Page 2 of 4 · 25%

Doğrusu mən bu haqda fikirləşməmişdim, amma indi fikirləşdim.

– Bilirsənmi, – dedim, – əgər zirzəmiyə dolan suların yerini maili şəklə sala bilsək, onlar bir yerdə dayanmaz, axıb gedər, nə motor lazım olar, nə də Cəmşid əmi... Onsuz da onun təqaüdə çıxan vaxtıdır...

Bu halda, qızlarım yuxudan oyandılar. Məndən əvvəl Kamranı salamladılar.

– Sabahın xeyir, Kamran əmi!

Kəmalə soruşdu:

– Dünən hardaydınız? Bilmirsiniz nigaran qalırıq?

– Telefon olmayan yerdəydim, qızım, xəbər verə bilmədim...

Bu halda qapı döyüldü. Açdım. Gələn Rima idi.

– Məhkəmə iclasına dəvətnamə gətirmişəm – dedi.

Kamran maraqlandı:

– Nə məhkəmə?

– Mollayevin və əlaltılarının... – deyə mən cavab verdim.

Kamranın gözlərində nə isə bir qığılcım yanıb söndü:

– Gecdir, Səmirə, çox gecdir, – deyə o, görünür məndən, qızlardan və Rimadan kədərini gizlətmək üçün o biri otağa keçdi.

– Saat 10-da başlanır, hər halda gedəcəksən, hə? – Rima təklif gözləmədən stul çəkib oturdu. – Mənə bir stəkan çay... Dəvətnamə almağa tələsdim, çay içməyə vaxtım olmadı...

Kamranı işə, qızları məktəbə yola salandan sonra, özüm məhkəmə iclasına getdim. Rima məni Dzerjinski klubunacan ötürüb ayrıldı...

Klubun qarşısında iynə salmağa yer yox idi. Dəvətnaməmi göstərə-göstərə adamları yararaq əvvəlcə qapılardan birinə yan aldım. Qabağımı kəsən milis əlini yuxarı qaldıraraq, sərt və amiranə bir nəzakətlə “Bacı yer yoxdur” deyə ikinci mərtəbəni nişan verdi. Salonun hər qapısında iki milis dayanmışdı. Onlardan biri:

– İclas başlanır, vaxtı itirməyin, yuxarı qalxın, – dedi.

Bu anda arxadan tanış bir səs eşitdim:

– Səmirə xanım, doğru deyiblər ki, bu dünya – Süleyman dünyasıdır!..

Dönüb baxdım: Elman idi. Ceyran xanımla bərabər düşərgədən getdikləri gündən bəri mən onu görməmişdim. Görkəmində, simasında elə bir dəyişiklik əmələ gəlməmişdi. Amma deyəsən yanaqları azca dolğunlaşmış, alnının qırışları bir qədər çoxalmışdı. Mən ondan Ceyran xanımı soruşdum.

– Burdadır, – dedi, – birinci cərgədə oturub. Şahid sifəti ilə çağırıblar. Siz çoxdan Bakıdasınız?

Məndən cavab almamış, qoluma girib, məni çəkə-çəkə foyeni doldurmuş izdihamı yararaq, baş tərəfdəki otaqlardan birinə apardı:

– Gəlin, yoldaşlardan oturmağa yer istəyək, – deyə stol arxasında telefonla danışan adama müraciət elədi. Mən əvvəlcə gözlərimə inanmadım, düşündüm ki, başqa birisini ona oxşatmışam. Yox, qarşımdakı adam, mənim ucbatımdan həbsə alınıb ağır cəzaya məhkum edilmiş köhnə dostumuz Zəfər idi! O, kiminləsə ciddi bir məsələ haqqında danışır, bütün diqqətini toplayıb, müsahibini dinləyir və təkdənbir gözucu mənə baxırdı, ancaq, deyəsən, məni heç görmürdü. Nəhayət danışıb qurtardı və telefonun dəstəyini yerə qoydu, yalnız bundan sonra gözləri mənə sancılıb qaldı və birdən:

– Səmirə?! – deyə az qala qışqırıb, üstümə atıldı. – Sənsən? Şükür allaha!.. Deməli sağ – salamatsan?.. Müdhəti görmüşəm, o da bəraət alıb, gəlib... Necəsən, uşaqlar necədir?

Zəfər çox sınıxmışdı. Nə isə çox böyük əziyyətlərə qatlaşdığı ilk baxışdan bilinirdi. Məni gördüyü dəqiqədən gözləri sevinclə yanır, qansız, batıq yanaqları yavaş-yavaş solğun – çəhrayı rəngə çalmağa başlayırdı. Sevincdən hər ikimizin dilimiz tutulmuşdu. O gülür, mən gülürdüm. Baxışlarımızı bir-birimizdən çəkməyib, sanki bu uzun və məşəqqətli illərdə sir-sifətimizin və boy-buxunumuzun necə dəyişdiyini diqqətlə öyrənmək istəyirdik.

Hə, demək belə... Hə, demək, hə... – O, yeni dil açmağa başlayan körpə uşaqlar kimi, özü də fərqinə varmadan, eyni kəlmələri təkrar eləyib dururdu.

Nəhayət o, Elianı da tanıdı və ona da əl verdi:

– Bilirəm, siz də mənim kimi ayaq üstündə qalmısınız, – dedi. – Bu saat klub müdirindən xahiş elərik, hələ açılmamış lojalardan birini bizə verdilər... – O, cəld addımlarla qonşu otağa – müdirin kabinetinə yönəldi və bir dəqiqə belə keçməmiş geri qayıtdı. – Yer düzəlir... Yuxarıda, kiçik salonda oturub, radio ilə də qulaq asmaq olar, ancaq onların (Zəfər bu sözü ucadan, xüsusi bir vurğu ilə dedi) yaralanmış ilan kimi necə qıvrıldıqlarını hər dəfə görəndə elə bil mənim yaralarımın üstünə məlhəm qoyurlar...

İkinci mərtəbədəki lojalardan birinə qalxdıq. Yer tutub yanaşı oturduq. Mən salona göz gəzdirdim. Sıralarda bir dənə də boş yer qalmamışdı. Parterin sağında və solunda ayaq üstündə divarlara söykənərək durmuş adamların sayı salondakılardan heç də az deyildi. Lojalardakı tamaşaçılar isə elə bil bir-birinə sarılıb oturmuşdular. Salon uğuldayırdı. Hələ iclasın başlanmadığını görən Zəfər, birdən dili açılmış kimi danışmağa başladı:

– Bildin də, məni nə üçün tutub sürgün eləmişdilər? Mən özüm bunun səbəbini yaxşı bilirdim. Guya xalq düşməninin ailəsinə kömək eləmişdim. Ancaq rəsmən mənə tamam başqa bir ittiham verdilər: hərbi qulluqdan qaçmaq üçün qəsdən özümü yaralamışam... Əlbəttə üzümə duran yalançı şahidlər də tapıldı. Amma indi də anlaya bilmirəm ki, bunun üçün özümə niyə beş yerdən yara vururdum? Bircə bu qolum (Zəfər şikəst olmuş sağ qolunu göstərdi) bəs deyildimi? Sabir demişkən, bu çərx-fələk tərsinə dövran eləməsəydi, mən hələ də Uzaq Şimalın tayqalarında ayaq döyürdüm. – O, birdən doğruldu və sol əli ilə qapını göstərdi. – Müqəssirləri gətirirlər, yaxşı bax...

Doğrudan da bu vaxt silahlı əsgərlər beş nəfər canini dövrəyə alıb, məhkəmə salonuna gətirdilər. Zəfər hamıdan irəlidə gələn Mollayevin dalınca axsaya-axsaya yeriyən tonbur belli müqəssiri nişan verdi:

– Onu görürsənmi? – dedi. – Özünün etirafına görə beş yüz nəfər günahsız adamı güllələyib... “Mənim vicdanım da, qəlbimdə qandır” sözü hamıdan çox ona yaraşır... Şamaxı kolxozçularını hökumət əleyhinə qiyam hazırlamaqda təqsirləndirmək üçün, ot və taxıl tayalarında, təbii öz adamlarının əli ilə, silah gizlədib... Sonra axtarış aparıb, silahları tapan kimi, kolxozçuları damladıb, hamısını da bir gecədə güllələdib... Bu “xidmətinə” görə Beriya ona general rütbəsi verib... Məni də o tutmuşdu, ancaq mənə yazığı gəldi, yüngül cəza verdi, yəni ömürlük sürgünə göndərdi. Sən bir yaxşı bax, Səmirə, gör cəllada oxşayır ya yox? O, bir zamanlar daşnaq partiyasının üzvü imiş...

Mən müqəssirlərə baxdıqca, elə bil damarlarımda qanım donur, gözlərimə zülmət çökürdü.

Komendant salona girdi və “Qalx, məhkəmə gəlir!” deyə səsləndi. Bütün salon ayağa qalxdı. Sədr və məhkəmə üzvləri öz yerlərində oturandan sonra, izdihamın uğultusu yavaş-yavaş azalıb, nəhayət kəsildi. Sədr:

– Şahid Ceyran Eldarlı! – deyə müqəssirlər skamyasının arxasındakı ilk sıralara göz gəzdirdi.

Müğənni qadın ayağa durdu. Pilləkənlə səhnəyə qalxıb, məhkəmə qarşısında dayandı. O, Elmandan fərqli olaraq, bu illər ərzində xeyli dəyişmişdi. Vaxtı ilə tən ortadan ayırıb səliqə ilə daradığı qara saçlarına ağ zolaqlar düşmüşdü. Buxağındakı qırışlar uzaqdan da aydın seçilirdi, amma gözləri parıltısını itirməmişdi. O, sanki qəsdən dartınaraq, qamətini əvvəlki kimi zərif göstərməyə çalışır, amma bunu bacarmırdı, çünki onun hərəkətində, duruşunda, ümumiyyətlə simasında ayların və illərin iztirabından qalmış kədərli izləri gizlətmək o qədər də asan deyildi.

Sədr onun adını, atasının adını, familiyasını, sənətini xəbər aldı və ən axırda “Mollayev haqqında nə bilirsiniz?” deyə soruşdu.

İki min beş yüzə yaxın tamaşaçı cınqırını çəkmədən müğənni qadını dinləməyə başladı. Ceyran xanım ilk cümlələrini bir neçə dəfə udqunaraq, tutula-tutula dedi. Mənə elə gəldi ki, həmişə böyük izdiham qarşısında heç kəsdən çəkinmədən şən və şaqraq nəğmələrini hədsiz dərəcədə sərbəst oxumağı bacaran bu qadını məclis tutmuşdu; o, hər dəqiqə məhkəmə sədrinin köməyi ilə ayrı-ayrı suallara qısa cavablar verməkdən başqa heç nə bacarmayıb, tezcə də yerinə çəkiləcək və bu çətin işdən yaxasını qurtarıb sevinəcək.

Amma bir azdan sonra o, özünü topladı və artıq daxili bir inamla dedi:

– Yox, möhtərəm hakimlər, mən həmişə öz nəğmələrimlə insanları sevindirmişəm, onların qəlbində ümid və məhəbbət oyatmışam, amma bu gün qəzəb və intiqam hissini oyatmaq istəyirəm!...

Ceyran xanım danışırdı demək, o qədər də düz olmazdı. O, yanır, alovlanırdı. Bəlkə də özünü heç ələ almağa və həyəcanını boğmağa çalışmırdı. O, müqəssirlər skamyasının düz ortasında əyləşmiş Mollayevə baxır və onun qalın şüşəli eynək arxasından ölgün – ölgün işıldayan gözlərinin içinə deyirdi:

– Mən bu dəstənin başçısı Mollayevdən şəxsi intiqam almaq fikrində deyiləm. Ondan elə mənsiz də, mənim müdaxiləm olmadan intiqam alınmışdır. Dünənki iclası hamınız xatırlayırsınız, deyilmi? Burda oturmuş camaat müttəhimlərə nə acıyırdı, nə də qəzəblənirdi, elə bil indi mənim dayandığım səhnədə göstərilən komediyaya baxıb gülürdü. Məncə bundan, bu gülüşdən böyük intiqam olmaz. Bu camaat nəyə və kimə gülürdü? Müttəhimlər skamyasında oturmuş bu beş caniyə gülürdü. Mən açıq-aydın hiss eləyirdim ki, bu gülüşdə xalq mənəviyyatının qüdrət və zəfəri səslənirdi. Demək şər qüvvələr üzərindəki qələbəsini bayram eləyən insanlar, dünənin faciəsindən gülə-gülə ayrılmaq istəyirdilər!.. Ancaq hamı üçün bir şey aydındı ki, bu intiqam çox gecikmişdir, həddindən çox!.. Axı, bu cəlladların həlak elədiyi inqilab qəhrəmanlarını, alimləri, mühəndisləri, yazıçıları, aktyorları geri qaytarmaq mümkün deyil. Biz ağlamalı ikən gülürdük. Bəs nəyə və nə üçün gülürdük? Ona gülürdüm ki, xalqın sonsuz bir məhəbbətlə sevdiyi söz ustalarını, şairləri, romançıları, yəni cəmiyyətimizin boya-başa çatdırdığı, müstəsna istedadları güllələyən bu adamların özləri kəmsavadmışlar. Bunların heç ibtidai savadları da yoxmuş. Demək zülmət və nadanlıq – mədəniyyətə və işığa divan tuturmuş...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets