Apardı sellər Saranı
Deyirlər ki, qədimlərdə
Arzu adlı bir el varmış.
O el Araz qırağında
Məskən salıb yaşayırmış.
Zəhmət çəkib, səhər-axşam
Yer şumlar, yer əkərmişlər.
Hər ağacın, hər budağın
Öz nazını çəkərmişlər.
Yaşıl-yaşıl, bağça-bağlar
Bir gözəllik dünyasıymış.
Deyirlər bu yerlər sanki
Bağça-bağça obasıymış.
Payız fəsli, məhsul vaxtı
Sevinərmiş cavan, qoca.
Bəhərlərdən pay gedərmiş,
Pay gələrmiş xonça-xonça.
Bu obanın torpaq eşqi
Gül açarmış bağça-bağça,
Göyərərmiş çəmən-çəmən.
Tarlalarda, zəmilərdə
Çalışarmış uşaq, böyük.
Hamı sanki bir ananın
Əziz, doğma övladıymış.
Burda hamı bir-birinin
Arxasıymış, qanadıymış.
Bir evdə toy qurulanda
Sevinərmiş buna hamı.
Bir evin toy təntənəsi
Olarmış bir el bayramı.
Dostun dosta sədaqəti
Bir and imiş pozulmayan.
Bu obada haqqı yoxdu
Yaşamağa
Öz sözündə düz olmayan.
Sədaqətə, böyük anda
El inanıb yaşayarmış.
Dar ayaqda bir-birinə
Arxalanıb yaşayarmış.
“El gücü-sel gücü” deyib
Çıxarmışlar hər çətindən.
Bu obaya yolu düşən
Danışarmış bu ellərin
Qüdrətindən, şəfqətindən.
Deyirlər ki, bu obada
Ümid adlı qoca varmış.
Qocalsa da fəqət yenə
Zəhmətilə yaşayarmış.
O deyərmiş: – Bir məsəl var:
Zəhmət canın cövhəridir.
Əməyə xor baxan kəsin
Ömrü-günü hədər gedir.
Torpaq səni yaşadırsa,
Zəhmət çəkib zaman-zaman
Sən də gərək bu torpağı
Yaşadasan, yaşadasan.
Ekiz imiş, doğma imiş
Adı ilə xasiyyəti,
Dünyalara dəyişməzmiş
Bircə günlük səadəti.
Onun adi güzəranı
Şirin imiş baldan belə
O bu şirin həyatını
Qurmuşdu öz əllərilə.
Lazım olsa nəfəsilə
İsidərmiş hər budağı.
Canından da çox sevərmiş
Doğulduğu bu torpağı.
Bu torpaqda doğulmuşdu
Sevinci də, kədəri də.
Bu torpaqda yazılmışdı
Onun sinə dəftəri də.
Yaşıl tarla, qızıl zəmi,
Barlı bağlar vüqarıymış.
Öləndə də bu torpaqda
Ölmək onun qərarıymış.
Deyirlər ki, o heç kəsdən
Heç nə umub istəməzdi.
Bu torpağın səadəti
Söyləyərmiş mənə bəsdi.
Qoxlayardı torpağı o,
Dönə-dönə, aram-aram.
Söyləyərdi bu obanın
Pozulmayan sevgisini
Zaman-zaman yaşadaram.
Hamı onu Ümid baba,
Ümid baba çağırarmış.
Onun saçı, saqqalı da
Elə bil ki, bəyaz qarmış.
Alnındakı o qırışlar
Bir ömürün yazısıymış.
Zaman hələ neçə-neçə
Hekayətlər yazasıymış...
O görmüşdü bu həyatın
Yaxşısını, pisini də.
O görmüşdü zəmanənin
Avandını, tərsini də.
Deyirlər ki, o qocanın,
Vüqarı dağdan ucanın
Neçə-neçə insan kimi
Öz dərdi, nisgili vardı.
Neçə-neçə xatiratla
Bağlı ayı, ili vardı.
O bir saz da düzəltmişdi,
Şöhrəti varmış hər yerdə.
Danışarmış arzusunu,
Həsrətini bu tellərdə...
Ümid baba doqquz telə
Neçə həsrət calamışdı.
Doqquz telin nəfəsində
Kövrəlmişdi, ağlamışdı.
Göz yaşını gizlətsə də
El-obanı,
Göz yaşını ürəyinə
Axıtmışdı zaman-zaman.
Deyirlər ki, ilk sevgisi
Vaxtsız solub saralmışdı.
Qadınını dəfn edəndə
Elə bil ki, hər tərəfə
Şaxta düşmüş,
Hər tərəfi qar almışdı.
Deyirlər ki, qara saçı
Ağarmışdı bircə anda.
Deyib, insan qocalmazmı
Öz-özündən ayrılanda...
Mənim ömür baharımı
Xəzan vurdu, yaman vurdu.
Deyirlər ki, o gəlindən
Nişan qalır bircə qızı.
Ümid baba ana kimi
Böyüdür bu anasızı.
Laylay çalır balasına,
Hər laylası həzin, kövrək.
Körpəsinin keşiyini
Çəkir, yatmır o sübhədək.
Qızının hər təbəssümü
Ürəyinə olur dayaq.
O, bu uşaq dünyasında
Bir təsəlli tapır ancaq.
Deyirlər çox üz vurublar,
Subay qalma, evlən daha.
Onun dolmuş gözlərindən
Odlu yaşlar axa-axa
Söyləmişdir:
Bu dünyada
Mənim bir Tərgülüm vardı.
O təzəcə kama çatıb,
O təzəcə yaşayırdı.
Hər tərəfdə sanıram ki,
Odu qalmış əllərinin.
Biş-düşdə də sanıram ki,
Dadı qalmış əllərinin.
And içmişəm, sadiq qalam
Bu andımda gərək ona.
Qoymaram yad əl toxuna
Bu evimin sahmanına.
Keçmiş ola, könlüm quşu
Qona bir də başqasına.
Əhd-peyman bağlamışdıq,
Söz vermişdim o vaxt ona.
Evlənmərəm yüz il keçsə,
Can yandırar özgə köynək.
Ögeyliklə böyüməsin
Bu yadigar balam gərək.
Düzün desəm o mənimçin
Həm oğuldur, yol vermərəm
O hiss edə anasızdır...
Günlər keçir, Ümid baba
Qanadlanır ümidlərlə.
Arzulardan körpü salır,
Yol eləyir, yanır ilə...
O əriyir, yanır şamtək
Bir balası Sara üçün.
Şölələnir xısın-xısın,
Şölələnir için-için...
Aylar keçir, illər keçir,
Bu dünyaya kimi gəlir,
Bu dünyadan kimi köçür.
Sara çatır boya, başa,
Ürəyində işıq yanır.
Çöhrəsində elə bil ki,
Çiçəklərin rəngi qonur.
Onun nurlu ürəyində
Qönçə-qönçə arzu gülür.
Hər arzuda elə bil ki,
Dan sökür, yer üzü gülür...
Deyirlər ki, uca boyu,
Uzun hörükləri varmış.
Hərdən o da atasıtək
Saz çalıb söz oxuyarmış.
O payıztək səxavətli,
Bahar kimi gözəl idi.
Yun darayar, hana qurar,
Hərdən ip də əyirərdi.
Həyətləri başdan-başa
Bir yaşıllıq dünyasıydı.
O güllərin, çiçəklərin
Sanki doğma anasıydı.
O ləklərə, ağaclara
Hər gün səhər su verərmiş.
Hər çiçəyi, hər budağı
Öz diliylə dindirərmiş.
Əməyilə fərəhlənib,
Sevinərmiş hər gün o da.
Ata-bala bir gedərmiş
Zəmiyə də, tarlaya da.
Dil-dil ötən quşlar kimi
Oxuyarmış Sara bəzən:
Hərdən düşür izimə.
Alışır əvəzimə.
Qonur həsrət gözümə
Ümidim mənim.
Hərdən boş həvəs olur,
Bir soyuq nəfəs olur.
Lal olur, dinməz olur
Ümidim mənim.
Hərdən yaz ətri yayır,
Ətirlənir çöl-bayır.
Saçlarımı darayır
Ümidim mənim.
Bu ilıq həlim səsi
Dərələr də, dağlar da
Əks edərdi bir anda.
Mahnılar, ay mahnılar,
Sizsiniz ürəklərə
Həmsöhbət də, dərman da.
Dağıdarsınız qəmi,
Kədəri, qubarı siz.
Xəyalım səfər eylər,
Hər gələndə səsiniz...
Həşyəsi gül naxışlı
Dəsmal tikərdi Sara.
Sanki məhəbbətini
Həkk edərdi o dilsiz,
O əlvan naxışlara.
O corab toxuyardı,
Dil açardı naxışlar.
O corab toxuyardı,
Naxışda pərvazlanan,
Qanadı kövrək quşlar...
Hərdən darıxardı da,
Bilməzdi bunu kimsə,
Ötəri quşlar kimi
Bağçanı gəzə-gəzə...
Deyirlər ki, qəlbində
Gizli həsrəti varmış.
Günlərlə, həftələrlə
Gözü yolda qalarmış.
Deyirlər ki, bir gün də
Obaya enən zaman,
Evinə dönən zaman
Xan çoban bulaq üstdə
Görmüşdü Sarasını.
Xan çoban bulaq üstdə
Tapmışdı öz məhəbbət,
Öz sevgi dünyasını.
O qızlar cərgəsindən,
Ulduzlar cərgəsindən
Saranı bəyənmişdi.
Ürəyində Saraya
Bəxt ulduzum demişdi.
Kəlmə kəsib heç biri
Danışmamışdı fəqət.
Sevənlər dinməyəndə
Yol tapır ürəklərə,
Özü dinir, danışır
O müqəddəs məhəbbət...
Bir gün el şənliyində
Qonaqmış Xan çoban da.
Tanımayan yox imiş
Xan çobanı Muğanda.
O öz məhəbbətini
Yanıqlı neydə çalmış.
O öz qoşmalarıyla
Ürəklərə yol salmış.
Ney susanda o demiş
Bayatı, gözəlləmə.
O susanda sirli ney,
Hər bəndi sehrli ney
Dinirmiş kəlmə-kəlmə...
Günlər günə calanmış,
Ötüb keçmiş qarlı qış.
Üzə güləndə hər yan,
Xan çobanın adından
Elçi gəlmiş bir səhər.
Bu xəbərə sevinmiş
Eşidənlər, bilənlər.
Xan çobana obada
Hörmət edərdi hamı.
Öz halal zəhmətilə,
Xalqa məhəbbətilə
Qazanmışdı Xan çoban
Bu böyük ehtiramı.
O aranda doğulub,
Boy atmışdı dağlarda.
Sürüsüylə dağlara
Qalxardı o, baharda...
Yazdan-yaza qalarmış
Ocaq izi çobanın.
Dağlarda əks edərmiş
Məğrur səsi çobanın.
Düşmənə baş əyməzdi,
Dosta bağlıymış candan.
Hamı, hamı razıymış
Obada Xan çobandan.
Biri dara düşdümü
Tez çatarmış dadına.
Odur ki, iftixarla
Obanın qocaları
Oğul deyərmiş ona.
Alqış belə müqəddəs,
Pak adətlərə alqış.
El üçün candan keçən
Mərd igidlərə alqış...
Xan çoban, dağlar oğlu,
Dağların balasıydı.
Qar yerə düşənədək
Dağlarda qalasıydı.
Elin qoyun, quzusu,
Elin varı ondaydı.
Neçə köçün, külfətin
Etibarı ondaydı.
Arana gələ bilmir,
Gələ bilmirdi hələ
Sevərlər dözürdülər
Görüşmək həsrətiylə...
Hər yan sanki gülür üzə,
Şəfəq qonur çölə, düzə.
Nə eyləyər hicran bizə
Əhd-peyman olan yerdə.
Sevənlərdə sədaqət var, –
Bu eldə bir rəvayət var,
Yarğanlar da körpü olar,
Əhd-peyman olan yerdə.
İnan mənə, Xan çobanım,
Sənsiz keçməz bircə anım.
Hicrana necə inanım
Əhd-peyman olan yerdə?
Bu dağlarda təksən, təksən,
Həm qoçaqsan, həm kövrəksən.
İnanıram gələcəksən
Əhd-peyman olan yerdə.
Nəğməni uca dağlar
Özündə əks etdirdi.
Nəğməni Sara bağ-bağ,
Çəmən-çəmən səpirdi...
Qovuşur günlər-günə,
Payızın yeli əsir...
Dağlara qar da düşür.
Dağların zümrüd şalı
Dolaylarda sürüşür.
Bir qərib görkəm alır
Çaylar da, kəhrizlər də.
Bulaqların dövrəsi
İndi yığnaqsız qalır.
Xan çoban sürüsüylə
Obasına yollanır.
Oba çıxır pişvaza,
Bu da bir adət idi.
Elin dağlar oğluna
Sonsuz məhəbbətiydi.
Neçə doğmanın, dostun
Əziz qonağı olur.
Qış gecəsi.
Ürəklər
Sözlə boşalır, dolur.
Nağıllar da deyilir,
Saz gəlir ehtizaza.
Gözəlləmə oxunur
Neçə gəlinə, qıza.
Neyin də o yanıqlı
Həzin səsi titrəyir.
Qəlbi kövrək olanlar
Bilirlər saz nə deyir,
Bilirlər ney nə deyir.
Hər bənd ömür dastanı,
Hər tel ömür yoluydu.
Saz da, ney də tükənməz
Hekayətlə doluydu...
Aylar aya qovuşdular,
Günlər ötən bir quşdular.
Yollar eniş, yoxuşdular,
Bunu sazdan, neydən soruş.
Yenə aldı xəyal məni,
Tərk etməsin bu hal məni.
Neçə qəlbin sevgisini
Sazdan soruş, neydən soruş.
Çoxu burda at oynatdı,
Nişan aldı, kəmənd atdı.
Sonra öz qanına batdı
Bunu sazdan, neydən soruş.
Yad önündə əymədik baş,
Səngər oldu bizə dağ, daş.
Nədir sazda, neydə təlaş,
Onu sazdan, neydən soruş.
Qorqud baba ötdü dil-dil,
Səsi gəldi mənzil-mənzil,
Ömr eləyir nəsil-nəsil,
Bunu sazdan, neydən soruş.
Düz sözü, düz ilqarı da,
Pozulmayan qərarı da.
Koroğlunu, Nigarı da,
Sazdan soruş, neydən soruş.
Dostun dosta vəfasını,
Bu dağların səfasını,
Xalqımın söz dünyasını
Sazdan soruş, neydən soruş...
Bir tərcüman olmuş bizə
Saz da, ney də zaman-zaman.
Keçmişlərə yol salmışıq
Sazın, neyin sədasından.
Elə bil ki, indi də
Çatır o səslər mənə.
Baş əyirəm sənətin
Bu ulu qüdrətinə.
Baş əyirəm Qorqudun,
Koroğlunun sazına,
Baş əyirəm xalqımın
Bitməz söz dünyasına...
Baş əyirəm o böyük
Füzuli nəfəsinə.
Bənd-bənd yanmış, kəsilmiş
Neyin odlu səsinə.
Günlər, ay sözlü günlər,
Gecə, gündüzlü günlər.
Həyatda siz də ağlı,
Qaralı doğuldunuz,
Bu ömür yollarında
Bizimlə bir oldunuz.
Bir oldunuz bizimlə,
Həmişə də varsınız.
Siz unudulmazsınız.
Siz bizdə yaşarsınız...
Günlərdən söhbət açdım,
Saranı andı fikrim.
Saranın xəyalıyla
Qoşa dayandı fikrim.
Deyirlər Xan çobanın
Arana dönməsinə
Saz çaldı, söz oxudu
Sara da dönə-dönə.
Oxudu şirin-şirin,
Oxudu həzin-həzin.
Elə oxudu ancaq
Məhəbbət mahnısını
Atası eşitməsin.
Çəkilib bağda uca
Bir çinara söykəndi.
Sözlə dolu sinəsi
Fərəhdən qalxdı, endi.
Nəğmələrlə bəzədi
Sevdiyinin yolunu.
Dinlədi sinələri
Nəğməli quşlar onu.
Üşümüş ağacların
Budaqları isindi.
Vəcdə gəlib ağaclar
Sanki yaşıl geyindi.
Elə bil ki, duruldu
Səmanın da çöhrəsi.
Elə bil şam ağacı
Bir qədər də ucaldı
Eşidəndə bu səsi...
Deyirlər bir gün yenə
Kəndin ağsaqqalları
Sözbir olub gəlirlər
Ümidin mənzilinə.
Söhbətlər rəng-rəng olur
Söhbətlər naxış-naxış.
Deyirlər, Ümid baba,
Artıq yaza az qalmış.
Qızın da, oğlanın da
Sənsən əsl atası,
Harda olsalar onlar.
İcazə ver, gəlini
Aparaq biz bu bahar
Xan çoban sürüsüylə
Səhər yola düşəcək.
Ona xeyir-dua da
Özün verəsən gərək.
İcazə ver, aranda,
Dağda mağar quraq biz.
Toy çaldırıb, Saranı
Dağlara aparaq biz.
Aparaq, qoy dağlara
Onunla bahar gəlsin.
Aparaq, Xan çobanın
Həsrət qəlbi dincəlsin...
Ümid baba dinmədi,
Gözündə parladı yaş.
Bir yanıqlı bayatı
Söylədi yavaş-yavaş:
“Aşıq, qar daşa düşər,
Yağar qar, daşa düşər.
Qardaşın müşkül işi
Yenə qardaşa düşər”.
Arzuda da, sözdə də
Bir olmuşuq, birik biz.
Məndən də qüdrətlidir
Müqəddəs adətimiz.
Mən çoxdan söz vermişəm,
Bir qız bir oğlanındır.
Kişi olan söz verdi,
Demək, sözü qanundur.
Fəqət nə edim yenə,
Ayrılığa yox tabım.
Sarasız artacaqdır
Dərdim, qəmim, əzabım.
Təsəllini, dincliyi
Onda tapmışdım ancaq.
Onsuz bu bağça-bağım,
Evim yetim qalacaq.
Ovutmaq olmur düzü
Dolan ürəyi bəzən.
Eh, nə deyim dünyanın
Dolaşıq işinə mən.
Ümid baba duruxdu,
Bir anlıq getdi fikrə.
Eh, – dedi, – qanınızı
Qaraltdım nahaq yerə.
Gərək alam boynuma
Qocalmışam deyəsən.
Ay qocalıq, qocalıq,
Axır tapdın məni sən.
O, heç kəsin ürəyi
İstəmədi kövrələ.
Neçə məzəli söz də
Danışdı gülə-gülə.
Səsinin axarında.
Yenə də bir titrəyiş, –
Dedi, – bilirəm, gərək
Gecikməsin xeyir iş.
Bu el adətlərini
Mən yaxşıca bilirəm.
Köçəri qış vaxtında
Gərək uça, bilirəm.
İşiniz avand olsun,
Gün doğsun bəxtinizə.
Sizdən bir təvəqqəm var:
Sara balamı tez-tez
Qonaq gətirin bizə.
Bilirəm, bu obada
Oğul, qız əvəzim var.
Bilər nədir dediyim
Ata, ana olanlar...
Gün düşsün üstünüzə,
Günlər uğurlu olsun.
Yollar, yoxuşlar tamam
Gün kimi nurlu olsun.
Hamı oğul-uşaqlı,
Hamı nəvəli olsun.
Deyin dağda, aranda...
Yeddi gün toy qurulsun...
Toy qurulur, aşıqlar
Dayanırlar üz-üzə,
Qıfılbəndlər, qoşmalar
Oxunur təzə-təzə.
Obanın cavanları
Cıdıra da çıxırlar.
“Qurşaqtutdu” oynayıb
Yıxırlar, yıxılırlar.
Gətirirlər Saranı,
Bir bəzəkli at üstə.
Başına gül səpirlər
Uşaqlar dəstə-dəstə.
Onun çıxdığı yola
Ayna tuturlar hələ.
Sara gəlin gedirdi
Elin öz adətiylə.
Gəlinlər su atırlar
Saranın arxasınca,
Saranı yola salır
Qız, gəlin, cavan, qoca...
Deyirlər su aydınlıq,
Ayna da işıqlıqdı.
Deyirlər nurlu olsun
Aynatək qızın baxtı.
Baxan deyərmiş, gəlin
Əlvan qanadlı quşdu.
Ayağı üzəngidə,
At üstə oturmuşdu.
Günəştək parıltılı
Duvağ vardı üzündə.
Ayrılıqla vüsaldan
Doğan inci yaşları
Alışırdı gözündə.
Ulduzlartək yanırdı
Alnındakı piləklər,
İncə, zərif duvağı
Arabir titrədirdi
Xəfif əsən küləklər...
“Mübarəkbad” çalınır,
Yolçular yola düşür.
Atanın da, qızın da
Gözlərindən torpağa
İkicə damla düşür...
Yollar, yoxuşlu yollar,
Yollar, yarğanlı yollar,
Hərdən şəfəq geyinən,
Hərdən dumanlı yollar.
Deyirlər ki, gəlini
Aparırlar aramla,
Gedirlər yavaş-yavaş.
Bu narahat yollarda
Gəlin inciməsin kaş.
Qarşıda dərə vardı,
Dağ vardı, dolay vardı.
Qarşıda bir körpüsüz,
Etibarsız çay vardı.
Hərdən susar, ram olar,
Quzuya dönərmiş o.
Hərdən qırıb cilovu,
Kükrəyən dalğaların
Diliylə dinərmiş o.
Saya salmaz heç kəsi,
Yaxın, yad birmiş ona.
Təki dəli dalğalar
Nöqtə qoysun bir ömrün,
Bir həyatın sonuna...
Atlılar yol gedirmiş,
Hər tərəf suymuş tamam,
Atlılar tələsirmiş.
Sulara, dalğalara
Nə etibar, nə inam,
Birdən aşarlar səddi.
Atlılar tələsirlər
Çatdırsınlar sahilə
Bu gəlin – əmanəti...
Sara neçə atlının
Arasında gedirmiş.
Hərdən qalxan dalğalar
Elə bil rəqs edirmiş.
Suların duru rəngi
Bulanır bircə anda.
Yaman olurmuş çaylar
Öz səddini aşanda.
Qəzəbləndikcə sular
Dalğa-dalğanı tutub
Qalxmağa can atırmış.
Bu qənirsiz gözələ
Elə bil ki, sular da
Baxmağa can atırmış.
Yox-yox, baxmaq nədir ki,
O bizim olsun gərək.
Dalğalar bir-birini
Qovur haray çəkərək.
“Gərək o bizim olsun” –
Sahilə dəyir sular.
Elə bil ki, qırılır,
Sınır bütün arzular.
“Gərək o bizim olsun” –
Sular daşır, nə daşır.
Bu qəfil çaxnaşmada
Yazıq atlar da çaşır.
Atlılar dalğalarla
Olurlar əlbəyaxa.
Sular hücum edirlər
Dörd yandan dalğa-dalğa...
Köpüklənən dalğalar
Divar çəkir araya.
Sular namərd ovçutək
Kəmənd atır Saraya...
Batır dəli sularda
Saranın haray səsi.
Ucalır dörd tərəfdən
Aman səsi, vay səsi...
Saranı dalğaların
Əlindən olmur almaq.
Qızarır sular üstə
Tənha qalmış bir duvaq.
Duvaq yaralı quştək
Çırpınır sağa, sola...
Sel Saranı aparır...
Qayıtmaz... Keçmiş yola...
Duvağın qan rənginə
Bürünür dağ, dərə, düz,
Sularda bir çırpınan
Duvaq qalır gəlinsiz...
Sara sularda batdı,
Sara sularda batdı...
Bu xəbər dağları da
Hönkür-hönkür ağlatdı.
Saranın əvəzinə
Dağlara güman gəldi.
O təngiyə-təngiyə
Dağlara saldı haray.
Elə bil ki, dağlarda
Həkk olub qaldı haray.
Deyirlər Sarasını
O, yollardan soruşdu.
Yollar qəmdən tutuldu.
Bir səs gəldi yollardan
Sara qayıtmaz oldu.
Deyirlər ki, Xan çoban
Güllərdən, çiçəklərdən
Saranı xəbər aldı.
Güllər, çiçəklər dindi,
Sara qayıtmaz oldu.
Bənövşələrin doldu
O intizar gözləri.
Üşütdü bu ayrılıq
Körpəcə nərgizləri.
Sanki göy də tutuldu
Duman gəldi hər yana.
Təbiət də ağladı
O gəlinin halına,
Haray çəkir Xan çoban,
Dünya nə vəfasızmış.
Odlu nəfəsiylə o,
Deyirlər bu dərdini
Uca dağlara yazmış.
Saranın yoxluğuna
O inana bilməyir.
Soruşur dönə-dönə:
Bir cavab verin mənə,
Saram niyə gəlməyir?!
Bu vaxt bir mahnı səsi
Ucalır qırıq-qırıq.
Mahnıda bir təlatüm,
Mahnıda bir hıçqırıq.
Mahnı ağlayır dərddən,
Söz açır hər kəlməsi
Bir nakam məhəbbətdən.
Səs düşür çəmən-çəmən,
Səs düşür çölə, düzə.
O mahnı zaman-zaman
Babaların sözündə,
Sazında çatır bizə...
“Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı qaçdı.
Xəbər verin Xan çobana,
Gəlməsin bu il Muğana,
Muğan batıb qızıl qana”
Epiloq
İndi neçə kükrəyən,
Coşan çaylar ram olmuş.
Neçə-neçə çayların
Üstdə körpü qurulmuş.
Sular cilovsuz qaçan
Köhlən deyildir daha
Bəzən həddini aşıb,
Sular qalxsa da şaha,
Yenə bəndlər, bərələr
Seli, suyu ram etmiş.
İndi zaman dəyişmiş,
İndi dövran dəyişmiş,
Xarüqələr yaratmış
İndi insan zəkası.
Həqiqətə çevrilmiş
Neçə xəyal dünyası.
Dünən bizə sirr olan
Bu gün artıq sirr deyil.
İnsanlar təbiətin
Əlində əsir deyil...
Fəqət hərdən xəyalım
Köç edir uzaqlara,
Baxıram o nanəli,
O çiçəkli dağlara.
Baxıram...
Arpa çayı
Axır aramla, ancaq
Elə bil ki, hələ də
Titrəyir sular üstdə
Sarasız qalan duvaq...
Kövrək ləpələriylə
Sahili öpə-öpə
Sular günahkar kimi
Pıçıldayır bir nəğmə.
“Gedin deyin Xan çobana,
Gəlməsin bu il Muğana,
Apardı sellər Saranı.
Bir uca boylu balanı...”
Kövrək ləpələriylə
Sahili öpə-öpə
Sular günahkar kimi
Pıçıldayır bir nəğmə;
Apardı...
Sellər...
Saranı...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-apardi-seller-sarani
More by this author
Poems by other poets
Ağzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
Bir qulamın günahıBir tacir qulamı ki, əzəldən talesizmiş,Sarayda xacə üçün dəyərsiz çalışardı.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Jam-i Jam, chapter 40خوردن باده گر شود ناچارکوش تا نگذرد حریف از چار