Əhməd Cəmilə ithaf

Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunda ağacların xırdaca budaqları titrəşdi. Saralıb solmuş yarpaqlar bir müddət havada qanad çalaraq, yerə səpələndi. Bu anda elə bil ağaclar arasında saysız-hesabsız kəpənəklər uçuşurdu. Sonra hər tərəfə qərib, əsrarəngiz bir sükut çökdü.

Meşəni gümüş xəncər kimi iki yerə bölmüş Kür çayı sakit-sakit axırdı. Arabir xəfif külək əsir, xəzan yarpaqların xışıldadırdı. Ətrafın dərin sükutunu pozan bu xışıltı birdən qüvvətləndi və çox keçmədi ki, güllə səsi gələn tərəfdən bir maral çıxıb özünü sahilə verdi. Hündür palıd ağaclarının arxasında yavaş-yavaş gizlənən axşam günəşi də sarımtıl bir rəngə çalırdı. Maral sahilə endiyi zaman artıq Kür suları da sapsarı olmuşdu. Maral yüyürdükcə, tez-tez büdrəyir, şax-budaqlı buynuzları ağaclara toxunurdu. Yenə də xəzəllər uçuşaraq, yerə qonurdu. Maralın keçib gəldiyi yerdə sarı yarpaqlar üzərinə qan damlaları çilənirdi. Bu qan, maralın döşündən axırdı. Birdən maral buynuzlarını bir az da yüksəyə qaldıraraq, ürkək nəzərlərlə ətrafına boylandı. Onun yaşla dolmuş iri qumral gözlərində bütün ümidləri puça çıxmış yazıq bir insan baxışının qəmgin ifadəsi vardı. Onun göz yaşları da günün ziyasını əks edib sarıya çaldı.

Təbiət nə üçün saralmışdı? Bəlkə bu, həyatın əbədi qanunu idi. Maralın göz yaşları daha da çox parıldadı. O, səssiz-səmirsiz dayanaraq, bir neçə an ətrafı dinlədi. Xəfifcə xışıldayan xəzəllərdən başqa heç nədən səs çıxmırdı.

Maral çoxdan bələd olduğu cığırla suya endi. Od içində yanan dodaqlarını Kürə söykədi. Bir xeyli müddət içdi. Yalnız bir kərə dərindən nəfəsini dərib yenə suya döşəndi. Onun sinəsindən axan iri qan damlaları sakit dalğalara qarışır, bir göz qırpımında su rənginə dönüb görünməz olurdu.

Birdən maralın sağ tərəfindən bulanıq sular arasından bir tısbağa başını çıxarıb onu salamladı.

– Xoş gördük, maral qardaş, – dedi, – səndən nə əcəb, bu gün belə tez gəldin? Hələ ki, şər qarışmayıb.

Yarasının sızıltısını indi daha çox hiss edən maral, həmişəki qürurunu pozmadı. Çoxdan tanıdığı bu tısbağaya könülsüz bir cavab verdi.

– Heç... Bu gün hava çox isti oldu...

Tısbağa sudan büsbütün çıxdı. Sahilin payız otlarına sürtündü.

– Maral qardaş! – dedi, – mən bir az bundan əvvəl yenə sudan çıxıb günəşdə qızınırdım. Güllə səsi eşidib suya atıldım... Ovçu uzaqdadırmı?

Maral dinmədi. Bu sözlər bir azca könlünə toxundu. İnsanları sevməsə də, onların tısbağaya güllə atmadığını yaxşı bilirdi.

Birdən tısbağanın gözləri maralın döşünə zilləndi. O, təəccüblə baxdı və qorxudan titrəyərək, bir neçə kərə udqundu:

– Bu nədir, maral qardaş? Deyəsən yaralanmısan...

Maral yenə də qürurla cavab verdi:

– Bəli, – dedi, – çox ağır yaralanmışam. Ovçu məni dörd gündən bəri izləyirdi. O, məni çox axtardı. Dünən axşamüstü məni itirib Kürün o tayına, kəndə qayıtdı. Bu gün mən arxayın olub talaya çıxdım. Səhərdən rahatca otlayırdım ki, birdən güllə açıldı. Mən başımı qaldırıb baxdım, atan həmin ovçu idi. Düz sinəmə nişan almışdı.

Tısbağa marala daha yaxın gəldi. Diqqətlə onun yarasına baxdı.

– Eh, – dedi, – bilmirəm bu ovçu gözü tökülmüş sən maralnan mən maraldan nə istəyir?

Bu sözü eşidərkən məğrur maralın dizləri büküldü. İndiyədək damcı-damcı axan qanı birdən fəvvarə vurmağa başladı. Maral yerə yıxıldı.

Tısbağa ona daha da təəccüblə baxdı.

– Nə oldu, maral qardaş? – dedi.

Maral dərindən köksünü ötürdü və artıq qürub etmiş payız günəşinin son şüalarına həsrətli bir nəzərlə baxaraq dedi:

– Zalım ovçunun gülləsindən mən ölməzdim. Amma sənin sözün məni öldürdü...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

On beşinci şəkil

Bəhramın sarayı. Cavanşir çox məyus gəzişir, Söhrab daxil olur.*Söhrab**

11 min
Sabir – novator

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..

19364 min
Böyük aşıq

Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

19385 min
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

194026 min

Poems by other poets