Contents
  1. Yeddinci şəkil
  2. Səkkizinci şəkil
  3. Doqquzuncu şəkil

Page 1 of 5

Yeddinci şəkil

İkinci şəkildə gördüyümüz otaq. Axşamüstü. Fərhad, Əmin və Kərim.

Fərhad (əlindəki məktubu oxumaqda davam edir)

“Beləliklə də məni günahlandırdılar. Yalançı şahidlərin hamısı bir ağızdan eyni ittihamı üzümə oxudu. Lakin hansı günahı işlədiyim hələ də mənə bəlli deyildir. Cəlal Qaşqay”. (Kağızı qatlayıb qovluğa qoyur) Hə, indi nə deyə bilərsiniz?

Pauza

Əmin

O, ayrı cür yaza bilməzdi. Heç bir cani öz xoşu ilə təqsirini boynuna almır.

Fərhad

Siz nəyə əsasən Cəlal Qaşqayın orderi imzaladığını iddia eləyirdiniz?

Əmin

Bunun iddia eləyən, Cəlal Qaşqaydan şübhələnən bir mən deyildim ki? Şahidlərin çoxusu bu fikirdə idi... Kərim dayı, nə üçün ağzınıza su alıb dinmirsiniz? Axı, siz ki, hər şeyi yaxşı xatırlayırsınız...

Kərim (tutqun)

Mən təkcə müstəntiqin suallarına cavab verəcəyəm.

Əmin (məyus halda başını bulayır, nırçıldayır)

Adamları tanımaq nə çətinmiş!.. Heç bilmirəm bu gün sizə nə olub? Özgə vaxtı haqdan, ədalətdən dəm vurardınız. Bəs indi həqiqəti deməyə nə üçün kişiliyiniz çatmır?

Kərim

Bura bax, Əmin, belə söhbətlərin yeri deyil. Burda mənim kişiliyim müzakirə olunmur. Bildin?

Fərhad

Mətləbdən uzaq düşdünüz, Vətəndaş Bəxtiyarov.

Əmin (nəfəsi darıxmış kimi, köynəyinin yaxalığını dartışdırır)

Ax, bu insanlar!..

Fərhad

Deyəsən yorulmusunuz. Tənəffüs verə bilərəm.

Əmin

Xeyr, mən yorulmamışam. İnsanların vəfasızlığı mənə təsir eləyir.

Fərhad

Bəlkə acmısınız, nahar vaxtınızdır?

Əmin

Bu cür çək-çevirdən sonra adamda iştaha qalar? (Əlləri əsə-əsə papiros çıxardır, qutunu Fərhada tərəf uzadır) İcazə verin!

Fərhad

Buyurun, görürəm, yorulmusunuz. Bir qədər istirahət edin. (Gedir. Qapıda səs-küy qalxır. “Olmaz, olmaz!” səsləri eşidilir. Bədəl və Fərman içəri təpilir. Bədəlin azca səndirlədiyi hiss olunur)

Bədəl

Kərim qağa, qaş-qabağını sallamısan! Yəni elə ciddi bir şey var?

Kərim (istehza ilə)

Yox, burda kos-kos oynayırıq.

Bədəl

Əmin, bu nə deyir, oğul?

Əmin dinmir.

Bədəl (Fərmana tərəf dönür)

Deyəsən, axı, işlər fırıqdır... Eh, bu fani dünyada padşahdan-zaddansa olmadıq ki, belə dar gündə kara gəlsin.

Fərman

Mən ki, işləri belə görürəm, padşah da olsaydın, heç nə eləyə bilməzdin.

Bədəl

Eləyərdim. Əvvəl başdan bu silisti kökündən ləğv eləyərdim.

Fərman

Nə qədər ki, bu dünya var, silist də var. İnsan çiy süd əmib, heç vaxt yerində farağat oturmayacaq.

Bədəl

Baxma, əgər mən padşah olsaydım...

Kərim (əsəbi)

Siz də içməyə vaxt tapmısınız. Balam, görmürsünüz, nə vur-çatlasındır?

Bədəl

Kərim qağa, vallah içməmişik, sizin dərdinizi çəkməkdən bir balaca paxmel olmuşuq.

Fərman

Hafiz Şirazi kimi...

Bədəl

Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı... Kərim qağa, özün bilirsən, bir çətən külfət sahibiyəm. Elə danışın ki, güdaza getməyim. Axı, mən yazıq siz deyəni eləmişəm.

Fərman

Hə də. Kim eşşək olubsa, sən ona palan olubsan. Sənin nə təqsirin var ki?

Bədəl

Adə, mərifətsiz-mərifətsiz danışma, Atan yerində kişidir. (Kərimdən xəlvət, Əminə) Ümidim sənədir, ha.

Əmin

Mən sizin direktorunuz kimi vəzifəmdən qorxub dostlarımı meydanda tək qoymaram!

Bədəl

Bəs necə? Ölsək də gərək bir yerdə ölək. (Fərmana) Bax, əsil dost belə olar. Qorxma, adə, bizə heç nə eləyə bilməzlər.

Fərman

Bura bax, Bədəl dayı, məni bu hangaməyə qatma. Mən içəndə sənə yoldaşlıq eləmişəm, ayrı şeydən xəbərim yoxdur!..

Müstəntiq köməkçisi (gəlir)

Ay yoldaş, sizə kim lazımdır? Nə üçün icazəsiz bura girmisiniz?

Fərman

Biz elə bildik sorğu-sualı qurtarmısınız.

Müstəntiq köməkçisi

Axı, sizə kim lazımdır?

Bədəl

Bağışlayın, dedilər ki, gözləyin, sizi də çağıracaqlar, amma ha gözləyirik, səs-soraq çıxmır. Dedik xəbər bilək.

Müstəntiq köməkçisi

Zəhmət olsa da, gərək gözləyəsiniz. Çıxın, orda gözləyin.

Bədəl

Baş üstə. Gedək, Fərman. Gözlə deyirlər, gözləyək. Əlacımız nədir? Eh bu fani dünyada... (Gedirlər)

Fərhad (gəlir)

Baş mühasibdir, eləmi?

Pauza.

O da az aşın duzu deyil, ha. (Əminə üz tutaraq) Beləliklə iki məsələ bizə aydın oldu. Əvvəla, siz Rəfiqə xanımı sevmisiniz. Əgər bir az da dəqiq desək, onunla evlənmək istəmisiniz.

Əmin

Bəli sevmişəm, yenə sevirəm.

Fərhad

Bu faktı inkar eləmirsiniz?

Əmin

Xeyr.

Fərhad

İkincisi, Rəfiqə xanımın Cəlal Qaşqaya vurulduğunu biləndən sonra fitnəyə əl atmısınız, hər cür vasitə ilə Cəlalın ayağının altını qazmısınız. Ondan şəxsi intiqam almaq üçün yanğın hadisəsindən məharətlə istifadə eləmisiniz.

Əmin

Bunu siz deyirsiniz, mən demirəm. Bunu intiqam adlandırmaq nə dərəcədə doğrudur, özü də şəxsi intiqam? Fabrik – dövlət əmlakıdır. Ona kəc baxanları, öz xeyri üçün onu yandıranları...

Fərhad (sərt)

Vətəndaş Bəxtiyarov!.. Siz suala cavab verin. Mühazirə oxumağın yeri deyil!

Əmin

Fabriki yandıran...

Fərhad

Biz yanğının səbəbkarı haqqında ayrıca danışacağıq. Hələlik boynunuza alın ki, Rəfiqə xanımla Qaşqayın məhəbbət macərasından xəbər tutduqda, rəqibinizi nə yolla olur-olsun ləkələmək istəmisiniz...

Əmin

Xeyr, mən bu ittihamı qəti rədd eləyirəm!

Kərim

Yoldaş Kamalov, izn versəniz, bir şey soruşardım.

Fərhad

Buyurun.

Kərim (Əminə)

Fəhlələrin ayağına yalandan brak yazmaqda məqsədin nə idi?

Fərhad

Bu mənə aydındır.

Kərim

Əgər mümkünsə, qoyun cavab versin. Fikirləşdikcə, bəzi-bəzi şeylər yadıma düşür. Qoyun görək nə deyəcək.

Əmin

Kərim dayı, siz də müstəntiqsiniz? Biri azlıq eləyir? Kənardan baxana elə gələ bilər ki, mən müqəssirlər skamyasında oturmuşam.

Kərim

Bunu öyrənməsəm, bağrım çatlar. Əgər sənin Cəlalla qərəzliyin vardısa, heyfini fəhlələrdən niyə çıxırdın?

Fərhad

O, fəhlələrdən heyf çıxmırdı. Brakı iki səbəbə görə yazdırırdı. Əvvələn, fəhlələri Qaşqayın əleyhinə qaldırmaq istəyirdi, ikinci də, brak adlandırdığı malları hesabdan çıxardıb, xüsusi bazarda satdırırdı.

Kərim

Necə, necə?

Fərhad

Bəli, vətəndaş Rəhimli. Hələ sizin çox şeydən xəbəriniz yoxdur.

Kərim (Əminə qanlı baxaraq)

Sən nə qədər çirkin adamsanmış!..

Əmin

Yaxşı, yaxşı, özünü büllur kimi göstərmə... Sən özün Cəlal Qaşqaydan xirtdəyəcən narazı idin. Qorxurdun ki, səni müdirlikdən götürüb, yerinə onu təyin eləyərlər.

Fərhad

Vətəndaş Rəhimli, Bəxtiyarovu çox gec tanımısınız. O indi də xəşil qazanına çömçə salmış bir qarı kimi fabriki qarışdırır. O, ayrı cür yaşaya bilmir.

Əmin

Siz məni açıqdan-açığa təhqir eləyirsiniz, yoldaş müstəntiq. Heç bir vətəndaşın heysiyyətini tapdalamağa sizin haqqınız yoxdur.

Fərhad

Yalnız bir şərtlə.

Əmin

O nə şərtdir?

Fərhad

Əgər vətəndaşın, doğrudan da, heysiyyəti varsa... Həyatda əfsus ki, belələri hələ var. Bu məni kədərləndirir. Bəli, kədərləndirir. Çünki hüquqşünas cinayətin azalmağını, hətta tamam yox olmağını arzulayır. Biz bunun üçün çalışırıq. Bu bizim həyat idealımızdır. Sizin kimi adamlar isə...

Əmin

Bu, mənim də idealımdır!

Fərhad

İnanmıram, inana bilmirəm, vətəndaş Bəxtiyarov!

Əmin

Siz hamıya şübhə ilə baxırsınız. Bu professional vərdişinizdir!

Fərhad

Nə etmək? Hələ də cani ilə cinayət olan yerdə belə vərdişlər zəruridir. Sizin kimiləri, ciddi bir səbəb olmadan da fitnə törətməyi sevirlər. Qurmaq, yaratmaq həvəsi ilə alışıb-yanan insanları bir-birinin üzərinə salışdıranda qəribə bir zövq alırlar. Sakit dostluq şəraitində çalışanları görərkən, gözlərinə yuxu getmir. Şair gözəl deyib:

O, aşkarda girər qına,
Qıfıl vurar öz ağzına.
Xəlvətdəsə ona-buna
Ləkə yaxar asta-asta

Nə yaradar, nə də qurar,
Yaradana ağız burar,
Quyu qazıb, tələ qurar,
Ev də yıxar, asta-asta...

Əmin

Bu şerin mənə dəxli yoxdur!

Fərhad

Əgər diqqətlə qulaq assaydınız, burda öz portretinizi də görə bilərdiniz. (Qapıya yanaşaraq) Əsmər Ziyad qızı gəlsin! (Əsmər gəlir. O, il yarım müddətində xeyli dəyişmiş, qocalmışdır! Onu görərkən Əmin üzünü gizlətməyə çalışır) Bu qadını tanıyırsınız, vətəndaş Bəxtiyarov?

Əmin (ağır sükutdan sonra)

Bir vaxt bizim fabrikdə işlərdi. Öz xoşu ilə ərizə verib getdi.

Kərim (qəddi bükülmüş halda)

Eh, yoldaş Kamalov. Əsmər fabrikin fəxri idi. Mükafat almadığı bir ay olmazdı. (Əsmərə) Günahkar mənəm, qızım.

Pauza

Fərhad (Əminə)

O, doğrudanmı öz xoşu ilə getdi?

Əmin

Bəli.

Fərhad

Mən istərdim ki, vicdanınız qarşısında (hərçənd sizin belə vicdan sahibi olduğunuza inanmıram) bir həqiqəti etiraf eləyəsiniz. Axı, onun fabrikdən çıxıb getməyinə siz səbəb olmusunuz. Düzmü deyirəm, qızım? (Əsmər dinmir) Bilirəm, utanırsan. Amma həqiqəti üzə çıxarmaq xətrinə suallarıma cavab verməlisən. Fabrikdən getməyə səni nə vadar elədi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets