Page 1 of 2

Dağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.

Mariya

Oh... yenə hər tərəfdə ölüm... hər tərəfdə qan...

General

Əlahəzrət imperatorun iradəsi belədir, əzizim. Nə üçün çalmayırsan?.. Mən bu top səslərini gözəl musiqinin həzin tərənnümü ilə bir zamanda dinləmək istəyirəm.

Mariya

Gedək, Vitya, gedək, Peterburqa... mən buralarda qalmaq istəmirəm... Eşidirsənmi? Yüzlərlə insanın qanını axıtmaqdan zövqmü alırsan?.. Yox, yox, mən dözə bilmirəm... (Gedir)

General

Dözə bilmirəm... Dağlılara atılan hər top gülləsi, mənə gələcək zəfərdən xəbər gətirir... (Zəngi vurur)

Katib (Gəlir)

Buyurun, general...

General

Raportun sonunu yazın!.. “Hücum, eyni zamanda üç tərəfdən başlanmışdır. Mənim ixtiyarımda olan bütün qüvvələr düşmən üzərinə birdən yürüş etmişdir. Ordu üç korpusa bölünmüş, hər bir korpusa da təcrübəli bir komandan təyin edilmişdir. Biz dünəndən bəri Kaspi dənizi tərəfdən, ləzgi və Qafqaz xətlərindən irəliləyirik...” – yazdınmı?

Katib

Bəli, general, yazdım...

General

Davam edin: “Qafqaz – böyük və sarsılmaz bir qaladır. Bu xalqın yarısı əlində silah bizə müqavimət göstərsə də, biz bu qalanı sarsıdıb uçuracağıq. Mən əminəm ki, əlahəzrət imperatorun məhəbbətindən qüvvət alan ürəklərin atəşi bu dəmir qalanı yandırıb külə döndərəcəkdir!..” – Raportu bu gün yollayarsınız.

Katib

Baş üstə, general...

General

Onlar gəldilərmi?..

Katib

Bəli, çoxdan gözləyirlər, general.

General

Çağırın.

Katib

Bu saat... (Gedir)

General (Mariya gedən qapıya sarı boylanaraq)

Aha, Mariya yatdı... Çox gözəl.

Səid (Katiblə, Soltanla bərabər gəlir)

Salam, yaranal.

Görüşürlər.

General

Ağalar, çox təəssüf ki, sizinlə uzun söhbətə macalım yoxdur... (Soltana) Fikirləşdinizmi?

Soltan

Bəli, general.

General

Çox gözəl. (Katibə işarə edir, o çıxır) Şərtlərimiz sizə bəllidirmi!

Soltan

Dedilər, general... Biz razıyıq.

Səid

Bizim də şərtimiz var, yaranal.

General

Aha, buyurun...

Səid

Şamil bütün nəslimizi qılıncdan keçirmişdir. Mülkümüzü, var-yoxumuzu talayıb müridlərinə paylamışdır... Şamilin qabağında Qurana əl basıb and içməyim sizi şübhəyə salmasın, yaranal... Mən onun ən qəddar düşməniyəm. Qanını ovuc-ovuc içsəm belə, ürəyim soyumaz.

General

Öz nəslinin vəfalı oğulları belə namusla yaşamalıdırlar.

Səid

Siz də ondan bu hayıfı almağa kömək edin, yaranal, Böyük Rusiya padşahının mərhəmətini bizdən əsirgəməyin..

Qazı Məhəmməd (Rayevski ilə qabaqlaşaraq)

Qaçma... hara?.. Səninlə vuruşan Şamilin körpə aslanı Qazı Məhəmməddir. (Onunla vuruşa-vuruşa uzaqlaşır)

General (Səidə)

Demək, siz sol cinahın gizlin cığırlarını bizə göstərirsiniz. (Soltana) Siz də, (Sükut edərək) demək, bəllidir...

Soltan

Mənim sədaqətimə inana bilərsiniz, general...

General

Ehtiyatlı olun, ağalar... Şamilin qılıncı itidir... Başınızın qədrini bilin.

Soltan

Düz buyurursunuz... O, çox amansızdır, general...

General (hər ikisinə əl verir)

Böyük Rusiya imperatoru xidmətinizi layiqilə ödəyəcəkdir... Əmin ola bilərsiniz.

Soltan

Hələlik... (Səidlə bərabər gedir)

General (zəngi vurur)

Onları ötürün!..

Katib (gəlir)

Buyurun!..

General

Yazın: “Şamilin dostu və qayını Soltan bəy razılıq vermişdir. Bu günlərdə sui-qəsd olunacaq və Şamil öldürüləcəkdir. Lakin indidən Soltan bəyin evi və yerləri haqqında rəsmi təminat verməliyik. Bu xüsusda sizin sərəncamınızı gözləyirəm...”

Katib

Təliqə kimin adınadır, zat aliləri?..

General

Qafqaz sərdarına yazın:

Katib

Baş üstə, general..

General

Çağırılan zabitlər gəlsələr, məni gözləsinlər.

Katib

Baş üstə, general, deyərəm...

General (yazılmış raportları oxuyaraq imzalayır)

Gedin, paruçik Tamarinin dalınca da adam yollayın. (Gedir)

Katib (bir an təzim edirmiş kimi dayanır)

Müharibə zamanı bu qədər də raport yazılarmı?.. Biz, salam əvəzinə qələm işlədirik... Oh, gözlərim nə yaman qaralır!.. (Getmək istərkən Tamarinlə Rayevskinin gəldiyini görüb dayanır) Ağalar, general həzrətləri bu dəqiqə qayıdır... (Gedir)

Tamarin

Mən dözə bilmirəm, dostum... Sanki ölüm addım-addım məni təqib edir. Bu həyat mənim üçün zövq və nəşədən artıq, iztirabla işgəncə mənbəyi olmuşdur...

Rayevski

Bəsdir... Ölüm fəlsəfəsilə bu qədər başını yorma... İnan ki, əlahəzrət imperator razı olarsa, bu ümidsizlikdən birdəfəlik yaxan qurtulacaqdır. Şeyx Şamil hələ sağdır... Silahımızın gücünü sınamaq üçün hələ də geniş meydan vardır. Sən də özünü göstər, o zaman həmişəlik əfv olunarsan...

Tamarin

Yox, mən Qafqaza ölüm gətirən cəlladlardan olmaq istəmirəm... Bu xalqların böyük bir məhəbbətə ehtiyacı vardır... Amma biz nə edirik?..

Rayevski

Yenə deyirəm: sən öz ayağınla uçuruma yuvarlanırsan!..

Tamarin

Məgər hər şey aydın deyilmi? Dünən Puşkin kimi əzəmətli bir vicdan günəşini söndürənlər, bu gün məni də öldürməyəcəklərmi?.. Rusiya imperiyası – böyük insanların vətəni deyil, zindandır... Sən bunu görmürsənmi?

Rayevski

Bəsdir, bəsdir... Bu sözləri başqa yerdə danışma. Əlahəzrət imperatorun qulağına çatar, məhv olarsan... Amma Qafqaz dağları səni ölümdən qurtaracaqdır.

Tamarin

Bu yerlər mənim ikinci vətənimdir... Onun qəlbindəki yaralar mənim yaramdır... Eşidirsinizmi? Bu yerlərdə keçən əziz günlərimi xatırladıqca, ürəyimdən qopan sızıltılar bütün mənliyimi sarsıdır...

Görünür azadlığa həsrət qalacağam mən,
Hər acı məhbəs günü bir ilə bərbərdir...
Pəncərələr ucadır, boy çatmaz ona yerdən,
Qapılarda hər zaman gəzən keşikçi vardır.

Bax, Rusiya imperiyası budur... Bu həqiqəti inkar etmək – göydə günəşi danmaq kimidir, dostum.

Rayevski (düşüncəli və qəmgin bir səslə)

Sən şeirlə məni hər zaman məğlub edə bilərsən... Həqiqət olmasaydı, belə gözəl şeir də yaranmazdı... Lakin mən bir dost kimi deyirəm: yazıqsan...

Tamarin (pəncərədən uzaqlara boylanaraq)

Gecədir, aylı-ulduzlu bahar gecəsi... Bəzən bu qərib boşluqlara baxdıqca ürəyim bir anlıq təsəlli tapır. Təbiət azad, insanlar azad, könüllər azad...

Yenə top səsi eşidilir.

Bax, bu mərmilər azadlığa atılır... Sən özün söylə: az-çox məhəbbətlə döyünən insan ürəyi buna necə dözsün?.. Bura Qafqazdır, əzizim... Bura mənim ilham yurdumdur...

Pauza

Gəncliyim şölə saçarkən necə bir nurlu çıraq,
Ey cənub dağları, düşdümsə əgər sizdən iraq,
Yenə dalsam sizə xoş xatirələr canlanacaq,
Vətənin dadlı-şirin nəğməsi tək hey qəlbən,
Sevirəm Qafqazı mən.

Bir çocuqdum o zaman, soldu, ölüb getdi anam,
Zənn edərdim ki, o düzlər mənə hər gün axşam,
Yadigar bir səsi əks etdirəcəkdir; ilham
Yurdu dağlar, qayalar tək ah, bilsən,
Sevirəm Qafqazı mən...

Sizdə xoşbəxtdim a dağlar, dərələr, şən düzlər,
Keçdi beş il yenə könlüm sizə həsrət, izlər;
İki göz gördüm o yerlərdə, ilahi gözlər,
Yada düşdükcə pıçıldar ürəyim min yerdən,
Sevirəm Qafqazı mən...

Rayevski (sarsılaraq)

Ah... əzizim... nə qədər ülvi bir xatirədir!.. Görəsən dünyada şeirdən də gözəl bir şey varmıdır?

Tamarin

Vardır... Azadlıq!.. Quşlar kimi azad yaşamaq, bilirsənmi nə böyük səadətdir?.. Biz uca dağlar qoynundakı azad qartalların bu yeganə sərvətini də əllərindən alırıq... Nə üçün?

Rayevski

Sən inan ki, bu tarixi zərurətdir... Ağsaçlı Qafqaza, qocaman Rusiya imperiyasına lazımdır... Bu sıra dağların arasilə uzanan əyrim-üyrüm yollardan bir zaman ticarət qatarları gəlib-keçəcəkdir... “Ey, Qafqaz, qarlı başını əy, tabe ol, Yermolov gəlir”. – Puşkin belə demirdimi?

Tamarin (daha da qəmgin)

Köksündən odlanmış böyük dostumun sözlərini mən də xatırlayıram... Lakin o yanılırdı... Bu sözləri deyərkən, o hələ gənc idi... O, sonralar belə deməyirdi... Onun qəlbi böyük azadəlik hissilə çırpındığı zaman aulların, obaların yandırıldığını görüb inlədiyi zaman o belə deməzdi... Yox, mehriban dostum, mən Puşkinin cəllad olduğunu iddia edib günaha batmaram... (Əlilə generalın getdiyi səmti göstərək) O, bunlar kimi su yerinə qan içməzdi...

General (gəlir)

Aha, Tamarin, əlahəzrət imperatordan cavab aldım... Allaha dua edin. O sizə acıdı, qərarını dəyişdi... Siz hərəkət ordumuzda qalacaqsınız... (Sükut edərək) Məgər bu xəbərdən sevinməyirsinizmi?

Tamarin

Şad xəbərdir, əlbəttə, sevinirəm...

General

İki-üç gün sonra atəş xəttinə göndəriləcəksiniz...

Tamarin

Doğrudanmı?

General

Bəli... Nə üçün təəccüb edirsiniz?

Tamarin

Hər halda qorxduğum üçün yox... Şamilə qarşı vuruşmaqla ölmək arasında heç bir fərq yoxdur, zat aliləri...

General

Şeir dili mənə yabançıdır. Mən soldatam. Çox təəssüf ki, biz müharibə meydanında şeri də, ilham pərilərini də unutmağa məcburuq... Onu da bilməli idiniz ki, imperiyamızın böyük ordusu heç bir cəbhədə məğlub olmamışdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets