Könül bir dünyadır — yazı, payızı,Könlümdə fəsillər nəğmələnərlər.Sahili bilinməz nə qədər arzuYenə pərvazlanıb, yenə dinərlər.

Könlüm bir dünyadır, çeşidli dünya,Könlümdə gün doğar, yağar yağış da.Könlümdə ucalar bir şirin layla,Könlümdə dil açar bir körpə quş da.

Könlüm bir dünyadır — dumanı, çəni...Könlümün səması boşalar, dolar.Xəyallar ardınca aparar məni,O duman da, çən də bir nəğmə olar.

Könlüm bir dünyadır — atəşi, odu,Başsız küləkləri ram edər odum.Könlümdə o gün ki, nəğmə doğuldu,Sandım mən özüm də o gün doğuldum.

Könlüm bir dünyadır, narahat dünya,Dəniztək kükrəyər, çağlayar dünyam.Onu bənzətmərəm lal axan çaya,Özündə dənizlər saxlayar dünyam.

Bu könül dünyamda fəsillər yaşar,Sevgim fəsillərə bölünməz təkcə.Sevgimdən dərə, dağ, düz yaşıllaşar,Mən nəğmə deyərəm səsim gəlincə.

Könlümdə bir sevgi adlı dünyam var,Vətən sevgisindən qurulan dünyam.Keçsə də ömrümdən həftələr, aylar,Bu ülvi dünyamdan çətin ki, doyam...

O sevgi yolumu işıqlandırıb,O sevgi köməyim olubdur mənim.O sevgi könlümdə işıq yandırıb,Könlümdə əbədi qalıbdır mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love