Sənə dənizləri verərəm, dedin,Bu sözdən dəniztək qabardı sinəm.Bilmirəm, nə üçün, nədən bilmədinSəndən dənizləri istəməmişəm.

Sənə çəmənləri verərəm, dedin,Bu səxavətindən qəlbim üşüdü.Bu səxavətdənsə duya biləydin,Bu şair qəlbimə niyə xal düşdü.

Dinləyə biləydin ürəyimi kaş,Görəydin nə deyir, o yana-yana.Biləydin dünyada hər nemətdən başHəsrətsiz bir ömür gərək insana.

Mən yaşa dolduqca körpələşirəm,Mən yaşa dolduqca nisgilim artır.Həyat bir aləmdir, könlüm bir aləm,Könlümdə lal duran dənizlər yatır.

Bəzən zilə qalxır, coşur dalğalar,Bəzən bəmdə ötür, bəmə düşürəm.Bəzən, sən sevginin qüdrətinə bax,Təpədən dırnağa Təbrizləşirəm...

Yaxşı bil, bu bəmdə, bu zildə nə varBəzən pərvazlandım, bəzən uçmadım.“Dağ-dağa qovuşmaz” dedi babalar,Dağ-dağa qovuşdu, mən qovuşmadım.

Bir quş qanadında köç edir günüm,Bir quş qanadıtək kövrəlir sinəm.Qəlbimi yaxşı duy, başına dönüm,Mən dəniz, mən çəmən istəyirəm.

Vəd etmə dənizi, çəməni, inanOnlarsız da keçər günümüz yəqin.Sən gəl ürəyimi ovundur bir an,Gün düşsün üstünə qoy bu həsrətin...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring