Page 1 of 2

Əgər tarixə baxılsa və dilimizdə istemal olunan məsələlərə və atalar sözünə diqqət yetirilsə, biz Azərbaycan türklərinin bu axır vaxtadək köçəri halında zindəganlıq etməyi məlum olunar.

Məşhur sayaçı sözlərində ev heyvanları bir-bir zikr olunur və bu sözlərdə heyvanların cümləsindən ziyadə tərif və tövsif olunan qoyun və keçidir; o heyvanlardır ki, tərəkəmə xalqının diriliyi və rahatlığı onların varlığına bağlıdır. Xüsusən gözəl və şirin dil ilə qoyunun qisim-qisim sifətləri tərif olunur.

Necə ki, ana şirin və dadlı dil ilə balasına lay-lay çalır, habelə də bizim tərəkəmə xalqı — qoyun becərənlər öz qoyunlarını mehriban və şirin dil ilə vəsf qılırlar. Təfavüt ancaq bundadır ki, ana övladını "balam" sözü ilə yad edir, amma qoyun sahibi qoyununu "nənəm" kəlməsi ilə oxşayır.

Bundan aşkara görünür ki, tərəkəmə əhlinin güzəranı, eyş-işrəti, zövq-səfası, kef-damağı və rahat dolanacağı bilkülliyyə qoyunun salamat və bol olmağına münhəsirdir.

Sayaçı sözlərini məxsusi bir kitabça tərzində çap etdirmək xəyalında varıq.

Burada möhtərəm oxucuları filcümlə aşna etmək üçün o sözlərin bir neçə bəndini zikr qılmağa iktifa edirik:

Nənəm, qoyunun qarası,
Qırxlığı polad parası,
Yaz günü dələməsi,
Payızda görəməsi.
Qış günü qovurması.

Nənəm, o şişək qoyun,
Yunu bir döşək qoyun.
Bulamanı tez yetir,
Bulamanı bol elə,
Qırıldı uşaq qoyun!

Nənəm, qumral tat qoyun,
İldən-ilə art, qoyun.
Balaların ölməkdədir,
Olma gəl namərd, qoyun!

Nənəm, o saçaq qoyun,
Bərədən qaçaq qoyun,
Sənə yaman baxanın
Gözünə pıçaq, qoyun!

Nənəm, o narış qoyun,
Yunu bir qarış qoyun.
Çoban səndən küsübdür,
Südün ver, barış, qoyun!

Qoyunlu evlər gördüm--
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm--
Qurumuş çaya bənzər.

Bu minval neçə-neçə belə bəndlərdə sadə və açıq sözlər ilə babalarımız qoyunu tərif edib, onu öz evlərinin bəzəyi və dolanacaqlarının dirəyi məqamında tutublar.

Atalar sözünə gəldikdə, qoyundan hasil olan xeyir və bərəkətə dair çox timsallar var. Necə ki, deyilibdir: "Qoyunun oldu əlli, adın oldu bəlli". Adı "bəlli" olmaq, yəni el və oba içində dövlət sarıdan şöhrət tapıb, dillərdə adı söylənmək deməkdir. "Qoyunun oldu yüz, gir içində üz". Yəni yüz qoyundan o qədər dövlət və bərəkət yetişir ki, onun içinə girib üzmək olar. Qoyunsuz evləri babalarımız qurumuş çaya bənzədib, qoyunlu evləri qurulmuş yaya təşbih ediblər. Sayaçı sözlərinin bir parasında qoyuna xitabən deyilir: "Yiyən sənin ucundan çıxıbdır köşkə, qoyun"; yainki: "Yiyən sənin ucundan gətirib gəlin, qoyun"; və yainki: "Yiyən sənin ucundan bağlayıb kəmər, qoyun". Söz yoxdur ki, köşkə çıxmaq, gəlin gətirmək və kəmər bağlamaq dövlət nişanəsidir, varlılıq və bolluq əlamətidir.

Və lakin müruri-əyyam ilə ehtiyac və qara gün artıbdır. Babalarımız tək heyvan saxlamaq ilə güzəran edə bilməyib, əkinçiliyə, bağçılığa və bostançılığa qurşanıb, yavaş-yavaş köçəri ikən yerli olublar, təkcə heyvan saxlamağa qane olmayıb, bəyəndikləri meyvəbitirici və barverici sulu yerlərdə özlərinə daimi yurd və məskən salıb oturaq olublar. Ziraətdən maəda alverə, ticarətə və bir para peşə və sənətlərə girişib, mürəffə-hal güzəran ediblər. Elm, mərifət və mədəniyyət cəhətincə dəxi bunlar köçərilərdən xeyli irəli gediblər.

Amma bilmək gərəkdir ki, bu halda sırf tərəkəməlik edən, yəni ancaq mal və qoyun saxlamaq ilə köçəri halında dirilik edən bizim içimizdə az tapılar. İndi tərəkəmələrimiz də yarıməkinçi və yarımtərəkəmə olublar. Əgər bu yarımtərəkəməlik edənlərin də olduqları yurd və məskən ab-hava cəhətincə mötədil və salamat olsa idi və yay fəslində onda şiddətli isti və bir para insana əziyyət yetirən mığ-mığ kimi milçəklər və sair həşərat olmasa idi, bilaşübhə onların təmamisi imdiyə kimi oturaq olmuşdu.

Amma bir yandan havanın istisi, bir yandan suyun qəhətliyi və qəlizliyi və digər bir tərəfdən insanın ən qatı düşməni olan və hər dəqiqədə başına və gözünə, əlinə və üzünə zəhralud nişlər vuran mığ-mığ kimi həşərat və cücülərin hücumu bizim aranzəmin xalqını hökmən məcbur edir ki, öz heyvanları ilə bir yerdə başlarını götürüb, sərin yerlərə və göy yaylaqların başına köçsünlər. Bizim əqidəmizcə, əgər yay fəslində tərəkəmə xalqı yaylağa keçməzsə, bir az vaxtın müddətində tamamisi malyariya kimi qisim-qisim əlac qəbul etməyən mərəzlərin çəngində fövt olub qurtarar. Köçərilik onların özlərini və heyvanlarını ölümdən qurtarır desək, səhv etmiş olmarıq.

Bu axır vaxtlarda mədəniyyətli tayfalar dəxi bir növ köçəri olublar. Köçərilik adəti tərəkəmələrdən və yarımvəhşilik halında güzəran edən qaraçılardan şəhər əhlinə sirayət etməkdədir və bu adət get-gedə kök salıb qüvvət tapır. Belə ki, Avropanın mədəniyyətli qövm və millətləri dəxi köçərilik binasını qoyub, yay fəslində bir yerdə oturmayırlar və artıq şövq ilə təmiz ab-havalı yerlərə köçüb, orada istirahət edirlər və yainki görmədikləri yerləri və uzaq diyar və məmləkətləri gəzib, hər yerdən və hər ölkədən xeyli məlumat, bilik və təcrübə kəsb edirlər.

Necə ki, bəzi quşların və bir para heyvanatın təbiətlərində yaranışdan ilin mövsümünə müvafiq nəqli-məkan hissi qoyulubdur və heç bir vəchlə bu hissə məmaniət etmək mümkün deyil, habelə bəni-növi-bəşərin dəxi təbiətində bu hissin varlığı müşahidə olunur. Az adam tapılar ki, səyahət etməyə, gəzib zövq və səfa sürməyə, təğyiri-hava və təbdili-məkan etməyə meyl və rəğbət göstərməsin. Təğyiri-hava və təbdili-məkan insanın səhhət və salamatlığına ən doğru və müqtədir əsbablardan birisi hesab olduğunu Avropa əhli kamalınca düşünüb, vaxtlarını müttəsil cünbüş və hərəkətdə, seyr və səyahətdə keçirirlər. Necə ki, su bir yerdə qalanda qoxuyar və hava bir məkanda boğulub hərəkətsiz duranda ağırlaşar, habelə insan da hərəkətsiz qaldıqda, seyr və səyahətdən bixəbər olub, bir məkanda və bir övzada zindəganlıq etdikdə hər bir cəhətdən aciz, zəif, elmsiz, bacarıqsız və qorxaq olur. Hər bir amerikalı və hər bir ingilis övqatını müttəsil səyahətdə keçirdiyinə görə bütün dünyanı öz vətəni, öz mülkü və öz torpağı hesab edir. Firəng və ya ingilis bizim öz şəhərimizdə bizdən cürətli olur, amma biz öz evimizdə qorxaq və ehtiyatlı oluruq. Bir irəvanlı Gəncə şəhərinə gələndə özünü qərib hesab edir, habelə gəncəli də özünü Nuxada, Şamaxıda və Salyanda qərib adlandırır və beş-on gün öz qohum-əqrəbasından və dost-aşnasından kağız gəlməyəndə və yainki işi bir azacıq düz gətirməyəndə üzünü vətənə sarı tutub, bu qisim bayatılardan oxuyub, könlünü daha da pərişan və qəmgin edir:

Bu sular mələr gələr,
Dağları dələr gələr.
Qərib eldə olanın
Başına nələr gələr.

Söz yoxdur ki, vətən şirindir. Amma vətən bir anadan olduğumuz ev, məhəllə, şəhər və ya kənd deyil vətən geniş və vüsətli bir diyardır. Bir ölkə və məmləkətdir ki, onun hər bir nöqtəsi övladı üçün əziz və mübarəkdir. Bunu dürüst düşündükdə biz qafqazlılara Qafqazın hər bir məhəllə və mövqeyi vətəndir desək, səhv olmaz.

Əsil mətləbə müraciət edək. Bu axır vaxtlarda yaylaq (daça) məsələsi cümlənin diqqətini cəlb edibdir. Hər yerdə təmiz ab-havalı məhəll və məkanlar artıq ciddi-cəhd ilə tutulub və küllü xərc ilə abad olunmaqdadır. Məzkur məkanlarda qəşəng evlər tikilir, gözəl bağçalar salınır, saf sular gətirilir, yollar açılır və can rahatlığına bais olan əşya və tədarüklərin cümləsi düzəlib fərahəm olunur.

Mədəniyyətli tayfalar hər bir nəhv ilə çalışırlar ki, öz zindəganlıqlarını xoş və rahat keçirsinlər. Amma biz müsəlman tayfası rahatlığa çalışmırıq.

Bizim qanacağımıza görə, "dünya beş gündür, beşi də qara gündür"; məişətimizin tərzi-övzai yaxşılığa mübəddəl ola bilməz. Yaxşı-yaman bir tövr dolanmağı və gün keçirməyi özümüzə bir hünər hesab edirik. Əlimizdə olan gözəl yaylaqların, təmiz havalı və şirin çeşməli yurdların və məkanların qədr və qiymətini bilmirik, onlar bir-bir əlimizdən çıxır….

Biz çoxlarını gəzib görmüşük. Mədən sularının nəf və faydasını inkar etməyib, bununla belə kamali-cürətlə deyə bilərik ki, Zaqafqaziyanın hənuz "kultura" dəyməmiş çox yerləri var ki, yuxarıda sadaladığım yerlərin cümləsindən ab-hava cəhətincə artıqdır. Qarabağ eylatı çıxan dağların, Qazax əhalisi köçdüyü yaylaqların və İrəvan quberniyasında Ələcəz dağlarının o qədər gözəl, könülaçan və ruhtəzələyən xoş hava və basəfa yerləri var ki, yer üzündə onların misl və bərabəri yoxdur. Kars yolunda Sadıqlı stansiyasından tutmuş Qarakilsəyə kimi o qədər həm dəhşətli və heyrətəngiz və həm könülaçan və fərəhgətirən mənzərələr var ki, Avropanı gəzib görənlər onları Şvetsariya dağlarına tərcih verirlər…. Yalnız Dilicanın qərbi-cənubunda olan Həmzəçəmən gözəllikdə və səfada, demək olar ki, yer üzünün behiştidir və Rusiyada olan kurortların təmamisindən artıqdır. Onda olan soyuq və dadlı sular, əlvan çiçəklər, müəttər otlar rübi-məskunun bəlkə az-az yerlərdə tapılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şəkər Şirvani

Bu şairin kəlamından müfti əfəndinin "Məcmuə"sində ancaq bir müxəmməs tapdıq ki, eyni ilə burada dərc olunur.MƏKTUBA XİTAB

19251 min
Sənan Şirvani

Sənan Şirvanidən zeyldə təstir olunmuş qəsidə tapıldı:Nişanın taci-dövlətdir, səadətlilərin dilbər

19252 min
Vaiz Əfəndi Şirvani

Mərhum Vaiz əfəndi Şirvan vilayətinin möhtərəm, alim və sahibi-kəmalü təcrübə şairlərindən hesab olunub, əşari-zərifələri ilə öz əsrində namü şöhrət kəsb etmişdi. Onun qəzəllərindən bir neçəsi əlimizə düşdü. Nümunə olaraq aşağıda iki qəzəli dərc olunur.Qəzəli-Vaiz əfəndi:

19254 min
Axund Molla Hüseyn Marağalı "Dəxil"

Dilsuzun həmməslək və həməsrləri olan Azərbaycan şairlərindən məşhurudur ki, "Dəxil" təxəllüsü ilə iştihar tapıbdır. Dəxilin yazdığı asarın cümləsi cənab İmam Hüseynin müsibətinə məxsus, Kərbəla faciəsinə dair əhvalatdır. Dəxilin kitabı mərsiyəxanların əlində ən mötəbər kitabdır və bu kitabda Kərbəla əhvalatı bəzi yerdə nəsr ilə və əksərən nəzm ilə təhrir və tənzim olunubdur. Dəxilin Füzuli kimi nəsr ilə yazmaqda dəxi ziyadə qabiliyyəti və məharəti kəlamından məlum olunur. Necə ki, zeyldə yazılan sətirlər ona şəhadət edir.Vəqta ki, şahi-Kərbəla-seyyidüş-şühəda, yəni məzlumlar ağası İmam Hüseyn Kərbəlada yekkəvü tənha qalıb özünə kömək çağırırdı, ol cənabın ahü naləsi göylərə və yerlərə böyük çaxnaş və zəlzələ saldı və pərvərdigari-cəlilin təsbihü təhlilinə məşğul olan görübən müqərribin və məlaikeyi-səmavatü ərzin Kərbəla səmtinə mültəfit olub gördülər bir gülzardır ki, xiyabanın gülləri sineyi-əhli-matəm tək çak-çak, çeşmə kənarının səbzələri çeşmi-həsrət kimi nəmnak və sahəti-zəmini [misli]-daməni-gülçin sərasər laleyi-xun[in] və nəsimi-həvası manəndi-ahi-dilnişin və reyhanları yetim zülfü kimi qubaralud və sərvləri əsirlər ahı tək siyahəndud və qönçələri aşiqi-məhzun tək xunbar və sünbülləri zülfi-ərusani-matəmdidəmisal tarumar və rayiheyi-nəsimi əşki-əsiran ilə həmabü həva və həzarələri ətfali-qəriblərə həmnəva və cuybarı məcrayi-əşki-laləgun və çeşməsarı beeynih dideyi-pürxun, bülbülləri xamuş və bağbanı mədhuş:

19258 min

Poems by other poets