri səbəblər ola bilər, hamısını sadalamağa ehtiyac yoxdur. Hər halda əvvəl binadan yazığın günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. Həm öz həmcinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. Biçarə guya özü də öz fəna halını dərk edib, taleyinə tabe olmaqdan başqa bir çarə bilmir və cümlənin xahişini əmələ gətirməkdə olub, öz arzu və təmənnalarını unudubdur və o gündən bəri xoş günlük və rahatlıq qeydinə duşmür və müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. Bir dəfə sahibi onu xoş dillə dindirib könlünü almır. Əgərçi öküz dilsiz-ağızsız heyvandır, özü danışmır, amma onun barəsində danışılan sözlərin çoxunu anlayır. Məgər sən görmürsən əkinçi yer əkən zaman nə gözəl sözlərlə və xoş avazla mahnı oxuyub, öküzləri ilə tərğib eləyir və öküzlər necə hali-dillə özlərini işə verirlər. Taybuynuz öküzə heç mahnı oxuyan, xoş dillə onu oxşayan və xatirini alan olmur və işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir….
"Usta Zeynal"Bu yaxınlarda Mirzə Cəlil Məmmədquluzadənin maraqlı bir hekayəsi həmin başlıq altında ayrıca kitabça şəklində çapdan çıxmışdır. Yumoristik "Molla Nəsrəddin" jurnalının redaktoru olan müəllif Azərbaycan ədəbiyyatında "Poçt qutusu", "Kişmiş oyunu", "Səkinə" və başqa hekayələri ilə də məşhurdur.Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş hekayələri, bizim Şərq yazıçı və şairlərində olduğu kimi, boş fantaziyanın məhsulu deyildir. Məmmədquluzadənin başqa bir məziyyəti də onun, müşahidə etdiyi həyatı canlı və anlaşıqlı dil ilə, şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir.
"Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətilə(Redaksiyaya məktub)Cənab Q. B. K. Şirvanski, Çernyayevskinin "Vətən dili" dərsliyi barəsində "Zaqafqazye" qəzetinin 58-ci nömrəsində dərc olunmuş resenziyasında təhlil etdiyi əsərə bir o qədər də ədalətli qiymət vermir. Həmin dərsliyin son iki nəşri mənim redaksiyam altında çıxdığına görə cənab Şirvanskiyə onun bəzi qeydlərinin əsassız olduğunu göstərməyi lazım bilirəm.
Vəfati-şairBu günlərdə "Məlumat" ruznaməsinin axırıncı nömrələri yetişdi. Bəradərim Səhhətin verdiyi "Qara xəbəri" oxudum. Bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, bilaixtiyar qəzetə əlimdən yerə düşdü. Bu xəbər milli şairimiz Mirzə Ələkbər Tahirzadə Sabirin vəfatı xəbəri idi. "İnnalillahi və innaileyhi raciun". Bəli, ölüm allah əmridir. Hər yaranan öləcəkdir. Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərəkdir getsin! Bizim əziz və istəkli şairimiz Sabir dəxi çox zəhmətdən, cismani və ruhani əziyyətlərdən və küdurətlərdən sonra gözəl canını can yaradana təslim elədi. Mərhum ölüb getdi. Amma çox həsrət ilə getdi və özü ilə bahəm axirət evinə böyük arzularını və gözəl fikirlərini apardı.Sabir getdi, — bizi dəxi sinəsi dağlı və ürəyi qəmli, həsrətdə qoydu. Mərhumdan bizim böyük təmənnalarımız var idi. Onun lisanından təzə sözlər, təzə fikirlər eşitmək istəyirdik. Vəli, çox əfsus ki, əcəldən macal olmadı və Sabir həsrət ilə gedib, bizi də həsrətdə qoydu.
Poems by other poets
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsınYa rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.