İsfəndiyar yuxudan oyanıb sakit-sakit ətrafına boylandı. Evdə ondan başqa heç kim yox idi. Qapı örtülü idi. Həyətə baxan balaca pəncərədən buludlu səmanın kiçik bir parçası görünürdü.

– Ana, ay ana!..

Bu iniltili çağırışa cavab verən olmadı. İsfəndiyar yerində dirsəklənib oturmaq istədi. Amma bədəninin şiddətli ağrısından gözləri yaşardı.

– Ana, ay ana!..

Onun ayağının ucunda, köhnə yorğanın üstündə büzüşüb rahatca yatan məstan pişik də yuxudan oyandı. O, zil qaranlıq otaqda xırdaca elektrik lampaları kimi parıldayan gözlərini açıb İsfəndiyara baxdı.

İsfəndiyar, bədəninin sızıltısını azaltmaq üçün böyrü üstə uzandı. Hərəkətsiz qalıb Məstan pişiklə xeyli müddət gözləşdi. Evin sükutu elə dərin idi ki, Məstan pişiyin xorultusu lap aydın eşidilirdi.

İsfəndiyar yaşarmış qara gözlərini ondan ayırmayıb, hər gün təkrar olunan adi söhbətinə başladı. Onun səsi titrəyirdi. Üz-gözündə ağır iztirabla dolu bir ifadə çırpınırdı. Bəzən onun gözlərində parıldayan sevinc bir an qədər qısa və insafsız idi. Bir an qədər...

– Məstan, ay Məstan, sən məndən xoşbəxtsən... Vallah hə... bax, görürsənmi, qıçlarımın ağrısından göz aça bilmirəm... Nə qədər istəyirəm yerimdən qalxım, olmur, ki, olmur... Hər yerim ağrıyır... Məstan, nə yaman xoşbəxtsən... Niyə bəs mən bədbəxtəm, Məstan?.. Yəqin indi uşaqlar məktəbə gediblər, bülbül kimi oxuyurlar... Həyətdə oynayıb gülürlər. Niyə mən belə yazığam, Məstan!

Birdən qapı cırıldayaraq açıldı. İçəri axan işıq, balaca otağın yarısını aydınlaşdırdı.

– Bu evdə yel xəstəliyindən başqa nə ola bilər ki?

Ayağı dolaşıb yıxılacağından qorxan doktor qaranlıqda ayağının altına baxa-baxa, ehtiyatlı addımlarla içəri girdi. Onun qabağınca gələn Badam xala, doktorun sözlərini eşitmədi.

– Nə dedin, doktor?

– Yel xəstəliyi rütubətli evlərdə olur...

Doktor buludlu gecədən belə qaranlıq olan bucaqda, yerə uzadılmış İsfəndiyarı görmürdü. O, əlini alnına dayadı və bir neçə saniyə dayanıb qaranlığa alışmaq istədi.

Sevincindən yerə-göyə sığmayan Badam xala donunun uzun ətəkləri ayağına dolaşa-dolaşa, cəld oğluna yanaşdı.

– Qadan alım, bala, doktor gəlib.

İsfəndiyar bir dəqiqəliyə hər şeyi unutdu. Əvvəlləri yalnız bir an üçün gözlərində parıldayan sevincin də ömrü uzandı.

– Eviniz rütubətdir, xala, çox rütubətdir!

– Bu azarın dərmanı yoxdurmu? – deyə. Badam xala səbirsiz xəbər aldı və geriyə dönüb doktora baxanda, üzünə düşən zəif işıqda onun gözləri təəccüblə parıldadı, – yoxdurmu, qadan alım?

Yalnız indi-indi qaranlıq evə alışan doktor qəmgin-qəmgin Badam xalaya baxdı. Onun baxışlarında yenə eyni sualı oxudu: “Bu azarın dərmanı yoxdurmu?”

– Dərmanı? Var, xala... Niyə yoxdur? Onun birinci dərmanı günəşli otaqdır...

Doktorun böyük bir ümidlə dediyi sözləri axıra qədər dinləməyən Badam xalanın bütün ümidləri alt-üst oldu. Yalnız doktoru çağırmaq üçün onun-bunun qapısında dörd-beş gün paltar yuyub üçcə manat qazanmış arvad, günəşli otağı nə ilə ala bilərdi.

– Bəli, xala, günəşli otaq...

– Bahalı dərmandır, oğul...

Doktor xəstəyə yanaşdı. Yalnız indi şüşələrini yaylıqla silib taxdığı eynəyinin dalından İsfəndiyarın üzünə baxdı. İsfəndiyar zahirən çox sağlam görünürdü. Totuq yanaqlarından az qala qan damırdı, amma xəstə idi, özü də çox bərk xəstə idi.

Doktor dərindən köksünü ötürdü. Elə bil “heyf” deyə səsləndi. Sonra müayinəyə başladı.

– Şiddətli revmatizmdir. Heç olmasa, çarpayı alın... bəli, bəli, çarpayı... evinizin döşəməsi də yoxdur, xala... Oğlunuz yazıqdır... Yaxşı uşaqdır... Gələcəyi var... heyf olmasın.

İsfəndiyar eşitməsin deyə, doktorun pıçıltı ilə söylədiyi bu sözlər Badam xalanın ürəyinə ox kimi sancılırdı. “Heç olmasa çarpayı alın...”

Badam xala dünəndən köhnə kəlağayısının ucuna bağlayıb saxladığı göy üçlüyü çıxartdı, utana-utana, əli titrəyə-titrəyə doktora uzatdı.

– Lazım deyil, xala, almayacağam...

Doktor getdi, amma üçlük də qaldı, zindandan belə qaranlıq olan rütubətli otaq da qaldı. Günəş isə, yox idi. Çarpayı da yox idi.

Doktor getdi. Amma gözləri yaşarmış Badam xalanın: “Ay Tanrı, sən özün balama kömək ol!” deyən iniltili səsi də qaldı.

Məstan pişik yenə xorul-xorul yatırdı. Otaq yenə sakit idi. Qapı da örtülmüşdü.

– Çarpayı?.. Ana, çarpayı nədir?

Badam xala çarpayını pulla almadı, üç manata çarpayı verməzdilər: onun hər gün işlədiyi əlləri sağ olsun. O, çarpayını ana məhəbbəti ilə aldı. Amma hər halda aldı. Özünü də çiynində gətirib oğlunun yerini onun üstündən səliqə ilə saldı, sonra yenə hara isə getdi.

– Çarpayı... Ana, ay ana, mən sağalacağam, elə deyilmi?


Evdə heç kəs yox idi. Badam xala oğlundan xəbərsiz onun-bunun qapısında əlinin əməyini satmağa getmişdi. Namusunu qoruyan böyük ananın qolları hələ gücdən düşməmişdi.

– Məstan, ay Məstan, mən sağalacağam, elə deyilmi?

İsfəndiyar yenə darıxırdı. Uzun qış gecələrində bu cansıxan yalqızlığa dözmək olardı. Amma indi yaz idi. İsfəndiyar yenə də Məstanla gözləşir, yenə onunla söhbət edirdi. Pişik onun səsini eşidəndə, hər bir şeyi anlayırmış kimi, gözlərini ona zilləyir, yerindən qımıldanmayaraq, diqqətlə dinləyirdi.

– Ay Məstan, eşikdə qərənfil açılıb, dur, heç olmasa, sən get... Dur, dur,... sən ki, xoşbəxtsən...

Məstan yerindən qalxmadı, o yalnız dinləməyi bacarırdı. Pişik yenə büzüşüb xorul-xorul yatdı. İsfəndiyarı da yuxu apardı. Çarpayının üstü elə rahat idi ki...


Amma satın alınmış səadətin ömrü uzun deyilmiş. Birdən atışma səsləri Məstanı da, İsfəndiyarı da oyatdı.

– Məstan, ay Məstan, anam haradadır?

Bu həyəcanlı sualdan qorxmuş Məstan, çarpayıdan yerə atıldı.

– Qorxma, Məstan, qorxma... çarpayı məni sağaldacaq... Niyə qorxursan?..

Hər gün əldən-ələ keçən balaca şəhərdə vuruşma gedirdi. Top-tüfəng atırdılar. Nə üçün? Yəqin ki, insanlar gözəl həyat arzulayırdılar. Yazın təmiz havasından nəfəs almaq üçün əlləşirdilər.

Məstan pişik qapının ağzında durub yazıq-yazıq boylanırdı. Onun gözləri təəccübdən böyümüşdü. O, İsfəndiyar kimi, çarpayıya vurulmamışdı. Qapı açılsa, o dəqiqə eşiyə yüyürərdi.

Birdən qapı açıldı. Gələn Badam xala idi. Məstan onun böyründən sivişib eşiyə çıxdı.

– Dur qaçaq, oğlum!..

– Hara?

Ana ilə oğlun gözləri bir-birinə sancıldı. İsfəndiyar bir də soruşdu. Badam xala isə, onu tez geyindirib çarpayıdan yerə saldı. İsfəndiyar ağlaya-ağlaya çarpayının ayağını qucaqlayıb dizi üstə çökdü.

– Ana, ay ana, mən getmirəm, çarpayımdan ayrılsam, sağalmaram. Ana... Axı doktor deyirdi ki, yelin dərmanı çarpayıdır...

– Dur qaçaq, oğlum... Düşmənlər öldürərlər!

İsfəndiyar ancaq yaşamaq arzusu ilə çırpınırdı.

– Öldürərlər!

İsfəndiyar çarpayının ayağını necə tutmuşdusa, uzun dırnaqları ovcunun ətini qanatmışdı.

– Yox, ana, yox!..

Badam xala oğlunu sürüdü. Çarpayı da onunla bərabər sürünməyə başladı. Qapının ağzında İsfəndiyarın əli çarpayıdan üzüldü. O, yazıq anasının dalınca ağlaya-ağlaya iməklədi.

Silah səsləri yaxınlaşırdı. Məstan pişik çoxdan qaçıb harada isə gizlənmişdi. Adamlar isə yüyürüşürdülər. Dallarına baxmadan, ağlaşa-ağlaşa, bir səmtə doğru yüyürüşürdülər. Hamı şəhərdə üsyan qaldırmış ağ zabitlərin təqibindən qaçırdı. İnsanları qovub, ölümlə onları hədələyirdilər. Amma İsfəndiyar yenə də ölümün nə olduğunu bilmirdi. Onun gözləri yaşamaq arzusu ilə parıldayırdı.

– Ana can, məndən nə istəyirsən?

Badam xala onu sürüyürdü. Qucağından sıçrayıb yerə dəyən oğlunun uzun ətəyi yenə də onun əlində idi. Bəli, bəli Badam xala onu heç vaxt əlindən buraxmayacaqdır. İndi İsfəndiyarın bütün bədəni ağrıyırdı. Qıçları, əlləri, kürəyi, boynu necə ağrıyırdısa, gözlərinə qaranlıq çökmüşdü. İsfəndiyar heç kimi görmürdü. Hətta elə bil dəstə-dəstə qaçıb uzaqlaşan insanların asimana ucalan ağlaşma səslərini də eşitmirdi.

O ən əziz dostu, ən yaxın sirdaşı Məstan pişiyi də unutmuşdu. İsfəndiyarın qorxudan böyümüş məsum gözləri yalnız evdə qoyub getdiyi çarpayını görürdü.

– Ay ana, mən getmirəm!..

İsfəndiyar sürünürdü. Bədəninin sızıltısından daha da çox yaşarmış gözlərini silə-silə, toza-torpağa bulaşa-bulaşa, anasının dalınca sürünürdü.

Kimsəsiz arvada kömək edən yox idi. Hər kəs öz canının hayında idi. İnsanlar hər şeyi unutmuşdular.

Elə bil dünyada sədaqət, məhəbbət deyilən yüksək hisslərdən bir əsər belə qalmamışdı.

Badam xala yenə iniltili bir səs eşitdi:

– Ana can, mən yazıq deyiləmmi?

Birdən top mərmisi partladı, qara torpağı göyə sovurdu. Badam xala ağzıüstə döşənib toz-torpağın arasından keçdi. Ətrafı çulğamış qatı toz dumanları seyrəkləşəndə, Badam xala həsrət və intizar dolu gözləri ilə İsfəndiyarı aramağa başladı. O, görünmürdü. O, yox idi. Hara getmişdi? Məlum deyildi.

– Bala, İsfəndiyar!..

Badam xala İsfəndiyarın öldüyünü yəqin edib dörd yanına boylana-boylana, top gülləsinin dağıtdığı yerə sürünərək, dırnağı ilə torpağı eşələdi:

– Oğlum!..

Qara torpaqdan cavab gəlmədi. Badam xala tək qalmışdı. Bir irəliyə baxdı, bir də dönüb geriyə. İrəlidə, ondan xeyli uzaqda, yaşıl çəmənlərin arasından uzanan əyri-üyrü tozlu yolla böyük bir insan dənizi axır, dolu kimi yağan güllənin altında seyrəkləşə-seyrəkləşə, şəhərdən uzaqlaşırdı. Geridə isə qaçanların dalınca güllə yağdıranlar gəlirdi.

– İsfəndiyar, bala, haradasan?

Badam xala dizi üstə döşənib yenə süründü, süründü, hönkürtü ilə ağladı, onun arıq çiyinləri qalxıb endi, sonra birdən geriyə atıldı, ayaqlarına dolaşan uzun ətəklərini çırmayıb yüyürdü. O, heç nədən qorxmurdu. İnsanın bütün varlığını titrədən qorxu, ana məhəbbətinə təslim olmuşdu. Elə bil ki, Badam xala qulağının dibindən vıyıltı ilə uçuşan güllələrin səsini eşitmirdi. O, yüyürüb qabağındakı xəndəyə yıxıldı, otların içində görünməz oldu.

– İsfəndiyar!

Bu səs, çağırışdan artıq əks-sədaya bənzəyirdi. Yalnız bir neçə addım ondan aralı duran pulemyot, birdən-birə yox olmuş xəstə uşağını dörd gözlə axtaran anaya qəhqəhə ilə gülürdü. Ana gözləri isə, qovan və qovulan insanlar arasında yalnız birini, yalnız İsfəndiyarı axtarırdı. Nə üçün ondan səs çıxmırdı, “ana” deyə inləyən uşaq harada gizlənmişdi, o, isinməyə, ana qucağından isti yer tapa bilərdimi!

“Vəfasız oğul, məni tək qoyub haraya qaçdın? Ay bədbəxt bala, niyə məni gözü yaşlı qoydun!”

Badam xalanın fəryadını yalnız özü eşidirdi. Vurhavurdan qulaq tutulan ölkədə ananı dinləyən kim idi? Heç kim onu dinləmirdi.

Badam xala birdən donub qaldı. O da İsfəndiyar kimi ətrafındakı şeyləri unudub yalnız çarpayını görürdü.

– Çarpayı, hə, hə çarpayı. İsfəndiyar, hardasan? Gəlirəm, bala, gəlirəm...

Ana gözlərində sevinc yaşları parıldadı; o, İsfəndiyarı tapmamışdısa da, onun harada olduğunu bilirdi...

Göydən dolu kimi yağan güllələrə mərdliklə sinə gərib yüyürən kim idi? O qayaları, dağları yerindən oynatmağa qadir olan ana deyildimi, ananın ölməyən məhəbbəti deyildimi?

İsfəndiyar yox idi. Amma Badam xala sevinirdi. O, xoşbəxt idi. O indi İsfəndiyarın harada olduğunu yəqin bilirdi.

Badam xalanın uçuq, rütubətli və qaranlıq daxması yenə də öz yerində idi. Onun pəncərəsindən işığını salmayan günəş də, ağ-çəhrayı buludlar arasında üzürdü. Hər şey, hər şey öz yerində idi. Amma İsfəndiyar görünmürdü, bağların, bağçaların yaraşığı olan insanlar da görünmürdü. Nagahan qopan fırtınadan sonra, şəhərə əsrarəngiz, qərib, bir az da cansıxan, dərin bir ölüm sükutu çökmüşdü. Bir neçə dəqiqə əvvəl uzaqlardan arabir gələn güllə səsləri də indi artıq eşidilmirdi.

Məstan pişik qapının ağzında durub uçunurdu. Qorxudanmı, yalqızlıqdanmı, soyuqdanmı – demək çətindir.

Badam xala onu görmədi. Tez qapını açıb içəri girdi. Məstan pişik də onun dalınca yüyürdü. Badam xalanın gözləri qaraldı. Açıq qapının ağzında qoyub getdiyi çarpayı görünmürdü.

Badam xala bir dəqiqədən çox hərəkətsiz qaldı. Onun gözlərinə bir şey dəydi: çarpayı həmişəki yerinə qayıtmışdı:

– Oğlum!..

Ananın fəryadı sevincdən də qüvvətli idi. İsfəndiyar çarpayının üstündə uzanmışdı. Badam xala həyəcandan titrəyən qolları ilə onu qucaqlayıb bir an üzünə baxdı, sevincindən ağladı.

– Oğlum, İsfəndiyar, qadası, dur, dur... gəlib öldürərlər!

Ana oğlunun üzündən, gözlərindən öpdükcə, bayaqdan bəri çəkdiyi iztirabların ağırlığını unudub, neylədiyini bilmirdi.

– İsfəndiyar!

Yox, İsfəndiyarın yuxusu əbədi idi. Ölüm kimi əbədi.

– Bala, nə yaman ağır yatıbsan?..

Məstan pişik sıçrayıb çarpayının üstünə çıxdı. Həmişəki yerində çömbəlib İsfəndiyarın üzünə baxdı. O, görünür, dostunun söhbətinə qulaq asmağa hazırlaşırdı.

Badam xalanın gözləri böyüdü: İsfəndiyar al qan içində donmuşdu.

Ananın müdhiş fəryadı az qala bütün şəhərə səs saldı.

Məstan pişik dik-dik baxdı. Onun gözləri daha da böyüdü.

Məstan. ay Məstan, sən nə yaman xoşbəxtsən!.. Sənin balan yoxdur... sənin İsfəndiyarın yoxdur... Görürsənmi, onun anası vərəmləyib öləcək. Onun yeganə ümid çırağı söndü...

İsfəndiyarı kim öldürdü: – Çarpayımı?!

Yox, o, yaşamaq istədiyi üçün ölmüşdü, təqsirlərin də hamısı insanlarda idi. Zalım insanlar, bir çarpayını da ona çoxmu gördünüz?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets