Nazim Hikmətə
Bizi tanış etdilər gözəl bir yaz axşamı,Sevincimdən titrədi dodağım yarpaq kimi.O mavi gözlərindən ayırmadım gözümü,Sən dayandın önümdə başı qarlı dağ kimi.
Qəlbinin hərarəti axdı qəlbimə ey dost,Elə bil İstanbulla Təbriz yanaşı durdu.Salon alqışladıqcı hər nəğməni, sözünü,İki xalqın ürəyi bir döyündü, bir vurdu.
Dedin ki, qalmamışam Cənub elində qonaq,Sərin bulaqlarından əyilib içməmişəm.O Arpa təpəsinin, o Şibli gediyinin,Qayalı yollarından ömrümdə keçməmişəm.
Dedin: eşitməmişəm mən Təbriz gözəlininNə qəmli nəğməsini, nə şən mahnılarını.Oranın havasıyla heç nəfəs almamışam,Görməmişəm o yerin qışını, baharını.
Dedin: dayanmamışam mən Araz qırağında,Onun ilıq nəfəsi nəfəsimə dəyməyib.Yayda isti günəşdən qorumaqçün şairiSöyüdlər yol üstünə başlarını əyməyib.
Dedin: fəqət duymuşam hər zaman, hər an sizi,Şaxtalı qış günündə, gözəl bahar çağında.Gah səngərə yatmışam, gah da bir aşıq kimiGəzmişəm azadlığın, xoş günün sorağında.
Dedin ki, inanmışam haqqın qalib səsinə,Yenə Təbriz güləcək nurlu bir səhər kimi.Mənim İstanbulum da azad olacaq yəqin,Bu qoşa ad gəzəcək şərqi nəğmələr kimi...
Danışdın, bircə anda xəyalən səfər etdim,Gəzdim dost elimi mən, gəzdim doğma yurdumu.Neçə körpə balanın şən səsini eşitdim,Bu səslər elə bil ki, söndürdü qəm odumu.
Gördüm Gecəqonduda evlər nur içindədir,Gördüm Gəcilqapısı başqalaşmışdır artıq.Gördüm başımız üstə al şəfəqlər rəqs edir,Əlləri qabarlılar haqqın almışdır artıq.
Danışdın aram-aram, danışdın mətin-mətin,Sanki neçə arzumuz qovuşdu ilk baharla.Gördüm sən Təbrizdəsən, yanında Məhəmmədin,Mən İstanbuldayam Arazla, Etibarla.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-nazim-hikmete
Use ← → keys to move, R for a random poem